Məhkəmə qərarları › İş №2-1(112)-17565/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17565/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17565/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və s tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-cü ilin aprel ayından 2025-ci ilin fevral ayına qədər ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini, əlilliyin təyinat tarixinin dəyişdirilməsi və sonuncu müayinə nəticəsində qəbul edilmiş əlilliyin müəyyən edilməsinə dair qərarda əlilliyin təyinat tarixinin xx.xx.2023-cü il kimi müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək “əlilliyin ləğv edilməsi barədə 21 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsini, müddətsiz əlilliyin dayandırıldığı 21 dekabr 2023-cü il tarixdən bərpa edilməsini və əlilliyin təyini barədə sonuncu qərarın ləğv edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya müddətsiz əlillik təyin edilmişdir. Daha sonra onun əlilliyi ləğv edilmiş, yeni göndəriş əsasında əlilliyin təyini ilə bağlı müraciət olunmuşdur. Lakin onun əlilliyi xx.xx.2025-ci il tarixdə bərpa olunmuşdur. Bu müddət ərzində iddiaçı əlilliyə görə pensiyanı ala bilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək 24 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Şəxsiyyətin digər spesifik pozuntuları.Baş beyin travmatik xəstəliyi kəskin ifadə olunmuş psixotobənzər sindrom.Yaddaş pozuntuları ilə.Nevrasteniya, asteno-nevrotik vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz öz təsdiqini tapmaması.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2015-ci il tarixində Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunmuş və ona “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Ə-10925/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə və 3-17-4/2-M-31483/2023 nömrəli məktub əsasında xx.xx.2023cü il tarixinə əyani müayinəyə dəvət olunmuş, məktublarda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan haqqında müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinələrə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmə nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik təyinatı aparılan xx.xx.2015-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, əlilliyin təyinindən imtinaya dair qərarların ləğv edilməsi hissəsində mübahisələndirmə növündə iddiaya münasibətdə xüsusi mümkünlük şərti kimi iddia müddətinin ötürülməməsi qənaətinə də gəlinir ki, müddətin ötürülməmiş hesab edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi aşkar edilmir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı 2015-ci ildən etibarən üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmiş, sözügedən xəstəliyin davamlı və ağır xarakter daşıması faktiki olaraq onun hüquqi davranış qabiliyyətinə, o cümlədən inzibati aktların hüquqi nəticələrini dərk etmək və həmin aktlara qarşı mövcud hüquqi müdafiə mexanizmlərindən vaxtında istifadə etmək imkanına ciddi şəkildə təsir göstərmişdir. Belə ki, iddiaçıya diaqnozun öz təsdiqini tapmaması ilə bağlı qəbul edilmiş inzibati qərar qanunvericiliyin tələblərinə uyğun olaraq ona vaxtında təqdim edilməmiş, nəticədə iddiaçı həmin inzibati aktın mövcudluğu, məzmunu, habelə bu akta qarşı şikayət və ya məhkəmə qaydasında mübahisələndirmə hüququnun olması barədə məlumatlandırılmamışdır. İddiaçı əlilliyin dayandırıldığı tarixdən etibarən əlilliyin bərpası məqsədilə ardıcıl şəkildə müvafiq cəhdlər göstərmiş, bu çərçivədə yeni 088 formalı tibbi arayışlar əldə etmiş və faktiki olaraq öz hüququnun reallaşdırılması istiqamətində tədbirlər görmüşdür. Qeyd olunmalıdır ki, əgər diaqnozun öz təsdiqini tapmaması barədə inzibati akt iddiaçıya qanunla müəyyən edilmiş qaydada və müddətdə təqdim edilmiş olsaydı, iddiaçı həmin akta xas olan məcburi rekvizitlərdən biri kimi, bu aktdan şikayət vermək və ya onu məhkəmə qaydasında mübahisələndirmək hüququnun mövcudluğu barədə məlumatlı olardı. Lakin inzibati aktın təqdim edilməməsi ilə yanaşı, iddiaçının psixoloji xəstəlikdən əziyyət çəkməsi onun inzibati aktı mübahisələndirmək üçün məhkəməyə müraciət etməməsi ziyanına şərh edilə bilməz və bu hal müddətinin ötürülməsi kimi qiymətləndirilməməlidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Müayinə aktlarından görünür ki, iddiaçıya: -xx.xx.2006-cı il tarixdən “Baş beynin travmatik x-yi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş bənzər sindrom yaddaşın pozulması ilə” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2014-cü il tarixdən “Baş beynin travmatik x-yi nəticəsində əmələ gələn kəskin ifadə olunmuş bənzər sindrom yaddaşın pozulması ilə” diaqnozu əsasında 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2015-ci il tarixdən “Şəxsiyyətin digər spesifik pozuntuları. Baş beynin travmatik xəstəliyi kəskin ifadə olunmuş psixotobənzər sindrom. Yaddaş pozuntuları ilə. Nevrasteniya. Asteno-nevrotik vəziyyət” diaqnozu əsasında müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2023-cü il tarixdə iddiaçı barəsində diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. -xx.xx.2024-cü il tarixdə aparılmış müayinəyə əsasən iddiaçının əlavə müalicəyə ehtiyac olduğu barədə qərar qəbul edilmişdir. -xx.xx.2025-ci il tarixdə orqanizmin funksiyasının 40% pozulması ilə “Üzvi şəxsiyyət pozuntusu diaqnozu” əsasında iddiaçıya 2 il müddətinə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən ikinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. İddiaçının “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün o, xx.xx.2024-cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin müraciət qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində onun barəsində xx.xx.2023-cü il tarixindən diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. Daha sonra əlillik vəziyyəti dövlət tibb müəssisəsinin U00219315VFE nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq təyin edilmiş diaqnozda qeyd olunun patofunksional dəyişikliklər öz təsdiqini tapmadığından və müalicə potensialı tükənmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, xx.xx.2024-cü il tarixindən əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Yenidən dövlət tibb müəssisəsinin L00256836XLZ nömrəli göndərişi əsasında iddiaçı xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq Sizə xx.xx.2025-ci il tarixindən Hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 40 faiz pozulması ilə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə iddiaçı onun əlilliyinin təyininə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Cavabdeh də iddiaçının əlilliyin təyin ilə bağlı müraciətinə dair inzibati araşdırma apararkən ona əlilliyinin təyinindən istisna hallarını müəyyən etməmiş, əksinə müddətsiz əlilliyini təyini barədə qərar qəbul etmişdir. Bu isə o deməkdir ki, iddiaçının əlilliyinin təyini həyata keçirmişdir ki, iddiaçı həmin qərarın qəbul edilməsində qanunsuz müdaxiləyə yol verməmiş və etimadın qorunması hüququna istinadı istisna edən konkret hallar yoxdursa iddiaçının heç bir əsas olmadan əlilliyin şübhə altına alınmasına dair inzibati icraatı başlaması və həmin inzibati icraat nəticəsində əlilliyin ləğv etməsi barədə qərar qəbul etməsi əsası yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Doğrudur inzibati icraatla bağlı qanunvericiliyin tələbinə əsasən inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması səlahiyyəti cavabdehə verilmişdir ki, lakin həmin səlahiyyət müstəsna hallarda tətbiq edilməsi nəzərdə tutulmuşdur ki, həmin inzibati icraatın təşəbbüsü ilə başlanılma əsasları cavabdehin həmin inzibati icraat nəticəsində qəbul etdiyi qərarın qanuniliyi baxımından əhəmiyyət daşıyır. Hazırkı iş üzrə materiallardan isə müəyyən edilir ki, əlilik təyinatının əsaslılığının iddiaçının xəstəlik vəziyyətinin obyektiv araşdırılması kimi əsasa istinad edilərək inzibati icraat başlanılmışdır ki, ümumiyyətlə ümumi xarakterli həmin ifadə altında inzibati icraatın öz təşəbbüsü ilə başlanılmasının zərurəti aydın deyil. Qeyd edilməlidir ki, cavabdeh həmin ad altında kütləvi olaraq bütün müddətli və müddətsiz əlilliklərin yoxlanılması kimi müstəsna səlahiyyətə malik olacaqdır ki, həmin hal etimad hüququnun qorunduğu hallarda əlilliyin istər müddətli təyin edilməsi, istərsə də müddətsiz təyin edilməsi xüsusiyyətinə uyğun gəlmir. Halbuki, cavabdehin şəxsin etimadının qorunduğunu nəzərə almaq kimi də vəzifə daşıyır ki, cavabdeh hazırda müddətsiz təyin edilmiş əlilliyi konkret hal müəyyən etmədən öz təşəbbüsü ilə araşdırmanın aparılması üçün əsas müəyyən etmədən ləğv etmişdir. Məhkəmə hesab edir ki, əlilliyin təyin edilməsi barədə iddiaçının etimad hüququ qorunmalı olan qərarda təyin edilmiş əlilliyin müddətsiz olması açıq-aşkar müəyyən edilmişdir. İddiaçı hər hansı saxtakarlıq etməmiş, təhrif olunmuş məlumatlar təqdim etməmiş, cinayət törətməmiş və digər etimadın qorunmasına istinadı istisna edən hərəkətlərə yol verməmişdirsə onun cavabdehin istinad etdiyi, inzibati icraatın predmetindən kənar çıxmaqla aparmış inzibati icraat əlilliyin ləğvinə əsas yaratmır. Digər tərəfdən isə qeyd olunmalıdır ki, ümumiyyətlə cavabdeh iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edərək əlilliyi ləğv etsə də, daha sonra xx.xx.2025-ci il tarixdə eyni diaqnoz və eyni xəstəlik əsasında iddiaçıya yenidən əlillik təyin edilmişdir. Göstərilən hallar açıq şəkildə onu təsdiq edir ki, iddiaçıya hələ 2015-ci ildən təyin edilmiş və müddətsiz əlilliyin əsasını təşkil edən diaqnoz aradan qalxmamış, əksinə, davam etmişdir. Buna baxmayaraq, cavabdeh 2023-cü ildə həmin diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul etmiş, lakin daha sonra yeni formalı 088 saylı tibbi arayış əsasında eyni xəstəlik üzrə xx.xx.2025-ci il tarixdə iddiaçıya yenidən əlillik statusu müəyyən etmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək olan dövrdə də iddiaçı həmin xəstəlikdən əziyyət çəkməyə davam etmiş, uzun illərdir mövcud olan şəxsiyyət pozuntusu aradan qalxmamışdır. Bu hal cavabdeh tərəfindən nəzərə alınmamış, tibbi sənədlərin və faktiki sağlamlıq vəziyyətinin düzgün və hərtərəfli qiymətləndirilməsi aparılmadan əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1080/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi məhkəmə analoji mövqedən çıxış etmişdir. Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə əlilliyin təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, hansı hallara görə iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. İddiaçının cavabdehin dəlillərində inzibati aktın ləğvinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Cavabdeh ehtimal etdiyi yanlışı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Məhkəmə qeyd edir ki, əlillik təyin edildikdən sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əlilliyin düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin əlillik təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Beləliklə, əlilliyin təyin ediliyi və ehtimal olunan yanlışlığın (hansı ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır) edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən buna səbəb olan hal elə həmin vaxt təyinat aparan orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi və ya ləğv etməsi qanuni sayıla bilməz. Bundan başqa, həmin qərarın ləğvi iddiaçının əvvəlki müddətsiz əlilliyinin bərpasına səbəb olur ki, bu səbəbdən iddiaçıya orqanizmin faiz dərəcəsinin 40 % pozulması ilə bağlı təyin edilmiş əlillliyin təyinatına dair qərar da hüquqi qüvvəsini itirmiş sayılmalıdır. Belə ki, yuxarıda göstərilən qərarın ləğvi iddiaçının əlilliyin dayandırıldığı tarixdən bərpasına səbəb olur ki, xx.xx.2025-ci il tarixdən orqanizmin faiz dərəcəsinin 40 % pozulması barədə qərarın qüvvəsini saxlaması mümkünsüz olur Bu vəziyyətin əsas səbəbi ondan ibarətdir ki, iddiaçı barəsində orqanizmin faiz dərəcəsinin 40 % pozulması barədə qərarın qəbul edilməsi, faktiki olaraq onun əvvəllər etimad etdiyi müddətsiz ikinci dərəcəli əlilliyin hüquqi qüvvəsinin itirildiyini göstərir. Halbuki, müddətsiz ikinci dərəcəli əlilliyin təyin edilməsi qərarı, həm onun daimi xarakter daşıması, həm də ikinci dərəcəli əlillik statusunun iddiaçı üçün daha yüksək təminat səviyyəsi təqdim etməsi baxımından, mövcud olan yeni üçüncü dərəcəli əlillik statusu ilə müqayisədə üstün vəziyyətdə idi. Beləliklə, qəbul edilən qərar iddiaçının hüquqi vəziyyətini əvvəlki dövrlə müqayisədə daha aşağı səviyyəyə endirərək, onun qanunla təmin olunmuş sosial təminat hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmil edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə 21 dekabr 2023-cü il tarixli və əlilliyin təyini barədə sonuncu qərarı ləğv edilsin. İddiaçı müddətsiz əlilliyin dayandırıldığı 21 dekabr 2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar