Məhkəmə qərarları › İş №2-1(112)-1759/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1759/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1759/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 194 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2ı və istismarı birliyinin 35551 nömrəli xx.xx.2005-ci il tarixli Bağın icarəyə verilməsi haqqında müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 0.12 ha sahəsi olan 194 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, torpaq sahəsinin yerini dəqiq tanımadıqları üçün idarənin mütəxəsisləri tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Arxiv məlumatlatına əsasən 1200.0 kv.m torpaq sahəsi olan 194 saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 35551 saylı müqavilə mövcuddur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı, həmçinin digər şəxslər tərəfindən taxta dirəklərlə sərhədlənərək istifadə edildiyi məlum olmuşdur (torpaq sahəsi istifadədə deyil). Həmçinin ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından bağın dəqiq yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi və izahatında əlavə olaraq bildirdi ki, atrılmış torpaq sahəsinin yerini və kordinatlarını bilir, lakin Zirə kənd camaatının yaratdığı maneələr səbəbindən hazıradək torpaqdan istifadə edə bilmir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 194 saylı torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılaraq etirazdakı dəlillərdən əlavə qeyd edilmişdir ki, arxiv məlumatlarına əsasən 1200.0 kv.m torpaq sahəsi olan 194 saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 35551 saylı müqavilənin mövcud olduğu, həmin müqavilə əsasında Zirə qəsəbəsində 194 bağ nömrəsi ilə qeydiyyatı alınmış 1200.0 kv.m torpaq sahəsi barədə məlumatın aşkar edilmədiyi qeyd olunaraq müraciətin təmin edilməsindən imtina edilmidir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 35551 nömrəli müqavilənin surətindən görünür ki, Zirə ərazisində 0,12 ha sahəsi olan 194 nömrəli bağ İddiaçı istifadəsinə verilmişdir. -X4 və Ekspertiza Mərkəzi MMC tərəfindən tərtib və təsdiq edilən 20 fevral 2024-cü il tarixli mütəxəsssis rəyində qeyd olunmuşdur ki, naturada təqdim olunan bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi qeydə alındı. Qeydə alınmış koordinatlar kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, 3555 saylı 22 iyul 2005-ci il tarixli müqavilə əsasında İddiaçı istifadəsinə verilmiş, Zirə qəsəbəsi ərazisində yerləşən, sahəsi 0,12 ha olan 194 nömrəli bağ torpaq sahəsi ərazinin bağ torpaq sahələrinin sxeminə uyğundur, digər bağ sahəsi ilə üst-üstə düşmür, dövlət mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqlarına aiddir. Bağ torpaq sahəsinin müəyyən edilmiş koordinatlarının faktiki naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntülərində qeyd edilir. -DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, arxiv məlumatlarına əsasən 1200 kv.m sahəsi olan 194 saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 35551 saylı müqavilə mövcuddur. Həmin müqavilə əsasında Zirə qəsəbəsində 194 saylı bağ nömrəsi ilə qeydiyyata alınmış 1200 kv.m torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçının məqsədi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti tərəfindən 23 iyul 2005-ci il tarixli, 35551 nömrəli müqavilə əsasında ona ayrılmış 194 saylı bağ sahəsi üzərində mülkiyyəti hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsidir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdehin imtina dəlilləri belə olmuşdur ki, göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamış, həmçinin digər şəxslər tərəfindən taxta dirəklərlə sərhədlənərək istifadə edilir, torpaq sahəsi iddiaçının istifadəsində deyil, ümumi ərazidə hasarlama işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından bağın dəqiq yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində (1 fevral 2008-ci il tarixli 537- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir) göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”dən: -1.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, «Torpaq islahatı haqqında», «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında», «Geodeziya və kartoqrafiya haqqında» Azərbaycan Respublikasının qanunlarına, «Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə»yə, «Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası»na, «Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası»na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş «Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə»yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra — ƏMDK) tərəfindən həyata keçirilir. -2.1. Mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. -2.2. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. -7.2. Mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zirə ərazisində yerləşən, sahəsi 0,12 hektar olan 194 saylı bağ sahəsinin ona ayrılmasına dair X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli, 35551 nömrəli müqaviləni cavabdehə təqdim etmişdir. İş materiallarında olan sənədlərdən (Xəzər RPİ-yə ünvanlanmış məktubdan) görünür ki, qeyd olunan müqavilənin mövcudluğu cavabdeh tərəfindən təsdiq olunur və mübahisələndirilmir. Həmin müqavilənin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı saymayaraq bildirir ki, göstərilən torpaq sahəsinin ümumi ərazi daxilində yerləşməsi və torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmaması əsası qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmamışdır. Həm də yuxarıda istinad olunan “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 7.2-ci bəndindən göründüyü kimi, torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq struktur bölməsinin mütəxəssisinin, Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinin nümayəndəsinin və torpaq mülkiyyətçisinin (istifadəçisinin) iştirakı ilə aparılır. Bundan başqa iddia olunan torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsini təsdiq edən sübut, həmçinin göstərilən sahənin hər hansı şəxsin mülkiyyətində, yaxud qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə dəlil məhkəməyə təqdim edilməmişdir. Qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair dair sxematik xəritə ilə uyğunsuzluğu olsa belə, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Yuxarıda istinad olunan müddəalardan da göründüyü kimi, Xidmətin müvafiq torpaq sahəsinin plan və ölçüsünü tərtib etmək vəzifəsi müəyyən edilmişdir. Torpaq sahəsinin iddiaçının istifadəsində olmamasına gəlincə, qeyd olunur ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Başqa sözlə şəxs özünə məxsus hər hansı bir əmlakdan istifadə edib-etməməsi onun şəxsi iradəsinin ifadəsidir və bu hal hüquqların qeydiyyatından imtinanın əsasını təşkil edə bilməz. İddiaçı ona ayrılmış sahənin yerini bilir və bu mübahisəli deyil. İstifadəsi ilə bağlı çətinliklərin olmasına dair arqumentini (kənd camaatının maneə törətməsi) təkzib edən heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı təfindən müvafiq mütəxəssis rəyi əsasında əldə edilən kordinatların qeyd olunması ilə əks olunan ortofoto görüntülərinin inzibati orqana təqdim edilməsindən əlavə, həmçinin məhkəmə araşdırması zamanı müvafiq sorğu əsasında cavabdeh inzibati orqan tərəfindən mübahisəli bağ sahəsinə qonşuluqda olan qonşu bağ sahələrinin dövlət reyestrində qeydə alınmasına dair çıxarışlar, çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər və ortofoto görüntüləri təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, mübahisəli bağ sahəsinin yerinin müəyyən edilməsi hüquqi əsaslarla yanaşı, həmçinin texniki imkanlar baxımından da mümkün olmuşdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin olması müəyyən edilməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0,12 ha olan, 194 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0,12 ha olan, 194 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar