Məhkəmə qərarları › İş №2-1(112)-1769/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1769/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1769/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “çıxarışın verilməsi” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ sahəsində yerləşən sahəsi 0.12 ha olan 2217 saylı bağ sahəsinə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5, İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında Bakı şəhəri Sabunçu rayonu, Ləhiş Bağ sahəsində yerləşən sahəsi 0.12 ha olan 2217 saylı bağın istifadəyə verilməsi haqqında 32586 saylı, xx.xx.2004-ci il tarixli Müqavilə imzalanmışdır. Müqavilə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-ci il tarixli Sərəncamı ilə bağlanmışdır. İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən sahəsi 0.12 ha olan 2217 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair ərizə ilə İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tamamilə əsassız olaraq onun xahişindən imtina edilmişdir. Əsas kimi həmin torpaq sahəsinin başqa şəxsin istifadəsində olduğu, həmçinin göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi göstərilir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı imtina məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxslər tərəfindən hasarlanaraq istifadə edildiyi məlum olmuşdur (torpaq sahəsi istifadənizdə deyil). Elektron kadastr məlumatına əsasən ümumi ərazidə hasarlama işləri sxematik xəritəyə uyğun aparılmamış, həmçinin göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa Ləhiş bağ massivində yerləşən eyni nömrəli torpaq sahəsi ilə bağlı digər şəxsin adına order mövcuddur.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxslər tərəfindən hasarlanaraq istifadə edilir. (torpaq sahəsi istifadədə deyil). Həmçinin ümumi ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmamış, həmçinin göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa Ləhiş bağ massivində yerləşən eyni nömrəli torpaq sahəsi ilə bağlı digər şəxsin (X3) adına order mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Məhkəmənin qərardadı ilə X3 üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının keçmiş Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və X4 ərazisindəki 2217 nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 32586 saylı müqaviləsinə əsasən, Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 2217 nömrəli bağın İddiaçı istifadəyə verilməsinə dair müqavilə bağlanılmışdır.

7. Cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Ləhiş bağ massivində yerləşən torpaq sahəsinin faktiki sahəsi 1200 kv.metr. Vətəndaşın nümayəndəsi tərəfindən göstərilən sahə faktiki digər vətəndaşların istifadəsində olan sahədir. Sahə hasarla 1 neçə hissəyə ayrılıb, nümayəndə tərəfindən göstərilən sahənin 1 hissəsində ölçü işləri aparmağa şərait yaradılsa da 1 hissəsinə daxil olmaq mümkün olmadı. Belə ki, həmin hissə ayrı hasar daxilindədir. Göstərilən sahədə digər vətəndaşlar tərəfindən inşa edilmiş evlər və köməkçi tikili var. Sahədən faktiki istifadə edən vətəndaşlardan biri sahəni digər şəxsdən aldıqlarını bildirdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

16. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

17. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

24. Hazırkı iş üzrə iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ sahəsində yerləşən sahəsi 0.12 ha olan 2217 saylı bağ sahəsinə dair iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi ilə bağlıdır.

25. Məhkəmə ilk növbədə qeyd edir ki, sxematik xəritəyə və ortofoto çıxarışına əsasən məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir.

26. Bundan başqa məhkəmə tərəfindən müəyyən edildi ki, torpaq sahəsi digər şəxs tərəfindən hasarlanaraq istifadə edilir, sahə iddiaçının faktiki istifadəsində deyil.

27. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

29. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar