Məhkəmə qərarları › İş №2-1(112)-1756/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1756/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1756/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X12 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı (üçüncü şəxs “X30 Limited” Ticari Şirkəti) «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və hüquqi şəxsin nizamnamə kapitalı üzərində müvafiq pay hüququna dair qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və hüquqi şəxsin nizamnamə kapitalı üzərində müvafiq pay hüququna dair qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin “X30 Limited” Ticari Şirkətində olan 50% payının hər birinə 25% pay olmaqla X23 və hazırkı İddiaçı satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli payın alqı-satqısı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin məhkəmə qərarını əsas tutaraq cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qanunsuz olaraq "xxxx" MMC-nin 50% payı üzərində "Tulu l-əcr Tehran Limited” Ticari Şirkətinin pay hüququnun tanınmasına dair qeyd hüquqi şəxsin dövlət reyestrinə daxil edilmişdir. Halbuki həmin qeydiyyat tam qanunsuz olaraq aparılmışdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin məlum qətnaməsi ilə yalnız 6 fevral 2014-cü il tarixli payın alqı-satqısı müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmənin həmin qətnaməsində “X30 Limited” Ticari Şirkətinin "xxxx" MMC-nin təsisçisi kimi qeydə alınması barədə heç bir göstəriş, yəni cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə heç bir öhdəlik qoyulmamışdır. Ümumiyyətlə, cavabdeh həmin məhkəmədə iştirak etməmiş, məhkəmə işində tərəflərdən biri və ya prosesin digər iştirakçısı olmamışdır. “X30 Limited” Ticari Şirkətinin "xxxx" MMC-nin təsisçisi kimi qeydə alınması barədə göstəriş barədə öhdəliyin qoyulması səlahiyyəti də Nərimanov Rayon Məhkəməsinə deyil, yalnız Bakı İnzibati məhkəməsinə aiddir. İPM-in 2.1-ci maddəsinə əsasən inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan əlavə, İran İslam Respublikasının hüquqi şəxsi olan “X30 Limited” Ticari Şirkətinin hal-hazırda mövcud olması barədə böyük şübhələr var və iddiaçı hesab edir ki, həmin şirkət ləğv olunmuşdur və hal-hazırda belə bir hüquqi şəxs mövcud deyildir (dövlət orqanlarına təqdim olunan etibarnamədə isə başqa şirkət adı - “X35 Kommersiya Cəmiyyəti” MMC göstərilir). Bununla bağlı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə "xxxx" MMC tərəfindən 19 aprel 2019-cu il tarixli məktubla müraciət olunsa da, bu günədək cəmiyyətə heç bir məlumat verilməmişdir. Buna görə də, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Konsulluq X27 Respublikasında qeydiyyatdan keçən “X30 Limited” Ticari Şirkətinin hal-hazırda mövcud olub-olmaması, həmin Şirkətin fəaliyyət göstərib-göstərməməsi, fəaliyyət göstərirsə hansı ünvanda fəaliyyət göstərməsi və fəaliyyət istiqamətləri, təsisçiləri, Şirkətin qanuni təmsilçisinin kimliyi barədə yenidən 19 iyun 2020-ci il tarixli məktublarla müraciət olunmuşdur. Lakin həmin məsələ ilə bağlı bu günədək rəsmi cavab alınmamışdır. Ləğv olunmuş, yəni mövcud olmayan hüquqi şəxs isə "xxxx" MMC-nin təsisçisi kimi qeydə alma bilməz və belə bir qeydiyyatın aparılması qanunsuzdur. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 14.1.6-ci maddəsinə əsasən qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar dövlət reyestrində aparılan yazıda əks etdirilməlidir. Qeyd olunmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi 10 yanvar 2020-ci il tarixdə qüvvəyə minmiş, o vaxtdan bu günədək, yəni 8 ay müddətində “AZPROF" MMC-nin 50% payı üzərində “X30 Limited” Ticari Şirkətinin pay hüququnun tanınmasına dair qeyd hüquqi şəxsin dövlət reyestrinə daxil edilməmiş, 8 aydan sonra nədənsə birdən-birə həmin Şirkətin 50% pay haqqı qanunsuz olaraq qeydə alınmışdır. Halbuki, “X30 Limited” Ticari Şirkətinin nümayəndəsi kimi özünü təqdim edən X9 dəfələrlə iddiaçıya şəxsən bildirmişdir ki, cavabdeh həmin pay hüququnu qeydə almaqdan imtina etmiş, əsas kimi də həm məhkəmə qərarında İdarənin üzərinə məhkəmə tərəfindən öhdəliyin qoyulmamasını və həm də “X30 Limited” Ticari Şirkətinin təsis sənədlərinin olmamasını göstərmişdir. Hətta, bununla bağlı Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən rəsmi imtina məktubu da verilmişdir. İddiaçı hesab edir ki, “X30 Limited” Ticari Şirkəti 50% paya hüququnun qeydə alınmasında qanunsuzluğa yol verilmişdir. Çünki, mümkün deyil ki, 8 ay qeydə alınmayan və rəsmi imtina verilən pay hüququ sonradan qısa müddətdə qeydə alınsın. Göstərilənlərə və İPM-in 2.2.4, 68, 69-cu maddələrinə əsaslanaraq, məhkəmədən cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində “X30 Limited” Ticari Şirkətinin 50% pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində 25% pay hüququna dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası qanunvericiliyə zidd olduğu üçün rədd edilməlidir. 23 aprel 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin 17 aprel 2020-ci il tarixli 17/68-64517/19-12 nömrəli məktubu ilə Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" MMC-nin (VÖEN **********) reyestrdə qeydə alınmış faktlarının (təsisçisinin) sonrakı dəyişikliklərinin reyestrdə qeydə alınması məqsədi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(005)-39/2018 nömrəli icra sənədinin icra edilməsinə dair məktub daxil olmuşdur. İcra sənədi üzrə iddiaçılar X4 və X16 "xxxx" MMC-nin “X30 Limited” Ticarət Şirkətindən olan 50% paylarının cavabdehlər X25 və İddiaçı 5.000 manata satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli “payın alqı-satqısı müqaviləsi”nin etibarsız hesab edilməsi qeyd olunmuşdur. Həmin icra sənədi üzrə Bakı şəhərinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən verilmiş 62 nömrəli şəhadətnamədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(005)-39/2018 nömrəli icra sənədinin icra olunması qeyd edilmişdir. Qeyd edilən məhkəmə işi ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı və 3-cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2(103)-6625/2018 saylı iş üzrə 13 iyul 2018-ci il tarixli qətnamə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(005)-39/2018 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6625/2018 saylı iş üzrə 13 iyul 2018-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti 10 yanvar 2020-ci il tarixli qərarla təmin edilməmiş və Bakı Apellyasiya Məhkəmənin qətnaməsi dəyişdirilməmişdir. Bu isə, “X30 Limited” Ticarət Şirkətinin (İran İslam Respublikası) ona məxsus olan 50% payının (İddiaçı – 25% və X36 – 25% olmuşlar) bərpa edilməsi ilə nəticələnir. İcra sənədi üzrə “X30 Limited” Ticarət Şirkətinin (İran İslam Respublikası) hal hazırda öz ölkəsində ləğv edilmədiyini təsdiq edən sənəd 10 avqust 2020-ci il tarixdə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra 26 saylı notariat kontorunda payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qeydinin reyestrə daxil edilməsi təmin edilmişdir. Bundan sonra, Cəmiyyətə təsisçi dəyişikliyi faktını əks etdirən nizamnaməsinin dövlət qeydiyyatına alınması üçün təsisçilərin qərarı, nizamnamənin müvafiq bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi və ya yeni redaksiyada nizamnamə müvafiq ərizə formasına əlavə edilməklə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi barədə məktub ünvanlanmışdır. Qeyd olunanlara əsaslanaraq və İPM-in 2, 8, 48.1-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının rədd edilməsinə dair qərar çıxarılması xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 25 noyabr 2020-ci il tarixli qərardadı ilə “X30 Limited” Ticari Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı iclasın yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmiş, üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstəilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 48.1-ci maddəsinə görə hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X2 və X21 "xxxx" MMC-nin “X30 Limited” Ticari Şirkətindən olan 50% paylarının cavabdehlər X24 və İddiaçı 50.000 manata satılması dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli payın alqı-satqısı müqaviləsinin etibarsız sayılması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6625/2018 saylı iş üzrə 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə iş üzrə cavabdeh İddiaçı və üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 490/2019 saylı iş üzrə 18 fevral 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı və vəkilinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6625/2018 saylı iş üzrə 13 iyul 2018-ci il tarixli qətnaməsi qismən – cavabdeh İddiaçı aid hissədə ləğv edilmiş və işə ona münasibətdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6823/2019 saylı iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın cavabdeh İddiaçı qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 53/2020 saylı iş üzrə 10 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6823/2019 saylı iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)-6(k)/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-53/2020 saylı 10 yanvar 2020-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6823/2019 saylı 10 iyul 2019-cu il tarixli qərarı ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7097/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə qət edilmişdir: - İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni "xxxx" MMC-nin “X30 Limited” Ticari Şirkətindən olan 50% payının İddiaçı 5.000 manata satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli “payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi” tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv edilsin, X3 və X16 İddiaçı qıızına qarşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməsin. İş materiallarlnda olan "xxxx" MMC-nin 13 iyun 2014-cü il tarixdə vergi orqanı tərəfindən dövlət qeydiyyatına alınmış 3-cü redaksiyada (10 iyun 2014-cü il tarixdə təsdiq edilmiş) nizamnaməsinin surətindən görünür ki, həmin nizamnamənin 2.2-ci bəndində Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: X22 – 50%, X36 – 25%, İddiaçı – 25%. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnamə əsasında 16 aprel 2018-ci il tarixli “icra vərəqəsi” verilmişdir. İcra vərəqəsində qətnamənin 27 mart 2018-ci il tarixdə qüvvəyə mindiyi qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xüsusi notariusu İ.B.Hüseynovun Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 13 mart 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 16 aprel 2018-ci il tarixli icra sənədi icra olunmuşdur və müqavilədə müvafiq qeydlər aparılmışdır. İş materiallarına surəti əlavə edilmiş Dövlət Vergi Xidmətinin "xxxx" MMC-yə ünvanlanmış məktubunda aşağıdakılar bildirilir: - "xxxx" MMC-nin təsisçi dəyişikliyi ilə bağlı daxil olmuş müraciətə Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli 2(005)-39/2018 nömrəli icra vərəqəsinə əsasən "xxxx" MMC-nin təsisçi dəyişikliyinə əsas olan 8 fevral 2014-cü il tarixli “payın alqı-satqı müqaviləsi” etibarsız hesab edilmiş və "xxxx" MMC-nin nizamnamə kapiitalı üzərində “X33 Limited” Ticari Şirkətinin (İİR) 50% və İddiaçı 50% pay hüququnun tanınmasına dair qeyd hüquqi şəxsin dövlət reyestrinə daxil edilmişdir. İş materiallarına surəti əlavə edilmiş Dövlət Vergi Xidmətinin 21 fevral 2021-ci il tarixli məktuba cavab olaraq "xxxx" MMc-yə ünvanlanmış məktubda aşağıdakılar qeyd olunur: - "xxxx" MMC-nin təsis payının dəyişikliyi ilə bağlı müraciətə Dövlət Vergi Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2020-ci il tarixli qərarı ilə X7 və X16 X5, İddiaçı və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Prosessual Məcəlləsinin 416 və 418.1 – 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə bu qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Göstərilənlərə əsasən bildirilir ki, Konstitusiya Məhkəməsinin qərarı əsasında icraya dönüş edilib-edilməməsinə münasibət bildirilməsi üçün Ali Məhkəməynə sorğu göndərilmişdir. İşdə olan sübutlar, o cümlədən iddia ərizəsi və iddiaya qarşı yazılı etiraz əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, satıcılar X8 və X29 "xxxx" MMCnin nizamnamə kapitalında “X30 Limited” Ticari Şirkətinin 50% payının onlarla alıcılar X36 və İddiaçı arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli “payın alqı-satqı müqaviləsi”nə əsasən sonunculara satmışlar. Həmin müqaviə əsasında "xxxx" MMC-nin nizamnamə kapitalında müvafiq dəyişiklik aparılmışdır. Bundan sonra X8 və X29 6 fevral 2014-cü il tarixli həmin müqaviləni məhkəmə qaydasında mübahisələndirmiş və sözügedən müqavilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə etibarsız sayılmışdır. Qeyd olunan məhkəmə qərarı üzrə icra vərəqəsi verilmiş və həmin icra sənədi əsasında cavabdeh tərəfindən "xxxx" MMC-nin nizamnamə kapitalında “müqavilənin etibarsızlığı” nəzərə alınmaqla müvafiq dəyişilikdən əvvəlki vəziyyət bərpa olunmuşdur. Hazırkı iddiaçı MMC-də payı olan şəxs olaraq maraqlarına toxunulan şəxs kimi cavabdeh inzibati orqanın reyestrdə nizamnamə kapitalına sonuncu dəyişiliklə bağlı hərəkətlərinə etiraz edir və 6 fevral 2014-cü il tarixli “payın alqı-satqı müqaviləsi” üzrə paylar nəzərə alınmaqla reyestrdə yenidən qeydin aparılmasını tələb edir. Qeyd olunmalıdır ki, hazırkı işin məhkəmə icraatına olduğu dövrdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7097/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsinin "xxxx" MMC-nin “X30 Limited” Ticari Şirkətindən olan 50% payının İddiaçı 5.000 manata satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli “payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi” tələbinin təmin edilməsi ilə bağlı hissəsində ləğv edilməsi və X3 və X16 İddiaçı qıızına qarşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 219-cu maddəsinə görə ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir. Doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. Həmin Məcəllənin 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maadə 337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən bu Məcəllənin 339.1 – 339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9-1.2-ci maddəsinə görə müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Həmin Qanunun 9-1.4-cü maddəsinə görə təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. Nizamnamədə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanır. Bu halda təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Həmin Qanunun 9-1.5-ci maddəsinə görə müraciət zamanı dəyişiklik dövlət qeydiyyatına alınaraq, dövlət reyestrinə daxil edildiyi gün dövlət reyestrindən çıxarış və dəyişiklik edilmiş digər sənədlər (nizamnaməyə dəyişiklik, dövlət qeydiyyatı haqqında şəhadətnamə) məhdud məsuliyyətli cəmiyyətin elektron kabinetinə göndərilir. Həmin Qanunun 9-1.7-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı iştirak paylarının dəyişikliyi ilə bağlı aparılmış notariat hərəkətləri barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı (AR Ədliyyə Nazirliyi) tərəfindən onlayn rejimdə müvafiq icra hakimiyyəti orqanına (AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidməti) təqdim edilir. Həmin Qanunun 14.1.6-cı maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumların hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar əks etdirilməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün bu Qanunun 14. 1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir: - (14.2.2) məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində – nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi; (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Həmin Qanunun 36-cı maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur (maddə 36.3). Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər (maddə 36.4). Məhkəmə hazırkı inzibati mübahisə üzrə müəyyən edilən aşağıdakı xüsusatları diqqətə çəkir: - cavabdeh inzibati orqan tərəfindən "xxxx" MMC-nin nizamnamə kapitalında paylara dəyişiklik edilməsi üzrə aparılan inzibati icraatda qurumun təsisşi kimi hazırkı iddiaçı Tamill Qasımovanın cəlb edilməsi təmin edilməmiş, bununla da «İnzibati icraat haqqında» AR Qanununun 24.1, 36.3, 36.4-cü maddələrinin tələbləri pozulmuşdur; - həmin inzibati icraatda «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» AR Qanununun 9-1.4-cü maddəsinin tələblərinə zidd olaraq, "xxxx" MMC-nin qurumun təsis sənədində (nizamnaməsində) dəyişikliyin təsisçisi kimi hazırkı İddiaçı və ya idarəetmə orqanı üzvləri tərəfindən təsdiqi tələb olunmamışdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə 6 fevral 2014-cü il tarixli notarial qaydada təsdiqlənmiş “payın alqı-satqı müqaviləsi” etibarsız sayılsa da, qətnamədə hazırkı cavabdeh inzibati orqanın üzərinə hər hansı öhdəlik qoyulmadığından, həmin qətnamə üzrə verilmiş icra sənədi "xxxx" MMC-nin təsis sənədlərində (nizamnaməsində payların miqdarı ilə bağlı) dəyişiklik edilməsi üçün əsas ola bilməz, bununla bağlı müvafiq müraciət əsasında ayrıca inzibati icraat aparılmalı idi. Bu hal «İnzibati icraat haqqında» AR Qanununun 28.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir; - hazırkı iddia qaldırıldıqdan sonra olsa da, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edildiyindən, 6 fevral 2014-cü il tarixli notarial qaydada təsdiqlənmiş “payın alqı-satqı müqaviləsi” mötəbər sübut sayılaraq, onun əsasında reyestrdə "xxxx" MMC-nin nizamnaməsində təsisçilərin pay bölğüsündə müvafiq əvvəlki dəyişiklik bərpa olunmalıdır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hallarla nəticələnir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində “X30 Limited” Ticari Şirkətinin 50% pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi ilə bağlı hərəkətləri qanunsuz sayılmalı və İddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində 25% pay hüququna dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi (bərpa edilməsi) öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində “X30 Limited” Ticari Şirkətinin 50% pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi ilə bağlı hərəkətləri qanunsuz sayılsın və İddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində 25% pay hüququna dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi (bərpa edilməsi) öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar