Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1771/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.02.2021-ci il tarixli, 042 əç əmrin qanunsuz olduğuna görə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə müraciət edərək 20.02.2021-ci il tarixli, 037 əç əmr qanunsuz olduğuna görə ləğv edilməsi və onun N nömrəli hərbi hissədə kadrlar bölməsinin operatoru vəzifəsinə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı bildirir ki, onun aşpaz vəzifəsində keçirilməsi barədə əmr qəbul edilsə də, o, həmin vəzifəyə təyin edilərkən bu vəzifəyə uyğun heç bir hazırlıq kursuna cəlb edilməmişdir. Bundan başqa, iddiaçının aşpaz vəzifəsinə təyinedilməsinin əsas səbəbi onun başqa hərbi hissəyə xidmət yerinin dəyişdirilməsi barədə raport yazması cıxış edir. Məhz bu raport yazıldıqdan sonra hərbi hissə komandiri tərəfindən qərəzli mövqe tutmağı başlanılmış və sonunda müqavilə müddəti tam başa çatmadan ordu sıralarından qanunsuz tərxis edilməsinə səbəb olmuşdur. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini (ərizə verilmədən əvvəlki tələbi) etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı ilə həqiqi hərbi xidmətdən qarşıdaki buraxılışı haqqında iki fərdi söhbət aparılmış, 26.02.2021-ci il tarixdə aparılmış ikinci söhbət zamanı o, qeyd olunan Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunduğu barədə xəbərdar olmuş, iddiaçı ilə axrincı haqqhesab 05.03.2021-ci il tarixdə aparılmışdır. O, 29.03.2021-ci il tarixdə hərbi qeydiyyata götürülmüşdür. Göründüyü kimi iddiaçının əmri mübahisələndirmək üçün bir neçə əsası olsa da, iddiaçı bunu etməmiş və nəzərdə tutulmuş prosessual ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflər fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili müddətin bərpası ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Qeyd olunmalıdır ki, “təqdim olunma” və “elan olunma” ilə bağlı bu mövqeyi Ali Məhkəmə tərəfindən baxılan bir çox oxşar mübahisələrdən formalaşmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi 20.02.2021-ci il tarixli əmrlə o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə müvafiq olaraq (aşağı vəzifəyə) N nömrəli hərbi hissənin artilleriya divizionunun madditexniki təminat taqımının təsərrüfat manqasının aşpaz vəzifəsinə keçirilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iş materiallarında iddiaçıya sözügedən əmrin hansı tarixdə təqdim olunması ilə bağlı məlumat olmasa da, onun mübahisələndirilən əmrin mövcudluğundan xəbərdar olmasını təsdiq edən bir neçə hal mövcuddur:
1. Əmrin elan edilmə tarixi;
2. Söhbət vərəqəsində “Bəli bilirəm” qeydlərinin olması;
3. Hərbi biletdə olan qeydlərin oması; Məhkəmə ilkin olaraq birinci hala münasibətdə bildirir ki, hərbi qulluqçularının ehtiyata və ya istefaya buraxılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müddəaları ilə tənzimlənir. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: -34.4. Hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun: - 44. İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması haqqında qərarı əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Müvafiq quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilir. -81 (q). Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən hərbi qulluqçular yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilə bilərlər. İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X2 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Hərbi qulluqçuların müvafiq heyətlərinin şərəf məhkəməsinin vəsatəti ilə aşağı vəzifəyə təyin edilməsi və iş həcmi az olan vəzifələrə keçirilməsi elə həmin rəislər tərəfindən yerinə yetirilir. -162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Nəzərə alınmalıdır ki, hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə şərəf məhkəməsində baxılır ki, şərəf məhkəməsinin vəsatəti əsasında hərbi qulluqçunun ehtiyata buraxılması mümkündür. Təhlil olunan normaların məzmununa gəldikdə isə görünür ki, qanunvericilik Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsini “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulmuş hallarda həyata keçirir ki, intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən hərbi qulluqçular yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilə bilərlər. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuya növbəti hərbi rütbə verilməsi ilə bağlı təqdimatın təxirə salınması haqqında qərarı və bu qərarın qəbul edilməsinə əsas olan səbəb hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Həmçinin, hərbi qulluqçu ehtiyata buraxılarkən də onunla müvafiq söhbət aparılır və aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. İş materiallarında olan ikinci söhbət vərəqəsindən görünür ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı ilə N nömrəli hərbi hissənin komandiri - polkovnik tərəfindən söhbət aparılmış, iddiaçı intizamsızlıqlara görə 12.01.2021-ci il, 29.01.2021-ci il və 08.02.2021-ci il tarixlərdə üç “şiddətli töhmət” intizam cəzalarını alması və 20.02.2021-ci il tarixdə intizam cəzası qaydasında aşağı vəzifəyə keçirilməsinə münasibətdə “Bəli, bilirəm” ifadələrini bildirmiş, bununla da mübahisələndirdiyi əmrdən və aşağı vəzifəyə keçirilməsində xəbərdar olduğunu təsdiq etmişdir. Hətta, məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçı tərəfindən verilmiş “Bəli, bilirəm” ifadələri də mübahisələndirilməmişdir. Digər tərəfdən məhkəmə bildirir ki, iddiaçının aşağı vəzifəyə keçirilərək aşpaz vəzifəsində işləməsi ilə bağlı məlumatlar hərbi biletinin 11-ci qrafasında (Həqiqi hərbi xidmət keçməsi) göstərilmişdir. Ən əsası isə iddiaçı 20.02.2021-ci il tarixdən sonra artıq N nömrəli hərbi hissədə kadrlar bölməsinin operatoru vəzifəsinin funksiyalarını deyil, məhz aşpaz vəzifəsinin funksiyalarını icra edərkən artıq aşağı vəzifəyə keçirilməsindən məlumatlı olmuşdur. Həmçinin, iddiaçı ehtiyata buraxıldıqdan, haqq-hesab aldıqdan, hətta hərbi qeydiyyata götürüldükdən sonra belə əmrləri mübahisələndirməmiş, yalnız əmrlərin elan edilmə tarixlərdən 7 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Ayrı-ayrılıqda göstərilən hər bir hal üzrə aparılmış təhlil ona dəlalət edir ki, iddiaçıya inzibati akt olaraq əmr özü təqdim olunmasa da, aşağı vəzifəyə keçirilməsi barədə rəsmi məlumat daşıyıcısı (söhbət vərəqəsi, hərbi bilet) verilmişdi və həmin məlumat daşıyıcıları məzmununa etimad göstəriləcək dərəcədə mötəbər idi. Başqa sözlə, iddiaçı sözügedən əmri mübahisələndirmək üçün kifayətedici imkanlara malik idi. İşin bu halında, yalnız inzibati aktın təqdim olunmaması və elan edilməməsinə istinadən iddia müddətinin ötürülmədiyi barədə nəticəyə gəlmək, həmin normaların tətbiqində ifrat formallığa yol verilməsi olardı. Buna görə də məhkəmə əmrin ləğv olunması tələbləri üzrə iddianın mümkün sayılmaması barədə nəticəyə gəlir. Əlavə olaraq nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəməsinin təcrübəsinə görə hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması ilə bağlı yaranmış mübahisələrdə müddət ilə bağlı şərtin ödənilib-ödənilməməsi yoxlanarkən, təkcə mübahisıləndirilən əmrin iddiaçıya hansı tarixdə təqdim olunmasına qiymət verilmir, mühüm olaraq şəxsin əmrin mövcudluğundan xəbərdar olduğunu təsdiq edən mötəbər məlumat daşıyıcılarının olmasıda qiymətləndirilir. (2-1(102)1809/2020)) Digər oxşar iş kimi isə məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-495/2022 saylı, 23.02.2022-ci il tarixli qərarını da əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçı barəsində qəbul edilmiş 25 yanvar 2017-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları),onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.” Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqqhesab sənədlərinin təqdim edildiyi gün də hesab olunmalıdır. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının nümayəndəsinin və vəkilinə diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçının nümayəndəsi müddətin bərpası ilə bağlı ərizəsinin müzakirəsi aparılmışdır. Belə ki, hazırkı halda əmrin mübahisələndirilməsi ilə bağlı müddətin ötürülməsi aşkardır ki, iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas qismində iddiaçının müddət bərpa barədə ərizə verilməsi ilə əlaqədar ola bilər. İddiaçının nümayəndəsi və vəkili də həmin ərizə ilə məhkəməyə müraciət etmişdir ki, iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan əmr barədə iddiaçı qəbul edildiyi tarixdə məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçı həmin iddia müddətini ötürmüşdür, lakin müddətin buraxılmasına səbəb olmuş halları hüquq müdafiə vasitələri barədə əmrdə məlumat olmaması və ona əmr barədə yazılı məlumat əks edilməməsi əlaqələndirsə də, məhkəmə həmin əsasları ərizənin bərpası üçün yetərli əsas hesab etmir. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb təqsirin olmaması ilə bağlıdır ki, əmrin mütləq qaydada yazılı formada iddiaçıya təqdim edilməməsi və hüquq müdafiə vasitəsi barədə məlumatın qeyd edilməməsi təqsirlə bağlı vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Əmrin mütləq qaydada rəsmi olaraq təqdim edilməməsinə münasibətdə yuxarıda qeyd edildiyi kimi əmrin mütləq qaydada rəsmi olaraq yazılı formada təqdim edilməsi nəzərdə tutulmamışdır. Əksinə hərbi sahəni əhatə edən qanunvericiliklə əmrlərin elan edilməsi ilə bağlı kifayət sayda normalar isə mövcuddur. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun:
115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur.
138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir.
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir. Attestasiya komissiyasının heyəti (tutduqları vəzifələrə görə) müvafiq hərbi hissə komandirinin əmri ilə elan edilir. Göründüyü kimi hərbi qulluqla bağlı işin xüsusiyyətləri nəzərə alınmaqla hərbi qanunvericiliklə hərbi qulluqçularla bağlı əmrlərin onlara rəsmi qaydada təqdim edilməsi əvəzinə elan olunması ilə bağlı xüsusi qaydalar müəyyən edilmişdir ki, nəinki vəzifə dəyişikliyi hətta yuxarıda göstərilən Əsasnamənin 165-ci maddəsi ilə ehtiyata və ya istifadəyə buraxılma barədə əmrin də rəsmi qaydada yazılı formada təqdim edilməsi nəzərdə tutulmamış, elan edilməsi qaydası müəyyən edilmişdir. Təqsirin mövcudluğuna münasibətdə hüquq müdafiə vasitəsi barədə məlumatın qeyd edilməməsinə də məhkəmə əlaqəsiz hesab edir. Belə ki, hüquq və onu əsasını təşkil edən maddi və prosessual hüquq normalarının ümumiqəbul olunmuş tələbi odur ki, şəxs öz hüquq və mənafelərini, həmçinin də vəzifələrini və məsuliyyətini bilir və ya bilməlidir. Necə ki, şəxs Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilən cinayəti törədərkən həmin əməlin cinayət olması ilə bağlı cinayət qanunun tələbini bilməməsinə istinad edə bilmərsə, hazırkı vəziyyətdə də qanunun bilinməməsinə münasibətdə təqsirlə bağlı heç bir fərqlilik mövcud deyil. Belə ki, şəxs hüquq müdafiə vasitələri mövcud olmasa belə mübahisələndirmə ilə bağlı 30 günlük müddətlə bağlı şərti bilirdi və ya bilməli idi. Bunu bilməmə təqsiri istisna edən hal hesab edilmir. Təqsiri istisna edən hal yoxdursa, deməli təqsir mövcuddur. Təqsir mövcuddursa, deməli müddətin bərpa əsasının mövcudluğundan, beləliklə də iddianın mümkünlüyündən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə 31.03.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə 03.11.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə 20.10.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməməli iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həsənov Orxan