Məhkəmə qərarları › İş №2-1(112)-1774/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1774/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1774/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5) qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 28 nömrəli, xx.xx.1998-ci il tarixli protokoluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 17-ci Cənub küçəsində yerləşən, ümumilikdə 1000 kv.m. ərazisi olan iddiaçıya ayrılmış 306 və 308 nömrəli bağ sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 28 nömrəli, xx.xx.1998-ci il tarixli protokoluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 17-ci Cənub küçəsində yerləşən, ümumilikdə 1000 kv.m. ərazisi olan iddiaçıya ayrılmış 306 və 308 nömrəli bağ sahələrinin 970 kv.m. sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, hazırda iddiaçının istifadəsində olan, “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 28 nömrəli, xx.xx.1998-ci il tarixli protokuluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində 17-ci Cənub küçəsində yerləşən, ümumilikdə 1000 kv.m. olan 306 və 308 nömrəli bağ sahələri mənə ayrılmış və sərhədləri yerində müəyyən edilərək iddiaçıya təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahələri iddiaçının istifadəsindədir. Sonradan iddiaçının istifadəsində olan sözügedən bağ sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətimə cavabdeh tərəfindən **********92 saylı xx.xx.2019-cu il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, göstərilən bağ sahəsi bağçılıqyoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olub. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, həmin torpaq sahəsi 1998-ci ildən iddiaçının daimi istifadəsindədir və bugünədək hər hansı bir şəxsin iddiaçının daimi istifadəsində olan torpaq sahələrinə dair hər hansı bir iddiası olmamışdır. Bağ sahələrinin bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi isə mümkün deyil, belə ki, torpaq sahələri iddiaçıya ayrılarkən yerində, mövcud sxemə uyğun olaraq təhvil verilmişdir və yaxınlıqdan da (mühafızə zonasından), heç bir qaz xətti keçmir.

4. Cavabdeh xx.xx.2019-cu il tarixli imtinasında bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin bağ sahəsi tamamilə yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən əraziyə digər şəxsin müraciəti olub. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin – dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2019-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin bağ sahəsi yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən əraziyə digər şəxsin X2 müraciəti olub. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2019-ci il tarixli, **********92 nömrəli cavab məktubı ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11 -ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edir.

6. İş materiallarında olan 174 №-li bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı Böyükağa oğlu bağçılıq cəmiyyəti üzvlərinin 14 avqust 1998-ci il tarixli, 28 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m. olan 306, 308 №-li bağ sahəsi 14 avqust 2000-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün verilmişdir.

7. “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin 14 avqust 2008-ci il tarixli, 28 nömrəli Protokoluna əsasən “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış və indiyədək istifadəsiz qalmış sahələrin zavod işçilərinə verilməsinə razılıq verilmişdir. 1.İddiaçı - 17 cənub küçəsi - 306, 308 №-li bağ sahələri

8. İş materiallarında olan 257 №-li bağçının üzvlük kitabçasından görünür ki, X5 bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.2000-ci il tarixli, 34 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m. olan 306, 308 №-li bağ sahəsi 26 oktyabr 2000-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün verilmişdir.

9. “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin 26.10.200-ci il tarixli, 34 nömrəli protokolundan Çıxarışa əsasən “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17 cənub küçəsi 306, 308 №-li bağ sahəsi zavodun işçisi X2 daimi istifadəsinə verilməsi qərara alınmışdır.

10. “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin 26.10.200-ci il tarixli, 34 nömrəli protokolundan Çıxarışa əsasən “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətində boş saxlanılmış 17-ci cənub küçəsi 306 və 308 saylı sahəsi 1000 kv.m. olan bağ sahəsi ümumi yığıncağın qərarı ilə X3 verilmişdir. Həmin sahələrin torpaq səthinin daş-qaya olmasına görə imtina etmişdir. Həmin sahələrin zavodun işçisi siyahıda adı olan İddiaçı verilməsi xahiş edilmişdir. “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətində boş saxlanılmış 17-ci cənub küçəsi 306 və 308 saylı sahəsi 1000 kv.m. olan bağ sahələri zavodun işçisi İddiaçı daimi istifadən ötəri verilmişdir.

11. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-187/2018 saylı, xx.xx.2018-ci il tarixli Qərarı ilə iddiaçı X2 cavadbeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs “Azəriqaz” İB-yə) qarşı “torpaq sahəsi və fərdi yaşyış evinin mövcud vəziyyətdə dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunur ki, iki bağ sahəsi bir hasar daxilindədir, ara sərhədlərində bünövrə qazılmış, döngə nöqtələrinə 3-6 ədəd m.daşı qoyulmuşdur. Tikili yoxdur. Bağ sahəsinin hasarından 5.97-7.10 m aralı məsafədən 325 mm-lik Mərkəzi qaz xətti keçir. Kadastr: Arxiv bölgü və rəy əlavə olunmayıb. Ərazinin böyük hissəsi ayrıc aktında kənarda yerləşir. Qaz kəmərlərinin mühafizə zolağında yerləşir. Arxiv: “Avtomobilçi” b/y üzvlərinin 113-cü sıra nömrəsində İddiaçı 15-ci cənub 349 №-li bağ sahəsi göstərilmişdir. Bölgü sxeminin surəti əlavə olunmuşdur.

13. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli “müraciətə baxılmasının nəticəsi haqqında” məktubda müəyyən olunur ki, torpaq sahəsinin UTM WGS 84 koordinat sistemində XY 440220.8335 4473749.2503 440220.0000 4473478.0000 440187.6481 4473499.5679 Koordinatlarında olan 29 m2 hissəsinin SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral X7 istismarında olan “Pirallahı-Qala” yüksək təzyiqli (325, yerüstü, layihə təzyiqi 0,6 Mpal) qaz kəmərinin 4-6 metrlik məsafəsində mühafizə zonası daxilində, XY 440187.6481 4473499.5679 440178.0000 4473506.0000 440190.0000 4473527.0000 440196.0000 4473522.0000 440232.0000 4473496.0000 440220.0000 4473479.2503 Koordinatlarında olan 1132 m2 hissəsi isə mühafizə zonası xaricində yerləşir. Məlumat üçün bildirilir ki, sözügedən kəmərlərlə yaşayış və ictimai binalar arasındakı məsafə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 5 nömrəli əlavəsində 5 metr müəyyən olunmuşdur.

14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli “müraciətlə əlaqədar məlumatın verilməsi haqqında” məktubda qeyd olunur ki, vətəndaş İddiaçı 2022-ci ildə SOCAR-a ünvanladığı müraciətdə qeyd olunan koordinatlar və torpaq sahəsinin ölçüsü fərqli olduğundan, həmin torpaq sahəsinin 29 m2 hissəsinin SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral X7 istismarında olan “Pirallahı-Qala” yüksək təzyiqli (325, yerüstü, layihə təzyiqi 0,6 Mpal) qaz kəmərinin mühafizə zonası daxilində yerləşməsi barədə vətəndaşa cavab verilmişdir. Məktubun qoşmasında olan koordinatların yoxlanması nəticəsində isə müəyyən olunmuşdur ki, UTM WGS 84 koordinat sistemində XY 440232.2444 4473496.8200 440221.6905 4473479.8313 440178.9263 4473507.8945 440190.3544 4473524.6479 440215.2029 4473507.1348 Koordinatlarda olan həmin 1000 m2 torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin və quyularının mühafizə zonası xaricində yerləşir.

15. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

16. Məhkəmədə şahid qismində dindirilmiş X6 bildirdi ki, mübahisə edilən 306, 308 №-li bağ sahələri 2000-ci ildə atası X2 (xx.xx.1951-ci il təvəlüdlü) istifadəsinə verilmiş, lakin atası X5 tərəfindən bağ sahələrindən imtina olunmuşdur. 2018-ci ildə həmin torpaq sahələrinə çıxarış alınması üçün atası X5 məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Hazırda isə atası X5 vəfat etmişdir və torpaq sahələri ilə bağlı hər hansı iddiaları mövcud deyildir. Şahid qismində dindirilmiş X6 eyni zamanda qeyd etdi ki, hazırda üçüncü şəxs qismində cəlb edilmiş xx.xx.1975-ci il təvəllüdlü X5 ilə əlaqəsi yoxdur.

17. Bakı İnzibati Məhkəməsinin eyni tarixli Qərardadı ilə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmiş X2 işdə prosessual iştirakına xitam verilmişdir. Belə ki, müəyyən edilmişdir ki, işdə vaxtilə prosessual marağı olmuş X5 xx.xx.1951-ci il təvəlüdlü olmaqla ölmüşdür. Hazırda işə cəlb edilmiş X5 isə xx.xx.1975-ci il təvəllüdlüdür və onun işdə hər hansı prosessual marağı yoxdur, sadəcə ad, soyad və ata adı eyni olan şəxsdir.

18. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

21. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

29. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

30. X10 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

31. X10 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

33. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtinanın əsas dəlili ondan ibarətdir ki, həmin bağ sahələrinə dair digər şəxsin - X2 müraciəti olmuşdur.

34. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisə edilən 306 və 308 №li bağ sahələri ilk növbədə “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin 20 oktyabr 2000-ci il tarixli, 34 №-li protokola əsasən xx.xx.1951-ci il təvəllüdlü X2 istifadəsinə verilmiş, lakin həmin sahələrin torpaq səthinin daş-qaya olmasına görə X5 tərəfindən bağ sahələrindən imtina edilmişdir. Nəticədə, “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin 20 oktyabr 2000-ci il tarixli, 34 №-li protokoluna əsasən mübahisə edilən 306 və 308 saylı bağ sahələri İddiaçı daimi istifadəsinə verilmişdir. Hazırda isə bağ sahələri iddiaçının faktiki sahibliyində və istifadəsindədir.

35. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, mübahisə edilən 306, 308 №-li bağ sahələri 2000-ci ildə atası X2 (xx.xx.1951-ci il təvəlüdlü) istifadəsinə verilmiş, lakin atası X5 tərəfindən bağ sahələrindən imtina olunmuşdur. 2018-ci ildə həmin torpaq sahələrinə çıxarış alınması üçün atası X5 məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Hazırda isə atası X5 vəfat etmişdir və torpaq sahələri ilə bağlı hər hansı iddiaları mövcud deyildir.

36. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs X5 (xx.xx.1975-ci il təvəllüdlü) ilə cavabdeh tərəfindən qeyd edilən X5 (xx.xx.1951-ci il təvəllüdlü) eyni şəxslər deyildirlər, ad, soyad və ata adları eynilik təşkil edir. Hazırki iş üzrə marağına toxunulan xx.xx.1951-ci il təvəllüdlü X5 vəfat etmişdir və məhkəmə iclasında şahid qismində dindirilmiş oğlu X6 tərəfindən torpaq sahəsinə dair hər hansı iddiaları olmadığı bildirilmişdir. Odur ki, mübahisə edilən 306, 308 №-li bağ sahələri ilə bağlı digər şəxslər tərəfindən hər hansı mübahisə yoxdur, bağ sahələri hazırda iddiaçının faktiki sahibliyində və istifadəsindədir.

37. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtinanın digər əsası isə sözügedən bağ sahələrinin yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşməsindədir.

38. Bununla bağlı məhkəməyə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təqdim edilən məlumatlara əsasən mübahisə edilən torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin və quyularının mühafizə zonası xaricində yerləşir, mühafizə zolağına düşən hissədə isə iddiaçı tələbin həcmini azaltmışdır.

39. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

40. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

41. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

42. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

43. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

44. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 28 nömrəli, xx.xx.1998-ci il tarixli protokoluna əsasən İddiaçı ayrılmış Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 17-ci Cənub küçəsində yerləşən 306 və 308 nömrəli bağ sahələrinin üzərində ölçüsü cəmi 970 kv.m. olmaqla İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar