Məhkəmə qərarları › İş №2-1(112)-1758/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1758/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1758/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. 13 avqust 1986-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. Bugünə qədər müxtəlif orqan və təşkilatlarda işləmişdir. Ümumilikdə 30 ildən çox siğorta stajı vardır. İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin, onun müraciət etdiyi vaxt kifayət qədər əmək stajı, zərərli iş stajına olmasına və pensiya kapitalı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqlarını pozmuşdur. Belə ki, cavabdeh ƏƏSMN yanında DSMF-nun Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi filialının cavab məktubunda göstərilmişdir ki, iddiaçının zərərli iş stajı 7 il 3 ay 25 gündür. Belə ki. İddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2008-ci il tarixinə qədər İsmayıllı rayon Gigiyena və X1 Bakterioloq (mikrobioloq) vəzifəsində işləmişdir. Bu zaman ərzində zərərli Əmək Şəraitində işlədiyinə görə əmək haqqına 15% əlavə almışdır. Lakin müraciət edilən zaman 8 ildən çox olan zərərli əmək stajını nəzərə almamışdırlar. Hansı ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı.sı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qərarında 1 —2-ci sinif təhlükəli mikroorqanizmlərlə işləri bilavasitə yerinə yetirən işçilər yer almışdır. İddiaçı xx.xx.2015-ci il tarixindən bugünə qədər Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində (əvvəlki adı X3) çalışıb. Burada olan 7 ildən çox iş stajı 2 qat hesablanmalı idi. Çünki, "Əmək pensiyaları haqqında" Qanunun 24.0.3-cü maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə Əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat uzrə mərkəzi filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən onun güzəştli iş stajının yetərli olmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin məktuba əsasən İddiaçı güzəştli iş stajının 07 il 03 ay 25 gün təşkil etdiyi qeyd edilmişdir. İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 25 gün (xx.xx.2015-cu il tarixdən xx.xx.2016-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019- cu il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu Hİ tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən 31.01 2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023- cü il tarixədək)) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür.

8. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixdə sanitar həkim vəzifəsinə təyin olunmuş, xx.xx.1995-ci il tarixdə Epidemiologiya mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixdə direktor vəzifəsindən azad olunaraq sanitar həkim vəzifəsinə təyin olunmuş, xx.xx.1999-cu il tarixdə həmin bakterioloq vəzifəsinə keçirilmiş və xx.xx.2008-ci il tarixdə işdən azad edilmiş; xx.xx.2015-ci il tarixdə Respublika Taun Əleyhinə Sanitariyaya həkimmikrobioloq vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə mikrobiologi-laboratoriyaya həkimmikrobioloq keçirilmiş, xx.xx.2018-ci il tarixdə biotəhlükəsizlik səviyyəsi 3 laboratoriyaya həkimmikrobioloq keçirilmiş, xx.xx.2021-ci il tarixdə biotəhlükəsizlik səviyyəsi 3 laboratoriyanın müdiri vəzifəsinə keçirilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdən “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsində həkim-mikrobioloq (əvvəlki S.İmaməliyev adına Respublika X3) xx.xx.2021-ci il tarixdən isə biotəhlükəsizlik səviyyəsi 3 laboratoriyasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarın 2 №-li əlavəsinin 2 №li Siyahısının XXİV bölməsinin (Səhiyyə və sosial təminat idarələri) 22600000-1754a şifrəsi (tauna qarşı idarələrdə məşğul olan işçilər) Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin işçilərinə şamil olunur. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun “Sığorta stajının hesablanmasında güzəştlər” 24-cü Maddəsinin 24.0.3. bəndinə əsasən XTİNM işçilərinin iş müddəti ikiqat ölçüdə hesablanır.

10. Cavabdeh tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 25 gün (xx.xx.2015-xx.xx.2016-ci il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2019xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2023, xx.xx.2023- xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 19 mart 2024-cü il tarixli müraciətə baxılması barədə məktubdan görünür ki, iddiaçının mübahisələndirilməyən güzəştli iş stajı 08 il 25 gün (xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2021xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındaki dövrlər) təşkil edir. Əlavə olaraq məktubda qeyd olunmuşdur ki, qanunvericilikdə taun əleyhinə müəssisələrdə xidmət müddəti həmin müəssisələrdə azı 12 il 6 ay çalışmış kişilərə (qadınlara münasibətdə isə 10 il) güzəştli iş stajı kimi nəzərə alınmaqla daha erkən pensiya hüququ verir. Bu cür hüququn yaranmadığı, yəni həmin müəssisələrdə 12 il 06 aydan (qadınlara münasibətdə 10 ildən) az iş müddəti olduqda isə mövcud iş müddəti ikiqat ölçüdə hesablanaraq ümumi sığorta stajına əlavə edilməklə güzəşt tətbiq olunur. Həmin güzəştin eyni zamanda həm ümumi, həm də güzəştli iş stajlarının hesablanması zamanı nəzərə alınması qanunla müəyyən edilmiş bir güzəştin təkrarən tətbiqinə şərait yaratmış olar.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli, 3-28/2-7773/2024 nömrəli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı mikrobioloji laboratoriyada gördüyü işlərin xarakteristikası və funksiyaları barədə məlumat Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təqdim olunmuşdur. İddiaçı xx.xx.1997-xx.xx.2008-ci il tarixlərdə Mərkəzdə mikrobioloq vəzifəsində çalışmış və gündəlik olaraq, brusellyozun seroloji, içməli suyun sanitar-bakterioloji müayinəsi və kəskin bağırsaq infeksiyaları törədicilərinin təyininə görə mikrobioloji müayinələri icra etmişdir. “Yoluxucu xəstəliklərin profilaktikasına dair sanitariya-epidemioloji tələblər” 3.3686-21 nömrəli Sanitariya Qaydaları və Normaların 1 nömrəli əlavəsində göstərilən mikroorqanizmlərin patogenliyi təsnifatına görə brusellyoz 2-ci təhlükəlilik qrupuna aid olunur. Eyni zamanda bildirilmişdir ki, laboratoriyada çalısan işçilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tətbiq edilməsi məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə tənzimlənir və həmin Qərarın 35-ci “Ümumi peşələr” bəndində (1-2-ci sinif təhlükəli mikroorqanizmlərlə işləri bilavasitə yerinə yetirən işçilər) öz əksini tapmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1952-ci il təvəllüddür. İddiaçının xx.xx.2022-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının həmin tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

20. İddiaçıya məxsus əmək kitabçasına əsasən onun ümumi iş stajı 25 ildən artıqdır.

21. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi cavabdeh ilkin olaraq iddiaçının güzəştli iş stajının 07 il 03 ay 25 gün olduğunu bildirsə də (ilk imtina məktubunda), daha sonra məhkəmə icraatı zamanı onun güzəştli iş stajının 08 il 25 gün (xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il) olduğunu qəbul etmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən iş stajı iddiaçının xx.xx.1997-xx.xx.2008-ci il tarixlərdə Mərkəzdə mikrobioloq vəzifəsində işlədiyi müddət ilə bağlıdır. Eyni zamanda cavabdeh iddiaçının xx.xx.2015-ci il tarixdən “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsində həkim-mikrobioloq (əvvəlki S.İmaməliyev adına Respublika X3) xx.xx.2021-ci il tarixdən isə biotəhlükəsizlik səviyyəsi 3 laboratoriyasının müdiri vəzifəsində işlədiyi müddətin də ikiqat ölçüdə nəzərə alınmasının mümkün olmaması ilə bağlı mülahizələr irəli sürür.

22. Məhkəmə ilk növbədə iddiaçının xx.xx.1997-xx.xx.2008-ci il tarixlərdə Mərkəzdə mikrobioloq vəzifəsində işlədiyi müddətə münasibətdə qeyd edir ki, həmin dövrün güzəştli iş stajına aid olduğu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş məktub ilə təsdiq olunmuşdur. Belə ki, məhkəmə icraatı zamanı məlum olmuşdur ki, İddiaçı xx.xx.1997-xx.xx.2008ci il tarixlərdə Mərkəzdə mikrobioloq vəzifəsində çalışmış və gündəlik olaraq, brusellyozun seroloji, içməli suyun sanitar-bakterioloji müayinəsi və kəskin bağırsaq infeksiyaları törədicilərinin təyininə görə mikrobioloji müayinələri icra etmişdir.

23. Göründüyü kimi iddiaçının mikrobioloq vəzifəsində işlədiyi müddətdə onun tərəfindən təhlükəlik qrupuna aid olan mikroorqanizmlər ilə işləməsi müəyyən olunur. Nəzərə alınmalıdır ki, “Yoluxucu xəstəliklərin profilaktikasına dair sanitariya-epidemioloji tələblər” 3.3686-21 nömrəli Sanitariya Qaydaları və Normaların 1 nömrəli əlavəsində göstərilən mikroorqanizmlərin patogenliyi təsnifatına görə brusellyoz 2-ci təhlükəlilik qrupuna aid olunur.

24. Məhkəmə hesab edir ki, iddiaçının 09.1997-xx.xx.2008-ci il tarixlərdə Mərkəzdə mikrobioloq vəzifəsində işlədiyi müddətin zərərli əmək pensiyası hüququna imkan verən vəzifəyə aid olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildiyindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 18.7-ci bəndinin (Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin və 1-3-cü qrup mikroorqanizmlər olan işdə, bioloji müəssisələrdə, istehsalat laboratoriyalarında, sexlərdə, bölmələrdə, sahələrdə və ayrı-ayrı qurğularda alınan baytarlıq-bioloji, kimya-əczaçılıq preparatlarının və bitkilərin bioloji müdafiə vasitələrinin istehsalı) b) bəndində mikrobioloqlar güzəştli pensiya hüququ verən vəzifə olduğundan, ən əsası isə iddiaçının həmin müddətdə işlədiyi brusellyoz mikroorqanizmlərin 2-ci təhlükəlik qrupuna aid olması müəyyən olunduğunan, həmin dövr iddiaçının güzəştli iş stajına daxil edilməlidir.

25. Məhkəmə, iddiaçının xx.xx.2015-ci il tarixdən “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsində həkim-mikrobioloq (əvvəlki S.İmaməliyev adına Respublika X3) xx.xx.2021-ci il tarixdən isə biotəhlükəsizlik səviyyəsi 3 laboratoriyasının müdiri vəzifəsində işlədiyi müddətin ikiqat ölçüdə nəzərə alınmalı olması ilə bağlı qeyd edir ki, cavabdeh həmin dövrü ikiqat ölçüdə ümumi iş stajına daxil etdiyindən, həmin dövrü güzəştli iş stajına ikiqat ölçüdə daxil etməmişdir.

26. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 24.0-ci maddəsinə əsasən: 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; 24.0.2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri - ikiqat ölçüdə; 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 24.0.4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə.

27. Məhkəmə qeyd edir ki, qanunun göstərilən normalarında yalnız ümumi iş stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Şəxsin işlədiyi müddətin güzəştli əsaslara sığorta stajına daxil edilməsi məsələsinə qiymət verərkən, həmin dövrün “ümumi” və ya “güzəştli iş stajına daxil olunması ilə bağlı fərqləndirmənin aparılması düzgün olmazdır. Belə ki, ümumi və güzəştli iş stajı ilə bağlı anlayışlar vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsi yarandığı zaman istifadə olunur. Güzəştli iş stajının ümumi iş stajından fərqi isə yalnız onunla bağlıdır ki, güzəştli iş stajı ümumi iş stajında da olduğu kimi şəxsin əmək fəaliyyəti icra etdiyi dövrü nəzərdə tutur ki, bu zaman onun həmin dövrdə icra etdiyi vəzifə bilavasitə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə (peşə) hesab olunsun.

28. Digər tərəfdən şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.

29. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixdən “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsində həkim-mikrobioloq (əvvəlki S.İmaməliyev adına Respublika X3) xx.xx.2021-ci il tarixdən isə biotəhlükəsizlik səviyyəsi 3 laboratoriyasının müdiri vəzifəsində işlədiyi müddət ikiqat ölçüdə iddiaçının güzəştli iş stajına da daxil edilməlidir.

30. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2163/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da nümayiş olunmuşdur.

31. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıqdır.

32. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssiələr tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.

33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.

34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

35. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

36. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

37. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

38. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

39. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

41. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

44. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar