Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1765/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətifoğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyətinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin rəhbərliyinə 21 mart 2020-ci il tarixli şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətində o, 15 noyabr 2019-cu il tarixdə Hacıqabul rayonunun Navahı kəndində ********** saylı reyestrdən çıxarışa əsasən mülkiyyətində olan 17,54 ha torpaq sahəsində arpa əkdiyini, lakin ötən 4 aydan artıq müddətdə əkin sahəsinin suvarılmasının mümkün olmadığını, belə vəziyyətin təsərrüfata hədsiz dərəcədə zərər vurduğunu bildirmiş və yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq onun qəbul qrafikindən kənar qəbul olunmasını xahiş etmişdir. 21 mart 2020-ci il tarixli şikayət ərizəsi 23 mart 2020-ci il tarixdə poçt xidmətinə təhvil verilmiş, müraciət 2 aprel 2020-ci il tarixdə ASC-nin ünvanına daxil olmuşdur. Lakin cavabdeh orqan şikayət ərizəsinə qanunla müəyyən edilmiş müddət və qaydada cavab verilməsini təmin etməmişdir. Cavabdehin hərəkətsizliyi qanunsuz və əsassız sayılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 1.1, 7, 10, 12-ci maddələrinə, «Dövlət qulluğu haqqında» AR Qanununun 18-ci maddəsinə, «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat»ın müddəalarına və digər normatov aktlara əsaslanaraq, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 21 mart 2020-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz və əsassız sayılması və həmin ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin məhkəməyı ünvanlanmış 2 noyabr 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı iddiası tamamilə əsassız hesab edilir. Belə ki, Belə ki, iddiaçının qaldırdığı problemin həlli ilə bağlı ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsi tərəfindən Hacıqabul Suvarma sistemləri idarəsinə şifahi tapşırıq verilməklə, onun ASC-yə elektron poçt vasitəsi ilə göndərdiyi eyni məzmunlu 4 yanvar 2020-ci il tarixli şikayətinin surəti baxılması üçün həmin idarəyə göndərilmişdir. AR Su Məcəlləsinin 30-cü maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və digər hüquqi şəxslər Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada su obyektlərinin istifadəçisi ola bilərlər. Su obyektlərinin istifadəçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada suyu hüquqi və fiziki şəxslərin (istehlakçıların) istifadəsinə verə bilərlər. Sudan istifadənin qaydaları və şərtləri, tərəflərin qarşılıqlı hüquq və vəzifələri müqavilələr əsasında tənzimlənir. AR Nazirlər Kabinetinin 2006-cı il 18 mart tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Sudan pullu istifadə qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq suvarma idarələri müqaviləyə uyğun olaraq suvarma suyunu su ayrıcında sudan istifadəedənlər birlilkərinə təhvil verir. Suvarma suyunun növbəli cədvəl əsasında bölüşdürülməsi sudan istifadəedənlər birlilkərinin su istifadəçiləri ilə bağladıqları müqavilə əsasında həyata keçirilir. Məlum olmuşdur ki, İddiaçı əkin sahəsinin suvarılması "Nəvahi" X2 tərəfindən həyata keçirilr. İddiaçı əkin sahəsinin suvarılmasının mümkün olmaması ilə bağlı şikayəti ilə əlaqədar "Nəvahi" X1 Hacıqabul Suvarma sistemləri idarəsinə təqdim etdiyi arayışda 2020-ci ildə Nəvahi kəndi ərazisində 1.725 ha taxıl əkinlərinin olduğu, həmin əkinlərin 750 hektarının Pirsaat su anbarında quraqlıq ilə əlaqədar su olmadığına görə suvarılmadığı, o cümlədən İddiaçı da həmin səbəbdən yalnız əkin sahəsinin 9 hektarını suvara bilməsi, havaların quraqlıq keçməsi, yəni təbii fəsadlarla əlaqədar Pirsaat çayında suyun olmaması suvarmada fasilələrin yaranmasına səbəb olduğu, eləcə də İddiaçı X1 üzvü olmadığı, suvarma ilə əlaqədar birliklə müqavilə bağlamadığı bildirilmişdir. İddiaçı şikayətinin araşdırılması ilə bağlı verilmiş tapşırıqla əlaqədar Hacıqabul Suvarma sistemləri idarəsi tərəfindən 55 nömrəli 24 aprel 2020-ci il tarixli məktubla surəti İddiaçı ünvanlanmaqla ASC-yə cavab məktubu göndərilmişdir. Bundan başqa məlum olmuşdur ki, Nəvahi kəndi ərazisində yerləşən 17,54 ha torpaq sahəsində əkdiyi arpa bitkisini suvara bilməməsi barədə İddiaçı Hacıqabul RİH-nə ünvanladığı 21 və 23 mart tarixli şikayətləri ilə əlaqədar ona göndərilmiş 14 aprel 2020-ci il tarixli 1-6-067-288 nömrəli məktubda müraciətinin araşdırılması üçün aidiyyəti üzrə Hacıqabul Suvarma sistemləri idarəsinə göndərildiyi bildirilməklə, sonuncu tərəfindən onun müraciətinin araşdırılmasının nəticəsinə dair Hacıqabul RİH-nə ünvanlanmış 49 nömrəli 17 aprel 2020-ci il tarixli məktubun surəti də İddiaçı göndərilmiş cavab məktubuna əlavə edilmişdir. Göründüyü kimi, İddiaçı əkin sahəsini suvara bilməməsi barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ünvanladığı, eləcə də Hacıqabul RİH-dən daxil olmuş eyni məzmunlu şikayəti ilə əlaqədar ASC-nin yerli təşkilatı olan Hacıqabul Suvarma sistemləri idarəsi tərəfindən müvafiq araşdırma aparılmış və onun müraciətinə cavab verilmişdir. «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 7.1-ci maddəsinin tələblərinə müvafiq olaraq İddiaçı əkin sahəsini suvara bilməməsi barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ünvanladığı 21 mart 2020-ci il tarixli şikayət ərizəsi qəbul edilərək, Cəmiyyətin dəftərxanasında İ-44 nömrəsi ilə 3 aprel 2020-ci il tarixdə, 1 aprel 2020-ci il tarixli onlayn müraciəti isə İ-44 nömrəsi ilə 8 aprel 2020-ci il tarixdə qeydiyyata alınmış və onlara baxılması təmin edilmişdir. Həmin Qanunun 12.2-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı müraciətlərinə bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxılmış və müraciətlərində göstərdiyi xüsusatlarla əlaqədar ona ətraflı cavab verilmişdir. Göstərilənlərə və İPM-in 35, 47-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədn xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.9-cu maddəsinə görə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir. İPM-in 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırlkı İddiaçı ona məxsus torpaq sahələrinin suvarılması üzrə yaranmış problemlərlə bağlı hazırkı cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə müraciət etmiş və cavabdeh də öz növbəsində həmin müraciəti baxılması üçün Cəmiyyətin Hacıqabul Suvarma sistemləri istismarı şöbəsinə göndərmişdir. Həmin şöbə tərəfindən isə, iddiaçıya müraciətdə qaldırılan məsələ ilə bağlı yazılı cavab verilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1765/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1765/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver