Məhkəmə qərarları › İş №2-1(112)-1766/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1766/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1766/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən - 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci və “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsini rəhbər tutaraq iddiaçının pensiya hüququnun xx.xx.2022-ci il tarixdən, 57 yaşından təyin edilməsi vəzifəsinin cavabdhein üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, o, xx.xx.1965-ci ildə Quba rayonunda anadan olmuş, xx.xx.1980-xx.xx.1983-cü ildə Bakı Politexnik Texnikumunu əyani şəkildə bitirmiş və topoqraf ixtisası üzrə mütəxəssis kimi XT 017850 №-li diplom almışdır. xx.xx.1983-cü ildə geodeziya və kartoqrafıya baş idarəsinin 322№-li ekspedisiya dəstəsində istehsalat təcrübəsi keçmişdir. xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək H3478671№-li hərbi biletdən də göründüyü kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1986-cı ildən yenidən işlədiyi geoloji kəşfiyyat idarəsinə texnik topoqrof kimi işə bərpa olunmaqla xx.xx.2016-cı ilədək eyni sahədə işləmiş. xx.xx.2016-cı ildən "xxxx" QSC-də həmin vəzifə üzrə əmək əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2006-cı ilədək Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd edildiyi kimi iş ştajını təsdiq edən əsas sənəd olan əmək kitabçası və “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsində deyildiyi kimi əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı ümumi iş stajına daxil edilən dövrlər; hərbi xidmət və təhsil müddətləri ilə birlikdə ümumi iş stajı 25 ildən çoxdur ki, bu müddətin 12 il 6 aydan çoxu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahısında" yerüstü geologiya kəşfiyyat işləri sahəsində ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat axtarış, topoqrafıya, geodeziya, geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərə aid 1.3-cü bölməsində nəzərdə tutulmuş işlərdə 1984-2006-cı ilədək 12 il 6 aydan çox güzəştli iş stajı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə müvafiq pensiya hüququnun yarandığından sənədlərini cavabdeh orqana təqdim etsə də cavabdeh heç bir normativ sənədə əsaslanmadan onun güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olduğunu səbəb göstərərək xx.xx.2023-cü il tarixli 3-17-1/2144016/2023 saylı rəsmi cavabla pensiya təyinatından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-144016/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (xx.xx.1983-xx.xx.1996-cı il tarixləri arasındakı dövr üzrə 3 il 7 ay 9 gün (çöl stajı)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-212327/2024 nömrəli etiraz məktubunda imtinanın məzmununa uyğun olaraq qanunvericiliyin tələblərini qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1996-ci tarixədək Geodeziya və kartoqrafiya baş idarəsində çöl işlərində texnik topoqraf kimi işlədiyini iddia edir. İddiaçı Şıxməmməd oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin filial tərəfindən bildirilmişdir ki, təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra, İddiaçı Şıxməmməd oğlu məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. D.Şıxməmmədov tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az ((xx.xx.1983- xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində (3 il 7 ay 9 gün) çöl işlərində işlədiyi dövr)) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan güzəştli sosial sığorta stajı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1965-ci ildə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-144016/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh iddiaçının həmin tarixli müraciətinə baxaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajı mübahisələndirilmiş və güzəştli stajınım 12 il 6 aydan az olması səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin xx.xx.2022-ci il tarixli, 570 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, bu arayış verilir İddiaçı ondan ötrü ki, o həqiqətən 1980-ci ildə keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Topoqrafiya” ixtisasına daxil olmuşdur və xx.xx.1984-cü il 116-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Topoqrafiya” ixtisasını bitirmiş, Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “texnik-topoqraf” ixtisas dərəcəsi və ЖT 017859 nömrəli diplom verilmişdir. İddiaçıya məxsus 47886715 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək müddətli həqiqi hərbi xidmət keçmişdir (02 il 1 ay, 26 gün). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-14-28/2-M-7-33/2023 saylı arxiv arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1983-cü il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı birləşmiş kompleks ekspedisiyasının 4 saylı partiyasına 3-cü dərəcəli ölçən qəbul edilmişdir. Həmçinin həmin arayışda göstərilənlərə əsasən iddiaçı: xx.xx.1983-cü il tarixdən işdən azad edilmişdir (Əmr № 91-K, xx.xx.1983-cü il); xx.xx.1986-cı il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin Bakı Geodeziya İdarəsinə çöl işlərinə texniktopoqraf vəzifəsinə qəbul edilmişdir (Əmr № 62-K, xx.xx.1986-cı il) (Əmr № 26-K, xx.xx.1986-cı il); SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xx.xx.1986cı il tarixli, 59 nömrəli əmrinə əsasən xx.xx.1987-ci il tarixdən SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 nömrəli müəssisəsi yenidən təşkil olunaraq SSRİ Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin “Azərbaycanaerogeodeziya” Azərbaycan Aerogeodeziya İstehsalat Birliyinə çevrilmişdir; “Azərbaycanaerogeodeziya” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 310 nömrəli əmrinə əsasən 01.01,1992-ci il tarixdən 322 saylı birləşmiş kompleks ekspedisiyanın, birliyin struktur bölmələri və Bakı Geodeziya İdarəsinin əsasında Bakı Aerogeodeziya Müəssisəsi yaradılmışdır; “Azərbaycanaerogeodeziya” İstehsalat Birliyinin xx.xx.1991-ci il tarixli, 311 nömrəli əmrinə əsasən xx.xx.1992-ci il tarixindən 321 saylı birləşmiş kompleks ekspedisiyasının və 323 saylı ekspedisiyanın nəzdnində X3 yaradılmışdır; Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli, 525 nömrəli Fərmanına əsasən 01.01,1992-ci il tarixdən “Azərbaycanaerogeodeziya" İstehsalat Birliyi Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinə çevrilmişdir; xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir (Əmr № 11-K, xx.xx.1996-cı il) (Əmr №01-K,xx.xx.1996-cı il); Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin xx.xx.1996-cı il tarixli, 11 nömrəli əmrinə əsasən xx.xx.1996-cı il tarixdən Bakı Aerogeodeziya Müəssisəsinin və X1 nəzdnində Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin "xxxx" İstehsalat Birliyi yaradılmışdır; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 460 nömrəli Fərmanına əsasən Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi ləğv olunaraq onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2001-ci il tarixli, 78 saylı əmrinə əsasən "xxxx" İstehsalat Birliyinin adı dəyişdirilərək X4 adlandırılmışdır; Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş xx.xx.2015-ci il tarixli, 594 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi yaradılmış və X4 Agentliyin tabeliyinə verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 29 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X4 və Bakı Kartoqrafiya Fabriki birləşmə yolu ilə yenidən təşkil edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır; Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Geodeziya və Kartoqrafiya Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sının 1.3-cü yarımbəndinə əsasən pensiya almaq hüququ vardır. Arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi üçün iddiaçıya verilmişdir. Həmin arxiv arayışına əlavə edilmiş iddiaçının 1983-2003-cü illər ərzində işlədiyi çöl günlərinin əks olunduğu cədvələ əsasən iddiaçı: 1987-ci il üzrə noyabr ayında 14 gün, dekabr ayında 26 gün olmaqla cəmi 40 gün; 1992-ci il üzrə oktyabr ayında 3 gün, dekabr ayında 11 gün olmaqla cəmi 14 gün; 1993-cü il üzrə cəmi 212 gün; 1994-cü il üzrə cəmi 118 gün; 1995-ci il üzrə cəmi 245 gün olmaqla ümumilikdə 629 gün çöl işlərində işləmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən iddaçının ərizəsi əsasında xx.xx.2022-ci il tarixli, **********53 saylı məktub ilə təqdim ediilmiş arayışda qeyd edilmişdir ki, verilir İddiaçı Şıxməmməd oğluna ondan ötrü ki, o həqqətən 1996-2008-ci llərdə ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda işləmişdir. Həmin arayışa əsasən iddiaçı: xx.xx.1996-cı il tarixli, 66/k saylı əmrə əsasən xx.xx.1996-cı il tarixdən Geomatika şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmiş; xx.xx.2001-ci il tarixli, 12/İ nömrəli Əmrə əsasən Geomatika şöbəsinin ləğvi ilə əlaqədar olaraq Məmmədəliyev X5 və İctimai ehtiyaclar üçün torpaq sahələrinin ayrılması və topoqrafik planalma şöbəsinə vəzifəsi və əmək haqqı saxlanılmaqla keçirilmiş; xx.xx.2008-ci il tarixli, 01/k saylı əmrə əsasən xx.xx.2008-ci il tarixdən Torpaqayırma və topoplanalma şöbəsinin mühəndisin əmək müqaviləsi (öz təşəbbüsü ilə) ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-M-00xx-xx/2023 saylı məktubu ilə təqdim edilmiş arayışa əsasən İddiaçı Şıxməmməd oğlu həqiqətən 1996-2007-ci il tarixlərində ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitunda mühəndis (topoqraf) vəzifəsində işləmiş və İddiaçı çöl ezamiyyətləri barədə məlumat cədvəl ilə təqdim edilmişdir. Həmin cədvəllərə əsasən iddiaçının işləmiş olduğu faktiki günlər: xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək cəmi 191 gün; xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək cəmi 257 gün; xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək cəmi 191 gün; xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək cəmi 269 gün; xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək cəmi 225 gün; xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək cəmi 172 gün; xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək cəmi 147 gün; xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək cəmi 155 gün; xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək cəmi 193 gün; xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək cəmi 193 gün; xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək cəmi 184 gün; xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək cəmi 183 gün olmaqla çöl işləri üzrə ümumilikdə 2360 gün təşkil edir. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı aşağıdakı kimidir: xx.xx.1983-cü il tarixli, 41-k nömrəli əmrə əsasən xx.xx.1983-cü il tarixdə İstehsalat təcrübəsi keçdiyi müddətdə 3-cü dərəcəli ölçən vəzifəsinə qəbul edilmiş; xx.xx.1983-cü il tarixli, 91-k nömrəli əmrə əsasən xx.xx.1983-cü il tarixdə İstehsalat təcrübəsinin müddətinin bitməsi ilə əlaqədar azad edilmiş; xx.xx.1980-ci ildən xx.xx.1984-cü ilə qədər olan müddətdə Politexnik İnstitutda təhsil almış; xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər olan müddətdə Sover Ordusu sıralarında hərbi xidmətdə olmuş; xx.xx.1986-cı il tarixli, 62-k saylı əmrə əsasən xx.xx.1986-cı ildə Gənc mütəxəssislərin şəxsi bölgüsü qaydasında Bakı geodeziya kontorasına çöl işləri üzrə texnik-topoqrafçı vəzifəsinə qəbul edilmiş; xx.xx.1988-ci il tarixli, 45-k saylı əmrə əsasən xx.xx.1988-ci ildə əmək haqqının yeni ödəniş qaydalarına keçidi ilə əlaqədar və attestasiya komissiyasının qərarı ilə 2-ci dərəcəli texnik vəzifəsinə keçirilmiş; xx.xx.1991-ci il tarixli, 310 saylı əmrə əsasən “Azərbaycangeodeziya” SC-də birliyin struktur alt bölmələri və BTK əsasında xx.xx.1992-ci ildə Bakı Aqrogeodeziya Müəssisəsi yaradılmış; xx.xx.1993-cü il tarixli, 146 saylı əmrə əsasən xx.xx.1993-cü ildən 7-ci dərəcəli texnik-topoqraf (Bakı AQM) sayılmış; xx.xx.1994-cü il tarixli, 29-k əmrə əsasən xx.xx.1994-cü il ildən kvalifikasiya komissiyasının qərarı ilə 8-ci dərəcəli texnik-topoqraf vəzifəsinə (BAQP) keçirilmiş; xx.xx.1996-cı il tarixli, 14-k nömrəli əmrə əsasən xx.xx.1996-cı ildən kvalifikasiya komissiyasının qərarı ilə 10-cu dərəcəli mühəndis vəzifəsinə (BAQP) keçirilmiş; xx.xx.1996-cı il tarixli, 11-k saylı əmrə əsasən xx.xx.1996-cı ildən AR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsaəsn öz xahişi ilə azad edilmiş; xx.xx.1996-cı il tarixli, 66-k saylı əmrə əsasən xx.xx.1996-cı il tarixdən Geomexanika şöbəsinə üçüncü dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş; xx.xx.2001-ci il tarixli, 12/i əmrə əsasən xx.xx.2001-ci ildən dövlət və ictimai ehtiyaclar üçün torpaq sahələrinin ayrılması və topoqrafik planalma şöbəsinə keçirilmiş; xx.xx.2008-ci il tarixli, 01/k nömrəli əmrə əsasən xx.xx.2008-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsi ləğv edilmiş; xx.xx.2008-ci il tarixli, A710/08-001 nömrəli əmrə əsasən xx.xx.2008-ci il tarixdən AİMROR LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına Topoqraf işinə təyin edilmiş; xx.xx.2016-cı il tarixdən, 53-k saylı əmrə əsasən xx.xx.2016-cı ildə "xxxx" QSC X9 sahəsinin Geologiya və mədən işləri bölməsinin baş topoqraf vəzifəsinə işə qəbul edilmiş; xx.xx.2017-ci il tarixli, 379-k saylı əmrə əsaəsn xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixli ştat cədvəlinə əsasən X9 sahəsinin, Geologiya və dağ-mədən işləri bölməsinə baş topoqraf vəzifəsinə keçirilmiş; xx.xx.2010-cu il tarixli, AVRO/10-025 əmrə əsasən xx.xx.2010-cu il tarixdən böyük topoqraf vəzifəsinə keçirilmiş; xx.xx.2016-cı il tarixli, AVRO/10-025 əmrə əsasən xx.xx.2016-cı il tarixdən Azərbacay Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) tutduğu vəzifəsindən azad edilmişdir. İş materiallaırnda olan "xxxx" qapalı səhmdar cəmiyyətinin xx.xx.2022-ci il tarixli, AG-XO-1815/2022 saylı arayışında qeyd edilmişdir ki, verilir X2 ondan ötrü ki, o, həqqətən xx.xx.2016-cı il tarixindən "xxxx" QSC-də X9 sahəsinin Geologiya və dağ mədən işləri bölməsinin baş topoqrafı vəzifəsində çalışır. Eyni zamanda arayışda X9 sahəsi əmək şəraiti ağır və zərərli olan iş yeri olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-14-28/2-104/2023 saylı arayışına iddiaçının 1986-1992-ci illər üzrə vəzifə maaşının hesablanması üçün nəzərə alınan əmək haqqı, mükafatlar, əlavə ödəmələr daxil olmaqla aylar üzrə məbləğlərin məlumatı cədvəl olaraq əlavə edilmiş və həmin cədvələ əsasən onun 1986-cı ilin yanvar ayından 1992-ci ilin dekabr ayınadək işlədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Geodeziya Kontorunun xx.xx.1986-cı il tarixli, 16 nömrəli əmri ilə iddiaçının xx.xx.1986-cı il tarixdən çöl işləri üzrə 4 nömrəli çöl partiyasına göndərilərək texnik-topoqraf vəzifəsinə qəbul edildiyi müəyyən edilmişdir. Bakı Geodeziya Kontorunun xx.xx.1986-cı il tarixli, 16 nömrəli əmrində İddiaçı Şıxməmməd oğlunun xx.xx.1986-cı il tarixdən 4 nömrəli partiyadan 5 nömrəli partiyaya keçirildiyi qeyd edilmişdir. Bakı Geodeziya Kontoru “Azərbaycanaerogeodeziya”nın XX.11.1987-ci il tarixli, 61k nömrəli əmrində Maştağa PQT obyektində işlərin həyata keçirilməsi ilə əlaqədar olaraq xx.xx.1987-ci il tarixdən 2 və 5 nömrəli çöl partiyalarının şəxsi heyətinin çöl təminatının həyata keçirilməsi qərara alınmış və şəxsi heyətin siyahısında İddiaçı Şıxməmməd oğlunun adı qeyd edilmişdir. Bakı Geodeziya Kontoru “Azərbaycanaerogeodeziya”nın xx.xx.1990-cı il tarixli, 47-k nömrəli əmrində xx.xx.1990-cı il tarixli, 40-K saylı əmrə əlavə olaraq 2 saylı partiyanın adları qeyd olunan üzvlərinə çöl təminatına görə nəzərdə tutulan ödənişlərin həyata keçirilməsi qərara alınmış və həmin siyahı da iddiaçının adı qeyd edilmişdir. Azərbaycan Respublikası Geodeziya və Kartoqrafiya Dövlət Komitəsinin xx.xx.1992-ci il tarixli, 3-k saylı əmri ilə 3-k nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamı əsasında qeyd olunan struktur bölmələr Bakı AGP-nin tərkibinə daxil edilmiş və həmin struktur bölmələrdə iddiaçının adı 4 nömrəli çöl partiyasının üzvlərinin adları qeyd olunan siyahıda göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-14-28/2-053/2024 saylı arayışına əsasən İddiaçı həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Bakı Geodeziya kontorunda çol işlərində texnik topoqraf vəzifəsində çalışmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-14-28/2-079/2024 məktubda vətəndaşa təqdim edilən işlədiyi vəzifələr üzrə arayış əmək kitabçasına, çöl işlərinə görə arayış isə əmək haqqının hesablanması cədvəllərində qeyd edilən müvafiq çöl günləri Ödənişlərinə əsasən tərtib edilmiş, İddiaçı təqdim edilən vəzifələr üzrə arayışdan da göründüyü kimi onun müəssisədə işlədiyi vəzifələrin çöl işləri şəraitinə aid olmasına baxmayaraq, 1986-1992-ci illər üzrə əmək haqqının hesablanması cədvəllərində çöl günləri ödənişləri aşkarlanmamışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54- İİİQ nömrəli Qanununun 4.1-ci maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Qanunun 5.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinin mətninə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun 2017-ci ilin iyulun 1-dək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 3.1-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciətə Fondun aidiyyəti struktur bölməsində baxılır. 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən;... AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” AR Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 57 yaşının tamam olduğu gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsinə nail olmaqdan ibarətdir. Göstərilən normanın tələbinə əsasən məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmət və təhsil müddəti də daxil olmaqla qanunvericiliklə müəyyən edilmiş 25 illik ümumi iş stajı tələbinə cavab vermişdi və qanuna müəyyən edilən yaş həddinə çatmışdır. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-14- 28/2-M-7-33/2023 saylı arxiv arayışından görünür ki, iddiaçının işlədiyi texnik-topoqraf peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.3-cü yarımbəndinə uyğundur. (Siyahıda: 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü): ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi xx.xx.2024-cü il tarixli 3-14-28/2-079/2024 nömrəli arayışında İddiaçı müəssisədə işlədiyi vəzifələrin çöl işləri şəraitinə aid olmasını təsdiq etmişdir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri” publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən təqdim edilən 1996-2007-ci illər üzrə iddiaçının işlədiyi çöl işləri günlərinin əks olunduğu cədvəldə göstərilən günlərin əksəriyyəti iş günlərini əhatə etdiyi, eləcə də əmək kitabçasına əsasən iddiaçının çöl işləri üzrə vəzifəyə qəbul edildiyini və iddiaçının işlədiyi müəssisələrin müvafiq əmrlərində onun dəfələrlə çöl partiyalarında çöl işlərinə cəlb edildiyi nəzərə alınaraq həmin dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Belə ki, cavabdeh tərəfindən müvafiq dövr üzrə yalnız çöl günləri barədə arayışda göstərilən günlərin onun sığorta stajına güzəştli staj olaraq nəzərə alınması əsassızdır. Çünki günlərin sayından göründüyü kimi, iş günlərinin sayı illər üzrə 147-269 gün arasında dəyişir. Qeyd edilən günlərin iş günləri olması nəzərə alındıqda isə nəzərə alınmalıdır ki, qeyri iş günlərinin staja daxil edilməsi əsassızdır. Bununla yanaşı iddiaçıya məxsus əmək kitabçası məlumatlarına və barəsində verilmiş əmrə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1986-cı il tarixli 16 nömrəli əmrin birinci paraqrafına əsasən xx.xx.1986-cı il tarixdən texnik-topoqraf vəzifəsinə qəbul edilmiş və 4 nömrəli “partiya”ya çöl işlərinə göndərilmişdir. Əmək kitabçası məlumatlarına əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1994cü il tarixədək texnik-topoqraf, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək mühəndis-topoqraf vəzifələrində işləmişdir. İddiaçının qeyd edilən dövrlər üzrə çöl işlərində işləmiş olduğu vəzifələr üzrə xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı tamam olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası və arxiv arayışları ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). Həmçinin iddiaçı tərəfindən işləmiş olduğu vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verən vəzifələrə aid olmasını təsdiq edən güzəştli arayış məhkəməyə təqdim edilmiş, iş materiallarına əlavə olunmuşdur. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə ümumi və güzəştli iş stajına malik olmuşdur. Cavabdehin imtinasının əsasları işin faktiki halları və qanunvericiliklə təkzib olunur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar