Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1761/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 05 fevral 1998-ci il tarixli 121 saylı Sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində (indiki Yavər Əliyev) 240 nömrəli, sahəsi 720 kv.m təşkil edən torpaq sahəsinin onun adına dövlət reyestrdə qeydiyyatdan keçirilməsi və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən yerli icra hakimiyyətinin sərəncamı mövcuddur. İddiaçı həmin Sərəncamın mövcudluğuna istinad edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, sözügedən imtina əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsə (X4) məxsus ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN- 9354 nömrəli “Torpağın müıkiyyətə verilməsinə dair” şəhadətnamənin elektron kadastr məlumatları ilə üst-üstə düşür. Bundan əlavə, təqdim edilən torpaq sahəsinə dair yerləşmə cizgisində qeyd edilən sahə fərqli mövqedə göstərilmişdir. Bu səbəblərdən ərizənin icrasının təmin edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Bakı şəhəri, Gürcüstan küçəsi (hazırda: Yavər Əliyev) 240 saylı, 673 kv.m torpaq sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyatdan keçirilməsi və bu haqda müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün aşağıdakı halları əsas gətirmişdir: -İddia olunan torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi; -Torpaq sahəsinə dair yerləşmə cizgisində qeyd edilən sahənin fərqli mövqeydə göstərilməsidir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1cı və Mənzil Məcəlləsinin 112-ci maddələri təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanınaverilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsaslardan biri sayılır ki, bu əsas vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tənzimləyən Qanunun 8.0-ci maddəsinin əhatə dairəsinə düşmüşdür. İşin hallarından göründüyü kimi, iddiaçı torpaq üzərində hüququnun yaranmasının əsası kimi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 121 saylı, 05.02.1998-ci il tarixli sərəncamının mövcudluğuna istinad etmişdir. Həmin dövrə münasibətdə icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması qaydası qanunveriliyin aşağıdakı müddəalarında əks olunmuşdur. Köhnə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (1991-ci il redaksiyasına) görə: 7-ci maddəyə əsasən, torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər; 9-cu maddəyə əsasən, torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaqlar aiddir. Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər; 22-ci maddəyə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 23-cü maddəyə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; 29-cu maddəyə əsasən, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir; 100-cü maddəyə əsaəsn, yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını. Maddələrin tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin daimi sahibliyinə və istifadəsinə ayrılması səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuş, torpaq sahəsinin verilməsi sonuncu qurumun qərarı və yer quruluşu sənədlərinə əsasən həyata keçirilməlidir. Bu məqsədlə yer quruluşu tədbirləri kimi yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməli və yerdə (naturada) torpaq sahəsinin ayrılmasını təsdiq edən dövlət sənədlərini hazırlanmalıdır. Bu sənədlər əsasında torpaq üzərində mülkiyyət hüququ dövlət aktı ilə rəsmiləşdirilməlidir. Bundan başqa, zamana gör qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında istifadə üçün torpaq sahələrinin verilməsi və geri alınması Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 20, 21, 22-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilir; 2-ci bəndinə əsasən, torpaq sahəsi verilməsi və geri alınması haqqında vəsatətə baxılmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq verilməsi haqqında vəsatət qaldıran müəssisə, idarə, təşkilat nümayəndələrinin və vətəndaşların bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri hazırlayırlar; 23-cü bəndinə əsasən, həyətyanı torpaq sahələrinin ayrılması üçün aşağıdakı sənədlər müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetinə təqdim edilir: v) icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin həyətyanı torpaq sahəsinin ayrılması barədə vəsatəti; 25-ci bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü, onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir; 26-cı bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir.Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarışı əlavə edilir. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin verilməsi xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilməlidir. Torpaq sahəsi verilməsi üçün icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatəti xalq deputatları Sovetinə təqdim edilməli və vəsatətə yerquruluşu işi qaydasında ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarış əlavə edilməlidir. Ayrılan torpaq sahələrinin ölçüsü xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Lakin iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam xalq deputatları Sovetləri tərəfindən deyil, yerli rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edildiyindən, həmin dövrdə qüvvədə olmuş qanunvericilik yoxlanılarkən müəyyən olunmuşdur ki, “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” 8 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Prezidentinə hüquq verilmişdir ki, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin. Bu Qanunun icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hakimiyyətinin səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs — İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə sahəsində məsələləri həll edir. Göründüyü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərlə müəyyən olunmuşdur ki, artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər xalq deputatları Sovetlərinə deyil, icra hakimiyyəti başçalarına aid edilmişdir. Baş vermiş bu dəyişiklik ona dəlalət edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsini qanunamüvafiq hesab edilir. Bundan başqa məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasına görə vətəndaşlara fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılmış torpaq sahələri ilə bağlı İcra Hakimiyyəti başçıları tərəfindən qəbul edilmiş sərəncamlar, onların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd sayılır. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi birinci əsasa münasibət bildirir. Belə ki, cavabdehin imtinasının birinci əsası bilavasitə iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsidir. Məhkəmə bu hissəyə qiymət verməzdən əvvəl ilkin olaraq iddiaçının iddia etdiyi torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərinin olub-olmaması hissəsində araşdırma aparmış və müəyyən etmişdir ki, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin 121 saylı, 05.02.1998-ci il tarixli Sərəncamı ilə Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 240 saylı yerdə 720 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin vətəndaş İddiaçı adına qanuniləşdirilməsi qərara alınmışdır. Göründüyü kimi baxmayaraq ki, həmin torpaq sahəsi əvvələr vətəndaş X1 ayrılsa da, yerli icra hakimiyyətinin son sərəncamı ilə X1 torpaq sahəsinin ayrılması ilə bağlı Sərəncam ləğv olunmuş və torpaq sahəsi İddiaçı adına keçmişdir. Beləliklə iddiaçı torpaq sahəsinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədə malikdir. Cavabdehin imtina məktubunda göstərdiyi birinci əsasa münasibətdə Məhkəmə bildirir ki, ümumiyyətlə iddia edilən torpaq sahəsinin digər fiziki şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi halının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, bu hissədə məhkəmə mütəxəssis rəyinin alınmasını zəruri hesab etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 121 nömrəli 05.02.1998-ci il tarixli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev (keçmiş Gürcüstan) küçəsində yerləşən 240 saylı 720.0 kv.m torpaq sahəsinə dair Sabunçu rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsi tərəfindən tərtib edilmiş yerləşmə cizgisi ilə naturada iddia olunan torpaq sahəsi üst-üstə düşür və fərqli mövqelərdə yerləşmir. Həmçinin, naturada iddia olunan torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə X2 məxsus JN-9354 nömrəli mülkiyyət hüququna dair şəhadətnamənin elektron kadastr məlumat bazasında yerləşmə mövqeyi 260 kv.m hissədə üst-üstə düşdüyü, lakin üst-üstə düşən hissənin qeydiyyatdan keçmədiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd etmək istəyir ki, doğrudur ki torpaq sahələrinin bir hissəsinin üst-üstə düşmə halı müəyyən olunur. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyində konkret olaraq göstərilmişdir ki, İddiaçı faktiki istifadəsində (hasar daxilində) olan torpaq sahəsinin ümumi ölçüsü 933 kv.m olmuş, bu sahədən 260 kv.m hissəsi Hacıyeva (Məmmədova) Elmira Vaqif qızına məxsus JN-9354 nömrəli mülkiyyət hüququna dair şəhadətnamə ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür, lakin üst-üstə düşən sahə qeydiyyat alınmamışdır. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olan və hasara alınan torpaq sahəsinin ölçüsü Sərəncam ilə ayrılmış torpaq sahəsindən bir qədər artıqdır. Halbuki hüquqmüəyyənedici sənəd üzrə iddiaçıya ayrılan torpaq sahəsinin ölçüsü 720 kv.m təşkil edir. Bununla bağlı iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə ilə müraciət edərək torpaq sahəsinin yalnız 673 kv.m (933-260=673 kv.m) hissəsinə münasibətdə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Başqa sözlə desək iddiaçı qanuni əsaslarla ona ayrılan 720 kv.m olan torpaq sahəsinin 47 kv.m (720-673) hissəni mübahisələndirməmişdir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, hazırki mübahisə üzrə inzibati məhkəmə tikinti-texniki ekspertizası və ya yerində baxış kimi prosessual hərəkətlər keçirilməsi zərurəti olmamışdır. Belə ki, bir daha qeyd olunur ki, mütəxəssis rəyində olan məlumatlar dəqiq olaraq göstərilmiş və əks olunan məlumatların şübhə altına alınmasına dair mötəbər dəlil olmamışdır.Bundan başqa isə iddia olunan torpaq sahəsinin (Məmmədova) Elmira Vaqif qızına məxsus JN-9354 nömrəli mülkiyyət hüququna dair şəhadətnamə ilə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissəsini istəməmiş, bununla da yalnız qanuni əsaslar ilə ayrılmış və yalnız onun istifadəsində olan 673 kv.m hissəsinə mükiyyət hüquqlarının reallaşdırılmasını arzulayır ki, bu hal üzrə hər hansı əlavə araşdırmanın aparılması aradan qalxır. Məhkəmə cavabdehin imtinasının ikinci hissəsinə münasibət bildirir. Belə ki, cavabdeh iddia edir ki, iddia olunan torpaq sahəsi ilə yerləşmə cizgisində qeyd edilən sahə fərqli mövqeydə yerləşir.Birincisi nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinə “torpaq sahəsinin” cizgisi 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(82)- 3743/2019 saylı, 25.12.2019-cu il tarixli qərarı ilə verilmişdir. Göründüyü kimi torpaq sahəsinə cizgi məhkəmənin mövqeyi əsasında verilmişdir. Bundan başqa mütəxəssis rəyindən də görünür ki, ümumiyyətlə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 121 nömrəli 05.02.1998-ci il tarixli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev (keçmiş Gürcüstan) küçəsində yerləşən 240 saylı 720.0 kv.m torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsi tərəfindən tərtib edilmiş yerləşmə cizgisi ilə naturada iddia olunan torpaq sahəsi ilə üst-üstə düşür və fərqli mövqelərdə yerləşmir. Göründüyü kimi cavabdehin irəli sürdüyü bu dəlil hər hansı hüquqi əsasa söykənmir və bu halı təsdiq edən hər hansı mötəbər dəlil mövcud deyildir. Odur ki, cavabdehin imtinasında göstərilən əsas aradan qalxmışdır. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı işin faktiki halları isə təsdiq edir ki, qeyd olunan imtina əsaslarından heç bir mövcud deyil. Həmin hallar mövcud deyilsə, deməli imtina qanunsuzdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Bakı şəhəri, Gürcüstan küçəsi (hazırda: Yavər Əliyev) 240 saylı, 673 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Gürcüstan küçəsi (hazırda: Yavər Əliyev) 240 saylı, 673 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1761/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1761/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver