Məhkəmə qərarları › İş №2-1(112)-17649/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-17649/2025

06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17649/2025 06.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlak üzərindən məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlak üzərindən məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2903/2025 saylı bildirişin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən silinməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun paylı mülkiyyətindədir. Həmin əmlakın özgəninkiləşdirilməsi üçün Bakı şəhəri 5 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, Bakı şəhəri 5 saylı Notariat ofisinin 01 avqust 2025-ci il tarixli 649 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışda mülkiyyətində olan əmlakın üzərində Bakı İnzibati Məhkəməsinin, 2 saylı Bakı İnzibati-iqtisad Məhkəməsinin 2-1(82)-2903/2025 saylı bildiriş (məhkəmə mübahisəsi) mövcüd olduğu üçün notariat əməliyyatının aparılması mümkün olmamışdır. Bundan sonra inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 26 sentyabr 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1476/2025 saylı inzibati işi ilə bağlı əmlak üzərində daşınmaz əmlakın dövlət reyetsrində müvafiq qeydlər aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1476/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlkan Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi" tələbi üzrə inzibati işə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2029-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı üzrə X3 və X1 “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi,işəmahiyyəti üzrə baxılmasının təzələnməsi barədə” ərizələri üzrə icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər X4, X9 və İnşaat Konstruksiyaları” MMC-yə qarşı “əqdlərin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(007)- 983/2024 saylı və iddiaçı X2 cavabdehlər X9, “İnşaat Konstruksiyaları"MMC və X5 qarşı “Əqdlərin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(007)-1542/2024 saylı mülki işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Eyni zamanda məktuba “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə istinad edilmişdir. Həmin maddəyə görə, daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reystrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər aparılır. Lakin yuxarıda qeyd olunan qərarlarda onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 33 də yerləşən obyektlə bağlı mübahisə yoxdur. Həmin məhkəmə qərarlarlarında başqa əmlaklarla bağlı mübahisə ola bilər, ancaq onun mülkiyyətində olan əmlakla bağlı mübahisə yoxdursa onun yüklülüyü ilə bağlı qeydlərin aparılması əsassızdır. Çünki bu onun öz mülkiyyətində olan əmlakıma dair sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Heç bir məhkəmə qərarı əsasında əmlakının üzərinə həbs qoyulmamış və digər təminat tədbiri tətbiq olunmamışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-30/2-Ə-1302-8/25 №-li məktubunda göstərilmişdir ki, “... 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2903/2019 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1476/2025 saylı inzibati işi ilə bağlı əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1476/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “çıxarışın verilməsi” tələbi üzrə inzibati işə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2903/2019 nömrəli qərarı üzrə ərizəçilər X3 və X1 “üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)- 2903/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə” ərizələri üzrə icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər X6, X9 və "xxxx" MMC-yə qarşı “əqdlərin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(007)- 983/2024 saylı və iddiaçı X2 cavabdehlər X9, "xxxx" MMC və X5 qarşı “əqdlərin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(007)-1542/2024 saylı mülki işlər üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2- ci maddəsi əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir.” “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən” Arayışından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən № **********77-05301-083001 reyestr nömrəli daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) üzərində bütün payçılara münasibətdə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2903/2025 saylı bildirişinə əsasən məhdudiyyət qoyulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ İnzibati Prosessual Məcəllə ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi

Qeyd olunmalıdır ki, İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Eləcə də, Plenum Qərarının tələbindən müəyyən edilir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırkı iddia isə iddianı mümkün edən göstərilən xüsusiyyətlərə malik olmamışdır. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə əmlak üzərinə məhdudiyyətin qoyulması Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2903/2025 saylı bildirişinə əsasında əmlak üzərində qoyulmuş məhdudiyyətin cavabdeh inzibati orqan tərəfindən götürülməli olub-olmaması ilə əlaqədardır. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda əmlak üzərində məhdudiyyətin qoyulmasının qanuniliyinin qiymətləndirilməsi baxımından, həmin qanuniliyin cavabdeh inzibati orqan tərəfindən qoyulmasının və bildirişə əsasən qoyulmasının qanuniliyinin ayrıca qiymətləndirilməsi zəruridir. Hazırkı işin faktiki hallarından isə görünür ki, iddiaçı əmlak üzərində məhdudiyyətlə əlaqədar məhdudiyyətin məhz cavabdeh tərəfindən götürülməli olması qənaətindədir. İlkin olaraq qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 21.2-ci maddəsinə görə daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Həmin Qanunun 14.5-ci maddəsinə görə bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Analoji olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 5.4-cü bəndində qeyd edilmişdir ki, Qaydaların 5.3-cü bəndində nəzərdə tutulmuş müddətdə daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanılmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda, qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Qanunvericiliyin mahiyyətindən bir daha aydın olur ki, hətta ehtimal olunan mülkiyyət hüququnun müdafiəsi barədə məhkəmə mübahisəsi barədə qeydiyyatı həyata keçirən orqana məlumat daxil olarsa, bununla bağlı müvafiq tədbirlər görülməli, qeydiyyat məhkəmə mübahisəsi öz həllini tapanadək həyata keçirilməməlidir. Məhkəmə bu konteksdə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsilə bağlı mübahisə olduğundan özgəninkiləşdirmənin qadağan edilməsi məqsədə uyğun hesab edilməlidir. Belə ki, hazırki vəziyyətdə əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməcəyi təqdirdə bu hal qeydi mübahisəli əmlakın başqa şəxs və (və ya) şəxslərin mülkiyyətinə keçməsinə və həmin şəxs və (və ya) şəxslərin mülkiyyət hüququna dair sənədlərin mübahisələndirilməsinə, lüzumsuz məhkəmə çəkişmələrinə səbəb ola bilər ki, özgəninkiləşdirmənin qadağan edilməsi barədə ərizənin təmini ərizəçi, cavabdeh, üçüncü şəxslər və digər şəxslər arasında yarana biləcək başqa məhkəmə mübahisələrinin yol verilməməsinə xidmət edir. Məhkəmə iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ona payına münasibətdə mübahisə olmamasına əsasən qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: ... 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ... Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. ... Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. ... Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. .... 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Belə olan halda aydındır ki, cavabdehin məktuba əsaslanaraq mübahisəli əmlaka dair məhdudiyyəti qeydə alması əsaslı olmuşdur. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar