Məhkəmə qərarları › İş №2-1(112)-1757/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1757/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1757/2023 12.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarəti qaydasında iddiaçının istifadəsində olan kafedə 3 nəfər fiziki şəxsin əmək müqaviləsi olmadan xidmətə cəlb edilməsi və nəzarət-kassa aparatının açıq olmamasının müəyyən edilməsi ilə bağlı məsuliyyətə cəlb edilmə barədə qərarlar qəbul edilmişdir. İddiaçı hesab edir ki, həmin qərarlar əsassızdır. Belə ki, məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi elektron sistemdə yaranmış problemlə bağlı olmuş, bununla bağlı müraciət də etmiş, lakin həmin problemin həlli mümkün olmamışdır. Bununla bağlı, hətta yazılı ərizə ilə də X3 25 aprel 2022-ci il tarixdə müraciət edilmiş, lakin problem yenə də həll edilməmişdir. Müraciət olunan tarixdən təxminən 10 gün ərzində isə X4 Xidmətinin əməkdaşları tərəfindən problem aradan qaldırılmışdır ki, həmin halın aradan qaldırılmasından 30 dəqiqə öncə vergi orqanının əməkdaşları obyektə yaxınlaşaraq əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməməsi səbəbindən məsuliyyətə cəlb edilmə barədə qərar qəbul etmişdir. Halbuki, müqavilələrin daxil edilə bilməməsi onun təqsiri səbəbindən yox, elektron sistemdə yaranmış problemlə bağlı olmuşdur. Bundan əlavə, nağd pul hesablaşmalarının aparılma qaydalarına riayət olunmaması ilə bağlı da akt tərtib edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, 3 nəfərdən biri olan X2 ümumiyyətlə onun işçisi olmamışdır. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vergi nəzarət tədbiri zamanı 3 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması ilə bağlı pozuntuların müəyyən edilməsi ilə bağlı akt da tərtib edilərək həmin səbəbdən məsuliyyətə cəlb edilməsi barədə qərar da qəbul edilmişdir. Cavabdeh hesab edir ki, iddiaçının elektron sistemdə xətaya əsaslanaraq əmək qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinin bağlanılmamasına istinad etməsi əsassızdır. Eyni zamanda, cavabdeh qeyd edir ki, pul hesablaşmalarının pozulması halı ilə bağlı qərarın ləğv edilməsinin zəruriliyi ümumiyyətlə əsaslandırılmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçıya ünvanlanmış X4 Xidmətinin məktubundan görünür ki, Müfəttişlik qeyd etmişdir ki, 25 aprel 2022-ci il tarixli əmək müqaviləsi bildirişinin altsistemə daxil edilməsinə dair texniki problem aradan qaldırılmış, buna dair müraciətə 29 aprel 2022-ci il tarixli məktubla cavab verilmişdir. Məktubda əlavə olaraq qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı əməkdaşlarımız tərəfindən köməklik göstərilərək problem aradan qaldırılmışdır. Həmin Xidmətin digər bir 29 aprel 2022-ci il tarixli məktubundan görünür ki, əməkdaşların məhz iddiaçı ilə telefon əlaqəsi saxlanılaraq ona köməklik göstərildiyi qeyd edilmişdir. İddiaçının 22 iyun 2022-ci il tarixli cavabdeh orqana müraciət ərizəsindən görünür ki, iddiaçı elektron sistemə əmək müqaviləsi bildirişlərinin vurulmaması ilə bağlı dəfələrlə müraciət etdiyini, daha sonra texniki problem barədə İsmayıl adlı vergi orqanı əməkdaşına video çəkib göndərdiyini, lakin problemin yoxlama aparılan vaxtadək aradan qaldırılmasının həyata keçirilmədiyini bildirmişdir. İddiaçının 25 aprel 2022-ci il tarixli X4 Xidmətinə müraciətindən görünür ki, iddiaçı əmək müqaviləsinin daxil edilməsi ilə bağlı elektron sistemin açılmadığını, imzalanmamış sənədin mövcud olduğunu, bildirişin imzalanmasının mümkün olmadığını qeyd edir. Bununla bağlı ən qısa zamanda məsələyə baxılması ilə bağlı da xahiş etmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, əhali iddiaçının obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərara əsasən iddiaçının obyektində operativ vergi nəzarətinin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslərin dairəsi müəyyən edilmişdir. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması haqqında aktdan görünür ki, iddiaçı tərəfindən nağd qaydada ödəniş edilməsinə baxmayaraq çekin vurulmadığı müşahidə edilmişdir. Yayındırılmış çek NKA-ya bərpa edilməsi, NKA-nın saatının real vaxtı əks etdirmədiyi də qeyd edilərək, bərpa çeki və X hesabatı akta əlavə edilmişdir. Aktda, həmçinin qeyd edilmişdir ki, iddiaçı heç bir səbəb göstərmədən aktı imza etməkdən və aktın bir nüsxəsini almaqdan imtina etmişdir. Çekdən görünür ki, nağd qaydada 14 manat ödəniş edilməsinə baxmayaraq NKA-ya vurulmamış, bu səbəbdən də yayındırılmış çek NKA-ya bərpa edilmişdir. Adıçəkilən çekdən də görünür ki, gün ərzində vurulmuş çek sayı saat 14:45 0 ədəd, saat 14:47-yə 1 ədəd olmuşdur. 04 may 2022-ci il tarixli digər aktdan da görünür ki, iddiaçı heç bir üzrlü səbəb göstərmədən qərar, çıxarışla tanış olmaqdan və tərtib edilmiş aktla tanış olaraq imzalamaqdan imtina etmişdir. Aktda həmçinin qeyd edilmişdir ki, iddiaçı işçilər barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsinin elektron sistemdə yaranmış çətinliklərlə bağlı olmasını da bildirmişdir. Operativ vergi nəzarətinin nəticəsi barədə digər bir 04 may 2022-ci il tarixli aktdan görünür ki, 4 nəfər işə cəlb edilmiş şəxsdən 3 nəfər fiziki şəxslə əmək müqaviləsi bağlanılmamışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, iddiaçı 3 nəfər fizik şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi əsası ilə məsuliyyətə cəlb edilmişdir. Məsuliyyətə cəlb edilmə barədə digər qərardan isə görünür ki, əhali ilə pul hesablaşmalarının aparılma qaydalarının pozuntusu ilə bağlı iddiaçı məsuliyyətə cəlb edilmişdir. İşçilərdən E.Rəhimov yoxlama zamanı verdiyi izahatdan görünür ki, aşbaz kimi vəzifəyə götürülmüş, onunla əmək müqaviləsi bağlanılmamış, bildiriş təqdim edilməmiş, həmin şəxs aldığı əmək haqqı, iş saatları və s barədə konkret məlumatları qeyd etmişdir. İşçilərdən V.Talıbova yoxlama zamanı verdiyi izahatdan görünür ki, xadiməçi peşəsinə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanılmamış, əmək müqaviləsi bildirişi təqdim edilməmiş, həmin şəxs aldığı əmək haqqı, iş saatları və s barədə konkret məlumatları qeyd etmişdir. Vergi orqanı tərərindən tərtib edilmiş sənədlərdə, aktda isə C.Nəbiyev tərəfindən izahat verilməsindən imtina edildiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna X4 Xidmətinin 30 avqust 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının əmək müqaviləsi bildirişlərinin daxil edilməməsi ilə bağlı müraciətləri 2022-ci ilin 27 aprel və 16 may 2022-ci il tarixlərində aradan qaldırılmış və vətəndaş müvafiq qaydada cavablandırılmışdır. Məhkəmənin 22 noyabr 2022-ci il tarixli sorğusundan görünür ki, X4 Xidmətindən elektron sistemə dair köməkliyin 04 may 2022-ci il tarixdə konkret hansı tarixdə edilməsi, 29 aprel 2022-ci il tarixli məktubunda hansı tarixdə rəsmi qaydada iddiaçıya təqdim edilməsi və digər məsələlər barədə sorğu ünvanlanmışdır. Xidmətin cavab məktubuna əlavə edilmiş poçta təhvil verilmə barədə sənəddən görünür ki, həmin məktub 05 may 2022-ci il tarixdə iddiaçıya göndərilmişdir. Rəsmi qaydada təqdim edilmə müddəti isə təqdim edilməmişdir. Məhkəmə yenidən 24 yanvar 2023-cü il tarixli məktubla sorğunun natamam cavablandırılması ilə bağlı yenidən sorğu ilə müraciət etmiş məhz Xidmət tərəfindən texniki sistemdə köməkliyin hansı tarixdə, konkret olaraq hansı saatda həyata keçirilməsi ilə bağlı məlumatları, o cümlədən köməkliyi təsdiq edəcək telefon danışığını tələb etmişdir. Xidmət həmin sorğuya cavab məktubunda qeyd etmişdir ki, iddiaçı ilə 27 aprel 2022ci il tarixdə saat 17:49-da ( mob nömrə: ***-***-**-**) əlaqə saxlanılmış və problemin həlli həyata keçirilmişdir. Məhkəmənin 29 mart 2023-cü il tarixli məktubundan görünür ki, sorğuya yenə də düzgün cavab təqdim edilmədiyindən problemin həllini təsdiq edə biləcək həmin tarixdə baş tutmuş telefon danışığının, səs yazısının təqdim edilməsi tələb edilmişdir. Eyni zamanda, bununla bağlı "xxxx" MMC-yə məhkəmə qərardadı təqdim edilərək adıçəkilən tarixdə və saatda Xidmətlə iddiaçı arasında baş tutmuş telefon danışığının səs və ya mətn formasında məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmənin 03 aprel 2023-cü il tarixli Müfəttişlik Xidmətinə məktubundan görünür ki, məhkəmə 27 aprel 2022-ci il tarixdə Xidmətin qeyd etdiyi telefon danışıqlarından başqa 29 aprel 2022-ci il, 04 may 2022-ci il tarixlərdə iddiaçının Xidmətə iddiaçı tərəfindən edilmiş zəngi ilə əlaqədar aparılmış telefon danışıqlarının mahiyyəti, səs yazılarını da tələb etmişdir. Xidmətin məktubundan görünür ki, Xidmət qeyd etmişdir ki, tərəflər arasında səs yazısı Əmək Müfəttişliyi Xidmətində mövcud deyil. "xxxx" MMC-nin məktuba cavab məktubundan da görünür ki, telefon danışıqlarının dinlənilməsinin aparılmadığı qeyd edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Təmin edilən hissə cavabdeh tərəfindən qəbul edilmiş 3 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı 16 iyun 2022-ci il tarixli **********3237 nömrəli qərarının ləğvi ilə bağlıdır ki, məhkəmə adıçəkilən qərarın ləğv edilməsinə dair gəldiyi nəticə ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından görünür ki, iddiaçı həqiqətən də 3 nəfərdən 2-si ilə həqiqətən də əmək münasibətlərində olmuş, lakin həmin şəxslərlə əmək müqaviləsinin bağlanılmasına dair rəsmiləşdirmə həyata keçirilməmişdir. Lakin işin faktiki halları ilə də müəyyən edilir ki, həmin rəsmiləşdirmənin aparılmaması iddiaçının təqsir sferasına aid olmayan hallarla bağlı olmuşdur. Belə ki, iddiaçı aktda adıçəkilən 2 nəfər fiziki şəxslə əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi üçün X4 Xidmətinə 25 aprel, 29 aprel və 04 may 2022-ci il tarixlərdə müraciətlər etmiş, onun müraciətinə isə yalnız yoxlama dövründə ona maliyyə sanksiyasının tətbiq ediləcəyi vəziyyət Xidmətin əməkdaşlarına iddiaçı tərəfindən məlumat verildikdən sonra müsbət cavab verilmiş, texniki problemin aradan qaldırılması həyata keçirilmişdir. İş materiallarından da müəyyən edildiyi kimi X4 Xidməti məhkəmə sorğularına cavab məktublarında israrla iddiaçı ilə 27 aprel 2022-ci il tarixdə saat 17:49-da əlaqə saxlanılaraq elektron sistemə əmək müqaviləsi bildirişlərinin daxil edilməsi ilə bağlı problemin aradan qaldırılması barədə məhkəməyə məlumat versə də, iddiaçının məhkəmədə vermiş olduğu izahata uyğun olaraq əgər həmin tarixdə elektron sistemdə problem aradan qaldırıldığı təqdirdə 29 aprel 2022-ci il və 04 may 2022-ci il, yəni yoxlama olan dövrdə iddiaçının mobil nömrəsindən Xidmətin ********** (daxili nömrə 6024) nömrəsi ilə aparılmış danışıqların nədən ibarət olmasına aydınlıq gətirə bilməmişdir. İddiaçı bununla bağlı qeyd etmişdir ki, elektron sistemdə texniki problem 27 aprel 2022-ci il tarixdə Xidmətin dediyi kimi aradan qaldırılmamış, ən sonunda həmin problem məhz vergi yoxlaması zamanı müəyyən edilmiş hallarla bağlı Xidmətin diqqətinə həmin hal çatdırıldıqdan sonra 04 may 2022-ci il tarixdə aradan qaldırılmışdır. Məhkəmə, iddiaçının həmin dəlilini işin digər halları da nəzərə alınmaqla əsaslı hesab edir. Belə ki, aydın məsələdir ki, 27 aprel 2022-ci il tarixdə problem aradan qaldırılmış idisə, 29 aprel 2022-ci il və 04 may 2022-ci il tarixdə X4 Xidmətinə edilmiş zənglər də məhz həmin problemin davamlılığına dəlalət edir. Əks halda, iddiaçının elektron sistemə məlumatların daxil edilməsi problemi aradan qalxdığı təqdirdə yenidən Xidmətə müraciət etməsi kimi məntiqsiz hal yaranacaqdır. Digər tərəfdən X4 Xidməti problemin aradan qaldırıldığı barədə məktubla məhkəməyə məlumat versə də, digər tərəfdən telefon danışıqlarının mətn və səs yazısı formasında təqdim edilməsi ilə bağlı sorğuya cavab təqdim edərək qeyd edir ki, həmin materiallar onlarda mövcud deyil. Aydın məsələdir ki, məlumatlar mövcud deyilsə israrla problemin aradan qaldırılması barədə məhkəməyə məlumat verilməsi inandırıcı görünmür. Belə ki, problemin həqiqətən də aradan qaldırılıb-qaldırılmamasını iddia edən tərəf kimi dövlət orqanı həmin halı sübut edə biləcək nə səs, nə də mətn formalı yazıları məhkəməyə təqdim etməmiş, yalnız problemin aradan qaldırılması barədə məktubla məhkəməyə məlumat vermişdir ki, hazırkı halda iddiaçıdan həmin halı sübut etmək vəzifəsinin gözlənilməsi prosessual qanunvericiliyə uyğun hesab edilməməlidir. Eyni zamanda məhkəmə araşdırmanı davam etdirərək mobil operatora da bununla bağlı qərardadla məlumatların təqdim edilməsini tələb etmişdir ki, həmin məlumatların mövcud olmaması ilə bağlı məhkəməyə məktub təqdim edilmişdir. Belə olduğu təqdirdə isə həmin səs yazılarının iddiaçı tərəfindən mütləq qaydada təqdim edilməsi əvəzinə, iddiaçının dediyi kimi elektron sistemdə məlumatların yerləşməsi ilə bağlı problemin 27 aprel, 29 aprel 2022-ci il tarixdə yox məhz 04 may 2022-ci il tarixdə həyata keçirildiyi inandırıcı görünür. Cavabdeh vergi orqanı isə necə ki, məhkəmə tərəfindən aparılmış araşdırmanı inzibati icraat qaydasında aparmalı olduğu halda yalnız hadisəni, yəni 2 nəfər şəxsin elektron bildirişinin sistemə daxil edilməməsini müəyyən etmiş, lakin hadisədə iddiaçının təqsirinin olub-olmadığını araşdırmadan məsuliyyətə cəlb edilmə barədə qərar qəbul etmişdir. Halbuki, iddiaçı iş materiallarında olan aktdan da görünür ki, yoxlama aparılan zaman elektron sistemə məlumatların daxil edilməməsi ilə bağlı iradını bildirmiş, bu səbəbdən müqavilələrin sistemə daxil edilmədiyini də diqqətə çatdırmışdır. Bundan əlavə, vergi orqanına daxil olan şikayət ərizələrində də həmin hallar barədə vergi orqanına məlumat verilmişdir. Beləliklə, iş materiallarından da göründüyü kimi məsuliyyətə cəlb edilmə üçün əsas ola biləcək hadisə, yəni 2 nəfər fiziki şəxsin işə cəlb edilməsi və əmək müqaviləsi bildirişinin sistemə daxil edilməməsi halları mövcuddur. Lakin, həmin hadisə özlüyündə məsuliyyətə cəlb edilmə üçün kifayət hesab edilə bilməz. Bununla bağlı təqsirin mövcudluğu da zəruridir ki, işin hallarından da göründüyü kimi iddiaçının həmin sistemə məlumatları daxil etməməsi onun təqsiri olmamış, məlumatların sistemə daxil edilməməsi sistemin operatoru tərəfindən elektron məlumatların sistemə daxil edilə bilməməsi ilə bağlı problemi gec həll etməsi ilə bağlı olmuşdur ki, aydın məsələdir ki, istər işəgötürənin sahibkarlıq fəaliyyəti, istərsə də işçinin əmək fəaliyyətinin həmin sistemdə texniki problemin aradan qaldırılmasına yönələn tədbirləri gec görməsi dayandırılmasının vergi orqanı tərəfindən gözlənilməsini məhkəmə vergi qanunvericiliyinin tələblərinə uyğun hesab etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 2 nəfər şəxsin əmək müqaviləsinin rəsmiləşdirilmədən işə cəlb edilməsi halına münasibətdə vergi orqanı formal əsaslardan çıxış etməməli, iddiaçının yazılı və şifahi müraciətlərinin mahiyyətini müəyyən etməli, digər dövlət orqanının problemin həllinə dair gec tədbirlər görməsini, işçi və işəgötürənin müvafiq olaraq əmək və sahibkarlıq fəaliyyətinin dayandırılmalı olmamasına dair hüquqi marağını nəzərə almalı idi. Əks halda həmin texniki problemin həlli aylarla uzana bilər ki, aydın məsələdir ki, vergi orqanının yanaşması ilə istər işçi həmin aylarda işləməməsi, sahibkarın isə sahibkarlıq fəaliyyətini göstərməməsi deməkdir. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində dövlətin mülkiyyət hüquqlarına zərər vurulduğu hallarda “lazımi idarəetmə” (good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4 may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan qaldırılmasının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci il 12 iyun tarixli Qərarlar). Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir. Odur ki, X1 04 may 2022-ci il tarixə yəni yoxlama zamanına kimi texniki xarakterli problemi aradan qaldırmaması digər dövlət orqanı tərəfindən iddiaçının məsuliyyətə cəlb edilməsinə əsas yaratmamalıdır. Başqa sözlə müxtəlif funskiyalarını ayrı-ayrı orqanları tərəfindən həyata keçirən dövlətin iddiaçıya münasibətdə səhvi, onun elə dövlətin özü tərəfindən məsuliyyətə cəlb edilməsinə əsas ola bilməz. Digər şəxs C.Nəbiyevin ümumiyyətlə iddiaçının işçisi olmaması ilə bağlı isə məhkəmə həmin dəlili də əsaslı hesab edir. İddiaçı bununla bağlı qeyd edir ki, ümumiyyətlə iddiaçının işçisi olmamış, müharibə iştirakçısı olan həmin şəxs həmin gün işlə təmin olunmaqla bağlı yaxınlaşmış, obyektdə olmadığımdan orada gözləməli olması barədə ona məlumat verilmişdir. Cavabdeh də həmin halı təkzibini birtərəfli qaydada tərtib etdiyi aktla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, həmin hal cavabdehin qərarının qanuniliyinin yeganə əsası qismində çıxış edə bilməz. İş materiallarında isə müəyyən edilir ki, həmin halı təkzib edə biləcək video görüntü mövcud olmamışdır. Bununla bağlı isə qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1264/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edildiyi kimi Vergi qanunvericiliyinin tələbləri baxımından, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməli olduğu halda bunları etməmişdir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Hazırkı halda, vergi qanunvericiliyinin tələbləri baxımından, iddiaçı barəsində məsuliyyət qərarlarının qəbul edilməsi üçün sadəcə, cavabdeh tərəfindən tərtib edilmiş aktlara istinad edilməsi mötəbər əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsində operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib olunmduğu qeyd edilsə də, eyni zamanda operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edildiyi də göstərilmişdir ki, bu da həmin Məcəllənin 41-ci maddəsində qeyd olunan xüsusatların operativ vergi nəzarətinə də şamil olunduğunu ehtiva edir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 000913 nömrəli xx.xx.2020-ci il tarixli akta əsasən, müəssisənin işçisi kimi qeyd olunmuş X5 yoxlamaya təqdim olunan izahatında həmin müəssisədə işləmədiyini, iş axtardığını bildirmişdir. Qeyd olunan izahatdan da göründüyü kimi, həmin şəxs orada işləməmiş, yalnız iş axtarışında olduğu üçün həmin gün obyektdə olmuşdur. Eyni zamanda, aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Hansı ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də cavabdeh hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, Ali Məhkəmənin digər bir 2-1(102)-505/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə görə Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, məlum kafedə baxış keçirildiyi zaman foto və (və ya) video çəkiliş cavabdehdən tələb edilməli və digər sübutlarla yanaşı araşdırılmalıdır. Hazırkı iş üzrə isə adıçəkilən foto və ya video materiallar təqdim edilmədən, birtərəfli araşdırma əsasında C.Nəbiyevin iddiaçının işçisi olması qənaətinə gəlinmişdir ki, cavabdeh iddianın adıçəkilən hissədə təminini istisna edə biləcək faktiki şərti təsdiq edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia həmin hissədə də qanuni və əsaslıdır. İddianın təmin edilməyən əhali ilə pul hesablaşmalarının aparılması qaydasının pozulması ilə bağlı qəbul edilmiş 16 iyun 2022-ci il tarixli məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi hissəsində isə məhkəmə hesab edir ki, cavabdehin həmin qərarı qanuni və əsaslı olduğundan iddia həmin hissədə rədd edilməlidir. Yuxarıda adıçəkilən Məcəllənin:58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarətkassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Məhkəmə hesab edir ki, işin faktiki halları ilə də həmin hal öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, operativ vergi nəzarəti zamanı alınmış yemək üçün 14 manat ödəniş edilsə də nəzarət kassa aparatına çek vurulmamış və təqdim edilməmişdir. Uçotdan yayındırılmış həmin məbləğ isə 04 may 2022-ci il tarixində saat 13:47-də 334 nömrəli çeklə NKA-ya bərpa edilmişdir ki, həmin halların təsdiqi kimi akta və iş materiallarına çek və aidiyyəti digər sənədlər təqdim edilmişdir. Tərtib edilmiş aktda, o cümlədən inzibat şikayət və iddia tələbində isə həmin halın təkzibinə dair heç bir dəlil irəli sürülməmiş, iddiaçı iddianın nəticə hissəsində həmin qərarın ləğv edilməsi ilə bağlı da mövqe nümayiş etdirmişdir ki, məhkəmə məsuliyyətə cəlb edilməni istisna edən hər hansı hal müəyyən etməmiş, əksinə çekin vurulmadığı və təqdim edilmədiyi öz təsdiqini tapmışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, 14:45-ə kimi kafedə heç bir çekin vurulmaması halı da ümumiyyətlə dövriyyənin gizlədilməsi və çekin vurulmaması ilə halın təsdiqini qismində daxil inamın yaranması üçün əsas kimi qəbul edilir. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, iddianın qismən əsaslılığı, digər hissədə əsassızlığı barədə işin faktiki halları ilə yanaşı iddia ərizəsinin özünün də tərtib edilmə xüsusiyyəti daxili inamın formalaşmasına xidmət edir. Belə ki, iddia ərizəsindən görünür ki, pul hesablaşmalarının pozulması barədə qərarın mübahisələndirilməsi formal olmuş, digər qərarın mübahisələndirilməsinə münasibətdə inzibati qaydada və məhkəmə araşdırması isə real həqiqətin iddiaçı tərəfindən müəyyən edilməsinə yönəlmişdir. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyun 2022-ci il tarixli **********3237 saylı qərarı ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar