Məhkəmə qərarları › İş №2-1(112)-1761/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1761/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1761/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdehlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (əvvəlki 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinin sökülməsi ilə bağlı ona vurulmuş ziyana görə həmin mənzilin real bazar qiymətinə uyğun olaraq, 150 000 (bir yüz əlli min) manat və onun 20 faizi miqdarında satınalma qiyməti də əlavə edilməklə, kompensasiyanın cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı 1979-ci ildən "xxxx" İstehsalat Birliyinin 4 nömrəli tikinti trestinin 42 nömrəli tikinti idarəsində işləmişdir. 1982-ci ildən mənzil növbəsində durmuşdur. xx.xx.1993-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (köhnə 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinə dair iddiaçıya 011870 saylı order verilmişdir. onunla yanaşı digər iş yoldaşlarına da həmin binadan mənzillər verilmişdir. Məlum hadisələrlə əlaqədar onlara məxsus mənzillərdə Füzuli rayonundan olan məcburi köçkünlər məskunlaşdığından onlar mənzillərində yerləşə bilməmişdir.İllərlə tərəfindən müxtəlif orqanlara çoxsaylı müraciətlər olunsa da, məcburi köçkünlərin vəziyyəti ilə əlaqədar müraciətlərin təmin edilməsi təxirə salınmışdır. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 2/12-11-32/512 saylı məktubuna əsasən FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommun layihə” institutunun mütəxəssisləri tərəfindən həmin binaya texniki baxışın nəticələri haqqında tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən binanın mövcud texniki vəziyyəti qəzalı hesab edilmiş, buna görə həmin binada müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həmin binadan köçürülməsi təmin edilmiş və bina tam yararsız olduğundan sökülməsi nəzərdə tutulmuşdur. İddiaçı və digər order verilmiş ailələrə kompensasiya ödənilməsi məsələsinə baxılması barədə isə cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 04/09-11-32/461 saylı məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə ... habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı və onunla birlikdə diğər mülkiyyətçilərə məxsus mənzildə illər ərzində məcburi köçkünlər məskunlaşdığından heç biriminin adına çıxarış verilməmişdir. Mənzilə dair iddiaçının adına formal olaraq mülkiyyət hüququna dair müvafiq çıxarış olmasa da, adına orderin olması onun həmin mənzillə bağlı Konvensiyanın İ saylı Protokolunun 1- ci maddəsinin təsiri altına düşən mülkiyyət hüququmu təsdiq edərək, gələcəkdə mənzilə dair mülkiyyət hüququnun əldə olunması ilə bağlı “hüquqi gözləntii”nin və “mülki marağı”nın ifadə edir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-1761/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1761/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin prosessual iştirakına xitam verilmişdir 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçıiddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, qaldırılmış iddia tələbi ilə bağlı bildiririk ki, vaxtı ilə 42 saylı Tİ-də işləmiş və mənzil növbəsinə götürülmüş bir sıra ailələrə Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxanada yerləşməsi üçün 1993-1994-cü illər ərzində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam əsasında orderlər verilmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 1993-1994-cü illər ərzində orderlər verilməsinə baxmayaraq, əldə edilmiş məlumata görə orada 1992-1993-cü illər ərzində qaçqınlar və məcburi köçkünlər məskunlaşmışdır. Buna baxmayaraq həmin yataqxanaya dair bir sıra ailələrə 1993-1994-cü illərdə orderlər verilmişdir. İddiaçı həmin otağa yerləşə bilməmiş və köçkün ailəsinin həmin otaqdan çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırmamışdır. Belə ki, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxana binası xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə araşdırılması nəticəsində qəzalı elan edilmişdir. “Texniki vəziyyəti haqqında” xx.xx.2018-ci il tarixli Akta əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və girişçıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin xx.xx.2018-ci ildə Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülməsi həyata keçirilmişdir. Yataqxananın kəskin qəzalı vəziyyətdə olması barədə qərar qəbul olunmasaydı qaçqın və məcburi köşkün ailələri hal-hazırda orada yaşamaqlarına davam edəcəkdilər. Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018-2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülmüşdür. İddiaçıların yataqxanaya sənədlərinin olması yataqxana söküləndən sonra müəyyən olunmuşdur. Hətta Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il tarixli xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin yaşayış üçün yaralı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydasf'nın 4-cü bəndinə əsasən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati və digər binaların özəlləşdirilməsi 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədi ilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Bundan əlavə, Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlarda bir çoxlarının yaşamaqları üçün evlərinin olması və həmin yaşayış evlərinin təhvil verilməli olduqları qeyd olunsa da, həmin evlər təhvil verilməmiş və bu şəxslər 29 il ərzində həmin ünvanlarda yaşamağa davam etmiş və ya əlavə evlər tikmişlər. Bir çox şəxslər təkrar olaraq başqa yataqxanalarda otaqlar verilmişdir. Yataqxananın istismar müddətinin başa çatmasının və ərazinin ümumi memarlıq görüntüsünə xələl gətirdiyini nəzərə alaraq, sökülmüş tikilinin yerində “Ümid-VQM" MMC tərəfindən müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məqsədə uyğun hesab edilmişdir. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, sözügedən yataqxananın müəyyən mənzillərinə dair adlarına order yazılmış bir neçə şəxs məhkəmədə cavabdeh Rayon İcra Hakimiyyətinə iddia qaldıraraq, sökülmüş mənzillərə görə kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli 2-1(112)-5850/2022 saylı qərarı ilə iddia tələbi qismən təmin olunaraq, ünvan 1 ünvanında yerləşən yataqxana binasındakı mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m. üzrə 460 manat məbləğində kompensasiyanın cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq iddiaçılara ödənilməsi qərara alınmışdır. Göründüyü kimi sökülmüş mənzillərə görə kompensasiyanın miqdarı məhkəmə qərarında öz əksini tapmışdır. Əlavə olaraq bildirirəm ki, həmin yataqxananın digər mənzillərinə orderləri olan şəxslər yaşayış sahəsinin hər kv.m. görə 460 manat yardımı almışlar. Əlavə olaraq bildirirəm ki, mənzil üzərində iddiaçının hüquqları dövlət qeydiyyatından keçməmiş və həmin mənzil dövlət mənzil fonduna aiddir. Bu səbəbdən də, iddiaçı tərəfindən cavabdeh Rayon İcra Hakimiyyətinin üzərinə 150 000 min manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi qoyula bilməz. Nəzərə alınmalıdır ki, hüquqi aspekt baxımından kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsi ilə dövlət büdcəsi qarşısında riskin və ağırlaşdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Burada mühüm əhəmiyyətli olan hal odur ki, “kompensasiya” məbləğinin müəyyən edilməsi təktərəfli olaraq yalnız inzibati orqanın xeyrinə olmasına deyil, ümumiyyətlə vətəndaşın müəyyən hüquqlarının mövcudluğu nəzərə alınaraq hər iki tərəfin hüquq və mənafelərinin qorunması ilə nəticələnməlidir. Qeyd olunmalıdır ki, qanunvericilik kompensasiya məbləğinin müəyyən edilməsi zamanı təsiredici amillərin əhatə dairəsini konkret olaraq müəyyən etmişdir ki, bu amillərdən biri də əmlakın bazar qiyməti çıxış edir. “İddiaçı mənzil verilməsi barədə” Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamında iddiaçı ayrılmış mənzilin sahəsi 72 m2 olmuşdur ki, 150 000 manatı 72-yə vuranda hər kv.m. görə 2083 manat təşkil edir. Qəzalı vəziyyətdə olan, faktiki olaraq yaşamaq üçün yararlı olmayan bir yaşayış sahəsi üçün 150 000 manat məbləğində kompensasiyanın iddiaçı tərəfindən tələb olunması əsassızdır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi vətəndaş İddiaçı xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçıya order əsasında ayrılmış yaşayış sahəsinin hər kv.metri üçün Bakı İnzibati Məhkəməsinin 01.1 1.2022- ci il tarixli 2-1(112)-5850/2022 saylı qərarında öz əksini tapmış 460 manat məbləğində komensasiya ödənilməsi barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirəm.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktub ilə Bakı Şəhər İcra Hakimiyyətinə və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 23də yerləşən 5 saylı mənzilin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsi barədə ərizəçi İddiaçı daxil olmuşdur. Müraciətdə göstərilənlərin araşdırılması məqsədi ilə ərizə sizə göndərilir və araşdırmanın nəticəsi barədə onun müəllifinə məlumat verilməsi xahiş edilir. - Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (köhnə 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinə dair İddiaçı (iddiaçıya) xx.xx.1993-cü il tarixli 011870 saylı order verilmişdir. - Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən əvvəllər "xxxx" Dövlət Şirkətinə məxsus olmuş ünvan 2 ünvanda yerləşən yataqxana binası balansa götürülmüşdür. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 11 Saylı Notariat Ofisinin notausu tərəfindən xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli 2-1(112)-1761/2023 nömrəli sorğunuza cavab olaraq bildiririk ki Bakı şəhəri 11 saylı notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 23 ünvanında yerləşən binanın sökülməsi ilə əlaqədar bina sakinlərinə kompensasiya məbləğinin ödənilməsi rəsmiləşdirilmiş notariat hərəkətlərinə əsasən ödənilən kompensasiya 20000 (iyirmi min) manat olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3892-9/4109 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert rəyində qeyd edilmişdir ki, qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri üzrə köhnə yataqxana binalarında analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 460,0 manat məbləğində müəyyən edilmişdir. (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir).

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından və iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (köhnə 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinə dair iddiaçıya xx.xx.1993-cü il tarixli 011870 saylı order verilmişdir. Lakin iddiaçıya məxsus mənzildə 1993-cü ildən məcburi köçkünlər məskunlaşmışdır. Həmin binanın qəzalı vəziyyətdə olması ilə bağlı olaraq məcburi köçkünlər həmin binadan köçürülmüşdür. Bununla bağlı olaraq iddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, order əsasında verilmiş mənzilə dair kompensasiya ödənilməsini tələb etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli məktub ilə cavb verərək qeyd etmişdir ki, ünvan 2 ünvanda yerləşən 3 nömrəli yataqxana binası xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə araşdırması nəticəsindəqəzalı elan edilmişdir.Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış sakinlərin tam köçürülməsi təmin edilmiş və yataqxana istismara tam yararsız olduğundan sökülməsi nəzərdə tutulmuşdur. ünvan 2 ünvanda yerləşən 3 nömrəli yataqxana binasının qəzalı elan edilməsi və yaşayışa yararsız olmasını nəzərə alaraq, 190-1994-cü illər ərzində order verilmiş 23 ailəyə kompensasiya ödənilməsi məsələsinə baxılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə xx.xx.2021-ci il tarixdə məktubla müraciət olunmuşdur. İş materiallarından görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 113 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən əvvəllər "xxxx" Dövlət Şirkətinə məxsus olmuş ünvan 2 ünvanda yerləşən yataqxana binası balansa götürülmüşdür. Göstərilən bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı qeyd edilən binada yerləşən yaşayış sahələrində faktiki olaraq məcburi köçkün ailələri məskunlaşmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 2/12-11-32/512 saylı məktubuna əsasən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ’’Azkommunlayihə" Layihə institutunun mütəxəssisləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasına vizual baxış keçirilmiş və texniki baxışın nəticələri haqqında tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta əsasən yataqxana binasının mövcud texniki vəziyyəti qəzalı hesab edilmişdir. Bununla əlaqədar, orada məskunlaşmış 91 məcburi köçkün ailəsinin 2018-ci ilin sonunda yeni mənzillərə köçürülməsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən təmin edilmiş, 16 ailənin və mülkiyyətdə olan 9 qeyri-yaşayış sahəsinin köçürülməsi üçün tədbirlər görülür. Qəzalı vəziyyətdə olan yaşayış binası və eləcə də, 1992-1993-cü illərdə verilmiş order əsasında yaşayış sahəsinə köçürülməsi nəzərdə tutulmuş ’’Azərsənayetikinti” Dövlət Şirkətinin işçilərinin ailələri ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qərar qəbul ediləcəyi təqdirdə qaldırdığınız məsələ ilə əlaqədar zəruri təşkilati tədbirlər həyata keçirilə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktub ilə Bakı Şəhər İcra Hakimiyyətinə və Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 23də yerləşən 5 saylı mənzilin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsi barədə ərizəçi İddiaçı daxil olmuşdur. Müraciətdə göstərilənlərin araşdırılması məqsədi ilə ərizə sizə göndərilir və araşdırmanın nəticəsi barədə onun müəllifinə məlumat verilməsi xahiş edilir. İş materiallarından görünür ki, "xxxx" İstehsalat Birliyi xx.xx.1992-ci il tarixli 64 nömrəli əmrinin yerinə yetirilməsi məqsədilə, həmçinin 4 nömrəli tikinti trestinin 018- 04/OK0769 nömrəli xx.xx.1992-ci il tarixli məktubuna əsasən "xxxx" İstehsala Birliyinin Mənzil-Kommunal kantoru üzrə xx.xx.1992-ci il tarxili əmrinə əsasən 19-cu dağüstü 25 nömrəli binada yerləşən 3 nömrəli fəhlə yataqxanası yaşayış binası üçün yenidən qurulması məqsədilə lazıçi bütün avadanlıqlarla birlikdə 4 nömrəli trestin hesabına təhvil verilmişdir. Əmrin 3-cü bəndində qeyd edilmişdir ki, 3 nömrəli yataqxanada olan qaçqınları (məcburi köşkün) 17 nömrəli yataqxananın 4-cü və 5-ci mərtəbələrində, subay fəhlələri isə digər yataqxanalarda olan boş yerlərdə yerlışdirilməsi üçün yataqxana müdirinə göstəriş verilsin. 3 nömrəli yataqxananın ləğv olunması ilə əlaqədar olaraq onların həmin yataqxananın işçiləri ixtisara salınaraq müvafiq kompensasiya verilsin. İş materiallarından görünür ki, ünvan 3 ünvanda yerləşən 4 otaqlı 72 kv.m olan mənzil İddiaçı Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 011870 nömrəli Order əsasında verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 11 Saylı Notariat Ofisinin notausu tərəfindən xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli 2-1(112)-1761/2023 nömrəli sorğunuza cavab olaraq bildiririk ki Bakı şəhəri 11 saylı notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 23 ünvanında yerləşən binanın sökülməsi ilə əlaqədar bina sakinlərinə kompensasiya məbləğinin ödənilməsi rəsmiləşdirilmiş notariat hərəkətlərinə əsasən ödənilən kompensasiya 20000 (iyirmi min) manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3892-9/4109 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert rəyində qeyd edilmişdir ki, qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Bakı şəhəri üzrə köhnə yataqxana binalarında analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 460,0 manat məbləğində müəyyən edilir (internet saytlarından götürülmüş elanlar rəyə əlavə edilir). Qeyd olunur ki, yataqxana binaları yaşayış binası olmadığı, hər rayon üzrə çoxluq təşkil etmədiyindən, araşdırma bakı şəhəri üzrə aparılmışdır. 24,0 kv.metr 11000 manat (1 kv.metr 460 manat). Tədqiq olunan mənzilin hər birinin ümumi sahəsinin 72.0 kv.metr təşkil etdiyini nəzərə alaraq, orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 33000.0 manat (460 x 72.0) məbləğində müəyyən olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, qərardadın sualı ilə bağlı, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 23 ünvanında yerləşən, iş üzrə İddiaçı istifadəsində olmuş, yataqxana binasında yerləşən 5 saylı mənzilin orta bazar qiyməti təqribən 33000,0 manat məbləğində müəyyən edilir. Ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 23 ünvanında yerləşən, iş üzrə İddiaçı istifadəsində olmuş, yataqxana binasında yerləşən 5 saylı mənzilin orta bazar qiyməti təqribən 33000,0 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə göstərilənlərlə bağlı olaraq ödənilməli olan kompensasiyaya münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı digər sübutların tədqiqi nəticəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentiyinin əməkdaşları tərəfindən tərtib edilmiş 17 avqust 2018-ci il tarixli Akta əsasən iddiaçının mənzilinin yerləşdiyi binanın yataqxana binası olması və qəzalı vəziyyətdə olması müəyyən edilmişdir. Eyni zamanda mübahisəli mənzilin yerləşdiyi binanın faktiki olaraq söküldüyü aşkar edilmişdir. 011870 saylı orderdə tədqiq olunan mənzilin ümumi sahəsinin 72.0 kv.metr olduğu göstərilmişdir. Lakin cavadeh tərəfindən iddiaçıya məxsus yaşayış sahənin sökülməsi ilə bağlı hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur. Bununla bağlı nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. Qeyd edilən normalarda dövlət ehtiyacları mülkiyyətə müdaxilə üçün əsas qismində nəzərdə tutulmuşdur. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, müəyyən ərazidə şəhərsalma məqsədləri üçün abadlaşdırma işlərinin aparılması və digər şəhərsalma fəaliyyəti ilə bağlı əmlakın mülkiyyətçidən alınmasına ehtiyac yarandığı hallarda da, sözügedən alınma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə hallarda da torpaqların dövlət ehtiyacları üçün alınması zamanı mülkiyyətə müdaxilə ilə bağlı nəzərdə tutulmuş tələblərin tətbiq olunması zərurəti nəzərə alınmalıdır. Lakin mülkiyyət hüququna müdaxilə üçün, o cümlədən ona xitam verilməsi yolu ilə mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması üçün yuxarıda qeyd olunan əsasın mövcud olması hələ müdaxilənin həyata keçirilməsi baxımından yetərli deyil, bu zaman həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda alınma ilə bağlı nəzərdə tutulmuş qaydalara, tələblərə və şərtlərə də əməl olunması zəruridir. Prinsip ondan ibarətdir ki, qanunvericiliyə uyğun olması üçün inzibati orqan tərəfindən mülkiyyətin alınması qanuni hərəkətlər yolu ilə, qanunvericiklə nəzərdə tutulmuş tələblərə və şərtlərə uyğun şəkildə həyata keçirilməlidir. Lakin, konkret mübahisəyə münasibətdə, iddiaçının mülkiyyət hüququna onun mülkiyyətində olan yaşayış sahəsinin sökülməsində ifadə olunan müdaxilə yuxarıda qeyd olunan tələblərin ciddi şəkildə pozulması ilə müşayiət olunmuşdur. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd edir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər. Hazırkı iş üzrə iddiaçıya məxsus olan əmlakın real bazar dəyərinin müəyyən edilməsi, həm də ona ədalətli kompensasiya ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəmənin 2-1(112)-1761/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisələndirilən daşınmaz əmlakın (ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın bazar dəyəri neçə manat olmuşdur) real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 23 ünvanında yerləşən, iş üzrə İddiaçı istifadəsində olmuş, yataqxana binasında yerləşən 5 saylı mənzilin orta bazar qiyməti təqribən 33000,0 manat təşkil etdiyinə dair ekspert rəyi verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, daşınmaz əmlaka görə kompensasiyanın məbləği müəyyən edilərkən, qeyd edilən əmlak üzərində mövcud olan hüquqlar da nəzərə alınmalıdır. Göründüyü kimi, iddiaçının kompensasiya tələbinin əsası olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmamış, müvafiq order əsasında həmin mənzilə köçmə hüququ (istifadə) mövcud olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, üzərində mülkiyyət hüquqları qeyd alınmış daşınmaz əmlaka görə ödənilməli olan kompensasiya məbləği ilə istifadə hüquqları mövcud olan kompensasiya məbləği arasında fərq nəzərə alınmalıdır. İddiaçıya mənzilə (order) verilərkən qüvvədə olan Mənzil Məcəlləsinin Maddə 48-ci maddəsin əsasən yaşayış sahəsi orderi - dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan kompensasiya hesablanan zaman ekspert rəyini əsas götürərək İddiaçı məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 23 yataqxana binasında yerləşən 5 saylı mənzilin bazar dəyəri: 33000.0 manat təşkil təşkil edir. “Qiymətləndirmə haqqında” Qanunun: Maddə 7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. - Maddə 1.Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər hesab edilir. (-); 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; - Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. - Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. - Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. - Maddə 6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər. - Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 27. Torpağın yalnız müəyyən hissəsinin alınmasına yol verilməyən hallar 27.1. Bu Qanuna əsasən aşağıdakı hallarda alınan torpağın yalnız müəyyən hissəsinin alınmasına yol verilmir (torpaq tam (bütöv) alınır): 27.1.1. torpağın müəyyən (alınan) hissəsi alınmanın təsirinə məruz qalan şəxsin torpağının (müəyyən (alınan) hissənin də daxil olduğu bütöv torpaq) saxlanılan (alınmayan) hissəsində mövcud olan vahid tikilinin tam və toxunulmaz istifadəsi üçün əsaslı olaraq tələb olunduqda; 27.1.2. torpağın müəyyən hissəsinin alınması eyni zamanda torpaqda mövcud olan ayrıca tikilinin də müəyyən hissəsinin alınması zərurətini yaratdıqda və tikilinin müəyyən (alınan) hissəsi həmin tikilinin saxlanılan (alınmayan) hissəsinin tam və toxunulmaz istifadəsi üçün əsaslı olaraq tələb olunduqda. 27.2. Torpaqların alınmasını zəruri edən layihələrin həyata keçirilməsi alınmanın təsirinə məruz qalan şəxsin torpağının (müəyyən (alınan) hissənin də daxil olduğu bütöv torpaq) saxlanılan (alınmayan) hissəsində qanunvericiliklə nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyənləşdirilməsinə səbəb olarsa, torpağın müəyyən hissəsinin alınmasına yalnız hüquq sahibinin yazılı razılığı əsasında yol verilir. 27.3. Alınması təklif edilən hər hansı torpağın, tikilinin əsaslı olaraq tam və toxunulmaz istifadəsi üçün tələb olunan hissəsi olub-olmadığı barədə mübahisə yarandıqda, alınma həmin tikilinin mülkiyyətçisi ilə alan orqan arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir. 27.4. Bu Qanunun 27.3-cü maddəsində nəzərdə tutulmuş hallarda tərəflər arasında razılaşma əldə edilmədikdə, alan orqan məsələnin həlli məqsədilə məhkəməyə müraciət edir və məsələyə məhkəmə tərəfindən baxılana qədər həmin torpaqla bağlı hüquqları əldə etmir. 27.5. Bu Qanunun 27.4-cü maddəsi alan orqan və mülkiyyətçinin həmin maddədə nəzərdə tutulan məsələni həll etmək məqsədilə nəzarət orqanına müraciət edilməsinə mane olan hal kimi qəbul edilə bilməz. - Maddə 32. Torpağın mərzlənməsi və qiymətləndirilməsi 32.3. Bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. - Maddə 35. Torpağın satın alınması təklifinin qəbul olunması və müqavilənin bağlanması 35.1. Torpağın satın alınması təklifinin qəbul olunması yazılı formada tərtib edilir və satılan torpağın mülkiyyətçisi tərəfindən imzalanır. 35.3. Torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. - Maddə 52. Məhkəmə təsdiqi 52.1. Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. - Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. - Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülü “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 247. Torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiya 247.4.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar; 247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbində qeyd olunanları, habelə cavabdehin mövqeyini, eyni zamanda dövlət büdcəsinin maraqları nəzərə alınaraq hesab edir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Məhkəmənin qənaətinə görə kompensasiya məbləği layihənin həyata keçirildiyi dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğlərə uyğun olmalıdır. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı 33000 (otuz üç min) manat məbləğində kompensasiya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.2-ci naddəsinə əsasən məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (əvvəlki 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinin sökülməsi ilə bağlı 33000 (otuz üç min) manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq, İddiaçı ödənilməsi öhdəliyi Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin üəzrinə qoyulmalı, qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi (əvvəlki 19-cü Dağüstü küçəsi) 23 saylı evin 5 saylı mənzilinin sökülməsi ilə bağlı 33000 (otuz üç min) manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq, İddiaçı ödənilməsi öhdəliyi Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar