Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17561/2025 08.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4553a” saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən X3 adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 1016 kv.m olan 4553a saylı bağ sahəsi üzərində hüquqların X4 məxsus olması haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” formasında dəqiqləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi və iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli, 1/12 nömrəli qərarı ilə 56 nömrəli X1 nəzdində 1 nömrəli order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 0.12 ha olan 4553a saylı bağ sahəsi X4 ayrılmışdır. Bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ölçüsü 0.12 ha olan 4553a saylı bağ sahəsi 15 iyun 1925-ci ildə anadan olmuş X4 məxsus olmuş və X5 27 mart 2008-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 39 saylı Notariat ofisində vərəsəlik işi açılmış və 06 avqust 2025-ci il tarixli, 179 nömrəli vərəsəlik məktubu ilə X3 vərəsəsi İddiaçı müəyyən edilmişdir. Torpaq sahəsinin qeydiyyata alınması ilə əlaqədar olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilən zaman iddiaçının torpaq sahəsini qeydiyyata almaqdan imtina edilmişdir. İddiaçı imtina əsasları ilə razılaşmayaraq bildirir ki, bağ sahəsi ayrılan zaman yerdə və naturada təhvil verilmişdir və torpaq sahəsinin perimetrik ölçülərində heç bir dəyişiklik olunmamışdır. Hal-hazırda torpaq sahəsi onun istifadə və sahibliyindədir. Torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi onun iradəsindən irəli gələn səbəblərdən asılı deyildir. Odur ki, cavabdeh tərəfindən qeyd edilən iradlar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ola bilməz. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənəd mövcuddur. Cavabdeh inzibati orqanın qərəzli olaraq hər hansı bir qanuni əsaslı sübut təqdim etmədən iddiaçıya məxsus torpaq sahəsinin qeydiyyata alınmasından imtina etməsi onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna ziddir və təqdim edilmiş sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmsı üçün əsasdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin yerləşməsi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 4553a nömrəsi göstərilən əraziyə aid deyil. Həmçinin torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 1016 kv.m təşkil edir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. İddianın əsaslılığı: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -X2 və İstismarı Birliyinin 56 №-li kooperativi tərəfindən verilmiş 1 №-li orderin surətindən görünür ki, Bakı şəhər XDS İK-nın xx.xx.1989-cu il tarixli, 1/12 №-li qərarına əsasən X4 Ləhiş bağlar sahəsində, 56 №-li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4553a №-li bağ ayrılmışdır. -Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 1/12 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, göstərilən torpaq sahəsi (4553a bağ sahəsi kimi) sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq hasardaxili 1016 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 4553a bağ nömrəsi göstərilən əraziyə aid deyil. Sahə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən İİ kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üçün nəzərdə tutulan ərazidir. Göstərilən sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı, həmçinin torpaq sahəsinin qonşuluğunda bitişik sahələrin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə sahəyə dair digər fiziki şəxsin müraciəti yoxdur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını, koordinatları, ortofoto görüntüsünü və digər sənəd surətəri məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: -Bakı Şəhər İcraiyyə Komitəsinin Bağ Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 56 №-li bağ-kooperativ üzvlərinin ümumi iclasının xx.xx.1989-cu il tarixli, 1 №-li protokolunun təsdiq edilmiş surətindən görünür ki, Bakı Şəhər İcraiyyə Komitəsi qarşısında bu iclas protokolu və 29 nəfər üzvdən ibarət 56 №-li BTK-nın fərdi tərkibinin təsdiq edilməsi barədə vəsatət verilməsi qərara alınmışdır. -Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 №-li qərarına əsasən 10 №-li əlavədən görünür ki, 56 №-li Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında X3 da adı qeyd edilmişdir. -Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.1925-ci ildə anadan olmuş X3 xx.xx.2008-ci il tarixdə vəfat etməsi ilə əlaqədar onun ölümündən sonra irs qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 39 saylı Notariat ofisinə müraciət daxil olmuş və vərəsələrin ərizəsinə əsasında vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasə Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, xx.xx.1956-cı ildə anadan olmuş İddiaçı miras qoyanın vərəsəsi olması barədə cavabdehə məlumat verilir. Vərəsəlik işinin icrası ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqununu ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi xahiş olunur. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, göstərilən torpaq sahəsi hasar daxilindədir. Faktiki sahəsi 1016.0 kv.m təşkil edir. Üzərində tikili yoxdur. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Sahənin yol tərəfində, hasarın çölündə 1 hissədə (21 metrində) 6 kv-luq elektrik xətti keçir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi 56 №li BTK-nın 01 nömrəli orderi üzrə mərhum atası X3 istifadəsinə verilmiş Ləhiş bağ massivində yerləşən, sahəsi 1016 kv.m olan, 4553a saylı bağ sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olması barədə arayışı əldə etməkdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdehin imtina dəlilləri belə olmuşdur ki:
1. Torpaq sahəsinin yerləşməsi İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.
2. Həmçinin torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 1016 kv.m təşkil edir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: -3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; -3.0.50-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 nömrəli qərarı əsasında 56 №li BTK-dan 4553a saylı bağ sahəsinin X3 adına ayrılmasına dair order yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, orderin verilməsi üçün əsas olmuş Bakı şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 1/12 nömrəli qərarının arxiv əsası mövcuddur, M.Əliyevin adı 56 nömrəli BTK üzvlərinin siyahısında nəzərdə tutulmuşdur. Həmin qərarın və ya orderin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Göstərilən torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının məsuliyyəti ilə bağlı deyil və qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Odur ki, sözügedən çatışmazlıqlar iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz. Bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan da görünür ki, torpaq sahəsinə dair digər fiziki şəxsin müraciəti yoxdur. Qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair dair sxematik xəritə ilə uyğunsuzluğu olsa belə, bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Yuxarıda istinad olunan müddəalardan da göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Məhkəmə cavabdehin torpaq sahəsinin faktiki sahəsi ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iddiaçı tərəfdən məhkəməyə təqdim edilmiş tələbin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı 1016 kv.m olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatına iddia edir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında sahənin bir hissəsindən 6 kv-luq elektrik xətti keçdiyi qeyd edilmişdir. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair" Qaydaların 1.4-cü bəndinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 1016 kv.m olan 4553a nömrəli torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxs mərhum X4 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov