Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1772/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X9) “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X8 bağlar sahəsindəki 226 saylı kooperativ tərəfindən 25 dekabr 1992-ci il tarixdə verilmiş orderə və İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-ci il tarixli 2217 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 226 saylı MTK nəznində 0,12 ha torpaq sahəsindən ibarət 5756 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, Ləhiş bağlar sahəsində 226 saylı MTK nəznində 0,12 ha torpaq sahəsindən ibarət 5756 saylı bağ sahəsinin ona ayrılmasını təsdiq edən sərəncam və order mövcud olduğundan, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranır. İddiaçı sözügedən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən torpaq sahəsi iddiaçının istifadəsində deyil. xx.xx.2005-ci il tarixli iddiaçının ərizəsi nəzərə alınaraq 226 saylı BTK nəznində ona ayrılmış torpaq sahəsinin digər fiziki şəxsə (X3) ayrılmasına dair X1 və İstismarı Birliyi tərəfindən 36317 nömrəli müqavilə bağlanılmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, iddia olunan sahə digər fiziki şəxs tərəfindən hasarlanmış ümumi ərazi daxilində yerləşir. Ümumi ərazidə digər fiziki şəxs tərəfindən 1 mərtəbəli yarımçıq bağ evi inşa olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi iddia tələbinə münasibətdə təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edir və bu halı bağ sahəsinin ayrılmasını təsdiq edən sərəncamın, eyni zamanda həmin sərəncamın əsasında verilmiş orderin mövcudluğu ilə əsaslandırır. İddiaçı tərəfindən təqdim olunmuş orderin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-ci il tarixli, 2217 №-li qərarına əsasən Ləhiş bağlar sahəsində 226 №-li BTK nəznində 0,12 ha sahəsi olan 5756 nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən təqdim olunmuş həmin order aşkar olunmasa da, həmin orderin verilməsinə əsas olan Bakı şəhər İcraiyyə Komitəsinin 25 dekabr 1992-ci il tarixli, 2217 №-li qərar Bakı şəhər İcra Hakimiyyətinin arxvində saxlanılmışdır. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sərəncam - “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə görə hüquqmüəyyənedici sənəd hesab olunur. Nəzərə alınmalıdır ki, hazırki mərhələdə həmin sərəncamın mövcudluğu iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas vermir. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş bağ sahəsinə dair sənədlər toplusundan görünür ki, Ləhiş bağlar sahəsində 226 №-li BTK nəznində 0,12 ha sahəsi olan 5756 nömrəli bağ sahəsi İddiaçı ayrılmış, daha sonra iddiaçı ailə üzvləri (X6, X7, X10) ilə birlikdə razılıq ərizələri təqdim edərək İddiaçı adına 226 saylı BTK-a tərkibində keçirilmiş bağ sahəsinin X4 adına keçirilməsinə etirazlarının olmadığını bildirmişdirlər. Notarial qaydada təsdiq olunmuş razılıq ərizələrinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyinin müvafiq protokolu ilə Ləhiş bağ massivində olan 5756 №-li bağ sahəsi X4 adına keçirilmiş və onunla müqavilə bağlanılmışdır. Göründüyü kimi hər nə qədər iddiaçı bağ sahəsinə münasibətdə hüquqların olduğunu iddia etsə də, o, ailə üzvləri ilə birlikdə həmin bağ sahəsinin X4 adına keçirilməsi ilə bağlı razılıq ərizələrini verdiyi zaman hüquqlarından imtina etmiş, hüquqların digər fiziki şəxsə keçməsində öz iradə ifadəsini nümayiş etdirmişdir. Məhkəmə, “Bakı şəhərində icarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşların növbəyə götürülmələri və bağ sahələri ilə təmin edilmələri barədə” Əsasnamənin müddəalarını nəzərdən keçirilməsini zəruri hesab edir. Həmin Əsasnamənin:
1. İcarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X1 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə təqdim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokollarda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Bağ növbəsinə götürülmələrindən ötrü vətəndaşlar Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədləri təqdim edirlər: -X1 və istismarı birliyinə yazılmış ərizə; -Yaşayış yerindən 2 №-li forma arayışı; -İş yerindən arayış. 3.1. Qanuni bağ sahələrinin bir hissəsini və ya bütünlüklə ailə üzvlərinin, yaxud qohumlarının adlarına keçirmək istəyən vətəndaşların sənədlərinə Bağlar təsərrüfatı birliyinin komissiyasında baxılır və müvafiq Protokol imzalanır. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: -qanuni bağ sahəsi olan vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin təsdiq olunmuş qaydada rəsmi razılıqları; -qanuni istifadəsində olan bağ sahəsinin sənədinin əsli; -bağ sahəsinin bir hissəsini və ya bütünlüklə adına sənədləşdirmək istəyən vətəndaşın ərizəsi; -yaşayış yerindən 2 №-li Forma arayışı; -iş yerindən arayış; -ailə üzvü olduğunu yaxud qohumluq əlaqələrini təsdiq edən sənədlərin surəti və ya kserosurəti. 3.2. Qanuni bağ sahələrinin bir hissəsini, ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda bütünlüklə kənar şəxslərin adlarına keçirmək istəyən vətəndaşların sənədlərinə Bakı şəhər İcra hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılır və müvafiq Sərəncam qəbul edilir. Bunun üçün Bağlar təsərrüfatı birliyinə aşağıda qeyd olunan sənədlər təqdim edilir: -qanuni bağ sahəsi olan vətəndaşın və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin təsdiq olunmuş qaydada rəsmi razılıqları; -qanuni istifadəsində olan bağ sahəsinin sənədinin əsli; -bağ sahəsinin bir hissəsini, ümumi torpaq sahəsi 0,12 hektara qədər olduqda bütünlüklə adına sənədləşdirmək istəyən vətəndaşın ərizəsi; -yaşayış yerindən 2 №-li Forma arayışı; -iş yerindən arayış; -bağlar təsərrüfatı birliyində bağ növbəsinə dayanması barədə arayış/ sənədləşdirmədə bağ növbəsinə dayanma tarixi nəzərə alınmır. Bəhs edilən normative hüquqi aktın tələblərinə görə icarəyə, bağ-tikinti kooperativlərinin və bağçılıq yoldaşlıqlarının tərkibində bağ sahəsi götürmək istəyən vətəndaşlar X1 və istismarı birliyində növbəyə götürülürlər. Bu məqsədlə Bağlar təsərrüfatı birliyinin nəzdində komissiya təşkil olunur. Komissiya vətəndaşlar tərəfindən Birliyə təqdim olunmuş sənədlərə baxır və vətəndaşların bağ növbəsinə götürülmələri barədə müvafiq Protokol imzalayır. Protokol imzalanan vaxtdan həmin protokollarda qeyd edilmiş vətəndaşlar bağ növbəsinə götürülmüş hesab edilirlər. Nəzərə alınmalıdır ki, Əsasnamədə qanuni bağ sahələrinin bir hissəsini və ya bütünlüklə ailə üzvlərinin, yaxud qohumlarının, yaxud da kənar şəxslərin adlarına keçirmək istəyən vətəndaşların müraciətlərinə baxılması qaydası müəyyən edilmiş, sənədlərin əhatə dairəsi fərqləndirilmişdir ki, kənar şəxsə adına bağ sahəsinin verilməsi ilə bağlı müraciətə baxılması Bakı şəhər İcra hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən müvafiq Sərəncam qəbul edilməklə həyata keçirilirdi. Hazırki iş üzrə təqdim olunmuş sənədlərdən isə görünür ki, iddiaçı qanuni istifadəsində olan bağ sahəsinin digər fiziki şəxsin adına keçirilməsi ilə bağlı razılıq ərizəsi vermiş, iddiaçının ailə üzvləri bu hala etiraz etməmiş, həmin müraciətə Bakı şəhər İcra hakimiyyəti aparatının nəzdində təşkil olunmuş komissiya tərəfindən baxılmış və xx.xx.2005-ci il tarixli Sərəncam ilə müvafiq protokol təsdiq edilmişdir ki, həmin protokola görə iddia olunan bağ sahəsi X5 ayrılmışdır. Göründüyü kimi iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsi üzərində ilkin olaraq hüquqmüəyyənedici sənədə malik olsa da, daha sonra o, öz hüquqlarından imtina etmiş və bağ sahəsinə dair yaranmış hüquqların digər fiziki şəxsin adına keçirilməsində öz iradə ifadəsini (razılıq ərizələrinə əsasən) nümayiş etdirmişdir. İddiaçı həmin razılıq ərizələrinin hüquqi əsasının olmadığını, ona verilmiş sərəncamın qüvvədə olmasına istinad etsə də, məhkəmə bildirir ki, iddiaçının razılıq ərizəsi əsasında digər şəxsin adına verilmiş hüquqmüəyyənedici sənədlər ləğv edilmədiyi və öz qüvvəsini saxladığı təqdirdə, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatından söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, cavabdeh yuxarıda adıçəkilən Qanunun 15.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından əsaslı olaraq imtina etmişdir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov