Məhkəmə qərarları › İş №2-1(112)-176/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-176/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-176/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 42, mənzil 31), cavabdehin nümayəndəsi X7 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi), 3-cü şəxs "xxxx"ASC-nin nümayəndəsi X6 (Ünvan: Bakı şəhəri, 8-ci keçid küçəsi, ev 10; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: "xxxx" ASC-də İnsan Resursları Departamenti Hüquq İdarəsində hüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxslər - "xxxx"ASC və “Azəriqaz” İB qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair iddiaçının adına çıxarışın və cizgi planının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin 27.10.2020-ci il tarixli qərardadı ilə “Azəriqaz” İB və "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmənin 01.12.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. 18.05.2021-ci il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin 28.04.2021-ci il tarixli 10/1683 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 16.11.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən 31 saylı bağ sahəsinin X1 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, X2 10 sentyabr 1988-ci il tarixdə vəfat etmiş, bununla əlaqədar iddiaçının ərizəsi əsasında Bakı şəhərindəki 35 saylı notariat kontorunda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair çıxarışın, eləcə də daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən (1 saylı forma üzrə) arayışın verilməsi xahiş edilmişdir. Bu sorğuya həmin idarə tərəfindən verilmiş 01 mart 2017-ci il tarixli **********62 saylı bildirişdə Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01 mart 2017-ci il tarixli **********62 saylı bildirişdə qeyd olunmuşdur ki, Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinin yerləşməsi ilə arxiv cizgisi və sxematik xəritə arasında uyğunsuzluq vardır. Eyni zamanda, bağ sahəsində elektrik yarımstansiya inşa edilmişdir. Bu səbəbdən də miras qalmış bağ sahəsinə dair hüquqların dövlət reyestrində qeydə alınması mümkün deyildir. İddiaçı təkrarən 35 saylı notariat kontoruna müraciət edərək Sonaxanım Gözəlovadan miras qalmış əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etsə də, bu xahişi təmin edilməmiş və notariusun 20 aprel 2017-ci iltarixli məktubunda izah olunmuşdur ki, Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair çıxarışın olmaması səbəbindən ona müvafiq vərəsəlik şəhadətnaməsinin verilməsi imkan xaricindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 oktyabr 2013-cü il tarixli 2-1(82)-1030/2013 saylı qərarı ilə, Bakı şəhəri, Xəzər yayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 31 saylı bağ sahəsinə mərhum Sonaxanım Gözəlovamn adına plan-cizginin verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qovulmuşdur. "xxxx" ASC-nin Xəzər rayon X10 və Satışı Sahəsi tərəfindən verilmiş 02 sentyabr 2013-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsi ərazisində 216 saylı X4 və həmin məntəqəni qidalandıran 8 kV-luq hava xətti tam olaraq sökülmüş və hal-hazırda bu bağ sahəsində heç bir elektrik xətti və elektrik qurğusu yoxdur, elektrik enerjisi cəhətdən tam təhlükəsizdir. Sonaxanım Gözəlovadan miras qalmış, Bakı şəhəri, Xəzər rayonu, Xaşa- Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinin yerləşməsi ilə arxiv cizgisi və sxematik xəritə arasında uyğunsuzluq vardırsa da, bu uyğunsuzluq DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aradan qaldırılmalıdır. Bakı şəhəri 35 saylı notariat kontoru tərəfindən 13 dekabr 2017-ci il tarixdə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə görə, 10 sentyabr 1988-ci il tarixdə ölmüş Gözəlova Sonaxanımdan qalmış miras əmlak, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-8566/2017 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 11 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Gözəlova Sonaxanım arasında bağlanmış “2684” nömrəli 27 avqust 1988-ci il tarixli müqavilə üzrə, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 1200 kv.metr sahədən ibarət 31 saylı bağ sahəsi üzərində mərhum Gözəlova Sonaxanıma mövcud olmuş icarə (istifadə) hüququndan ibarətdir və mərhumun vərəsəsi İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır. 2008ci ildən başlayaraq, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi, 1.200 kv.metr sahəyə malik 31 saylı bağ sahəsinə dair plan-sxemin və arayışın mərhumə Gözəlova Sonaxamın vərəsəsi kimi, onun adına təqdim olunması haqqında müraciətlərinə, idarənin əməkdaşaları tərəfindən torpaq sahəsində dəfələrlə ölçülərin aparılmasına baxmayaraq, indiyə kimi müxtəlif bəhanələrlə həmin sənədlər ona təqdim olunmamışdır. Hal-hazırda DƏDRX-in Bakı şəhər Ərazi İdarəsindən mərhumə Gözəlova Sonaxammın adına olan torpaq sahəsinə dair plan-sxemin və arayışın alınmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi öz izahatında bildirmişdir ki, mübahisə predmeti olan bağ sahəsinin yerləşdiyi ərazi elektrik yarımstansiyasının (transformatorun) ərazisi olduğu halda iddianın təmin edilməsinə etiraz edirlər. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, 27.08.1988-ci il tarixli 2684 nömrəli Müqaviləyə əsasən Bakı şəhəri, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən 0.12 ha sahəsi olan 31 saylı bağ sahəsi Gözəlova Sonaxanımın istifadəsinə verilmişdir. Gözəlova Sonaxanım 10.09.1988-ci il tarixdə ölmüşdür. Gözəlova Sonaxanımın vərəsəsi kimi onun nəvəsi İddiaçı tanınmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 13.10.2021-ci il tarixli məktubla Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 31 və 31 a saylı bağ sahəsinin arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 31a saylı bağ sahəsi paylı mülkiyyət kimi İddiaçı və X3 adına qeydiyyatdan keçmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun n 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunu müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilməməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisə predmeti olan bağ sahəsinin Gözəlova Sonaxanıma ayrılmasına dair müvafiq müqavilənin və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətinin cavabdeh inzibati orqan tərəfindən məhkəməyə göndərilməsi, həmin müqavilənin və şəhadətnamənin İdarədə olmasının sübutu kimi qiymətləndirilir. Həmçinin, 13.12.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Gözəlova Sonaxanımın vərəsəsi kimi onun nəvəsi İddiaçı tanınmışdır. Şəhadətnaməyə verilən miras əmlak, Suraxanı rayon Məhkəməsi tərəfindən 11 oktyabr 2017-ci il tarixli iş 2(010)-8566/2017 nömrəli qətnaməyə əsasən Bakı şəhəri icraiyyə komitəsinin bağlar təsərrüfatinin inkişafi və istismarı birliyi ilə Gözəlova Sonaxanım arasında bağlanmış "2684" nömrəli, 27 avqust 1988-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən 1200 kv.metr sahədən ibarət 31 sayli bağ sahəsi üzərində mərhum Gözəlova (Səttarova) Sonaxanım Əbdülsəttar qızının mövcud olmuş icarə (istifadə) hüququndan ibarətdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın tələb etdiyi sənədlər İdarədə mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdeh inzibati orqanın “göstərilən sahənin yerləşməsi ilə arxiv cizgisi və sxematik xəritə arasında uyğunsuzluq təşkil etməsi” dəlili ilə bağlı aşağıdakıları qeyd edir: Mübahisə predmetini Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən 31 saylı bağ sahəsi təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 28.04.2021-ci il tarixli 10/1683 nömrəli Ekspert Rəyində qeyd edilmişdir ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən 31 saylı bağ sahəsi qeydiyyatdan keçmiş 31a saylı bağ sahəsi ilə bir hasar daxilində, bu sahənin şərq qonşuluğunda yerləşir. Göründüyü kimi, mübahisə predmeti olan 31 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi iddiaçının adına qeydiyyatdan keçmiş 31a saylı bağ sahəsi ilə bir hasar daxilində yerləşməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə cavabdeh inzibati orqanın “göstərilən sahənin yüksək təzyiqli maqistral qaz kəmərinin mühafizə zolağında yerləşməsi və bağ sahəsində elektrik yarımstansiyanın inşa edilməsi” dəlili ilə bağlı aşağıdakıları qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 28.04.2021-ci il tarixli 10/1683 nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı “31 saylı bağ sahəsi” kimi iddia etdiyi 680.0 m2 olan torpaq sahəsinin iki tərəfi hasar, iki tərəfi isə şərtidir, üzərində Stik.altı=96.5 m2 mişar daşından inşa edilmiş 6 kVt-luq yarımstansiya və işləməyən su quyusu mövcuddur. Torpaq sahəsinin şimal tərəfində qonşunun eni 3.0 m olan dəmir darvazası (eni-3.0 m), qərb tərəfində isə qonşunun eni 0.93 m olan dəmir qapısı mövcuddur. Sözügedən sahə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zolağında yerləşir. Bağların bölgüsünə dair sxematik xəritədə vətəndaşın iddia etdiyi torpaq sahəsi elektrik yarımstansiyasının (transformatorun) ərazisi kimi göstərilmişdir (bu ərazidə bağ nömrəsi yoxdur). Göründüyü kimi, İddiaçı naturada iddia etdiyi bağ sahəsi ilə 2684 nömrəli, 27 avqust 1988-ci il tarixli müqavilənin predmeti olan 31 sayli bağ sahəsi fərqli ərazidə yerləşir və iddiaçının naturada iddia etdiyi bağ sahəsi yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zolağında yerləşir, həmçinin bağların bölgüsünə dair sxematik xəritədə vətəndaşın iddia etdiyi torpaq sahəsi elektrik yarımstansiyasının (transformatorun) ərazisi kimi göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisə predmeti olan 31 saylı bağ sahəsinin digər bağ sahəsi (31a saylı bağ sahəsi) ilə bir hasar daxilində yerləşməsi və 31a saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi, 31 saylı bağ sahəsinin yüksək təzyiqli maqistral qaz kəmərinin mühafizə zolağında yerləşməməsi və bağ sahəsində elektrik yarımstansiyanın inşa edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən dəlili də əsassızdır. Beləliklə, müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum nənəsi Gözəlova Sonaxanıma məxsus olması və hal-hazıradək həmin bağın reyestrdə qeydiyyata alınmaması cavabdeh tərəfindən də etiraf olunur. Mövcud qanunvericilik isə, şəxsin mülkiyyət hüququnu qeydiyyata alınanadək öldüyü halda, qeydiyyat orqanı tərəfindən onun vərəsələrinə “hüququn ölmüş şəxsə məxsus olması barədə arayış” verilməsini nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi cavabdeh tərəfindən iddiaçının atasına məxsus bağ sahəsinə dair arayış verilməsini mümkün sayır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən 31 saylı bağ sahəsinin X1 məxsus olması haqqında arayışın İddiaçı verilməsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsi ünvanında yerləşən 31 saylı bağ sahəsinin X1 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar