Məhkəmə qərarları › İş №2-1(112)-17602/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-17602/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17602/2025 30.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “pensiyanın birdəfəlik ödənilməsi və s.,” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “pensiyanın birdəfəlik ödənilməsi və s.,” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra hazırkı iddianın məhkəmə aidiyyəti məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir. İddia tələbinin yönəldiyi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Beləliklə, hazırkı iddiaya iddiaçının yaşadığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin eyni vaxtda bir neçə yaşayış yerinə sahib olmasını mümkün hesab etsə də, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı bir yaşayış yeri üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmənin ərazi aidiyyəti məsələsi iddiaçının şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat ünvanı üzrə müəyyən edilməlidir. İddia ərizəsinə əlavə olunmuş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən və və “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, iddiaçının yaşayış yeri Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanıdır. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (17.1-ci bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “pensiyanın birdəfəlik ödənilməsi və s.,” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar