Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1763/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon Bölməsi işə cəlb edilməklə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon Bölməsi işə cəlb edilməklə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibatiprosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və İPM-nin 8.1.4-cü maddəsinə əsasən cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu il təvəllüdlü olmaqla, 1987-1989cu illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. 1992-ci il tarixində Zəngilan Rayonunda gedən döyüşlərdə könüllü olaraq təkrar hərbi xidmət keçmişdir. N saylı hərbi hissənin döyüşən ordunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 03.07.2020-ci il tarixli, 9/2-7273 saylı arxiv arayışında İddiaçı N saylı hərbi hissənin komandirinin 01.05.1992-ci il tarixli əmri ilə bütün növ təminatlarla təmin edilmiş, çağırış vaxtı qurtardığı üçün N saylı hərbi hissə komandirinin 27.07.1992-ci il tarixli, 235 saylı əmri ilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarıldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya “Müharibə veteranı” adının və vəsiqələrinin verilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 24.08.2020-ci il tarixli, 1/Q-11215 saylı məktub ilə ona imtina cavabı vermişdir. Məktubda 2-ci abzasda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin 03.07.2020-ci il tarixli, 9/2-7273 saylı arxiv arayışına əsasən N saylı hərbi hissəyə daxil olması barədə əmrin etibarsız olduğunu və N saylı hərbi hissənin 01.05.1992-ci il tarixdən sonra hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. Məktubun 2-ci abzasına cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 24.08.2020-ci il tarixli, 1/Q-11215 saylı məktubuna cavab olaraq qeyd edir ki, ilk dəfə Zəngilan rayonunda 09.10.1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə özünün müdafiə batalyonu yaradılıb, döyüşən ordunun tərkibi hesab edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandıqdan 9 gün sonra 18.10.1991-ci ildə Azərbaycan Respublikası Konstitusiyası qəbul edilib. N saylı hərbi hissə 09.10.1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə özünün müdafiə taboru adlandırılıb. 01.05.1992-ci il tarixdən isə həmin taborun adı alay olaraq N saylı hərbi hissə adlandırılmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsidq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları apran hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi müvafiq sənədlərlə əks edilməlidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Müdafiə nazirinin 06.01.1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsi qayda və şərltəri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 03 iyul 2020-ci il tarixli, 9/2-7273 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissəyə daxil olması braədə əmr etibarsız olduğundan və N nömrəli hərbi hissənin 01.05.1992-ci il tarixdən sonra Silahl Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bu isə qüvvədə olan “Veteranlar haqqında” qanunvericiliyin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini birbaşa istisna edir. İstər arxiv arayışlarında, istərsə də, iş materiallarında olan digər sənədlərdə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər-hansı bir sübut yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 24.08.2020-ci il tarixli, 1/Q-11215 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraicətinə cavab olaraq bildirilmişdir ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 14.08.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarımışdır. Mərkəzi Arxivin 03.07.2020-ci il tarixli, 9/2-7273 nömrəli arayışına əsasən N nömrəli hərbi hissəyə daxil olması barədə əmrin etibarsız olduğuna və N nömrəli hərbi hissənin 01.05.1992-ci il tarixdən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “Müharibə veteranı” adı vəsiqəsinin verilməsindən imtina olunur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 03.07.2020-ci il tarixli, 9/2-7273 nömrəli arxiv arayışının surətindən görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin 01.05.1992-ci il tarixli, 153 №-li əmrilə (əsas §6; qeyd: əmrdə soyadı Quliyev, adı Məhəmməd yazılmış, əmrin tarixi “01.05.92” qaralanmış; “§6” əmrə sonradan əlavə olunmuş, əmr hərbi hissə komandirinin möhür və imzası ilə təsdiqlənməmişdir) 3(üç) aylıq təlim üçün batalyonun tərkibinə daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. Çağırış vaxtı qurtardığı üçün sıravi əsgər X2 N №-li hərbi hissə komandirinin 27.07.1992-ci il tarixli, 235 №-li əmrilə (əsas:§5; qeyd: əmrdə soyadı Quliyev yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Q-12124 nömrəli, 10.09.2020-ci il tarixli arayışın surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1969-cu ildə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletinin surətindən görünür ki, iddiaçının 24.06.1987-08.07.1989-cu il tarixlərdə Sovet ordu sıralarında və 1992-ci il tarixdə N nömrəli hərbi hissədə xidmət keçməsi barədə qeydlər vardır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş 12 aprel 2021-ci il tarixli, 9/2-2998 nömrəli məktubun surətindən görünür ki, N №-li hərbi hissə komandirinin 01.05.1992-ci il tarixli, 153 №-li əmrilə (əsas: §; qeyd: əmrdə soyadı Quliyev, adı Məhəmməd yazılmış, əmrin tarixi “01.05.92” qaralanmış; “§6” əmrə sonradan əlavə olunmuş, əmr hərbi hissə komandirinin möhür və imzası ilə təsdiqlənməmişdir) X1 3 (üç) aylıq təlim üçün batalyonun tərkibinə daxil edilərək, bütün növ təminatlarla təmin edilmişdir. Çağırış vaxtı qurtardığı üçün sıravi əsgər X2 N №-li hərbi hissə komandirinin 27.07.1992-ci il tarixli, 235 №-li əmrilə (əsas: §5;; qeyd:əmrdə soyadı Quliyev yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən 23.07.2021-ci il tarixli, 11/3525 nömrəli məktubdan görünür ki, (İddiaçı) N nömrəli hərbi hissə 01.01.1992-ci il tarixdən 01.05.1992-ci il tarixədək (N nömrəli hərbi hissənin tabeliyinə verilib) döyüş əməliyyatlarında iştirak edib. Əsas: 29.08.1997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”). Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün hərbi bileti arxiv arayışları ilə birgə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahı (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) təqdim etməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərini işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi barədə onun hərbi biletində qeyd olsa da, onun konkret hansı tarixdə (gün, ay, il birlikdə göstərilməklə) hərbi hissəyə daxil olması və hansı tarixdə ehtiyata buraxılması barədə qeydlər mövcud deyildir. Bundan əlavə, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxiv İdarəsində mövcud olan arxiv məlumatlarında iddiaçının “01.05.92-ci il tarixli, 153 nömrəli əmrlə 3 (üç) aylıq təlim üçün batalyonun tərkibinə daxil edilərək, bütün növ təminatlarla təmin edilməsi, N №-li hərbi hissə komandirinin 27.07.1992-ci il tarixli, 235 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə qeydlər mövcud olsa da, 01.05.92-ci il tarixli, 153 nömrəli əmr qaralanmış, sonradan əmrə “§6” qeydi əlavə edilmiş, əmr hərbi hissə komandirinin möhür və imzası ilə təsdiqlənməmiş, əmr etibarsız əmr olmuşdur. Digər tərəfdən iddiaçı iddia ərizəsində N saylı hərbi hissənin 09.10.1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə özünümüdafiə taboru adlandırdığına, 01.05.1992-ci il tarixdən isə həmin taborun adının alay olaraq N saylı hərbi hissə adlandırıldığına istinad etsə də, məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunmuş məlumatlara əsasən N nömrəli hərbi hissənin 01.05.1992-ci il tarixədən N nömrəli hərbi hissənin tabeliyinə verilməsi, həmçinin N nömrəli hərbi hissənin 01.01.1992-ci il tarixdən 01.05.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının 01.05.1992ci il tarixdən 3 (üç) aylıq təlim batalyonunun tərkibinə daxil edilərək, bütün növ təminatlarla təmin edilməsi barədə əmr mötəbər hesab edilsə idi belə, sözügedən hərbi hissə 01.05.1992-ci il tarixdən sonra döyüş əməliyyatlarında iştirak etməmişdir. Eləcə də, məhkəmə araşdırması zamanı həmin hərbi hissə komandirinin əmrlərində iddiaçının döyüş əməliyyatları aparılan zaman hərbi hissəyə ezam olunması və bilavasitə döyüş əməliyyatları aparılan zaman yaralanması barədə müvafiq məlumat və onu təsdiq edən əmrlər aşkar edilməmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara hərbi biletlə yanaşı, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməli olduğundan, iddiaçının isə döyüş əməliyyatları aparılan hərbi hissədə xidmət etməsi və yaranlanması barədə müvafiq təsdiq edici sənədlərinin olması işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1763/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1763/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver