Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1775/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) «iddiaçının 1988 – 1992-ci illərdə döyüş bölgəsində xidməti göstərilməklə məlumat vərəqəsinin yenidən tərtib edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçının pensiya məbləğinin yenidən hesablanmasına dair məlumat vərəqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 20 noyabr 1994-cü il tarixdən 25 may 2017-ci il tarixədək ümumi stajı 34 il 1 ay 1 gün olmaqla X3 xidmət etmiş, hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiya hüququ qazanmış və 2018-ci ilin avqust ayında ona əmək pensiyası təyin edilmişdir. Təqdim etməsinə baxmayaraq, onun 1988 – 1992-ci illərdə erməni silahlı birləşmələrinə qarşı Sədərək rayonunda gedən döyüşlərdə iştirakı, müharibə veteranı və silahlı qüvvələr veteranı olmasına dair arayış, hərbi bilet və vəsiqələri pensiya təyinatı zamanı nəzərə alınmamışdır. Bununla bağlı həmin dövr üçün məlumat vərəqəsinin verilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinı müraciətinə cavabdeh orqandan imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtina qərarı əsassızdır və qanunvericiliyin tələblərinə əsasən pensiya təyin olunarkən şəxsin hərbi xidmət dövrü və döyüşlərdə iştirakı nəzərə alınmalı, təyin olunmuş pensiya yenidən hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 16 iyul 2021-ci il tarixli 4/17-850 saylı məktubu ilə imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının şəxsi heyətin siyahısına daxil edilməsi və 1994-cü ildə şəxsi heyətin sıralarından xaric edilməsinə dair əmrdən çıxarış mövcud deyildir. Həmin sənədlər təqdim olunduqdan sonra bu məsələyə baxıla bilər. Göründüyü kimi, inzibati orqan hesab edir ki, pensiya məbləğinin yenidən hesablanması üçün ərizəçinin döyüş bölgəsinə göndərilməsi, şəxsi heyətin sıralarına daxil edilməsi və 1994-cü ildə şəxsi heyətin sıralarından xaric edilməsinə dair əmrdən çıxarış olmadığına görə məlumat vərəqəsinin verilməsi mümkün deyildir. Lakin, inzibati orqan nəzərə almır ki, döyüşlərdə iştirakına görə veteran vəsiqəsi və buna görə nəzərdə tutulan imtiyazlar Dövlət Sərhəd Xidməti tərəfindən verilmişdir. Bütün bunlar nəzərə alınmadan məlumat vərəqəsinin verilməməsi məntiqi deyil. Azərbaycan Respublikası Silahlı Qüvvələrində döyüş bölgəsində döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və dövlət tərəfindən xidmət dövründə iştirakı nəzərə alınmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci maddələrinə, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1ş3-cü maddəsinə, İPM-in 2.2, 12.1, 45, 46, 73-cü maddələrinə əsaslanaraq, iddiaçının pensiya məbləğinin yenidən hesablanmasına dair məlumat vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının 1988 – 1992-ci illərdə döyüş bölgəsində xidməti göstərilməklə məlumat vərəqəsinin yenidən tərtib edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsaslı olmadığını bildirdi və məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: (9.5.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular, (9.5.2) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, (9.5.3) hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər, (9.5.4) hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Həmin Qanunun 20.14-cü maddəsinə görə bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (20.14.1) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə – 3 faizi) miqdarında əlavə olunmaqla. müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasının 1 sentyabr 2005-ci il tarixədək qüvvədə olan tələblərinə görə Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit heyəti, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifələrində xidmət – vəzifəyə təyin olunma günündən. Qərarın 2-ci bəndinin “a” yarımbəndi Azərbaycan Respublikası Nazirlər Kabineyinin 1 iyul 2005-ci il tarixli 125 nömrəli qərarı ilə həmin bəndə dəyişiklik edilənədək aşağıdakı məzmunda verilmişdur: - Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin. Həmin qərarın 2-ci bəndinə görə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respubikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın müddəalarına görə: - (1-ci bənd) bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMF-yə təqdim olunması qaydalarını müəyyən edir: - (3-cü bənd) bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində DSMF-yə təqdim edilir. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, Dövlət Sərhəd Xidmətinə aşağıdakı sənədlərin təqdim olunması ilə bağlı 30 noyabr 2021-ci il tarixdə sorğu məktubu ünvanlamışdır: - İddiaçı “məlumat vərəqəsinin verilməsi barədə” müraciəti üzrə aparılmış inzibati icraat materiallarında saxlanılan sənədlər və ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlər. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi məhkəməyə 21 fevral 2010-cu il tarixdə təsdiq edilmiş “DSX-da xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən şəxslərə müharibə veteranı statusunun verilməsi barədə komissiyanın qərarında N saylı hərbi hissədə xidmət edən İddiaçı həmin statusun verilməsinə əsas kimi “Döyüşlərdə iştirak etməsi haqqında Naxçıvan Muxtar Respublikası Sədərək RHK-nın 1 fevral 2003-cü il tarixli 4/15 saylı arayışı və 3 nəfər müharibə veteranının zaəmanəti” qeyd edilmişdir. Həmin qərara əlavə olunmuş Sədərək RHK-nın 1 fevral 2003-cü il tarixli 4/15 saylı arayışının surətindən görünür ki, arayışda İddiaçı 1988 – 1992-ci illərdə erməni millətçi dəstələrinin Sədərək rayonuna basqını zamanı könüllü dəstənin tərkibində döyüşlərdə iştirak etmişdir. İPM-in 58.7-ci maddəsinə əsasən 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi, iddiaşı İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi xidmət etdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzdindəki müvafiq komissiyanın qərarı ilə verilmişdir və bu qərarın verilməsində onun 1988 – 1992-ci illərdə Naxçıvan MR Sədərək rayonunun Ermənistanla sərhəd zonasında gedən döyüşlərdə könüllü olaraq iştirak etməsi əsas götürülmüşdür. Belə olan halda, məhkəmənin qənaətinə görə onun həmin dövrdə sözügedən ərazidə xidmət müddəti də Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq məlumat vərəqəsində əks olunmalıdır. Odur ki, cavabdeh Dövlət Sərhəd Xidmətinin iddiaçının döyüş zonasında olduğu dövrün məlumat vərəqəsində əks olunmasından imtinası qanuni sayıla bilməz. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 1988 – 1992-ci illərdə döyüş bölgəsində xidməti göstərilməklə məlumat vərəqəsinin yenidən tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1988 – 1992-ci illərdə döyüş bölgəsində xidməti göstərilməklə məlumat vərəqəsinin yenidən tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1775/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1775/2022
14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver