Məhkəmə qərarları › İş №2-1(112)-1766/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1766/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1766/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) “notariat əməliyyatlarına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 16 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı “Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən onun notariat əməliyyatlarının aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun barəsində hər hansı bir məhdudiyyət və qadağa ilə bağlı heç bir məhkəmə qərarı olmadan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Qeydiyyat və Notariat Baş İdarəsinə verilmiş qeyri-rəsmi tapşırığa əsasən onun barəsində bütün notariat əməliyyatlarının aparılmasına qoyulmuş məhdudiyyət icra edilir. Qeyri-rəsmi məhdudiyyətin olması barədə 2021-ci ildə şəxsi avtomobilinin idarə edilməsi üçün ailə üzvünə etibarnamə vermək istəyərkən notariat kontorundan məlumat verilmişdir. Bundan sonra, qeyri-rəsmi məhdudiyyətin səbəbinin öyrənilməsi ilə bağlı vəkili tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisinə 13 yanvar 2021-ci il tarixli, 06/01 №-li vəkil sorğusu göndərilmişdir. Lakin, Notariat Baş İdarəsi tərəfindən vəkil sorğusuna əsasən əmlaka qoyulan məhdudiyyətin səbəbi barədə elektron çıxarış təqdim edilsə də, məhdudlaşdırılmanı həyata keçirən orqanların bu barədə qəbul etdiyi müvafiq qərarlarının təsdiq edilmiş surətləri ona təqdim edilməmişdir. Eyni zamanda, qeyri- rəsmi məhdudiyyət tapşırığının səbəbinin öyrənilməsi üçün vəkili tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 13 yanvar 2022-ci il tarixli, 04/01 №-li vəkil sorğusu göndərilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onunla bağlı icraatında hər hansı bir cinayət təqibi ilə bağlı materialın olub-olmamasını və onun bu iş üzrə hansı şəxs qismində cəlb edilib-edilməməsi və cinayət təqibi ilə bağlı müvafiq qərar qəbul edilmişdirsə, təsdiq edilmiş surətlərinin Büroya göndərilməsi xahiş olunmuşdur. Bundan əlavə, dəfələrlə İdarənin müstəntiqi ilə əlaqə saxlanılmış və qəbul edilmiş müvafiq qərarların surətlərinin təqdim edilməsi xahiş olunmuşdur. Lakin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən vəkil sorğularına cavab verilməmiş və barəsində İdarə tərəfindən qəbul edilmiş hər hansı bir sənəd təqdim edilməmişdir. Üzərinə və əmlakına qoyulmuş qeyri-rəsmi məhdudiyyətin götürülməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 6(005)-91/2022 nömrəli qərarına əsasən şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, “məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, bununla yanaşı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə”. Eyni zamanda, məhkəmə tövsiyə etmişdir ki, notariat əməliyyatlarının aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi üçün qeyri-rəsmi məhdudiyyəti icra edən inzibati orqana qarşı məhkəmədə iddia qaldırıla bilər. Ona görə də pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-91/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı müdafiəçisi X.Quliyeva tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İddiaçı əmlakları üzərində notariat hərəkətlərinin aparılmasına, bank hesabları üzərinə sərəncam verilməsinə və ölkədən çıxışına qoyulmuş məhdudiyyətlərin qanunsuz hesab edilərək ləğv edilməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 05/7771-11 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində istintaq olunan cinayət işi üzrə həmin qurumun xx.xx.2017-ci il tarixli məktubu əsasında adıçəkilən şəxsin iştirakı ilə notariat hərəkətlərinin aparılması dayandırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə ünvanlanmış 007-6768-1217 saylı xx.xx.2017-ci il tarixli məktubda bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsi və özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə müvafiq siyahıda adları qeyd olunan şəxslərin iştirakı ilə xx.xx.2015-ci il tarixdən bu günədək hansı tarixlərdə, hansı notariat kontorlarında, və nə kimi notarial əməliyyatların rəsmiləşdirilməsi barədə mümkün məlumatların, o cümlədən onlar tərəfindən verilmiş etibarnamələrin surətinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təqdim olunmasına, həmçinin həmin şəxslərin iştirakı ilə ölkə hüdudlarından kənarda yerləşən daşınmaz əmlaklarla bağlı, o cümlədən digər notarial hərəkətlərinin aparılmasının dayandırılmasına göstəriş verilməsi xahiş edilmişdir. “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda kredit vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əhəmiyyət kəsb edən şəxslərin siyahısı”ndan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü, Bakı şəhəri Yasamal rayonu H.ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı adı 41-ci sıradadır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı və iddiaçının vəkili məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilərək cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə gedişi zamanı iddia tələbi dəqiqləşdirilərək cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif edilmişdir. Hazırkı iddia tələbi əsl cavabdehə qarşı qaldırılmış və cavabdehin dəyişdirilməsinə heç bir lüzum yoxdur. Belə ki, cavabdeh “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 saylı Qərarının 2.1.2-ci və V bəndinə əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. Bundan əlavə, cavabdeh inzibati orqan hesab edildiyi üçün məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli 05/7771-11 saylı məktubla cavab verilmiş və notariat əməliyyatlarına qoyulmuş məhdudiyyətlə bağlı müvafiq sənədi məhkəməyə təqdim etmişdir. Eyni zamanda, cavabdeh tərəfindən məhkəmə icraatına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də notariat əməliyyatlarına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi əsl cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı irəli sürülməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 05 №-li qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi inzibati orqan kimi müəyyən olunmamışdır. Bu barədə iddiaçıya hüquqi yardım göstərilsə də, iddiaçı tərəfindən qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar