Məhkəmə qərarları › İş №2-1(112)-1779/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1779/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1779/2021 16.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nüməyəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsinə qarşı «sərəncamın etibarsız sayılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsinə qarşı «sərəncamın etibarsız sayılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, X9 tərəfindən iddiaçıya və digərlərinə qarşı torpaq sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırlması tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə icraatında iş materialları ilə tanış olarkən məlum olmuşdur ki, Binəqədi bələdiyyəsinin 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamı ilə X7 Binəqədi bələdiyyəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikinti üçün 400 kv.m boş torpaq sahəsi alqı-satqı qaydasında verilmişdir. İddiaçının qənaətinə görə hazırda mübahisələndirdiyi 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncam qanunvericiliyin tələblərinə uyğun qaydada qəbul olunmadığından, etibarsız hesab edilməlidir. Belə ki, Binəqədi bələdiyyəsi tərəfindən 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamı ilə X7 ayrılmış torpaq sahəsi 20 ildən artıqdır ki iddiaçının istifadəsindədir. Sözügedən torpaq sahəsi 19 dekabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Dəmir Yolları QSC tərəfindən onun mərhum əri X4 verilmişdir. Vaqif Hümbətov 13 oktyabr 2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra sözügedən torpaq sahəsi iddiaçının istifadəsində qalmışdır. Əgər belə bir sərəncam 2005-ci ildən mövcud idisə, bu günədək X9 hansı səbəbdən “dəyərini ödəməklə aldığı torpaq sahəsinə” baş çəkməmişdir?! Hazırda mübahisələndirilən sərəncamla verilmiş torpaq sahəsi sərəncamı verən Binəqədi bələdiyyəsinin balansında deyil. Bələdiyyənin balansında olmayan torpaq sahəsi bələdiyyə tərəfiindən satıla bilməz. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, İPM-in 32, 45 – 47-ci maddələrinə əsaslanaraq, Binəqədi bələdiyyəsinin 31 oktyabr 2005-ci il tarixli 1644/1 saylı sərəncamının etibarsız sayılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsinin məhkəməyə təqdim olunmuş 7 may 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - Binəqədi – Biləcəri şosesinin Binəqədi ərazisinə aid hissəsində Binəqədi – Biləcəri şosesini kəsən dəmir yol körpüsünün Binəqədi qəsəbəsindən Biləcəri istiqamətində gedən yolda dəmir yol körpüsünü keçən anda sağ tərəf hissədə Binəqədi – Biləcəri şosesinin 50 m-lik məsafəsində yerləşir. Sözügedən torpaq sahəsi dəmir yol xətinə yaxın olsa da, qeyd olunan dəmir yol xətti yer səthindən 8 – 10 m hündürlükdən keçdiyindən, həmçinin ayrılmış torpaq sahəsi ilə dəmir yol xətti arasında 6 – 8 m eni olan avtomobil yolu eyni zamanda avtomobil yolu ilə dəmir yol xətti arasında dəmir kollektor, 500 mm həcmli su və qaz xəttləri keçir. Ərazi DSK massivi adlanır. Qeyd olunan ərazidə təkcə vətəndaş X7 aid olan torpaq sahəsindən başqa ətraf ərazilərdə şəxsi evlər tikilərək ailələr tərəfindən məskunlaşaraq yaşayırlar. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq hesab edilir ki, bu sahənin dəmir yol xəttinə aid edilməsi ehtimalı yanlışlıqdır. Adları keçən İddiaçınm adma Binəqədi bələdiyyəsində bu və ya digər formada hər hansı sənədləşmə aparılmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın əsassız olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» AR Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, hazırkı inzibati məhkəmə icraatında iddiaçının özünün də dolayısı ilə etiraf etdiyi kimi mübahisələndirilən sərəncam əsasında üçüncü şəxsə ayrılmış müvafiq torpaq sahəsinin onun (iddiaçının) qanuni istifadəsində olmasını təsdiq edən hər hansı akt, qərar və ya müqavilənin mövcudluğu müəyyən edilmir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsi ilə bağlı, eləcə də torpaq sahəsinin ayrılması barədə aktın qanuni olub-olmamasından asılı olmayaraq mübahisələndirilməsi və ya etibarsız sayılması tələbini irəli sürməyə subyektiv hüququ yaranmış olmur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Binəqədi bələdiyyəsi tərəfindən İddiaçı hansı hüquqlarına toxunulduğu və ya hüquqlarının pozulması ilə nəticələnən hərəkətin edildiyi öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hazırkı iddianı mümkün saymır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar