Məhkəmə qərarları › İş №2-1(112)-1773/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1773/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1773/2022 02.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs X13) qarşı “şəhid ailəsi kimi ödənilən təqaüdün tam verilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək şəhid oğluna görə ödənilən təqaüdü tam pay şəklində ona təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********4 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən iddiaçıya xx.xx.2020-ci il tarixində şəhid X5 görə şəhid ailələrinə verilən Prezident təqaüdü təyin edilib və ödənilir. İddiaçının keçmiş əri X7 itkin düşmüş elan edilməsi və ya ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından şəhid ailələrinə verilən Prezident təqaüdünün tam məbləğdə iddiaçıya verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, şəhid ailələri üçün 500 manat Azərbaycan Respublikası Prezident təqaüdünün tək vərəsə kimi iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, X13 ilə xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Mehdiyev İsmayıl adlı bir uşaqları doğulmuşdur. Aralarında baş verən narazılıqlar nəticəsində Zəngilan Rayon Məhkəməsinin xx.xx.2004cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq iddiaçının yanında saxlanılmışdır. xx.xx.2013-cü il tarixli qətnaməyə əsasən X6 xx.xx.2002-ci il tarixdə doğulan X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2013-cü il tarixdən etibarən hər ay 87 manat sabit məbləğdə aliment tutularaq iddiaçıya ödənilməsi nəzərdə tutulmuşdur. X3 uşaq doğulandan hazırkı vaxta kimi uşağın saxlanmasında nə mənəvi, nə də maddi cəhətdən iddiaçıya köməklik göstərmişdir. İddiaçı bu barədə dəfələrlə ona bildirsə də, o, qəti olaraq bundan imtina etmişdir. Uşağın saxlanması üçün aliment ödəmədiyinə görə Saatlı rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarışa verilməsi barədə tədbirlər görülmüşdür. David Mehdiyev bu günə kimi uşağın saxlanması üçün aliment ödəmədiyinə görə hazırkı vaxta iddiaçıya 8265 manat aliment borcu yığılmışdır. O, hazırda Azərbaycanda yaşamır, Türkiyədə yaşayır. İddiaçının övladı 2-ci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli fərmanına əsasən şəhidin vərəsəsi kimi 11000 manat birdəfəlik ödəməni iddiaçı almışdır. Həmçinin hər şəhidə görə 500 manat məbləğində “şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü” verilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə həmin məbləği də şəhidin tək vərəsəsi kimi almaq istəsə də, cavabdeh iddiaçıya imtina cavabı vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8988/2021 saylı qərardadı ilə X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh iddia ərizəsinə dair xx.xx.2021-ci il tarixli, **********9 saylı iddiaya etirazı məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, İddiaçı övladı X8 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və mövcud qanunvericiliyin tələblərinə əsasən şəhid hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il 493 nömrəli Fərmanına əsasən iddiaçıya şəhid övladı X5 görə şəhid ailələrinə verilən Prezident təqaüdü yarıya bölünərək təyin edilmiş və ödənilməkdədir. İddiaçının keçmiş həyat yoldaşı X7 itkin düşmüş və ya ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu təqdirdə şəhid ailələrinə verilən Prezident təqaüdünün tam məbləğdə tək vərəsə kimi iddiaçıya ödənilməsi qanunamüvafiq olardı. Mehdiyev Davidin itkin düşmüş və ya ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığından, eləcə də iddiaçı ilə aralarındakı nikaha xitam verilmiş olsa da, valideynlik hüququndan məhrum edilmədiyinə və hal-hazırda ailə üzvü sayıldığına görə iddiaçıya şəhid ailələrinə verilən Prezident təqaüdünün tam məbləğdə ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Üçüncü şəxs iddiaya etirazında göstərmişdir ki, iddiaçı nəzərə almamışdır ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, mirasqoyanın atası vardır, yəni üçüncü şəxs ölməmişdir. Üçüncü şəxs miras əmlakdan imtina barədə ərizə ilə notariat ofisinə müraciət etməmiş, valideynlik hüquqlarından məhrum edilməmiş və qanun üzrə vərəsə ola bilməməsi kimi bir hal məhkəmə tərəfindən təsdiq edilməmişdir. İddiaçı onun adına verilmiş miras əmlakdan tam hissədə pay alması barədə xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-22 nömrəsi ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə istinad edir. Həmin şəhadətnamənin ləğv edilməsi və iddiaçıdan 5500 manat sığorta ödənişinin alınıb ona verilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Üçüncü şəxs valideyn olaraq mirasqoyan X4 qanun üzrə vərəsəsidir. Ən başlıcası isə dövlət onu Şəhid ailəsinin üzvü kimi tanımış, qəbul etmiş və onun bu statusunu təsdiq edən müvafiq vəsiqə ilə təmin etmişdir. Buna görə də iddia tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə, tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdən görünür ki, X9 xx.xx.2002-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuşdur. Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən bu barədə xx.xx.2002-ci il tarixdə 22 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Akt qeydində İ.Mehdiyevin atası kimi X13, anası kimi X2 göstərilmişdir. Zəngilan rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 50 saylı ölüm akt qeydinə əsasən X4 ölümü qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon Bölməsinin xx.xx.2020-ci il tarixli, 579 nömrəli arayışdan görünür ki, mərhum əsgər X8 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının qanununun, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarının 1.2.6-cı yarımbəndinə əsasən mərhum əsgər X4 anası İddiaçı “Şəhid ailəsi” statusuna malikdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə 003827 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. Üçüncü şəxs X10 xx.xx.2021-ci il tarixdə 002272 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsi verilmişdir. İşdə olan elektron sistemdən çıxarışlardan görünür ki, iddiaçı və üçüncü şəxsin hər birinə xx.xx.2020-ci il tarixdən şəhid ailəsi üzvü kimi 250 manat olmaqla, cəmi 500 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. İddiaçı hazırda həmin təqaüdün tam məbləğdə ona verilməsini xahiş edir. Bu zaman tələbinin faktiki əsası kimi üçüncü şəxslə boşanmasına və üçüncü şəxs D.Mehdiyevin aliment ödəməməsinə istinad edir. Məhkəmə qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 500 (beş yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Fərmanın 2-ci hissəsi ilə həmin Fərmanın 1-ci bəndi ilə təsis edilən təqaüdün hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, şəhid ailəsi üzvlərinin sayına bərabər bölünməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməsi müəyyən edilmişdir. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunması və ödənilməsi Qaydaları"na əsasən:

2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.

5. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir.

6. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" hər bir şəhidə görə təyin edilir və ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

8. Müraciət müddətindən asılı olmayaraq, "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" onu almaq hüququ yarandığı gündən təyin edilir. İstinad olunan normalardan görünür ki, “Şəhid ailəsi üçün “Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin valideynlərinə ödənilir. Bu zaman tələb olunan yeganə sənəd şəhidlə qohumluğa dair sənəd və şəhid ailəsi üzvünün vəsiqəsidir ki, bu sənədlər üçüncü şəxsdə mövcud olmuş, cavabdeh buna əsasən D.Mehdiyevə təqaüd ödəmişdir. İddiaçının istinad etdiyi hallara gəldikdə, işdən görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə iddiaçı ilə üçüncü şəxs arasında xx.xx.1998-ci ildə Saatlı rayon Bayramlı kənd inzibati ərazi sahəsində qeydə alınmış nikah pozulmuşdur. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(034)-88/2013 saylı qətnaməsi ilə üçüncü şəxsdən xx.xx.2002-ci il tarixdə doğulan X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2013-cü il tarixdən etibarən hər ay 87 manat məbləğində sabit alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Republikası Ədliyyə Nazirliyi Saatlı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 8010/2011-69-5 nömrəli məktubundan görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(034)-88/2013 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən üçüncü şəxsdən xx.xx.2013-cü il tarixdən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 87 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2013-cü il tarixdə Saatlı rayon icra şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra səndinin icrası ilə bağlı icra məmuru tərəfindən üçüncü şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı və gəlirləri aşkar edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, üçüncü şəxs uzun müddət həbsdə olmuş və hal-hazırda isə ölkə ərazisindən kənarda yaşayır. Belə ki, Əhmədbəyli kənd İnzibati ərazi dairəsinin xx.xx.2021-ci il tarixli, 01 nömrəli Arayışından da məlum olmuşdur ki, üçüncü şəxs uzun müddət həbsdə olmuş və hal-hazırda ölkə ərazisindən kənarda yaşayır. Üçüncü şəxs ailment ödənişi etməmişdir, hazırda 8265 manat ödənilməmiş aliment borcu qalmaqdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Göründüyü kimi, valideynlər arasında olan nikaha xitam verilməsi şəxsin tək valideynli hesab edilməsi üçün əsas deyildir. Üçüncü şəxsin aliment ödəməməsinə gəldikdə, doğrudur, Ailə Məcəlləsinin 64.0.2-ci maddəsinə əsasən alimenti qəsdən ödənilməməsi valideynin valideynlik hüquqlarından məhrum edilməsi üçün əsasdır. Lakin həmin Məcəllənin 65.1-ci madəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Hazırkı işdə şəhid İ.Mehdiyevin atası olan üçüncü şəxsin valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmə qərarı, habelə onun ölməsi və ya məhkəmə qaydasında ölmüş elan edilməsi barədə hər hansı bir sübut mövcud deyil. İddiaçının istinad etdiyi Zəngilan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(034)- 340/2021 saylı qətnaməsinə gəldikdə, həmin qətnamədən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı və üçüncu şəxs Abşeron rayon 2 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsinə və İddiaçı X10 qarşı “X7 23 yanvar 2002-ci il tarixdə doğulan və 07 noyabr 2020ci il tarixdə şəhid olan X4 vərəsəsi olmaq hüquqlarından mərhum olmasına dair” qarşılıqlı iddia ərizəsinə baxılmış və ilkin iddia ərizəsi təmin olunmamış, İddiaçı X10 qarşı “X7 23 yanvar 2002-ci il tarixdə doğulan və 07 noyabr 2020-ci il tarixdə şəhid olan X4 vərəsəsi olmaq hüquqlarından mərhum olmasına dair” qarşılıqlı iddia ərizəsi təmin olunmaqla X13 xx.xx.2002-ci il tarixdə anadan olmuş və xx.xx.2020-ci il tarixdə şəhid olmuş X4 vərəsəsi olmaq hüquqlarından mərhum olunmuşdur. Görünüyü kimi, məhkəmənin bu qərarı vərəsəliklə bağlı olmuş, iddiaçının hazırkı tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı isə "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün verilməsini vərəsəliklə bağlı etməmiş, vərəsə olub olmamasından asılı olmayaraq təqaüdün şəhidin ailə üzvünə, hazırkı halda valideyninə ödənilməsini nəzərdə tutmuş, üçüncü şəxs D.Mehdiyev şəhid ailəsi üzvü kimi 002272 saylı vəsiqəyə malik olmuş və buna uyğun olaraq ona müvafiq ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının tələbinin təmin olunmasınə istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar