Məhkəmə qərarları › İş №2-1(112)-1772/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1772/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1772/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin sənədlərinin əldə edilməsi və yerinin müəyyən edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya ayrılan bağ sahəsinin sənədlərinin əldə edilməsi, yerinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə 48 saylı məktəbin kollektivinə Xəzər rayonu ərazisində Türkan qəsəbəsində bağçılıq-yoldaşlıq üzvlərinə bağ sahəsi ayrılmışdır. İddiaçı ona ayrılmış bağ sahəsini müəyyən etmək üçün cavabdehə müraciət etmiş, çünki bağ sahəsinin yerini itirmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab verilərək sənədlərin olmadığı bildirilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan başqa qeyd edilən torpaq sahəsinin iddiaçının istifadəsində olmadığından idarənin mütəxəssislərinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılamsına şərait yaradılmamışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o 48 saylı məktəbdə müəllim işləmişdir. 1987-ci il tarixində məktəb kollektivinə bağ sahələri ayrılıb. Həmin sahələrin yeri onlara ümumi şəkildə göstərilib. Lakin, həmin işlə bağlı məsul şəxs onlara bildirib ki, torpaq sahələri ayrılıb hər kəsin sahəsi təhvil veriləcək. O, həmin işlə maraqlanmayıb. Sonradan isə ona ayrılmış bağ sahəsinin yerini müəyyən edə bilməyib. Hazırda məqsəsi ona ayrılmış bağ sahəsinin yerini müəyyən edərək sənədləşməni həyata keçirməkdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, onun hüquqi marağının bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi olduğu izah edilmiş, iddia tələbinin inzibati məhkəmə icraatında baxılan iddiaya uyğun dəqiqləşdirilməsi təklif edilmiş, əks təqdirdə iddianın mümkünlük məsələsinə baxılacağı bildirilmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirməkdən imtina edərək hesab etmişdir ki, öncə ona məxsus torpaq sahəsinin yeri müəyyən edilməli, bundan sonra isə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir (1.1). DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək (2.0). Hazırkı iş üzrə sübutlarla müəyyən edilir ki, Bakı şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1987-ci il tarixli qərarı ilə 48 nömrəli orta məktəbin kollektivindən ibarət bağçılıq yoldaşlığı cəmiyyətinin yaradılması qərara alınmışdır. Həmin cəmiyyətin üzvləri sırasında iddiaçının da adı vardır. Lakin, iddiaçı ona ayrılmış bağ sahəsinin yerini bilmədiyini və həmin bağ sahəsinin sənədlərinin əldə edilməsi və yerinin müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Göründüyü kimi, torpaq sahəsini yerinin müəyyən edilməsi qanunvericiliklə cavabdehin fəaliyyət istiqamətlərinə aid edilməmişdir. Eyni zamanda iddiaçı yalnız 48 nömrəli orta məktəbin kollektivindən ibarət bağçılıq yoldaşlığı cəmiyyətinin üzvləri sırasında onun da adının olmasına əsaslanmış, ona ayrılmış torpaq sahəsinin nömrəsi, yerləşmə ərazisi və koordinatları barədə hər hansı sənəd təqdim edə bilməmişdir. Aparılmış məhkəmə araşdırması zamanı da belə bir sənəd aşkar edilməmişdir. Bu isə o deməkdir ki, hazırkı iş üzrə cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqlarına müdaxilə baş verməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, hazırkı iş üzrə cavabdeh iddiaya cavab verməli orqan olmadığından iddia mümkün deyildir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin sənədlərinin əldə edilməsi və yerinin müəyyən edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar