Məhkəmə qərarları › İş №2-1(112)-176/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-176/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-176/2025 03.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X5” Şirkəti işə cəlb edilməklə “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Vəkil2, 3-cü şəxs “X5” Şirkətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X5” Şirkəti işə cəlb edilməklə “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli 1913 saylı qərara əsasən ona Binəqədi qəsəbəsi ərazisində 150 kv.m torpaq sahəsinin və üzərndə yerləşən 150 kv.m fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 30 dekabr 2005-ci il tarixli 1913 saylı qərara əsasən Binəqədi qəsəbəsi ərazisində 150 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Bundan sonra “Torpaqların alqı-satqısına dair Akt”a əsasən ona həmin torpaq sahəsi satılmışdır. Həmin torpağın ona satılması barədə qərarın və alqı-satqı aktının mövcud olması barədə bələdiyyə tərəfindən arxiv arayışı verilmişdir. Həmin torpaq sahəsində tərəfindən fərdi yaşayış evi tikilmişdir. Tikilmiş evin layihəsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Torpağa və fərdi yaşayış evinə dair çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə etibarnamə üzrə nümayəndəsi müraciət etsə də, heç bir cavab verilməmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 1913 saylı qərarına əsasən Binəqədi qəsəbə ərazisində ona ayrılmış 150 kv.m torpaq sahəsi və üzərində layihəyə uyğun inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

4. Məhkəmənin 2-1(112)-176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

5. Məhkəmənin 2-1(112)-176/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən “X6” Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisinin göstərilən sahəyə aid olmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki ölçüsü 92.21 kv.m təşkil edir. Həmçinin, fərdi yaşayış evinə dair qanunvericiliyin tələblərinə müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

8. 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddia olunan torpaq sahəsi “X6” Şirkətinin torpaq əməliyyat şirkətinin istifadəsində olan Konratk sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin, həmin torpaq sahəsi bütövlüklə 1976-cı ildən uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və hal-hazırda da, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişinə əsasən, “X6” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. İş üzrə cavabdehin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası əsaslı olmuşdur.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

11. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs “X5” Şirkətinin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

12. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvaviq ərizə ilə avabdehə müraciət edilsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır.

13. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş İddiaçı torpaq sahəsini alq-satqı qaydasında ayrılması haqqında” 1913 nömrəli, 30 dekabr 2005-ci il tarixli qərarına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 150 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.

14. Mübahisəli torpaq sahəsinə dair iddiaçı ilə torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında “Torpaqlarına alqı-satqsına dair akt” tərtib edilmiş, kassa mədaxil orderinə əsasən iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri ödənilmiş və torpaq sahəsinin cizgisi Bələdiyyə tərəfindən təsdiq edilmişdir.

15. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli arayışa əsasən İddiaçı istifadəsinə 150 kv.m torpaq sahəsi ayrılması barədə Bələdiyyənin 1913 saylı, xx.xx.2005-ci il tarixli qərarı Bələdiyyənin arxivində qorunub saxlanılır.

16. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 29 dekabr 2022ci il tarixli, 03/13-11-11/M-313/091 nömrəli məktubla bildirilmişdir ki, inşa edilmiş mövcud 1 (bir) mərtəbəli fərdi yaşayış evinin təqdim olunmuş layihəsi ("xxxx" MMC-nin işi) (İ mərtəbə: qonaq otağı – 20.47 kv.m, giriş – 3.60 kv.m, holl – 6.72 kv.m, mətbəx – 11.70 kv.m, yataq otağı -17.85 kv.m, 10.91 kv.m, s/q- 2.720 kv.m) təsdiqlənərək təqdim edilmişdir. Məktuba qoşma olaraq layihə əlavə edilmişdir.

17. Məhkəmənin 2-1(112)-6469/2023 nömrəli, xx.xx.2023-cü il tarixli torpaqşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 29 noyabr 2024-cü il tarixli, 10/3295 nömrəli ekspert rəyinə əsasən bildirilmişdir ki, baxış zamanı əldə olunan məlumatlara və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2- 45508/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 160 kv.m təşkil edir. Sahə üzərində kürsü mərtəbəsi olan bir mərtəbəli yaşayış evi mövcuddur. Torpaq sahəsi bir tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə, üç tərəfdən isə mişar daş hasarla sərhədlənib. Vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə heç bir dövlət müəssisə və təşkilata aid deyil. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oyl). Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” katoriyasına aiddir.

18. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 07 may 2025-ci il tarixli 3- 21-3-30/2-18371/2025 nömrəli və 08 iyul 2025-ci il tarixli 3-21-3-30/2-28434/2025 nömrəli məktublarla idiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlaklara dair İdarənin arxivində olan ilkin hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bəzilərinə dair ilkin hüquqmüəyyənedici sənəd qismində 2001-ci il tarixədək yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş sərəncamlar, bəzilərinə dair isə 2001-ci ildən sonra bələdiyyələr tərəfindən verilmiş qərarlar olmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

20. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

22. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

23. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

25. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:

1. Təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir.

2. İdarənin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir.

3. İddiaçı tərəfindən təqdim edilmiş yerləşmə cizgisinin göstərilən sahəyə aid olmadığı müəyyən edilmişdir.

4. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinin faktiki ölçüsü 92.21 kv.m təşkil edir. Həmçinin fərdi yaşayış evinə dair qanunvericiliyin tələblərinə müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

26. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

27. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.

28. İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1913 saylı qərarına istinad edərək, mübahisə predmeti torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi tələbini irəli sürmüşdür.

29. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 1913 saylı qərarı və ona əlavə edilmiş sənədlər bələdiyyənin arxivində mövcuddur.

30. İnzibati orqanın tələbin təmin olunmasından imtinasının əsaslarından biri kimi torpaq sahəsinə dair təsdiq edilmiş alqı-satqı aktın ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməməsinə istinad edilsə də, iş materiallarından göründüyü kimi, vətəndaşın ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt bu günkü günədək qüvvədədir və inzibati aktın və ona əlavə edilmiş sənədlərin arxiv nüsxəsi dövlət arxivində mövcuddur.

31. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

32. Məhkəmə cavabdehin digər dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 29 noyabr 2024-cü il tarixli, 10/3295 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, torpaq sahəsi faktiki olaraq 160 kv.m təşkil edir. Sahə üzərində kürsü mərtəbəsi olan bir mərtəbəli yaşayış evi mövcuddur. Torpaq sahəsi bir tərəfdən mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə, üç tərəfdən isə mişar daş hasarla sərhədlənib. Vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə heç bir dövlət, müəssisə və təşkilata aid deyil. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oyl). Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” katoriyasına aiddir. Göründüyü kimi, əldə edilmiş ekspert rəyi və həmin ekspert rəyində ekspertin istinad etdiyi və cavabdeh qurumun elə özü tərəfindən sonuncu dəfə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçının iddia etdiyi torpaq sahəsi heç bir dövlət, müəssisə və təşkilata aid deyildir və torpaq sahəsinin kateqoriyasının onun ayrılma təyinatına uyğun, yəni “Yaşayış məntəqələrinin torpaqları”na aid olması, öz təsdiqini tapmışdır.

33. Bundan əlavə məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, təqdim edilmiş ekspert rəyi ilə torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin istifadəsinə ayrılmış neft-qaz əməliyyatlarının aparılması üçün kontrakt sahəsinin hüdudları daxilində yerləşməsi öz təsdiqini tapsa da, məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə dair fiziki şəxslərin mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır. Qonşuluqda yerləşən torpaq sahələrinə dair çoxsaylı çıxarışlar mövcuddur.

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; 12.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.

35. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur.

36. Həmçinin cavabdeh etirazında iddia olunan ərazinin sənaye təyinatlı torpaq sahəsi olması və ilə bağlı dəlilləri, elə cavabdeh qurumun özünün həmin ərazi üzrə verdiyi çıxarışlarda torpaq sahəsinin katerqoriyası kimi “yaşayış məntəqələrinin torpaqları” göstərməsi ilə təkzib olunur.

37. Eləcə də, cavabdeh tərəfindən etirazda torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçüsünün 92.21 kv.m təşkil etməsinə istinad edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən bununla bağlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək fərdi yaşayış evi üzərində hüquqların təqdim edilmiş layihədəki ölçülərə (layihədə fərdi yaşayış evini ölçüsünün 92.21 kv.m olması qeyd edimişdir) müvafiq olaraq qeydiyyata alınması xahiş edilmişdir. Məhkəmə tərəfindən sözügedən ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi, fərdi yaşayış evi ilə bağlı cavabdehin etirazındakı arqumentlər bununla da, aradan qalxmışdır.

38. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

39. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

41. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

42. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2024-cü il tarixli, 10/3295 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 (bir yüz manat) manatdır və iddiaçıdan 100 (bir yüz manat) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 1913 saylı qərarına əsasən Binəqədi qəsəbə ərazisində İddiaçı ayrılmış 150 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair layihəyə uyğun onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz manat) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22, hesab AZ34CTRE**********2088501) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar