Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17747/2025 09.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Vahid oğlunun sədrliyi İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində sökülən mənzilə görə dəymiş 114000 min manat maddi və 20000 manat mənəvi zərərin müştərək olmaqla cavabdehlərdən tutularaq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-2007-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 56 kv.m olan müasir təmirli mənzili öz vəsaiti hesabına tikmiş, övladları ilə birlikdə həmin mənzildə yaşamışdır. Həmin mənzilə 2018-ci il tarixdə “Azəriqaz” İB tərəfindən qaz sayğacının və qaz xəttinin qoşulması təmin edilərək müvafiq müqavilə bağlamışdır. xx.xx.2022-ci il tarixdə Baktelekom-la müqavilə bağlayaraq həmin mənzilə telefon və internet xidməti qoşulmuşdur. İddiaçı 2013-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı müqavilə əsasında hər il üçün məişət tullantılarının daşınması üçün ödənişlər etmişdir. 2013-cü il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı müqavilə əsasında mənzilə verilmiş abonent kodu ilə hər ay üçün elektrik enerjisindən istifadə etdiyi üçün ödənişlər etmişdi. 2013-cü il tarixdən “Azərsu” Açıq Səhimdar Cəmiyyəti ilə bağladığı müqavilə əsasında mənzilə verilmiş abonent kodu ilə hər ay üçün sudan istifadə etdiyi üçün ödənişlər etmişdir. İddiaçı eyni zamanda qeyd edir ki, mənzilin olduğu ünvan üzrə 18 saylı MKİS-dən aldığı arayışlar əsasında ünvan 2asında iddiaçı və övladları tibbi qeydiyyata alınmaqla müayinə və müalicə olmuşdur, həmçinin mənzilin olduğu ünvan üzrə 18 saylı MKİS-dən aldığı arayışlar əsasında müəyyən olunur ki, iddiaçı həmin mənzildə yaşamışdır və pasport qeydiyyatında da qeyd olunub ki, ünvan 3 ünvanda yaşayan hər kəs 2006-cı ildə torpaq alıb mənzil tikən zaman dövlətin müvafiq qurumları tərəfindən hər hansı etiraz bildirilməyib və etirazsız, fasiləsiz həmin mənzildə ailəsi ilə birgə yaşamışdır. Dövlətin müvafiq qurumları tərəfindən həmin mənzilə mülkiyyət hüququ defakto tanınıb və rəsmi olaraq mülkiyyət hüququnun tanınması üçün gözləntilər vardır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə müraciət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi ona dəymiş 114.000 manat maddi və 20.000 manat mənəvi zərərə görə kompensasiya məbləğinin cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsindən tutularaq ona ödənilməsinə yönəlmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi (kompensasiya ödənilməsi) ilə bağlı cavabdeh orqanlara yazılı müraciəti olmamışdır və imtina alınmamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Beləliklə də cavabdehin imtinası mövcud olmadığından, nəticə etibarı ilə tərəflər arasında inzibati mübahisə yoxdur. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə tərəfindən hüquqi yardım etmək vəzifəsi iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdə ifadə edilir. Məhkəmənin hüquqi yardımı hər bir halda onun mümkünsüzlüyünü istisna etməyəcəkdir və işin hallarından asılı olaraq hazırki işdə olduğu kimi mütləq şəkildə iddianın mümkünlüyü ilə nəticələnməyəcəkdir. Eyni zamanda məhkəmə tərəfindən hüquqi yardım göstərilməsi özlüyündə iddia tələbinin dəqiq ifadə tərzilə bağlı yardımla şərtləndirmir və inzibati məhkəmə araşdırmasının predmeti olmayan iddialar üzrə və ya digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bildiyi iddianın mümkünsüzlüyünü istisna etməyən hallarda iddia tələbinin (ifadə tərzinin) müəyyən edilməsiilə bağlı məhkəmənin vəzifəsini nəzərdə tutmur. Qeyd edilən halda məhkəmənin hüquqi yardım göstərmək vəzifəsi inzibati məhkəmə icraatı zamanı iddia tələbinin hansı meyarlara cavab verməli olduğunu izah etməklə müəyyənləşir. Odur ki, məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli məktubla, eləcə də məhkəmə iclasında hüquqi yardım göstərilərək müvafiq tələblə cavabdeh inzibati orqana müraciəti təsdiq edən sənədin və imtina məktubunun qısa müddətdə məhkəmə təqdim edilməsi təklif edilmişdir. Buna baxmayaraq iddiaçı cavabdeh inzibati orqanlara müraciətini təsdiq edən sənəd və imtina məktubunu məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2-1(112)-17747/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-17747/2025
09.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver