Məhkəmə qərarları › İş №2-1(112)-177/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-177/2024

17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-177/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş məbləğin qaytarılması” tələbinə üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək artıq ödənilmiş 228,24 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək əri Şahzadə Məmmədovun xx.xx.2020-ci il tarixdə vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8-ci maddəsinin 1 yanvar 2021 -ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyaçısı vəfat etdikdə ona təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi onun vəfat etdiyi gündən dayandırılır. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh mərhumərinin ölümü haqqında məlumatı, həmçinin ölüm haqqında şəhadətnaməni vaxtında Mərkəzi Filiala təqdim etmədiyindən 2020-ci ilin iyun (vəfat etdiyi gündən həmin ayın sonuncu gününədək), iyul və avqust ayları üzrə əmək pensiyası mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülmüş, müvafiq kart hesabından 828,24 (səkkiz yüz iyirmi səkkiz manat iyirmi dörd qəpik) manat pul vəsaiti götürülmüşdür. Cavabdeh Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ona ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 828,24 manat məbləğindən çıxılmış, qalan 228,24 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Filial tərəfindən Cavabdeh yaranmış qalıq 228,24 manat borcu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq tədbirlər görüləcəyi bildirilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5308/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2529/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5308/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2075/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2529/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1414/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı pensiya qurumunun apellyasiya şikayəti təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5308/2022 saylı 05 may 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8285/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadı ilə iddia başqa əsasla (iddiaçının müvafiq tələblə bağlı cavabdehə müraciətinin olmaması) mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3515/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8285/2022 saylı 14 iyul 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Yuxarı instansiya məhkəməsinin adıçəkilən qərardadında göstərilmişdir ki, iddia tələbinin məzmunundan görünür ki, hazırkı tələb konkret olmaqla, cavabdehdən artıq ödənilmiş 228,24 manat dövlət vəsaitinin geri qaytarılmasıdır. Göründüyü kimi tələbdə nə ödənilməmiş pensiya məbləğinin ödənilməsi, nə də artıq ödənilmiş məbləğin hesablanması qeyd edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, işin birinci instansiya icraatı zamanı hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılmalı, iddiaçı tərəfindən müvafiq sübutların təqdim edilməsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə yazılı münasibət təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyti izahatında iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İşin mahiyyətinə gəlincə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçı DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış 10 avqust 2020-ci il tarixli ərizədən görünür ki, G.Qəmbərovna həyat yoldaşı X2 28 iyun 2020-ci il tarixdə vəfat etdiyini bildirmiş və ona birdəfəlik müavinət verilməsini xahiş etmişdir. -2 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixli, 899 nömrə ilə qeyd aparılmışdır. -Sabunçu Bələdiyyəsinin 10 avqust 2020-ci il tarixli arayışdan görünür ki, arayış ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh Qəmbər qızına ondan ötrü verilmişdir ki, dəfn mərasimi onun tərəfindən aparılmışdır. -DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********6 saylı Qərarından görünür ki, X3 təyin olunmuş 394,40 manat əmək pensiyası dəfn xərci ödənilməsi səbəbi ilə dayandırılmışdır. Məhkəmə araşdırması zamanı İPM-in 12-ci, AR Mülki Prosessual Məcəlləsinin 78-ci və 87.4-cü maddəsinə uyğun olaraq sübutların təmin edilməsi haqqında qərardad qəbul edilərək mərhum X2 adına "xxxx" ASC-də mövcud olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ödənilməsi üçün nəzərdə tutulmuş bank hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək pensiyası şəklində ödənilmiş məbləğin hansı hissəsinin, kim tərəfindən və hansı tarixlərdə məxaric edildiyi, yaxud hər hansı bank əməliyyatı nəticəsində (kredit müqaviləsinə görə borc və s.), göstərilən dövrlərdə (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) bank hesabından mədaxil və məxaric əməliyyatlarını göstərən bank hesabından çıxarışın (cədvəl şəklində) və hazırkı halda müvafiq hesabda pul vəsaitinin mövcud olub-olmaması, mövcud pul vəsaitinin məbləği barədə məlumatın təqdim edilməsi "xxxx" ASC tərəfindən tələb olunmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş 21 iyun 2024-cü il tarixli məktub ilə mərhum X2 adına olan kart hesabından xx.xx.2020-xx.xx.2020-ci il dövrü əhatə edən çıxarış təqdim edilmişdir. Çıxarışdan görünür ki, X1 hesabında xx.xx.2020-ci il tarixə olan ilkin qalıq 0,00 manat, xx.xx.2020-ci il tarixə olan son qalıq 0,00 manat təşkil etmişdir. Qeyd olunan dövrlər arasında həmin hesaba xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 394,40 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Bu məbləğdən eyni tarixdə 235,85 manat və 110,03 məbləğində, xx.xx.2020-ci il tarixdə isə 0,52 manat kredit borcu üzrə silinmə həyata keçirilmiş, 48,00 manat vəsait xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu körpüsünün ərazisində, Bolmart mağazasının yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmişdir. Qeyd olunan hesaba xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 394,40 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, həmin məbləğdən eyni tarixdə 238,69 manat və 111,96 manat məbləğində, xx.xx.2020-ci il tarixdə isə 0,75 manat kredit borcu üzrə silinmə həyata keçirilmiş, 43,00 manat vəsait xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu körpüsünün ərazisində, Bolmart mağazasının yaxınlığındakı bankomat vasitəsilə məxaric edilmişdir. Qeyd olunan hesaba xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 394,40 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, həmin məbləğdən eyni tarixdə 238,15 manat və 111,21 manat, xx.xx.2020-ci il tarixdə də 45,04 məbləğində kredit borcu üzrə silinmə həyata keçirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Həmin Qanunun 37.8.1-ci maddəsinin tələbinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdən sonrakı ayın 1-dən dayandırılır. Göründüyü kimi, qanunun tələbinə görə əmək pensiyaçısı vəfat etdikdə təyin edilmiş əmək pensiyası həmin gündən dayandırılır. Hazırkı işin hallarından müəyyən olunan odur ki, iddiaçı inzibati orqan Cavabdeh mərhum əri X2 vəfat etməsi haqqında məlumatın, həmçinin ölümü haqqında şəhadətnamənin vaxtında Mərkəzi Filiala təqdim edilməməsi səbəbindən dəfn üçün hesablanmış 200 manat məbləğində minimum əmək haqqının 3 misli qədəri, 600 manat məbləğ mərhumun hesabına ödənilmiş 828,24 manatdan çıxılaraq, qalan 228,24 manat artıq ödənilmiş məbləğin qaytarılmasını tələb edir. İddiaçı inzibati orqan qeyd olunan bütün vəsaitin cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" ASC-dən alınmış çıxarışda xx.xx.2020xx.xx.2020-ci il tarixləri arasında kredit üzrə silinmələr aparıldıqdan sonra, cavabdeh tərəfindən mərhumun kart hesabından xx.xx.2020-ci il tarixdə 48,0 manat, xx.xx.2020-ci il tarixdə 43,0 manat, ümumilikdə 91 (doxsan bir) manat vəsaitin məxaric edildiyi, qalan vəsaitin kredit borcu üzrə silindiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh ərinin pensiya kartına köçürülmüş məbləğdən 91 manat məbləği özünün xərclədiyini etiraf etmişdir. Göründüyü kimi, artıq ödənilmiş vəsaitin 91 manat hissəsinin cavabdeh tərəfindən məxaric olunduğu təsdiq tapır. Odur ki, iddia həmin hissədə əsaslıdır. Lakin yerdə qalan 137,24 manat artıq ödənilmiş vəsaitin Cavabdeh tərəfindən çıxarılmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. İddiaçının göstərdiyi faktiki hallar (cavabdehin dəfn pulu üçün müraciət etməsi və s.) isə hazırkı iddianın tam təmin edilməsinə əsas vermir. Belə olan halda, sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı inzibati orqan tələb olunan vəsaitin cavabdeh tərəfindən tam şəkildə alınmasını təsdiq edən dəlilləri məhkəməyə təqdim edə bilmədiyindən və məhkəmənin bu istiqamətdə apardığı araşdırma ilə də buna dair sübutlar əldə edilmədiyindən iddia qismən, yəni tələb olunan artıq ödənilmiş 228,24 manat dövlət vəsaitinin 91 manat hissəsi (48 manat + 43 manat =91 manat) Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Artıq ödənilmiş 228,24 manat dövlət vəsaitinin 91,00 manat hissəsi Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar