Məhkəmə qərarları › İş №2-1(112)-178/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-178/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-178/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati mübahisələrə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz sökülmüş əmlaklarına və torpaq sahəsinə görə 7.832.000 manat məbləğində dəymiş maddi ziyanın, 100.000 manat məbləğində isə mənəvi zərərin, cəmi 7.932.000 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində qanunvericiliyin tələblərinə əsasən inşa olunmuş mülkiyyətində olan idman-sağlamlıq və iaşə xidməti obyekti Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 2016-cı il tarixdə sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti mülkiyyətində olan əmlakının dəyərində obyektinin yerləşdiyi torpaq sahəsini Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Ona verilən həmin torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyətinin 111 nömrəli, 14 mart 2016-cı il tarixli sərəncamı ilə yaşayış və qeyri-yaşayış binalarının tikinitisinin lahiyələndirilməsinə icazə verilmişdir. Həmin sərəncamın icrası ilə əlaqədar onun mülkiyyətində olan torpaq sahəsində gələcəkdə inşa olunan yaşayış və qeyri-yaşayış binalarının tikinitisinin lahiyələndirilməsi həyata keçirilmişdir. Həmin lahiyələndirilmə işləri aidiyyəti üzrə bütün dövlət orqanları tərəfindən rəsmi qaydada təsdiqlənmişdir. Buna baxmayaraq, onun mülkiyyətinə verilən həmin torpaq sahəsindən qanunsuz məhrum olunmuşdur. Ona məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq sahəsində hazırda sifarişçisi və podratçısı məlum olmayan hər hansı şəxs tərəfindən tikinti və quraşdırma işləri başlamışdır. Həmin qeyriqanuni aparılan tikinti işləri ilə əlaqədar mülkiyyətində olan əraziyə daxil ola bilmir. Tikinti işlərinin kim tərəfindən həyata keçirilməsi barədə dəfələrlə narazılığını bildirməsinə baxmayaraq, onun bu qanuni tələblərinə məhəl qoymayaraq qanunsuz tikinti işlərini davam etdirirlər. Bu cür qanunsuz hərəkətlərdən ona külli miqdarda maddi ziyan dəymişdir. Onun Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində torpaq sahəsində tikdiyi bina, qurğu-tikili, avadanlıq və s. əşyalar onun üçün də mühüm iqtisadi maraq kəsb edir. Həmin tikintilərin həyata keçirilməsi üçün çox miqdarda investisiya qoyulmuşdur. Bakı şəhəri İcra Hakimiyyətinin 14 mart 2016-cı il tarixli, 111 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu Mir Cəlal küçəsi kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin söküntüsü və torpaq sahəsinin alınması ilə bağlı əvəzində verilmiş Xətai rayonu, Sadıqcan küçəsi, 0,30 ha torpaq əvəzləşdirilməsinə dair Sərəncam hüquqi qüvvəsindədir. Buna baxmayaraq, həmin Sərəncamda qeyd edilən ərazi ona məxsus olmasına baxmayaraq, əvvəlcədən dəyəri ödənilmədən qeyri-qanuni tikintiquraşdırma işləri aparılır. Bu tikintinin aparılması Bakı şəhəri İcra Hakimiyyətinin 07 iyul 2020-ci il tarixli, M-426-148 saylı məktubundan göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırmaqla həyata keçirilir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, göstərilən ərazidə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı işlər, o cümlədən abadlıq-quruculuq işləri aparılmadığından Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə iddia mümkün sayılmamalıdır. Ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülmüş Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində vətəndaş İddiaçı tərəfindən tikilmiş idman-sağlamlıq və iaşə xidməti obyektinin yerləşdiyi, Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi kompensasiya olaraq Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 111 saylı sərəncamı ilə Xətai rayonu, Sadıqcan küçəsində 0,30 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Üçüncü şəxs də iddia ərizəsinə yazılı etirazını təqdim etmiş və bildirmişdir ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində olan daşınmaz əmlakın sökülməsinə görə natura formasında əvəzləşmənin aparıldığını qeyd etmişdir. İddiaçı ona təklif edilən natura formasında kompensasiyanı qəbul edərək öz iradəsini ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Belə olan halda sözügedən daşınmaz əmlak üçün yenidən kompensasiya ödənilməsini tələb etmək mülki qanunvericiliyin tələblərinin, həmçinin yuxarıda qeyd olunan daşınmaz əmlakın alınması barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunmalıdır. Digər tərəfdən, İddiaçı iddia ərizəsində daşınmaz əmlakların onun mülkiyyətində olduğunu tutarlı sübutlarla (dövlət reyestrindən çıxarışla) əsaslandıra bilməmişdir. Halbuki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllənin 14.3-cü maddəsinə uyğun olaraq dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Daşınmaz əmlakla bağlı dövlət reyestrindən çıxarış mövcud olmadığı üçün İddiaçı mübahisələndirilən daşınmaz əmlak üzrə mülkiyyətçi hesab oluna bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, onlar öz nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 639/16 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4876/2015 saylı, 08 dekabr 2015-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4876/2015 saylı iş üzrə qəbul etdiyi 08 dekabr 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Qərarla bununla əsaslandırılmışdır ki, “...məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli 86 nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə içərisində olan torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş layihə əsasında tikinti aparılmasına icazə verilmişdir. Həmin ərazidən qaz xəttinin keçməsi nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 362 nömrəli, xx.xx.2010-cu il tarixli Sərəncamı ilə Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal və Cavadxan küçələrinin kəsişməsində yerləşən qaz xəttinin yerinin dəyişdirilməsinə və asfalt örtüyünün sökülməsinə də həmçinin icazə verilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi qeyd olunan qeyriyaşayış sahəsi hazırda tikilməkdədir və tikinti sahəsinə müdaxilələr edilir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən müvafiq qurumlarla razılaşdırma əsasında inşa edildiyindən və həmin qeyri-yaşayış sahəsinin söküləcəyi təqdirdə ona maddi və mənəvi zərər dəyəcəyinə kifayət qədər əsaslar olduğundan məhkəmədə mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal və Cavadxan küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə hər hansı söküntü işlərinin aparılması və digər müdaxilənin edilməsi cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə və üçüncü şəxslərə qadağan edilməlidir.” Həmçinin işdən görünür ki, mübahisəli ünvanda yerləşən daşınmaz əmlakın sökülməsi və torpaq sahəsində abadlaşdırma işlərinin aparılması ilə bağlı iddiaçıya kompensasiya kimi digər bir torpaq sahəsi hazırkı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş, bununla da Bakı şəhər İcra Hakimiyyəti iddiaçıya vurulmuş zərərə görə öz cavabdehliyini qəbul etmişdir. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə qismən əsaslıdır. Belə ki, işdə olan Binəqədi Bələdiyyəsinin 251 nömrəli, xx.xx.2006-cı il tarixli qərarından görünür ki, İddiaçı 9 mkr. M.Cəlal küçəsi ilə Cavadxan küçələrinin kəsişdiyi yerdə 2 №-li sovxoz ilə xx.xx.1997-ci il, X4 təsərrüfatı ilə 05.08 1999-cu il tarixli bağlanmış icarə müqavilələrinə əsasən və eləcə də X4 təsərrüfatının xx.xx.2006-cı il tarixli 0013 saylı sazişini nəzərə alaraq istifadə etdiyi 0.8 ha torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün onun mülkiyyətinə (hər kv.m üçün YAM ilə 5 man. ödəmək şərti ilə) verilmiş, İddiaçı ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması qərara alınmışdır. - 459 nömrəli, xx.xx.2006-cı il tarixli Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilədən görünür ki, satıcı Binəqədi Bələdiyyəsi mülkiyyətindəki 9 mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçələrinin kəsişdiyi yerdəki 0.8 ha torpaq sahəsini Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının 13 sentyabr 2006-cı il tarixli №09 qərarına əsasən sahibkarlıq fəaliyyəti üçün alıcı İddiaçı verilmişdir - Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış xx.xx.2008-ci il tarixli, 12-M-295 saylı məktubundan görünür ki, X3 adına parkda mövcud olan müvəqqəti tikililərin tam sökülmə şərtilə, bələdiyyə tərəfindən vətəndaş İddiaçı mülkiyyətinə verilən ərazidə aşağıdakı şərtlər əsasında tikinti işlərinin aparılmasına Rayon İcra Hakimiyyəti etiraz etmir. -Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış 18/03-8/3017 nömrəli xx.xx.2008-ci il tarixli məktubundan görünür ki, İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 12-M-295 saylı razılıq məktubu nəzərə alınaraq, İddiaçı, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə yerləşən, 1997-ci ildən icarəsində olan torpaq sahəsində, X3 adına parkda hal-hazırda mövcud olan müvəqqəti tikililərin tam sökülməsi, zeytun ağaclarının kəsilməməsi, ətrafdakı yaşıllıqların qorunub saxlanılması və onlara qulluq edilməsi, ərazidən keçən, diametri d=350 mm olan orta təzyiqli qaz kəmərinin "xxxx" QSCnin aidiyyatı strukturları ilə razılaşdırmaqla, mövcud inşaat norma və qaydalarının tələblərinə uyğun, vətəndaşın öz şəxsi vəsaiti hesabına müəyyən məsafəyə köçürülməsi şərtilə, idman-sağlamlıq mərkəzi və iaşə obyektinin tikintisinə etiraz edilmir və təqdim olunmuş memarlıq-planlaşdırma həllinə (Kooplayihə-AHB” firmasının işi, memar Ş.Rzayev) baxılıb, onu razılaşdırılmışdır. - Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2009-cu il tarixli, 86 nömrəli sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/6017 saylı 30.10.08-ci il tarixli razılıq məktubunu nəzərə alaraq, vətəndaş İddiaçı Binəqədi rayonu 9-cu mikrorayon M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə yerləşən və icarəsində olan 1200 kv.m. torpaq sahəsində təqdim edilən layihə əsasında idman-sağlamlıq mərkəzi və iaşə obyektinin tikintisinə aşağıdakı şərtlər daxilində icazə verilmişdir: 1.Tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə normalarına riayət edilməklə saxlanılması, tikinti işləri başa çatdıqdan sonra sərəncamın surəti və layihəni müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Azərbaycan Respublikası Dövlət Əmlakının idarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim etsin;

2. Obyektin lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanmış isçi layihəsi (1 nüsxə konstruktiv həlli hissəsi, aparılan mühəndis-geoloji işlərin nəticəsi, obyektin xarici mühəndis xətlərinin əlaqədar təşkilatlarla razılaşdırılmış layihəsi) Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılaraq, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Şöbəsindən rəy alınmasını təmin etsin. - "Azəryolservis” ASC-nin M-4/02-3675 nömrəli, xx.xx.2010-cu il tarixli məktubundan görünür ki, iddiaçının Binəqədi rayonu ərazisində, 9-cu mikrorayon M. Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində, sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsində yerləşən qaz kəmərinin köçürülməsi məqsədi ilə Cavadxan küçəsinin hərəkət hissəsinin kənarının qazılmasına razılıq verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 362 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamından görünür ki, sifarişçi və podratçı İddiaçı Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal və Cavadxan küçələrinin kəsişməsində yerləşən qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə sonradan bərpa edilmək şərti ilə, asfalt örtüyün sökülməsinə icazə verilmişdir. - Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 12809 nömrəli, xx.xx.2011-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində 4 mərtəbəli idman sağlamlıq və iaşə obyektinin işçi layihəsinə rəyin 4-cü bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə irad bildirilməmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin 111 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, ərazidə aparılan abadlıq işləri ilə əlaqədar sökülmüş, Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində vətəndaş İddiaçı tərəfindən tikilmiş idmansağlamlıq və iaşə xidməti obyektinin yerləşdiyi, Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi Xətai rayonu, Sadıqcan küçəsində 0,30 ha torpaq sahəsi ilə əvəzləşdirilmiş və həmin torpaq sahəsində icarə əsasında yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının M-426-148 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Xətai Rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş və araşdırma nəticəsinə sözügedən ərazidə aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonu, Zığ yolu və Sadıqcan küçələrinin kəsişməsində keçmiş “Gənclik-Parkının” yerləşdiyi yaşıllıq massivində rayon sakinlərinin istirahəti və əyləncəsi üçün “Meşə-Раrkı” salındığı məlum olmuşdur. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, İddiaçı Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə yerləşən və icarəsində olan 1200 kv.metr torpaq sahəsində təqdim edilən layihə əsasında idman sağlamlıq mərkəzi və iaşə obyektinin tikintisinə icazə verilmiş, iddiaçı həmin icazə əsasında tikintini həyata keçirmiş, lakin tikinti yekunlaşmadan ərazidə aparılan abadlıq işləri ilə əlaqədar iddiaçı tərəfindən tikilmiş bina sökülmüş, söküntüyə görə həmin ərazi cavabdeh tərəfindən Xətai rayonu, Sadıqcan küçəsində 0.30 ha torpaq sahəsi ilə əvəzləşdirilmiş, sonradan həmin torpaq sahəsi də park salınması ilə bağlı geri alınmışdır. İddiaçı hazırda sökülmüş tikiliyə görə verilən torpaq sahəsində park salınmasını nəzərə alaraq ona ayrılmış torpaq sahəsi və tikilmiş tikilinin sökülməsinə görə vurulmuş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153. Mülkiyyət hüququnun subyektləri ... 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, iddiaçıya Binəqədi bələdiyyəsi tərəfindən 2006-cı ildə 0,08 ha torpaq sahəsi ayrılması, 2009-cu ildə həmin torpaq sahəsində idman-sağlamlıq mərkəzi və iaşə obyektinin tikintisinə icazə verilməsi, iddiaçı tərəfindən həmin obyektin tikməsi, lakin 2015-ci ildə aparılan abadlıq işləri çərçivəsindən tikilinin sökülməsi, torpaq sahəsinin isə iddiaçıdan alınması işin mübahisələndirilməyən hallarıdır. İş materiallarına əsasən, mübahisəli torpaq sahəsi və üzərindəki tikilinin qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya məxsus olması tam təsdiq edildiyindən iddiaçının bununla bağlı təqdim etdiyi sənədlər hüquqmüəyyənedici sənədlər olmaqla, iddiaçının mövcud olmuş daşınmaz əmlaka dair mülkiyyət hüququ və ya “qanuni gözləntisi” olduğunu deməyə hüquqi əsas verir. Belə olan halda isə aydındır ki, daşınmaz əmlakın sökülməsi və torpaq sahəsinin alınması ilə əlaqədar təsirə məruz qalan şəxsə uğradığı real itki və məhrumiyyətlər nəzərə alınmaqla, qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxsin məruz qaldığı itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır, hansı ki, hazırkı halda iddiaçı ona məxsus daşınmaz əmlakın (torpaq sahəsi və tikili) tamamını itirmişdir. İtirmə nəticəsində iddiaçıya məxsus əmlakın real bazar dəyərinin müəyyən edilməsi, həm də ona ədalətli kompensasiya ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən ekspertiza keçirilmiş, həmçinin bir neçə mütəxəssis rəyi alınmışdır. Belə ki, işdə olan “Ekspert LTD”-nin E/04 nömrəli, xx.xx.2016-cı il tarixli qiymətləndirmə aktından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə yerləşən (tikilən) 4 mərtəbəli yan-yana bitişik 2 tikilidən ibarət idman-sağlamlıq və iaşə kompleksinin (qeyri-yaşayış sahəsinin) tikinti quraşdırma, abadlıq və s. görülən işlərin (mal-material, əmək haqqı, işçi nəqliyyatı və s, bütün xərclərilə birlikdə) bazar qiymətinin dəyəri 4.400.000 (dörd milyon dörd yüz min) manat məbləğində müəyyən olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə yerləşən 0.12 ha (12 sot) istifadədə olan torpaq sahəsinin və onun əvəzinə ayrılmış Bakı şəhəri Xətai rayonu Sadıqcan küçəsində yerləşən 0.30 ha (30 sot) istifadədə olan torpaq sahəsinin ayrıayrılıqda hər birinin bazar qiymətinin dəyəri 840.000 (səkkiz yüz qırx min) manatdır. Əmlak Ekspert Mərkəzinin ƏEM/S 16-593/22 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1-ci sual üzrə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə tikilən idman sağlamlıq mərkəzi və iaşə obyektinin 2016-cı il üçün yekun bazar dəyəri 4 648 000 manat, hazırki dövr üçün yekun bazar dəyəri 4 880 000 manat, 2-ci sual üzrə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə yerləşən 0.12 ha torpaq sahəsinin 2016-cı il üçün yekun bazar dəyəri 978 000 manat, hazırki dövr üçün yekun bazar dəyəri 1 026 000 manat, 3-cü sual üzrə Bakı şəhəri, Xətai rayonu, Sadıqcn küçəsində yerləşən 0.30 ha torpaq sahəsinin 2016-cı il üçün yekun bazar dəyəri 975 000 manat, hazırki dövr üçün yekun bazar dəyəri 1 200 000 manat olmaqla, əmlakların 2016-cı il üzrə cəmi dəyəri 6 601 000 manat, hazırki dövr üzrə cəmi dəyəri 7 106 000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatlardan görünür: - 1. Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə yerləşən 0.12 ha torpaq sahəsinin 2016-cı il tarixə olan Bazar dəyəri: 850 000 (səkkiz yüz əlli min) manat, 2023-cü il tarixə olan Bazar dəyəri: 1 100 000 (bir milyon bir yüz min) manat; - 2.Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində 0,30 ha torpaq sahəsinin 2016cı il tarixə olan Bazar dəyəri: 860 000 (səkkiz yüz altmış min) manat, 2023-cü il tarixə olan Bazar dəyəri: 1 200 000 (bir milyon iki yüz min) manat; - 3.Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının 2016-cı il tarixə olan Bazar dəyəri: 4 500 000 (dörd milyon beş yüz min) manat, 2023-cü il tarixə olan Bazar dəyəri: 4 900 000 (dörd milyon doqquz yüz min) manat təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki: - birinci, ikinci və üçüncü suallar üzrə - Yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin, bağ sahələrinin və sairinin 2016-cı ildə mövcud olmuş alqı-satqı qiymətlərinə dair məlumat bazası olmadığından və həmin illərdə Mərkəzdə bu kimi tədqiqatlar aparılmadığından, suallarda göstərilən ünvanlarda yerləşən tikililərin və torpaq sahələrinin 2016-cı il üçün bazar qiymətinin müəyyən edilməsinə dair tədqiqat aparılmamış; - Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə tikilən idman sağlamlıq mərkəzi faktiki olaraq mövcud olmadığından, söküldüyündən həmin tikilinin bazar dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmamış; - İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə yerləşən 0.12 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 528000.0 manat (sotu 44.000 manat) məbləğində müəyyən olunmuş; -Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 0.30 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 96000.0 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən idman sağlamlıq mərkəzi və iaşə obyekti hal-hazırda mövcud olmadığından həmin tikililərin orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Belə ki, həmin tikililərə baxış keçirmədən, müvafiq tədqiqatlar aparılmadan (obyektin inşasında və təmirində istifadə edilmiş tikinti materiallarının növü, aparılmış təmir işlərinin səviyyəsi və sair müəyyənləşdirilmədən), tikililərin qiymətinin formalaşmasına təsir edəcək amillər müəyyən edilmədən, analoji tikililərə müvafiq olaraq tədqiqat aparılmaqla həmin tikililər üzrə qiymətləndirmə aparılaraq obyektiv nəticəni müəyyən etmək mümkün deyil. Məhkəmə qeyd edir ki, İPM-in 1.2-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən u məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, işdə olan ekspert rəyindən görünür ki, ekspert iddiaçının istifadəsinə olan torpaq sahəsinin 1 sotunun bazar qiymətinin 44.000 manat olduğunu müəyyən etmişdir. Binəqədi Bələdiyyəsinin 251 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün 0,08 ha olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, həmin torpağın iddiaçıdan alınmasına görə ona 352000 manat zərər dəyməsi müəyyən olunur. Torpaq sahəsi üzərində tikilmiş ictimai iaşə obyektinin sökülməsinə gəldikdə, işdən görünür ki, ekspert həmin obyektin sökülməsinə görə əmlakın bazar dəyərini müəyyən edə bilməmişdir. Lakin işdə olan “Ekspert LTD”-nin E/04 nömrəli, xx.xx.2016-cı il tarixli qiymətləndirmə aktından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal və Cavadxan küçələrinin kəsişdiyi ərazidə yerləşən (tikilən) 4 mərtəbəli yan-yana bitişik 2 tikilidən ibarət idman-sağlamlıq və iaşə kompleksinin (qeyri-yaşayış sahəsinin) tikinti quraşdırma, abadlıq və s. görülən işlərin (mal-material, əmək haqqı, işçi nəqliyyatı və s, bütün xərclərilə birlikdə) bazar qiymətinin dəyəri 4.400.000 (dörd milyon dörd yüz min) manat məbləğində müəyyən olunmuşdur. Həmin mütəxəssis rəyinin əmlakın sökülməsi zamanı tərtib edildiyini, rəydə müəyyən edilən dəyərin ətraflı əsaslandırıldığını nəzərə alan məhkəmə hesab edir ki, digər rəylərə münasibətdə həmin rəy mötəbər qəbul edilməli və iddiaçı tərəfindən inşa edilmiş idmansağlamlıq və iaşə xidməti obyektinin aparılan abadlıq işləri ilə əlaqədar sökülməsi nəticəsində İddiaçı dəymiş zərər 4.400.000 manat müəyyən olunmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə görə prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal və Cavadxan küçələrinin kəsişməsində yerləşən idman-sağlamlıq və iaşə xidməti obyektinin sökülməsinə görə 4.400.000 (dörd milyon dörd yüz min) manat və tikilinin yerləşdiyi torpaq sahəsinin alınmasına görə 352000 (üç yüz əlli iki min) manat olmaqla, cəmi ******* (dörd milyon yeddi yüz əlli iki min) manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 100 (yüz) manat məhkəmə ekspertizası xərci İddiaçı adi edilməklə, ondan tutularaq dövlət büdcəsinə (X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar