Məhkəmə qərarları › İş №2-1(112)-17647/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17647/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17647/2025 17.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4, 14 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsi ev 185, 14 saylı mənzildə yaşayır. Həmin mənzilin 25 fevral 2004-cü il tarixində "xxxx" MMC ilə bağlanmış ilkin müqaviləyə əsasən mülkiyyətçisidir. xx.xx.2024-cü il tarixində "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı əsasında Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 185 ünvanında yeni inşa edilmiş yaşayış binasının 1-ci girişinin, 8-ci mərtəbəsində ümumi sahəsi 167 kv.m olan, 3 otaqlı, 14 saylı mənzilin dəyərini tam ödədiyi və borcunun olmaması təsdiq edilmişdir. İddiaçı həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin bu imtinası əsassızdır. Belə ki, iddiaçının adına rəsmiləşdirmək istədiyi mənzilin yerləşdiyi binada yerləşən hər hansı mənzil üzərində mülkiyyət hüququnun daşımmaz əmlakın dövlət reyestrində qeydə alınıbalınmaması məsələsi araşdırılmış və cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, qeyd edilən ünvanda (ünvan 2 ayrı-ayrı mənzillər üzərində müxtəlif şəxslərin hüquqları qeydiyyata alınaraq bu barədə həmin mənzillərə dair reyestrdən çıxarışlar verilmişdir. Hansı ki, bu çıxarışlardan bəziləri cavabdeh qurumun inzibati praktikası və ya məhkəmə aktı əsasında verilmişdir. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin eyni imtina dəlilləri ilə bağlı müvafiq qərarında (2-1(102)- 1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarda) göstərilmişdir ki, "İddiaçı X3 cavabdeh "Daşınmaz. X6 və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə cavabdehin **********42 saylı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki. Bakı şəhəri. Yasamal rayonu. A.M.Şərifzadə küçəsi. 571 ünvanında inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasında 23 ədəd mənzil qeydiyyata alınmışdır. Həmin mənzillər məhkəmə qərarına, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışlarına, protokoldan çıxarışlara əsasən qeydiyyatdan keçmişdirlər. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin yerləşdiyi binadan 23 mənzilin qeydiyyatdan keçməsi barədə iddiaçının dəlilinə münasibət bildirərak qeyd etmişdir ki. "İnzibati icraat haqqında" Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz. Hazırkı mübahisənin faktiki halları üzrə isə Yasamal rayonu. A.M.Şərifzadə küçəsi. 571 ünvanında yerləşən yaşayış binasının "istismara qəbul aktı" və ya "istismara hazırlıq aktı" və "istismara icazə"si olmadığı halda inzibati orqanın həmin bina üzrə digər mənzillərə çıxarış verilməsi ilə əhatə olunan hərəkətlərinə vətəndaşın etimad hüququnun qorunması məhkəmə kollegiyası tərəfindən müdafiə edilə bilməz. Lakin, apellyasiya instansiyası məhkəməsi cavabdehin məktubunda qeyd olunmuş mənzillərin məhkəmə qərarı. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışları, protokoldan çıxarışlar əsasında qeydiyyatdan keçməsini araşdırmamış, hansı məhkəmə aktı əsasında mənzilin qeydiyyatdan keçməsini müəyyən etməmiş, həmin 23 mənzil üzrə aparılmış inzibati ieraat barədə ətraflı araşdırma aparmamış. həmin 23 mənzilin barəsində qeydiyyatın aparılması barədə inzibati icraat materiallarını tələb etməmiş. bu mənzillərə dair qeydiyyatın hansının məhkəmə qərarı əsasında. hansının inzibati orqanın öz təşəbbüsü ilə aparılmasını. həmin məhkəmə qərarlarından inzibati orqan tərəfindən şikayət verilibverilməməsini, cavabdeh inzibati orqan qeyd olunan məhkəmə qərarları əsasında özünün yeni inzibati praktikasını yaradıb-yaratmamasını aydınlaşdırmadan iddiaçı barəsində bərabərlik və inzibati orqanların praktikasına etimad hüququnun qorunması prinsiplərinin pozulması barədə dəlillərini əsassız hesab etmişdir". Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1842/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdi ki, "....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda onlarla eyni vəziyyətdə olan tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur mu yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?" Nəzərə alınmalıdır ki, sözügedən binada yerləşən ayrı-ayrı mənzillərlə bağlı cavabdeh quruma ərizəçilərin təqdim etdiyi sənədlər (maliyyə arayışları, MMC ilə fiziki şəxslər arasında bağlanmış müqavilələr) iddiaçının təqdim etdiyi sənədlərlə eyni olmuşdur. Odur ki, həmin sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən 3 iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina yolverilməzdir.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək edərək ünvan 4 ünvanında yerləşən, sahəsi 147.6 kv.m olan 14 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, müvafiq iddia tələbi ilə bağlı iddiaçı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********52 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Əlavə olaraq bildirirlər ki, ünvan 6 ünvanda inşa edilmiş yaşayış binasının yaşayışa yararlı olub-olmaması (qəzalı) barədə məlumatın verilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 3-18-2/2-30/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə aparılmış müayinələr nəticəsində qeyd edilən yaşayış binasının dayanıqlıq baxımından tikinti-norma və qaydalarının tələblərinə cavab verməməsinin aşkar edildiyi və qeyd olunan yaşayış binasında nəzərdə tutulmuş gücləndirmə işləri başa çatdırılmadığından məsələyə müsbət münasibət bildirilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin sənəd üzrə ümumi sahəsinin 167.0 kv.m qeyd edilsə də, faktiki 147.6 kv.m təşkil etdiyi məlum olmuşdur.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iclasa gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-İ-0319-8/2025 **********52 nömrəli məktubla imtina edilmişdir.

9. "xxxx" Şirkəti ilə İddiaçı arasında bağlanmış 25 fevral 2004-cü il tarixli ilkin müqaviləyə əsasən "xxxx" şirkətinin vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi 185 ünvanda inşa olunan yaşayış binasının mənzili üçün alqı-satqı müqaviləsinin tərəflərin öhdəlikləridir.

10. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı həqiqətən "xxxx" Şirkəti tərəfindən bağlanmış “ilkin müqavilə” ilə 25 fevral 2004-cü ildən mülkiyyətçisi olduğu ünvan 7 ünvanında yeni inşa edilmiş 14 mərtəbəli yaşayış binasında, giriş 1, mərtəbə 8, ümumi sahəsi 167 kv.m, 3 otaqdan ibarət olan 14 saylı mənzilin dəyərini tam ödəmişdir.

11. İş materiallarına mübahisəli ünvanda olan yaşayış binasında yerləşən mənzillərə dair digər fiziki şəxslərin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və məhkəmə qərarları əlavə edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 23 fevral 2026-cı il tarixli 3- 21-3-30/2-10112/2026 nömrəli məktubla ünvan 8 ünvanında yerləşən binanın tərkibində qeydə alınmış daşınmaz əmlaklara dair məlumatlar və bir neçə mənzilə aid ilkin arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı hesab edildiyindən təmin edilməlidir.

19. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir.

20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. 21.«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərindəhüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

24. İşin faktiki hallarına görə, iddiaçı "xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən "xxxx" şirkətindən ünvan 9 ünvanda 14 mərtəbəli yaşayış binasında, giriş 1, mərtəbə 8, ümumi sahəsi 167 kv.m olan 3 (üç) otaqlı 20 saylı tikintisi başa çatdırılmış mənzili əldə etmiş və onun dəyərini ödəmişdir. İddiaçının hər hansı borcunun olmaması ilə bağlı ona "Maliyyə arayışı" da verilmişdir. Hazırda iddiaçı sözügedən mənzilin adına rəsmiləşdirilməsini tələb edir, cavabdeh inzibati orqan isə "qeyd olunan ünvanda yerləşən yaşayş binasının istismara icazə sənədinin İdarəyə təqdim edilməməsi"nə, yaşayış binasının dayanıqlıq baxımından tikinti-norma və qaydalarının tələblərinə cavab verməməsinə və mənzilin faktiki sahəsinin 147.6 kv.m təşkil etməsinə istinad etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edir.

25. Məhkəmə tərəfindən iddiaçının adına rəsmiləşdirmək istədiyi mənzilin yerləşdiyi binada yerləşən hər hansı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmaması məsələsi araşdırılmış və cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, qeyd edilən ünvanda (ünvan 2 ayrı-ayrı mənzillər üzərində müxtəlif şəxslərin hüquqları qeydiyyata alınaraq bu barədə həmin mənzillərə dair reyestrdən çıxarışlar verilmişdir, hansı ki, bu çıxarışlardan bəziləri cavabdeh qurumun inzibati praktikası və ya məhkəmə aktı əsasında verilmişdir. O cümlədən, iddiaçı cavabdehin etirazında istinad edilən mənzilin ölçüsü ilə razılaşmış və bununla əlaqədar iddia tələbinə düzəliş edilmişdir.

26. Belə olan halda məhkəmə vurğulayır ki, sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin eyni imtina dəlilləri ilə bağlı müvafiq qərarında (2-1(102)-1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarda) göstərilmişdir ki, "iddiaçı X3 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı inzibati icraat barədə ətraflı araşdırma aparmamış, həmin 23 mənzilin barəsində qeydiyyatın aparılması barədə inzibati icraat materiallarını tələb etməmiş, bu mənzillərə dair qeydiyyatın hansının məhkəmə qərarı əsasında, hansının inzibati orqanın öz təşəbbüsü ilə aparılmasını, həmin məhkəmə qərarlarından inzibati orqan tərəfindən şikayət verilib-verilməməsini, cavabdeh inzibati orqan qeyd olunan məhkəmə qərarları əsasında özünün yeni inzibati praktikasını yaradıbyaratmamasını aydınlaşdırmadan iddiaçı barəsində bərabərlik və inzibati orqanların praktikasına etimad hüququnun qorunması prinsiplərinin pozulması barədə dəlillərini əsassız hesab etmişdir".

27. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdi ki, "....hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. Belə ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozuntusunun baş verdiyi qənaətinə gələ bilmək üçün məhkəmə, ilk növbədə aydınlaşdırmalıdır ki, iddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdurmu, yoxsa iddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal və ya hallar vardır?"

28. Nəzərə alınmalıdır ki, sözügedən binada yerləşən ayrı-ayrı mənzillərlə bağlı cavabdeh quruma ərizəçilərin təqdim etdiyi sənədlər (maliyyə arayışları, MMC ilə fiziki şəxslər arasında bağlanmış müqavilələr) iddiaçının təqdim etdiyi sənədlərlə eyni olmuşdur. Odur ki, həmin sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina əsassız olmuşdur.

29. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 2 mənzillə bağlı mülkiyyət hüquqlarının qeydə alınması və çıxarışın verilməsi barədə qəbul edilmiş məhkəmə aktı ilə cavabdeh qurum razılaşaraq apellyasiya şikayəti verməmişdir. Bununla da müəyyən olunur ki, cavabdeh inzibati orqanın 2 mənzil üzərində (məhkəmədə olan məlumata görə) mülkiyyət hüquqlarının qeydə alınıb müvafiq çıxarışların verilməsi ilə bağlı nəinki əvvəlcədən mövcud olmuş inzibati praktikası olmuş, hətta bu barədə qəbul edilmiş məhkəmə qərarları ilə də razılaşaraq apellyasiya şikayəti vermədiyi üçün yeni inzibati praktika da yaratmamışdır. Odur ki, hazırki vəziyyətdə cavabdeh qurumun iddiaçıya tələbinin təmin olunmasından imtina etməsi ilə iddiaçının bərabərlik və inzibati orqanın praktikasına etimad hüququnun qorunması prinsipləri pozulmuşdur.

30. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-сі maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

31. "İnzibati icraat haqqında" Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

32. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma ve etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.

33. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

34. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır.

35. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.

36. Məhkəmə qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı ve obyektiv qərar hesab oluna bilməz.

37. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X4rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.

39. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır.

40. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

42. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

43. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən, sahəsi 147.6 kv.m olan 14 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar