Məhkəmə qərarları › İş №2-1(112)-1779/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1779/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1779/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “ tibbi şəhadətləndirmənin aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “ tibbi şəhadətləndirmənin aparılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı 2014-cü il tarixdə xidmətdən ehtiyata buraxılmış, daha sonra hərbi xidmət dövründə aldığı xəstəliklərə görə onun barəsində “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi nəticə ilə xx.xx.2015-ci il tarixdə qərar qəbul edilmişdir. Bundan sonra isə İİ qrup əlillik almışdır. Lakin xx.xx.2015-ci il tarixli qərarla hazırlanarkən qanunvericiliyin tələbi pozulmuş, hərbi xidmətdən buraxılma anı üçün hərbi xidmətə yararlılıq kateqoriyası təyin edilməmişdir. Bundan sonra cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən onun şəhadətləndirilməsi barədə “hərbi xidmətə yararlıdır” nəticə ilə barəsində xx.xx.2021-ci il tarixli qərar verilmişdir. Qeyd olunan qərar qanunsuz və əsassızdır. Belə ki, həmin qərarda iddiaçı onun hazırkı sağlamlıq vəziyyətinin əks olunduğunu qeyd etmiş, xidmətdən buraxılma anı üzrə sağlamlıq vəziyyəti göstərilməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İddiaçı hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasının müəyyən edilməsi öhdəliyinin cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda iddiaçı ərizə ilə də məhkəməyə müraciət edərək iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir ki, məhkəmə də hazırkı iş üzrə iddia müddətinin ötürülmədiyini hesab edir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ötürülmüş müddətin bərpası ilə bağlı prosessual anlayışla müddətin ötürülməmiş hesab edilməsi ilə bağlı prosessual anlayış bir-birindən fərqlidir. AR İPM-nin 24-cü maddəsindən də göründüyü kimi prosessual müddətlərin bərpa olunması dedikdə ilk növbədə prosessual müddətinin ötürülməsi müəyyən edilir ki, müddətin bərpası məhz həmin ötürülmənin üzrlü səbəblərdən olub-olmamasından asılı edilmişdir. Lakin hazırkı iş üzrə prosessual müddətin ötürülməsindən və bunun davamı kimi də müddətin ötürülməsinin bərpa edilməsindən və ya bərpanın imtinasından söhbət gedə bilməz. Belə ki, iddiaçının barəsində qəbul edilmiş 04 iyun 2021-ci il tarixli qərarın hansı tarixdə təqdim edilməsi barədə müvafiq araşdırma aparılmış, məhkəmə sorğularına əsasən həmin qərarın hansı tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilməsində müstəsna məlumata malik olan orqanlar həmin məlumatı təqdim edə bilməmişdir. Belə olduğu təqdirdə AR İPM-nin 38-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətinin ötürülməsindən, müddət ötürülmədiyindən də onun bərpa edilməli olmasından söhbət gedə bilməz. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk növbədə qeyd edilməlidir ki, hazırkı inzibati mübahisənin yaranma əsası iddiaçının hərbi xidmətdən ehtiyatdan buraxılmasından 7 il keçdikdən sonra onun xidmətdən buraxılma anı üçün tibbi şəhadətləndirilməsinin mümkün olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdeh iddiaçının hazırkı sağlamlıq vəziyyətinin yoxlanılması barədə qərar qəbul etmişdir ki, onun məhz xidmətdən buraxılma anı, yəni 2014-cü ildə hərbi xidmətlə bağlı sağlamlıq vəziyyətinin yoxlanılması, onun ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasının müəyyən edilməsində özünü səlahiyyətli hesab etməmiş, iddiaçıya müvafiq imtina vermişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), , Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi qulluqçuların; hərbi xidmət keçmiş vətəndaşların. d) vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi; 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. Əsasnamədən, o cümlədən 6.3-cü bənddən də göründüyü kimi Səbəbindən və vaxtından asılı olmayaraq hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. İş materiallarından da göründüyü kimi iddiaçı xidmətdən buraxılma anında həmin an üçün şəhadətləndirilməmiş, həmin an üçün yararlılıq kateqoriyası müəyyən edilməmişdir ki, cavabdehə müraciəti də məhz bununla bağlıdır. Cavabdeh isə, Əsasnamənin tələbinə görə səbəbindən və işin hazırkı vəziyyəti üçün daha əhəmiyyətli faktiki hal kimi vaxtından asılı olmayaraq iddiaçının hüququnun realizəsini həyata keçirməmiş, Əsasnamənin tələbinə tam zidd olaraq vaxtın uzun müddət keçməsi səbəbindən müraciəti təmin etməmişdir. Halbuki hərbi xidmət keçmiş şəxslərin hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi və həmin vəzifənin səbəb və vaxtından asılı olmaması qanunvericiliyin tələbi, iddiaçının isə hazırkı iddiasının hüquqi əsası qismində çıxış edir. Göründüyü kimi cavabdeh tərəfindən inzibati icraat düzgün aparılmamış, səhv inzibati icraat nəticəsində iddiaçının müraciətinə uyğun, yəni hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasının müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməsi əvəzinə xx.xx.2021-ci il tarixli iddiaçının hazırkı sağlamlıq vəziyyətini əks etdirən qərar qəbul etmişdir ki, bu səbəbdən də iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasının müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasının müəyyən edilməsi öhdəliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar