Məhkəmə qərarları › İş №2-1(112)-1764/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1764/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1764/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdeh ASC-yə qarşı “su təchizatı barədə müqavilənin bağlanması və abonent kodunun dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh ASC və "xxxx" ASC-ya qarşı (üçüncü şəxs: X4) ünvan 1 ünvanında yerləşən mənzilinin su ilə təchizatı barədə iddiaçı ilə müqavilə bağlanması və iddiaçının adına sayğacın yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, "xxxx" ASC-də X1 adına hesablanmış 100.16 manat borcun silinməsi barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh ASC və "xxxx" ASC-ya qarşı (üçüncü şəxs: X4) ünvan 1 ünvanında yerləşən mənzilinin su ilə təchizatı barədə iddiaçı ilə müqavilə bağlanması və iddiaçının adına sayğacın yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, "xxxx" ASC-də X1 adına hesablanmış 100.16 manat borcun silinməsi iddia tələbləri üzrə 2-1(112)-10841/2022 nömrəli inzibati iş üzrə icraatdan İddiaçı cavabdeh "xxxx" ASC-ya qarşı (üçüncü şəxs: X4) "xxxx" ASC-də X1 adına hesablanmış 100.16 manat borcun silinməsi barədə iddia tələbləri üzrə icraatın sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması; İddiaçı Cavabdeh ASC-ya qarşı ünvan 1 ünvanında yerləşən mənzilinin su ilə təchizatı barədə iddiaçı ilə müqavilə bağlanması və iddiaçının adına sayğacın yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələblərinə dair icraatın 2-1(112)-10841/2022 nömrə ilə saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh qismində çıxış edən Cavabdeh ASC inzibati orqan hesab olunmasa belə (səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisənin rəhbərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunması, habelə həmin müəssisəsinin bazarda inhisarçı statusa malik olmaması), hazırki mübahisə üzrə tərəflər arasında müqavilə münasibətləri olmadığından, mübahisəyə baxılması inzibati məhkəmə tərəfindən həyata keçirilir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır”. Qeyd olunan qərarın hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Cavabdeh ASC baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı, kanalizasiya təsərrüfatında aerasiya, mexaniki təmizləmə stansiyaları, nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı sahəsində inhisar subyekti olduğundan, həmçinin tərəflər arasında müqavilə münasibətləri olmadığından, iddiaçı doğru olaraq Cavabdeh ASC-yə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair iddiaçı ilə su təchizatı barədə müqavilənin bağlanılmasını və onun adına sayğacın yeni abonent kodunun verilməsini xahiş edir. Məhkəmə icraatı zamanı cavabdeh bildirmişdir ki, həmin ünvan üzrə X1 adına abonent kodu açılmış, sözügedən ünvanın hesabatı su xətti üzərində quraşdırılmış sayğacın göstəricisinə uyğun aparılır ki, hal-hazırda sayğacın göstəricisi 183 m3 olmaqla ünvanln hesabından 738 manat borc vardır. Göründüyü kimi iddiaçının müraciətinin təmin olunmamasının əsasında həmin ünvan üzrə borcun olmasıdır. Hazırki mübahisə üzrə iddiaçının su təchizatı barədə müqavilənin bağlanılması arzuladığı əmlakın onun mülkiyyətində olub-olmaması və ya gözlənilən mülkiyyət hüquqlarının yaranıb-yaranmaması, mülkiyyətində olduğu təqdirdə Cavabdeh ASC tərəfindən ödənilməsi tələb olunan borc məbləğinin mövcudluğu abonent kodunun iddiaçının adına dəyişdirilməsinə və su təchizatı barədə müqavilənin bağlanmasına maneə yaradıb-yaratmadığı müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, bu istiqamətdə qiymətləndirmə aparılmazdan əvvəl ümumiyyətlə istehlakçı və su təchizatı və kanalizasiya müəssisələri arasında alqı-satqı müqaviləsinin bağlanması mexanizminə nəzər yetirilməlidir ki, bu istiqamətdə dəyərlindirmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun:

1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir; su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir; istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir; su təchizatı və tullantı sularının axıdılması obyektləri (su təchizatı obyekti, tullantı sularının axıdılması obyekti, obyekt) - daxili (paylayıcı) su kəmərləri və kanalizasiya şəbəkəsi ümumi (magistral) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmuş və ya qoşulmalı olan hər hansı müəssisə, idarə, təşkilat, yaşayış binası, torpaq sahəsi, qurğu, binadır; Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri:

1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.

2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının: 1.6. STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 1.7. Müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. 2.1.2. istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək STKM-in vəzifəsidir. 4.1.1-4.1.2. su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçıların vəzifəsidir. 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. 7.20. STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, su təchizatı və kanalizasiya müəssisələri ilə istehlakçı arasında münasibətlər məhz suyun alqı-satqısı müqaviləsi bağlandığı anda yaranır. Su təchizatı və kanalizasiya müəssisələri hər bir istehlakçının adına alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır. Nəzərə alınmalıdır ki, müqavilə üzrə tərəflər, yəni su təchizatı və kanalizasiya müəssisə ilə istehlakçı bir-birləri qarşısında üzərlərinə götürdükləri öhdəlikləri icra etməlidirlər. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının hazırki iddia tələbi ilə su təchizatı barədə alqı-satqı müqaviləsinin bağlanılmasını və abonent kodunun onun adına dəyişdirilməsini arzuladığı əmlak (ünvan 2) ona məxsusdur. Belə ki, “Azərkimya” DŞ Bakı Şin Zavod tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli yataqxanada yaşayış sahəsinə dair verilmiş orderdən görünür ki, 2-ci qrup əlil, İddiaçı Bakı şəhəri, F.Xoyski küçəsi (indi Əşrəf Əliyev küçəsi), 148-də yerləşən yataqxananın 3 saylı otağı yaşamaq üçün iddiaçıya verilmişdir. Qeyd olunmalıdır ki, hal-hazırda daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmaması, onun hüquqları yarandığı əmlaka dair su təchizatı barədə alqı-satqı müqaviləsinin və bu müqavilənin bağlanması ilə meydana gələn hüquqlardan istifadə edilməsini məhdudlaşdıra bilməz. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4064/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı “mənzildən çıxarılma” barədə iddiasına baxılmış, məhkəmə icraatı İddiaçı xeyrinə yekunlaşmış, ünvan 2 ünvanında yerləşən əmlakın ona məxsus olduğu bildirilmiş, bununla da X5, X4, X2 və onların ailə üzvlərinin mənzildən çıxarılması qət edilmişdir. Göründüyü kimi mülkü məhkəmə mübahisəsi İddiaçı xeyrinə nəticələnmişdir ki, bu zaman apellyasiya instansiya məhkəməsi iddia olunan mənzilin iddiaçıya məxsus olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının iddia olunan mənzil üzərində mülkiyyət hüquqları qeydə alınmasa da, onun həmin əmlaka münasibətdə hüquqları yaranmışdır ki, hazırda o, su təchizatı barədə alqı-satqı müqaviləsinin və bu müqavilənin bağlanması ilə meydana gələn hüquqlardan istifadə etmək hüququna malikdir. Buna baxmayaraq, Cavabdeh ASC həmin ünvana dair ödənilməmiş borc məbləğinin olmasına əsaslanaraq, su təchizatı barədə alqı-satqı müqaviləsinin bağlanılmasının mümkün olmadığını bildirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası formal xarakter daşıyır və iddiaçının sudan istifadə etmək hüququnun məhdudlaşdırılmasına səbəb olur. Belə ki, ünvana dair borcun olub-olmaması hazırki mübahisənin araşdırılmalı olan predmeti deyil. Çünki, cavabdeh özü də qəbul edir ki, ünvana dair yaranmış borc istehlakçı qismində çıxış edən X3 məxsusdur. Nəzərə alınmalıdır ki, adı çəkilən şəxsin mənzilə dair hüquqları yaranmadığı halda, o ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmışdır. Daha sonra mənzil üzərində hüquqları olan iddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında X4 və onun ailə üzvləri yaşayış sahəsindən qeydiyyatdan çıxarılmışdırlar. Qeyd olunmalıdır ki, hazırki vəziyyətdə X1 istehlakçı kimi adına yaranmış borc məbləğinin mövcudluğu iddiaçı üçün əlavə məsuliyyət yarada bilməz. Çünki, su təchizatı barədə ilkin müqavilə bağlanıldığı zaman abonent kodu X1 adına açılmışdır ki, hal-hazırda su xətti üzərində quraşdırılmış sayğacın göstəricisində qeyd olunan sərfiyyat da məhz həmin şəxs tərəfindən istifadə olunmuşdur. Başqa sözlə desək X1 adına ödənilməmiş borc məbləğinin olması onun Cavabdeh ASCilə arasında bağlanmış müqavilənin şərtlərinin icra edilməməsinin göstəricisidir ki, bu hal hazırki vəziyyətdə iddiaçı üçün hər hansı məsuliyyət yaratmır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh öz fəaliyyətində formallığa yol verərək iddiaçının yaranmış borca hər hansı aidiyyətinin olmamasını nəzərə almamış, əksinə X3 aid borcun olmasını iddiaçının məsuliyyət sferasına aid edərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir ki, bu da öz növbəsində iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1879/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında hazırki məhkəmənin mövqeyini nümayiş etdirmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi, onun hüquqlarının tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunsun. ünvan 1 ünvanında yerləşən mənzilinin su ilə təchizatı barədə İddiaçı ilə müqavilə bağlanması və iddiaçının adına sayğacın yeni abonent kodunun verilməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar