Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17609/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək pensiyasının artıq ödənilmiş hissəsinin tutulması ilə bağlı verilmiş qərarın qanunvericiliyə uyğunluğunun məhkəmə qaydasında araşdırılmasını təmin edilməsi və əgər qanunsuz tutulmalar olunubsa rəsmi şəkildə geri qaytarılsması, qərarın ədalətli araşdırılması müddətində pensiyadan tutulmaların müvəqqəti olaraq dayandırılması ilə bağlı təminat tədbirinin tətbiqinə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi ““əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20341/2024 nömrəli qərarın ləğv edilməsi, barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illər əmək fəaliyyəti nəticəsində hüquqi əsasla təyin olunmuş əmək pensiyası alır. Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixindən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2025-ci ildə təqdim olunmuş rəsmi məktubda pensiyasının yenidən hesablandığı və nəticədə guya artıq ödənilmiş 2066.41 (iki min altmış altı manat qırx bir qəpik) məbləğində vəsaitin pensiyadan tutulacağı qeyd edilmişdir. Sadə və hüquqi biliyi olmayan bir vətəndaş kimi təqdim olunmuş izahatları tam dərk etmir, bu qərarın hüquqi əsasları və düzgünlüyü onun üçün hələ də tam aydın deyil. Ona görə məktubda təklif edilmiş pensiyadan tutulmalara öz rəsmi razılığı vermədi, lakin buna baxmayaraq pensiyadan indeksləşdirilərək artıq tutulmalar olunub. Sonradan bu məsələyə hüquqi baxımdan nəzər yetirdikdə hesab edir ki, təqdim olunmuş hesablamalar və hüquqi izahatlar əmək pensiyaları haqqında qanunun tələbləri ilə tam uyğun gəlmir və hüquqlarının pozulması ehtimalı mövcuddur.
4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində tələbinin əsasları kimi ona güzəştli şərtlərlə əmək pensiyası təyin edildikdən sonra pensiyanın yenidən hesablanması üçün tələb olunan 6 il iş stajının xx.xx.2022-ci il tarixdən sonra tamam olduğunu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyasının ona tətbiq edilməməli olduğunu qeyd etmişdir. Məhkəmədən cavabdeh tərəfindən aparılmış yenidən hesablanmanın ləğv edilməsini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş 45-ci maddəsinin ikinci cümləsinin müddəaları nəzərə alınmadan Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın hesablanması öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İddiaçı əmək pensiyası xx.xx.2022-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 690,49 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin xx.xx.2022ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Həmin Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin, həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Bundan əlavə, iddia tələbi həm də onunla əsaslandırılmışdır ki, Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsində pensiyanın “yenidən hesablanma” qaydası deyil, “hesablanma” qaydası müəyyən edilmişdir, yəni həmin müddəa pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar xx.xx.2022-ci il tarixədək qüvvədə olmamış, 2022-ci ilin aprel ayında ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli 175 nömrəli Qaydaların, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinin düzgün tətbiq edilmədiyi qeyd edilmişdir. Bununla bağlı qeyd edilir ki, həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Göstərilənlərə əsasən həmin Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanma” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Həmçinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə dair 48-ci misalda Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Digər tərəfdən, Qanunun 45-ci maddəsinin adından da göründüyü kimi, maddə “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, həm əmək pensiyasının təyinatı, həm də pensiyanın yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddətinin hesablanması ilə bağlıdır. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Odur ki, pensiyanın yenidən hesablanması hüququ xx.xx.2022ci il tarixindən sonra yaranan şəxslərə həmin tarixdən əvvəl pensiya təyin edilmişdirsə, keçid müddəaya əsasən gözlənilən ödənişi müddəti aylarının sayı artırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq İddiaçı barəsində inzibati icraat başlamışdır. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı iddiaçıya 29 iyun 2022-ci il tarixindən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası təyin olunduqdan sonra 6 il işləməsi görə əmək pensiyasının 23 iyul 2022-ci il tarixindən yenidən hesablanarkən işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 96 aya (65 il-63 il)=24 ay+(144 ay- 72 ay)) bölünməli olduğu halda, 72 aya bölündüyü müəyyən edilmişdir. Belə ki, iddiaçının 21575,04 manat pensiya sığorta kapitalı 96 aya bölünməklə 224,74 (21575,04:96) manat əmək pensiyasının (411,29 manat) üzərinə əlavə edilərək pensiya məbləği 636,03 (411,29+224,74) manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 832,49 manat) artırılmalı olduğu halda, 21574,80 manat pensiya sığorta kapitalı 72 aya bölünməklə 299,65 (21574,80:72) manat əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği 710,94 (411,29+299,65) manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 928,03 manat) artırılmaqla iddiaçıya ödənilmişdir. Bundan başqa, 21 avqust 2024-cü il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar onun qanuni əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 832,49 manatdan 956,45 manata artırılmışdır. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20341/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 956,45 manat məbləğində müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyası indeksləşdirilərək 1 yanvar 2025-ci il tarixindən etibarən 1033,92 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1,9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya 2066,41 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmiş, həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qədər qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur.
5. İddiaçı pensiya işinə əsasən müəyyən edilmişdir: - Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin tərəfindən xx.xx.2016-cı il tarixdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-20341/2024 nömrəli qərarında qeyd edilmişdir ki, pensiyanın təyin edildiyi tarix xx.xx.2016-cı il, əvvəlki pensiya məbləği 928,03 manat, yenidən hesablama ilə 956,45 manat təşkil edir (37.3.1 işdən çıxma, 45-ci tətbiq edilməklə xx.xx.2022-ci il tarixli **********3 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-13684/2023 nömrəli sərəncamlar ləğv edilsin, xx.xx.2022-xx.xx.2024-cü illərdə artıqvermə, xx.xx.2024-cü ildən əksikvermə).
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
9. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi ilə bağlıdır.
10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.
12. Odur ki, iddianın növü mübahisələndirmə növündə iddiadır.
13. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;
15. “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir (dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir): Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11-ci maddəsinə əsasən 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır.
17. Həmin Qanunun 2-ci maddəsinə (Keçid müddəaları) əsasən: 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
18. İddiaçı xx.xx.2016-cı il tarixindən (45-ci maddəyə yeni məzmunda ikinci cümlə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan şəxsdir. İddiaçı barəsində 2024-cü ilin noyabr ayında fərqli qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla) hesablanması həyata keçirilmiş, nəticədə pensiya məbləği azalmışdır. Belə ki, müvafiq hesablama nəticəsində sığorta kapitalı daha böyük məbləğə bölünür ki, artımın məbləği azalmış olur. Odur ki, qeyd edilən iddiaçı əmək pensiyasının qeyd edilən qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan) yenidən hesablanmasını tələb edir.
19. Cavabdeh 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (Keçid müddəlarına) istinadən normanın ləğvinin (45-ci maddənin ikinci cümləsi) həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmədiyini bildirir. Odur ki, iddiaçı qeyd edilən kateqoriyadan olan şəxslər olduğu üçün onlara münasibətdə əvvəlki qanunun müddəaları tətbiq olunmalıdır.
20. Bununla belə, məhkəmə maddi hüquq normasının (keçid müddəalarının) cavabdeh tərəfindən tətbiqinə münasibətdə öz mövqeyini normanı təfsir etməklə bildirməyi zəruri hesab edir.
21. Konstitusiya Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, Qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.9-cu maddəsinə əsasən, qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır. Hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi isə məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarı). Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014cü il 29 aprel tarixli Qərarı) Nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarı).
22. Odur ki, məhkəmə qeyd edilən yanaşmadan çıxış edərək 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsini (Keçid müddəlarını) konstitusiya hüquqi mənasına, digər normalarla qarşılıqlı əlaqəsinə və tənzimləmə predmetinə uyğun tətbiq edilməli olduğu qənaətindədir.
23. Məhkəmə (təkrarən) qeyd edir ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər.
24. İşin hallarından görünür ki, “keçid müddəaları” (ləğv edilmiş 45-ci maddənin ikinci cümləsi) cavabdeh tərəfindən ultraaktiv formada tətbiq olunaraq müvafiq hesablama qaydası iddiaçının əmək pensiyası təyin edildikdən sonra qazandıqları sığorta kapitalı əsasında pensiyalarının yenidən hesablanması hallarına da şamil edilmişdir.
25. Bununla əlaqədar məhkəmə normanın (qanunun) ultraaktivliyi (normanın yaşanması) ilə bağlı hüquq nəzəriyyəsindən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, bu anlayış hüquq nəzəriyyəsində və tətbiqində müəyyən qanunların və ya hüquqi normaların ləğv olunmasına baxmayaraq, əvvəlki dövr üçün qüvvədə qalması və tətbiq edilməsi vəziyyətini təsvir edir. Normanın (qanunun) yaşanması (normanın ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin tətbiqində məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə daxil olmuş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır və məhz qeyd edilən məqsəd baxımından (həmin vəziyyəti tənzimləyən hüquq münasibətinə daxil olmuş hüquq subyektlərinin hüquq və maraqlarının qorunması) tətbiq və təfsir edilməlidir. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir. Hüquq normasının ultraaktivliyinin xüsusiyyətləri: - Qüvvədən düşmüş normanın tətbiqi: Hüquqi norma artıq qüvvədən düşsə də, müəyyən hüquqi münasibətləri tənzimləmək üçün istifadə olunur. Bu, adətən, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid olur. - Geri təsir prinsipindən fərqi: Ultraaktivlik, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid edilməsi ilə bağlıdır. Bu, normanın geri təsir etməsi deyil, əksinə, müəyyən dövr üçün normanın tətbiq edilməsinin davamıdır. - Məqsəd: Hüquq normasının ultraaktivliyi hüquqi sabitlik və hüquq münasibətlərinin düzgün tənzimlənməsi məqsədini daşıyır. Bu, keçmiş hüquq münasibətlərini həmin münasibətlər yaranan zaman mövcud olan normalarla tənzimləməyə imkan verir. Hüquq normasının ultraaktivliyi ilə bağlı praktiki əhəmiyyəti keçid dövrlərində hüquqi proseslərin düzgün və ədalətli həll edilməsini təmin edir, eləcə də hüquq normalarının ardıcıllığını və hüquqi münasibətlərin sabitliyini qoruyur. Bu anlayış hüququn tətbiqində əsasən keçmiş hadisələrə baxış zamanı istifadə olunur və hüquqi praktika üçün vacibdir.
26. Məsələn, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun qüvvəyə mindiyi vaxt 9.8-ci maddədə nəzərdə tutulmuşdur. Belə ki, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam və zərərli əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur.
27. Odur ki, məhkəmə qeyd edir ki, norma ancaq (I) yeni qanunda təsbit edildiyi halda ultraaktiv təsirini saxlaya bilər; (II) tənzimlədiyi münasibətlərə və faktlara münasibətdə yaşanan (ultraaktiv) ola bilər (yəni tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz); (III) yeni qanun əvvəlki (köhnə) qanuna münasibətdə hüquq subyektləri üçün daha əlverişsiz tənzimləmə şəraiti yaratmış olmalıdır ki, “köhnə” qanunun qüvvədə olduğu dövrdə hüquq münasibətlərinə daxil olmuş (davam edən hüquq münasibətləri baxımından) subyektlərin hüquq və maraqlarını qorumuş olsun.
28. Odur ki, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən müəyyən edilmiş tənzimləmə (qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının (əmək pensiyası təyin olunduqdan sonra toplanmış pensiya kapitalı əsasında) yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi) yuxarıda qeyd edilənlər əsasında təfsir və tətbiq edilməlidir.
29. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxslərə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur. Bu qayda (artıq qeyd edilən qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının yolverilməzliyi) keçid müddəalarında nəzərdə tutulmuş, lakin məhkəmə hesab edir ki, həmin müddəa keçid müddəalarında nəzərdə tutulmasa belə, hüququn ümumi prinsipləri baxımından (qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla) fərqli qaydanın tətbiqi istisna olunur.
30. O ki qaldı sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasına, müvafiq tənzimləmə məhz Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, işləyən əmək pensiyaçılarına münasibətdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sığorta kapitalı əsasında yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.2-1-ci maddə isə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanması üçün müraciəti şərtləndirir).
31. Odur ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsini qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz.
32. Məhkəmənin qeyd edilən qənaəti həm də ona əsaslanır ki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı da məhz 45-ci maddənin ikinci cümləsinə edilən əlavə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək həyata keçirilmişdir.
33. Həmçinin məhkəmənin mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”.
34. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi tənzimləmə əvvəlki (köhnə) qanuna münasibətdə hüquq subyektləri üçün daha əlverişsiz tənzimləmə şəraiti yaratmış olmalıdır ki, normanın ultraaktivliyi təsbit edildiyi təqdirdə “köhnə” qanunun qüvvədə olduğu dövrdə hüquq münasibətlərinə daxil olmuş (davam edən hüquq münasibətləri baxımından) subyektlərin hüquq və maraqlarını qorunmuş olsun. Hazırda isə qeyd edilən hal müəyyən edilmir.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. Odur ki, yuxarıda qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixli qanunun 2.2-ci maddəsi ilə təsbit edilmiş keçid müddəaları qeyd edilən qaydada sistemli (digər hüquq normaları ilə əlaqəli olaraq) və məqsədlər baxımından təfsir edildikdə cavabdeh inzibati orqanın hərəkətləri və iddiaçıya münasibətdə əvvəllər 2022-ci ildə qəbul edilmiş qərarın 2024-cü ildə ləğv edilməsi və Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanmaması, işləyən əmək pensiyasıçısı kimi sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması qanunsuz olmuşdur. Odur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmasına dair qayda tətbiq edilməməlidir. Hazırki iş üzrə məhkəmənin mövqeyi məhz qeyd edilən qənaətə əsaslanır və cavabdeh tərəfindən iddiaçının əvvəlki məbləğdə pensiyası bərpa edilərkən (İddiaçı münasibətdə) qeyd edilən yanaşma əsas götürülməlidir.
37. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə qərarda ifadə edilən mövqe ondan ibarətdir ki, cavabdeh tərəfindən mümkün formal xətalar aradan qaldırılaraq “Əmək pensiyaları haqqında” Qanunun ləğv edilmiş 45-ci maddəsinin 2-ci cümləsi və həmin normanın ləğvi ilə əlaqədar keçid müddəaları tətbiq edilməklə aparılmış yenidən hesablama ləğv edilməli, barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-20341/2024 nömrəli qərar ləğv edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva