Məhkəmə qərarları › İş №2-1(112)-1773/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1773/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1773/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil X2, üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı Şəhər İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və X8 verilmiş xx.xx.2021-ci il tarixli, RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamının 2.20-ci bəndinin – X8 1141t saylı bağ sahəsinin ayrılması hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 23929 saylı, xx.xx.2004-cü il tarixli müqviləsinə əsasən Pirşağı ərazisindəki 1139/t nömrəli bağ sahəsi X5 Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 120 saylı sərəncamına əsasən istifadəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək qüvvədə olmuşdur. Həmin müqaviləyə 1139/t nömrəli bağ sahəsinin sxemi əlavə olunmuşdur. Qeyd olunan sənədlər əsasında X4 vərəsəsi olan iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsinə qeyri-qanuni olaraq üçüncü şəxs çıxarış əldə edərək 1141/t saylı bağ sahəsinin ona məxsus olduğunu bildirmişdir. Belə ki, üçüncü şəxsə verilmiş xx.xx.2021-ci il tarixli, RX1007786 nömrəli çıxarışa əsasən 1141 saylı bağ sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir. Həmin çıxarışın verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamı ilə Pirşağı BTK 218 bağ №1141/t bağ sahəsi onun istifadəsinə verilmişdir. Lakin 1139/t saylı bağ sahəsinin sxemindən də göründüyü kimi 1141 saylı bağ sahəsi onunla qonşu yerləşmiş, 1141/t bağ sahəsi isə həmin sxemdə ümumiyyətlə mövcud olmamışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirdi ki, 1139 saylı bağ sahəsi ona çıxarış əsasında verilib. Üçüncü şəxsin iddia etdiyi sahə isə onun babasına sənəd üzrə məxsus olmuş sahədir. Üçüncü şəxsə həmin çıxarış əsassız verilib. Üçüncü şəxs həmin sahəyə əsassız olaraq daxil olub. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək, həmçinin bildirmişdir ki, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi iddiaçının babasına ayrılmışdır və hal-hazırda iddiaçının faktiki istifadəsindədir. Sadəcə iddiaçının babasına ayrılan torpaq sahəsinə dair çıxarış alınmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, bağ sahəsinin qanuni əsaslarla onun istifadəsində olduğunu bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. X9 ilə Azərbaycan Respublikası Bakı şəhər İcra hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi arasında bağlanmış 23929 saylı, xx.xx.2004-cü il tarixli müqaviləsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 120 saylı Sərəncamına əsasən Pirşağı ərazisindəki 0,2 hektar sahəsi olan, 1139/t nömrəli bağ sahəsi X5 istifadəsinə verilmişdir. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2021-ci il tarixli Şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi olmaqla miras əmlak olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1139 saylı bağ evini irs almışdır. Əmlak 54,9 kv.metr sahəsi olan bağ evindən və 0,12 hektar torpaq sahəsindən ibarətdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1139 nömrəli bağ sahəsi iddiaçının mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamından çıxarışdan görünür ki, Pirşağı ərazində 218 saylı BTK nəzdində 1141t saylı bağ sahəsi X8 ayrılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1141 nömrəli bağ sahəsi üçüncü şəxsin mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 18 fevral 2025-ci il tarixli məktubuna əsasən iddia olunan torpaq sahəsinə dair ortofoto görüntü məhkəməyə təqdim edilmişdir. Cavabdehin 23 iyul 2024-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı bağ sahəsinin ayrılması aşkar edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamı böyük həcmlidir və həmin sərəncama əsas olmuş sənədlər əlavə edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 iyul 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 1994-cü ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə tərəflər nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamının qismən ləğv edilməsini xahiş edir. Bu səbəbdən iddia tələbi mübahisələndirmə ilə bağlıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Belə ki, iddiaçının mübahisəli sərəncamın mövcud olmasından tərəflər arasında olan digər mübahisə gedişatında məlumatı olmuşdur. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Həmin Qanunun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı öz əksini tapmışdır. Həmin siyahıya əsasən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan sənədlər aşağıdakılardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.); 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.); 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr (8.0.12.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 2.7-ci bəndində “yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” öz əksini tapmışdır. Öncə qeyd edilməlidir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1139 nömrəli bağ sahəsi xx.xx.2021-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Həmin bağ sahəsi iddiaçının atası X3 iddiaçıya vərəsəlik qaydasında keçmişdir. Bağ sahəsi 0,12 hektar təşkil edir. X5 isə həmin bağ sahəsi Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən verilmişdir. Həmin müqaviləyə nəzər yetirdikdə, müqavilədə X5 0,2 hektar torpaq sahəsinin ayrıldığı müəyyən edilir. Lakin, müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, “bağın torpaq sahəsinin ölçüsü 0,12 hektardan artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 nömrəli Qərarına əsasən). Müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, “1988-ci ilədək istifadəsinə bağ sahəsi götürmüş vətəndaşlar üçün isə bu ölçü 0,25 hektardan artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 33/121B nömrəli Qərarına əsasən)”. Müqavilənin qeyd olunan müddəalarından görünür ki, 1988-ci ilədək ayrılmış bağ sahələrinə münasibətdə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 33/121B nömrəli Qərarı əsas götürülməklə bağ sahəsinin ümumi ölçüsü maksimum 0,25 hektar, 1988-ci ildən sonra ayrılmış bağ sahələrinə münasibətdə isə xx.xx.1988-ci il tarixli, 6/333 nömrəli Qərarı əsas götürülməklə bağ sahələrinin ümumi ölçüsü maksimum 0,12 hektar müəyyən edilmişdir. X5 bağ sahəsinin ayrılması barədə müqavilə 2004-cü ildə bağlanmışdır. Həmin müqavilənin bağlandığı dövrdə tətbiq edilən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 nömrəli Qərarına əsasən isə vətəndaşlara ayrılan bağ sahələrinin ölçüsü 0,12 hektardan artıq ola bilməzdi. xx.xx.2004cü il tarixli müqavilədə onun hansısa daha əvvəlki müqavilənin davamı olaraq bağlanması və ya X4 istifadəsində həmin müqavilə bağlanmazdan əvvəl hansısa əlavə torpaq sahəsinin mövcud olması barədə hər hansı qeyd aparılmamışdır. Bu isə X5 müqaviləyə əsasən 0,2 hektar torpaq sahəsi ayrılsa da, onun faktiki istifadəsinə 0,12 hektar torpaq sahəsi ayrıldığını göstərir. Bu səbəbdən də verilmiş çıxarışda 0,12 hektar torpaq sahəsi öz əksini tapmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçının mülkiyyətində olan bağ sahəsinin ölçüsü 0,12 hektardır. Həmin sahə iddiaçının istifadəsindədir. İddiaçı hesab edir ki, onun mülkiyyətində bundan artıq torpaq sahəsi olmalıdır. Göründüyü kimi 1141 saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamı ilə üçüncü şəxsə ayrılmışdır. İddiaçı hazırda həmin sərəncamın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (140.). “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2.). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.).Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. (68.2.). İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 1085 saylı sərəncamının onun üçün əlverişsiz nəticələrə səbəb olmasına əsaslanaraq, həmin sərəncamın ləğv edilməsini xahiş edir. Lakin, iş materialları ilə müəyyən edilir ki, həmin inzibati akt iddiaçı üçün hər hansı əlverişsiz nəticələrə səbəb olmur. Belə ki, iddiaçının mülkiyyətində olan bağ sahəsinin nömrəi 1139 olsa da, üçüncü şəxsə həmin sərəncamla 1141t saylı bağ sahəsi ayrılmışdır. İddiaçı üçüncü şəxsin mülkiyyətində olan sahənin ona məxsus sahə ilə üst-üstə düşdüyünü güman edirsə, bu zaman daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydi mübahisələndirə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş bağ sahələrinin ortofoto görüntüsündən görünür ki, 1139 və 1141 saylı bağ sahələri ayrıca bağlar olmaqla bir-biri ilə hər hansı üst-üstə düşmə halı mövcud deyildir. Yəni, üçüncü şəxsin mülkiyyətində olan bağ sahəsi iddiaçının mülkiyyətində olan bağ sahəsi ilə hər hansı hissədə üst-üstə düşmür. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir, ki iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar