Məhkəmə qərarları › İş №2-1(112)-1766/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1766/2021

09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1766/2021 09.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «iddiaçının qeyri-yaşayış sahəsinə hüququnun qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qeyriyaşayış sahəsinə hüququnun qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə Qaraçuxur qəsəbəsi, E.Bəkirli və Y.Eyvazov küçələrinin kəsişməsində yerləşən uzun müddət ərzində fasiləsiz istifadə etdiyi 0.09274 ha torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikilməsinə icazə verilməsini xahiş etmişdir. Suraxanı RİH Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin x xxxxxx 2011-ci il tarixli 18/03- 8/167 saylı məktubunda qeyd olunan ictimai-iaşə obyektinin tikintisinin eskiz layihəsinə müvafiq sənədləşdirilməsinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına dair tövsiyələrini nəzərə almış,və tikintiyə icazə vermişdir. Suraxanı RİH başçısının xx xxxxxx 2011-ci il tarixli 21 nömrəli “Qeyri-yaşayış sahələrinin tikintisinə icazə verilməsi haqqında” sərəncamına əsasən qeyri-yaşayış sahəsinin razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq tikintisinə icazə verilmişdir. Qeyri-yaşayış sahəsi eskiz layihəsinə uyğun olaraq kürsü mərtəbə və üzərində 2 mərtəbə olmaqla inşa edilmişdir. İddiaçı istifadəsində olan qeyriyaşayış sahəsinə mülkiyyət hüququ əldə etmək üçün DƏDRX-nə müraciət etmişdir və həmin qeyri-yaşayış sahəsinə dair xx xxxxxx 2013-cü il tarixində (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********10-06301, RX, 0117487) “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əldə etmişdir. Bundan sonra ehtiyac yarandığı üçün o, mülkiyyətində olan ümumi sahəsi 1.732,2 k.m olan qeyri-yaşayış sahəsinin 2 mərtəbəsini xx xxxxxx 2013-cü il tarixdə “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən (AN-İ № 0369356) digər alıcının mülkiyyətinə vermişdir. Toplanmış sənədlərlə onun nümayəndəsi DƏDRX-ə müraciət edərək, həmin tikilinin 927,4 kv.m ölçüdə kürsü mərtəbəsinin özəlləşdirilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın xx xxxx 2020-ci tarixli məktubunda bildirilmişdir ki, İdarəyə daxil olmuş müraciətdə qeyd edilən qeyri-yaşayış binası digər hüquqi şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, ərizənin icrası tərəfindən mümkün olmamışdır. Bundan əlavə şifahi olaraq ərizədə hüquq əldə edən şəxsin adı, soyadı, atasının adı və ünvanı, xahişin məzmunu və əlavə olunmuş sənədlər göstərilməlidir kimi formal mülahizələrə istinad edilərək təmin etməkdən imtina olunmuşdur. Hesab olunur ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur və onun (iddiaçının) hüquqlarını məhdudlaşdırır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 26, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 158-ci maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2, 3.1, 24-cü maddələrinə, İPM-in 2.2, 11, 15.1, 33, 68 – 73-cü müddələrinə əsaslanaraq, Suraxanı RİHin xx xxxxxx 2011-ci il tarixli 21 nömrəli sərəncamına əsasən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Bəkirli və Y.Eyvazov küçələrinin kəsişməsində (situasiya planında göstərilən sahədə) yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsində təsdiqlənmiş 927,4 kv.m kürsü mərtəbəsinə mövcud vəziyyətdə onun (iddiaçının) mülkiyyət hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 14, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddia etirazla qarşılanır. İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, F.Bəkirli və Y.Eyvazov küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış binasına reyestdən çıxarışın verilməsi ilə bağlı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin ərizəyə hər hansı bir hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış binası ünvan 2 ünvanı ilə daşınmaz əmlakın dövlət reyestrində ümumi sahəsi 1.732.2 kv.m. olmaqla İddiaçı adına ilkin qeydiyyatdan keçmiş, daha sonra AN-İ № ******* saylı alqı-satqı müqviləsi ilə “xxxx” İKB ASC-yə satılmışdır. Həmin müqavilə əsasında ********** qeydiyyat nömrəli, x xxxxxxxx 2013-cü il tarixli reyestdən çıxarış verilmişdir. Bu səbəbdən də, ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və iddiaçıya imtina məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3, 2.4, 11-ci maddələrinə, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin x xxxxxx 2020-ci il tarixli qərardadı “xxxx” ASC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Üçüncü şəxsin iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxx 2021-ci il tarixli ərizəsində aşağıdakılar bildirilir: - İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “xxxx” ASC) «mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddia irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli və Y.Eyvazov küçələrinin kəsişəməsində, situasiya planında göstərilmiş sahədə yerləşən qeyri-yaşayış sahəsinin 927.4 kv.m kürsü mərtəbənin qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Hesab olunur ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış binası ünvan 2 ünvanı ilə daşınmaz əmlakm dövlət reyestrində ümumi sahəsi 1.732.2 kv.m olmaqla İddiaçı adına ilkin qeydiyyatdan keçmiş, daha sonra AN-İ № ******* saylı alqı-satqı müqaviləsi ilə “xxxx” İKB ASC-nə satılmışdır. Həmin müqavilə əsasında ********** qeydiyyat nömrəli, x xxxxxxxx 2013-cü il tarixli reyestrdən çıxarış verilmişdir. Hal-hazırda həmin əmlakın mülkiyyətçisi “xxxx” (“xxxx” İKB) Açıq Səhimdar Cəmiyyətidir. Göründüyü kimi, iddiaçının tələb etdiyi əmlak onun özü tərəfindən “xxxx” İKB ASC-nə alqı-satqı müqaviləsi ilə satılmışdır. Həmin əmlakm mülkiyyətçisi “xxxx” (“xxxx” İKB) ASC olduğuna görə əmlakm yerləşdiyi kürsü mərtəbəsinə də “xxxx” (“xxxx” İKB) ASC-nin adına mülkiyyət hüququ qeydiyyata alına bilər və bu tələb ilə müraciət etmək üçün subyektiv hüquq və həmin hissənin mülkiyyəyə verilməsi üçün üstünlük hüququ “xxxx” ASC-yə məxsusdur. İddiaçının bu iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Göstərlənlərə və İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və iddiaçıya müvafiq bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri gəlmişlər. İş materiallarından görünür ki, İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının müraciətini nəzərə alaraq və İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iş üzrə məhkımə iclasın iddiaçının iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstansiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Resp Qanununun 1.0.1ci maddəsinə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Həmin Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidetinin xx xxxxxxx 2004-cü il tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın 18.5-ci bəndinə görə reyestr nömrəsi formalaşdırıldıqda aşağıdakı xüsusi kodlardan istifadə edilir: - (18.5.1) daşınmaz əmlakın bölmələri: 01 - torpaq sahəsi, 02 - ayrıca su obyektləri, 03 - meşələr, 04 - çoxillik əkmələr, 05 - çoxmərtəbəli yaşayış binalan, 06 - qeyri-yaşayış binalan, 07 - qurğular, 08 - qeyri-yaşayış sahələri, 09 - mənzillər, 10 - fərdi yaşayış evləri, 11 - bağ evləri, 12 - əmlak kompleksi kimi müəssisələr, 13 - müəssisə filialları, 14 – kommunikasiyalar. Məhkəmənin qənaətinə görə iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs “xxxx” ASC-nin mülkiyyəti kimi qeydiyyata alınmış qeyri-yaşayış binasının tərkib hissəsi olduğundan, sözügedən binanın həmin qeyri-yaşayış sahəsi iddiaçının adına qediyyata bilməz. Bu qənaətə gələrkən məhkəmə onu əsas götürmüşdür ki, müvafiq daşınmaz əmlak daşınmaz əmlakın dövlət “xxxx” ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsi yox, qeyri-yaşayış binası kimi qeydiyyata alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar