Məhkəmə qərarları › İş №2-1(112)-177/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-177/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-177/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 419, 420 nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 421 və 422 nömrəli bağ sahələri üzərində hüququn ölmüş şəxsə, yəni X4 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18 fevral 2021-ci il tarixli, 2-1(112)-177/2021 nömrəli qərardadı ilə iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 419, 420, 421 və 422 saylı bağ sahələrinin özəlləşdrililməsi üçün İdarəyə özü və əri X6 tərəfindən müraciətlər edilmişdir. Lakin tələblərindən imtina edilib və imtinaya səbəb olaraq da adlarının idarəyə təqdim olunmuş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmadığı bildirilmişdir. Halbu ki, idarəyə təqdim etdiyi sənədlər (1/25 saylı, 1988-ci il tarixli, Bakı şəhər X8 İcraiyyə Komitəsinin Qərarı, iki ədəd üzvlük kitabçaları, iki nüsxədə “Azərtunel" MMC-nin “Damba” bağçılıqyoldaşlığının üzvlərinin siyahısı, iki nüsxədə 15 fevral 1999-cu il tarixli, “Damba” bağçılıqyoldaşlığının idarə heyyətinin yığıncağının 02 №-li protokolundan çıxarış, iki nüsxədə Piralllahı rayonu, Dübəndi bağlar massivi ünvanında yerləşən 419, 420 və 421, 422 saylı bağların bölgü sxemi, iki nüsxədə iki vərəqdən ibarət ərazinin plan sxemi, iki nüsxədə “Azərtunelsutikinti” şirkətinin ünvan 1 ünvanında yerləşən 419 və 420 saylı bağ sahələrinin sxemi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 421 və 422 saylı bağ sahələrinin həqiqətən də “Damba” bağçılıq-yoldaşlıq tərəfindən əri X3 istifadəsinə verildiyi barədə “Damba” bağçılıq-yoldaşlıq tərəfindən verilmiş 02 saylı, 07.11.2016-cı il tarixli arayış) imtinanın əsasız olduğunu təsdiq edirdi. Hazırda isə əri X6 vəfat etdiyindən o, onun vərəsələrindən biri olaraq həm özünə aid, həm də mirasqoyana aid bağ sahələri ilə əlaqədar yenə də idarəyə müraciət etmişdir. Bu dəfə özünə aid bağ sahəsinin adına özəlləşdirilməsini, ərinə aid bağ sahəsinə aid hissədə isə hüququn ölmüş şəxsə aid olması barədə arayışın verilməsini xahiş etmişdir. Lakin bu müraciətinə əvvəlllər baxıldığı üçün sənədləri belə ondan alınmadan tələbindən imtina edilmiş və ona şikayət verə bilməyi məsləhət olaraq göstərilmişdir. Məhkəmənin 20 may 2021-ci il tarixli, 2-1(112)-177/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 419, 420 nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi və Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 421 və 422 nömrəli bağ sahələri üzərində hüququn ölmüş şəxsə, yəni X4 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 419, 420 nömrəli bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 tərəflərindən verilmiş imtinanın əsaslı olduğunu bildirərək iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs "xxxx" MMC lazımi qaydada xəbərdarlıq edilsə də səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhər X7 İcraiyyə Komitəsinin 30.01.1988-ci il tarixli, İ/25 №-li və 14.06.1988-ci il tarixli, 6/330 №-li qərarlarının lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində keçmiş Zirə Tərəvəz-Südçülük sovxozunun ərazisində Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi “Azərtuneltikinti” İxtisaslaşdırılmış Tikinti–Quraşdırma İdarəsinə «Azəraqrapromstroy» Bakı Quraşdırma-Tənzimləmə İdarəsi ilə birlikdə 88 üzvdən ibarət yoldaşlıq bağçılıq kollektivinə torpaq sahəsinin ayrılmasına qərar verilmişdir. - 22 fevral 1988-ci il tarixli, 8/97 nömrəli cizgi aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azərtuneltikinti” TQİ-nin və «Azəraqrapromstroy» BQTİ-nin birgə bağçılıq yoldaşılıq kollektivində Dübəndi qəsəbəsində 4,8 ha torpaq sahəsi ayrılmışdır. - “Damba” bağçılıq yoldaşlığının idarə heyətinin yığınacağının 2 №-li, 15.02.1999-cu il tarixli protokolundan çıxarışdan (çıxarışın 11.01.2007-ci ildə verilməsi qeyd olunub) görünür ki, İddiaçı bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və ona Bakı şəhəri, 6-cı Cənub küçəsində yerləşən 419, 420 №-li bağ sahələri daimi istifadədən ötəri verilmişdir. Əvvələr 419, 420 №-li bağ sahələrini almış və uzun müddət həmin sahələrdə heç bir iş görməyən Babayev M.S və Şarifov A.R üzvülükdən çıxarılmış və onlara verilmiş sənədlər öz hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. - "xxxx" MMC-nin “Damba” bağçılıq yoldaşlığının üzvlərinin 01.12.2007-ci il tarixdə və 29 sentaybr 2010-cu il tarixdə təsdiq edilmiş siyahılarından görünür ki, İddiaçı 419, 420 №li bağ sahələri ayrılmışdır. - “Damba” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 15 fevral 1999-cu il tarixli, 02 №-li protokola əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ünvan 1ndə yerləşən sahəsi 1000 kvm. olan 419, 420 №-li bağ sahəsi 15.02.1999-cu il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********703500 №-li, 25.06.2020-ci il tarixli məktubundan görünür ki, 28.09.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Azərtunelsutikınti” şirkəti “Azərtunelixtisassutikınti" icarə idarəsınin özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqı varisidir. 31.05.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Azərtunel" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) “Azərtunelsutikinti" şirkətinin bazasında yaradılıb və onun hüquqi varisidir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********10 №-li, 03.07.2019-cu il tarixli məktubdan görünür ki, "Damba” bağçılıq yoldaşlığı nəzdində Dübəndi bağ massivi ünvanında yerləşən 419 və 420 nömrəli bağ sahələrinə dair sənədlər (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxiv qovluğunda aşkar olunmamışdır. - İdarə tərəfində məhkəməyə ünvanlanmış **********19 №-li, 12.03.2020-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin Damba bağçılıq yoldaşılığına aid olan 09.10.1985-ci ildə təsdiq edilmiş siyahı mövcuddur və həmin siyahıda “Babayev M.S.” adlı şəxs barədə məlumat qeyd edilmişdir. - İdarə tərəfindən məkəməyə ünvanlanmış **********07 №-li, 06.07.2020-ci il tarixli məktubundan görünür ki, “Azərtunel" MMC-nin “Damba" bağçılıq- yoldaşlıq birliyinə dair arxiv qovluğunda mövcud olan siyahıda Babayev M.S adı göstərilmiş, lakin bağ sahəsinin nömrəsi qeyd edilməmişdir. - "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 0194 №-li, 17.06.2020-ci il tarixli, 170 №-li, 21.10.2020-ci il tarixli, 202 №-li, 23.12.2020-ci il tarixli məktublardan və onlara əlavə edilmiş sənədlərdən görünür ki, M.S.Babayev, A.R.Şarifov 1988-ci ildə “Azərtunelixtisassutikinti” İTQİ-də işləmişlər və onların barəsində "xxxx" MMC-də məlumat yoxdur. İddiaçı və X1 "xxxx" MMC-də işləmişlər. “Damba” bağçılıq-yoldaşlığının İdarə Heyətinin 15.02.1999-cu il tarixli qərarından çıxarış, həmin yoldaşlığın üzvlərinin siyahısı təqdim edilmişdir. 15.02.1999-cu il tarixli, 02 №-li protokoldan çıxarışa əsasən İddiaçı 419, 420 №-li bağ sahələri ayrılmışdır. İddiaçı verilmiş orderə əsasən ona Cənub 7 aa küçəsində 422 №-li bağ ayrılmışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanan **********43 №-li, 01.05.2019-cu il tarixli məktubdan görünür ki, Xəzər rayonu, Dübəndı bağ massivı ünvanında yerləşən 419, 420 saylı bağ sahəsı üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrındə qeydıyyata alinması ilə bağlı ********** nömrəli, 11.04.2019-cu il tarixlı ərizəyə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, onun adı və protokoldan çıxarışda qeyd olunan şəxslərdən A.R.Şarifovun adı Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında aşkar olunmadığından ərizəsinin icrası mümkün olmamışdır. əlavə olaraq qeyd edilir ki, bağ sahəsi sənəd üzrə 1000 kvm., faktiki isə 953,7 kvm. təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X7 İcraiyyə Komitəsinin 30.01.1988-ci il tarixli, İ/25 №-li və 14.06.1988-ci il tarixli, 6/330 №-li qərarlarına əsasən Əzizbəyov rayonu, Dübəndi qəsəbəsində keçmiş Zirə Tərəvəz- Südçülük sovxozunun ərazisində Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi “Azərtuneltikinti” İxtisaslaşdırılmış Tikinti–Quraşdırma İdarəsinə «Azəraqrapromstroy» Bakı Quraşdırma- Tənzimləmə İdarəsi ilə birlikdə 88 üzvdən ibarət yoldaşlıq bağçılıq kollektivinə 4,8 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı “Damba” bağçılıq yoldaşlığının idarə heyətinin yığınacağının 2 №-li, 15.02.1999-cu il tarixli protokolundan çıxarışına və üzvlük kitabçasına əsasən ona ünvan 1ndəki 419, 420 №-li bağ sahələrinin ayrılmasını iddia edərək həmin bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması və buna dair çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının adının və protokoldan qeyd olunan şəxslərdən A.R.Şarifovun adının Bakı şəhəri Ərazı İdarəsinə təqdım edilmış bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, araşdırılma zamanı “Damba” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmiş arxiv qovluğunda İddiaçı cəmiyyətin üzvü olması, ona bağ sahəsinin ayrılması barədə məlumat aşkar edilməmişdir. Məhkəməyə iddiaçı və üçüncü şəxs tərəfindən təqdim edilmiş “Damba” bağçılıq yoldaşlığının üzvlərinin siyahısı isə 01.12.2007-ci il və 29.09.2010-cu il tarixdə təsdiq edilmiş siyahılardır. Bundan əlavə üçüncü şəxs tərəfindən təqdim edilmiş orderdə İddiaçı Cənub 7 aa küçəsində 422 №-li bağ sahəsinin ayrılması qeyd edilmiş, 15.02.1999-cu il tarixdə İddiaçı verildiyi iddia olunan üzvlük kitabçasındakı yazılar isə hazırda qüvvədə olan “latın” qrafikası ilə icra edilmişdir. Bunlar isə iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin mötəbər sayılmasını istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar