Məhkəmə qərarları › İş №2-1(112)-1780/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1780/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1780/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlillik təyin edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «qərarın ləğv edilməsi, əlillik dərəcəsinin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına əlillik müddətinin qurtarması ilə bağlı Sumqayıt şəhər 3 nömrəli Poliklinikasından ona aid doldurulmuş TQS 88 nömrəli forma 2 iyul 2021-ci il tarixdə elektron qaydada göndərilmişdir. Göndəriş “Tibbi Sosial Ekspert Komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir (Bildiriş №0529003AAHXJ). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SS726622050AZ ştrix kodlu sifarişli-xəbəmaməli məktubla 12 iyul 2021-ci il tarixli ərizə ilə nəticəsi barədə rəsmi qaydada məlumatın, qərarın surətinin ona (iddiaçıya) təcili göndərilməsini istəmiş, lakin bu günədək cavab verilməmişdir. Qərarı rəsmi qaydada ala bilməsə də, 12 iyul 2021-ci il tarixli ərizəyə qanuna əsasən iki gün müddətində cavab verilməli olduğu halda, cavab verilməsə də, 14 iyul 2021-ci il tarixdə TSERAS-dan aldığı qeyri-rəsmi məlumatdan ona məlum olmuşdur ki, “əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir”. Guya “aldığı müalicə yetərli deyil”, Onun tam diaqmozu yazılmamış, diaqnozunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarında təhrif edirlər. Kağız daşıyıcısında yazılı məlumat almaq onun konstitusion hüququdur (Konstitusiyanın 57-ci maddəsinin 1-ci hissəsi və 50-ci maddəsi), bundan irəli gələn «İnformasiya əldə etmək haqqında» AR Qanununun 24.1-ci maddəsinin tələblərinə əsasən informasiya sorğusuna 7 iş günündən gec olmayaraq cavab verilməlidir. Təcili sorğuya iki iş günü müddətində cavab göndərilir (verilir). İddiaçı “Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilməsi” qərarı ilə razı olmadığından, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə SS726336712AZ ştrix kodlu sifarişli-xəbərnaməli məktubla 15 iyul 2021-ci il tarixli şikayət göndərmiş və qəbul edəcəyi qərarın təcili olaraq ona təqdim olunmasını istəmişdir. Lakin bu günədək müraciətə cavab verilməmişdir. TQS 88 nömrəli formadan göründüyü kimi, 1 fevral 2020-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək dövlət xəstəxanasının allerqologiya şöbəsində stasionar qaydada aparılmış ixtisaslaşdırılmış həkimlər tərəfindən müalicə almışdır. TQS 88 nömrəli formadan göründüyü kimi, 10 fevral 2021-ci il tarixdən 1 mart 2021-ci il tarixədək dövlət xəstəxanasının allerqologiya şöbəsində stasionar qaydada ixtisaslaşdırılmış həkimlər tərəfindən aparılmış müalicə almışdır. TQS 88 nömrəli formadan göründüyü kimi, xəstəxanalarda əsas xəstəlik (J45.8) X4-allerqik forma ağır gedişli. Kəskinləşmə. Əsas xəstəliyin ağırlaşması (J96.1) Tənəffüz çatmazlığı 2-ci mərhələ. Bundan başqa, TQS 88 nömrəli formadan göründüyü kimi, xəstəliyə görə 2021-ci ilin son 6 ayı ərzində dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə dövlət tibb müəssisəsinə müraciətlər də konkret göstərilmişdir. Sumqayıt şəhər 2 nömrəli Xəstəxanasının ona aid ambulator kitabçadan (xəstəlik tarixindən) ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surəti hazırda məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim olunur və əsli məhkəmə iclasında təqdim ediləcəkdir. Müalicə həkimi Hüseyn Cəlilovun mütəxəssis kimi və dövlət xəstəxanasının allerqologiya şöbəsində şöbə müdiri kimi imzası ilə olan bu sənəddə olan əsas məlumatı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən, vəsatətlə məhkəmədən xahiş olunur ki, hazırkı məhkəmə işi üzrə çıxarılacaq qərarın sübutlar siyahısında ambulator kitabdan (xəstəlik tarixindən) ******* nömrəli çıxarışın məlumatları sübut kimi göstərilsin: “Xəstəxanaya daxil olma tarixi 10 fevral 2021-ci il; çıxma tarixi 1 mart 2021-ci il; diaqnoz XBT-10 üzrə kod J45.8; Əsas xəstəlik: X4-allerqik forma Ağır gedişli. Kəskinləşmə. XBT-10 üzrə kod J96.1; Əsas xəstəliyin ağırlaşması: Tənəffüz çatmazlığı 2-ci mərhələ. Xəstəliyin başlanma tarixi 1990-cı il; Spirometriya müayinəsinin nəticəsi: qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu”. «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2.4-cü bəndinə əsasən ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı müşaiyət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri olduğu halda ikinci dərəcə əlillik təyin edilir. Həmin Əsasnamənin 2.2.12-ci bəndinə əsasən hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ-İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə müşaiyət olunan xəstəlikləri olduğu halda ikinci dərəcə əlillik təyin edilir. Odur ki, “Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilməsi” 12 iyul 2021-ci il tarixli qərarı qanunsuzdur və ləğv olunmalıdır, əlilliyik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Tibbi Sosial Ekspert Komissiyasına 2 iyul 2021-ci il tarixdə elektron qaydada göndərilmiş TQS 88 nömrəli formaya əsasən yanaşı xəstəliklər diaqnozları göstərilmişdir: aşağı ətraf venaların xora və iltihabi proseslə birgə müşahidə olunan varikoz - genəlməsi, səthi venaların varikoz genəlməsi, (Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlıq İİ dərəcə, Onikibarmaq bağırsağın xorası, Xora xəstəliyi, aşağı ətrafların digər dərin damarların flebit və tromboflebiti, postflebektomok sindrom, prostat vəzinin hiperplaziyası, Prostat vəzinin adenoması, Xroniki sidik ləngiməsi, ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ dərəcə, əlavə risk İİ (orta), Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, asteno-nevrotik sindrom, Xroniki faringit, Presbiopiya OU-presbiopiya. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in 8 iyul 2003-cü il tarixli qərarına əsasən 2-ci qrup əlillik təyin edilmişdir və 2021-ci ilin iyulun 1nədək infeksion-allergik formada tənəffüs çatmamazlığı xəstəliyinə görə əlillik davam etmişdir, o vaxtdan bəri, 18 il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-nin qərarlarına əsasən əlillik təsdiqində infeksion-allerqik formada astmadan başqa onun yaşı artdıqca ağır formada yanaşı xəstəlikləri də artmışdır. Lakin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu dəfə 63 yaşda olmasına baxmayaraq “əlavə müalicəyə ehtiyacı olan” kimi qərar qəbul edərək, pulun verilməsini dayandırmışdır. Tibbi-Sosial Ekspert Komissiyasında müayinə aktından çıxarışın üzərində Ali Nəzarət Komissiyası tərəfindən 11 iyul 2003-cü il tarixdə yoxlanılmışdır yazısı, imza və ştampı ilə surəti qoşmada verilir. Vəsatətlə məhkəməyə müraciət olunur ki, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın, ona aid 2003-cu ildən sonra 2021-ci il daxil olmaqla Tibbi-Sosial Ekspet Komissiyasının müayinə aktlarının əslləri və (məhkəmə işinə tikilməsi məqsədi ilə) onların möhürlə təsdiq edilmiş surətləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məhkəmə baxışına tələb edilsin. Məhkəmənin iş üzrə çıxaracağı son qərarında ona (iddiaçıya) aid 2003-cu ildən bəri 2021-ci il daxil olmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-nin müayinə aktlarının hər birinin məlumatları sübutlar siyahısında göstərilsin. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsaslanaraq, əlillik təyinatından imtina barədə 12 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi və əlilliyik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və ərizədə ilkin iddia tələbi saxlanılmaqla cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi xahiş olunmuşdur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar qeyd olunur. - İddiaçı əlillik vəziyyətinə Sumqayıt 3 saylı Şəhər Poliklinikasının 21 iyun 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: X4 allergik forma . Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın poliklinika şöbəsinin 23 iyun 2015-ci il tarixli 0531003AACG5 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: X4 allergik forma. Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 1 iyul 2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri” => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: X4 allergik forma. Orta ağır gedişli. TÇ -İ. xr. Hipertonik faringit. ANS. Xora xəstəliyi. 12 b/b xorası. A/ə venalarının varikoz genişlənməsi.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın poliklinika şöbəsinin 2 iyul 2021-ci il tarixli 0529003AAHXJ saylı göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Aldığı müalicə yetərincə deyil. İxtisaslaşmış müayinə və müalicə davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 1 nömrəli Xəstəxananın poliklinika şöbəsinin 11 oktyabr 2021ci il tarixli 0531003AALG8 saylı göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma-; Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, Bronxial astma, infeksion allergik forma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə ETACXİ-nin rəyi və müayinə olması məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, ona 2003-cü ildə ona ikinci dərəcə əlillik verilsə də, sonradan 8 ildir ki, üçüncü dərəcə əlillik təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Nümayəndə əlavə olaraq bildirdi ki, əlillik iddiaçının ildə 4 dəfə ağırlaşdığı halda müalicə olunmaqla təyin oluna bilər. İddiaçı əyani müayinədən imtina etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesa b edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Qaydanın 3.5-ci bəndinə görə əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən tibbi-sosial ekspert komissiyasının qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: - (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); - (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Məhkəmənin hazırkı iş üzrə müvafiq sorğusuna cavab olaraq “Sumqayıt Tibb Mərkəzi”nin 109 nömrəli 21 yanvar 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş həmin Mərkəzə (X6) 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının poliklinika şöbəsindən ünvanlanmış 19 yanvar 2022-ci il tarixli 30 nömrəli məktubunda aşağıdakılar bildirilir: - ünvan 2 ünvanında yaşayan 1959-cu il təvəllüdlü İddiaçı 1996-cı ildən poliklinikada dispanser qeydiyyatındadır. X4 allergik forma. Tənəffüs çatışmazlığı İİ dərəcəli. Xroniki faringit. Arterial hipertrenziya İİ dərəcə, əlavə risk İİ (orta). Xora xəstəliyi, onikibarmaq bağırsağın xorası, remissiya mərhələsi. Səthi venaların varikoz genişlənməsi. Hər iki aşağı ətrafların dərin venaların xroniki trombeflebiti. Postfibektomik sindrom. 2 iyul 2021-ci il tarixdə Tobbi Sosial Ekspert Komissiyasına göndərilmiş (bildiriş nömrə 0529003AAXJ), lakin imtina cavabı gəlmişdir. Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Aldığı müalicə yetərincə deyil. İxtisaslaşdırılmış müayinə və müalicə davam etdirilsin. Xəstə imtina səbəbi ilə əlaqədar stasionar müalicə almışdır. 30 sentyabr 2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir (bildiriş nömrə 0529003AAJZX). Struktur dəyişikliyi ilə əlaqədar sistemdə olan xəta səbəbindən yenidən imtina cavabı gəlmişdir. 23 avqust 2021-ci il tarixdən 20 oktyabr 2021-ci il tarixədək sistem müvəqqəti olaraq dayandırılmış, sistemdə yenilənmə getmiş və yeni elektron imzalar sifariş olunmuş və alınmışdır. Sistemdə olan xəta düzəldiyi üçün 11 oktyabr 2021-ci il tarixə forma 88 yazılaraq Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir (bildiriş 0531003AALG8). Lakin göndərilən sənədə yenidən imtina cavabı gəlmişdir. Səbəb: xəstəyə ETACXİ – dən rəyin və müayinə olunması məsləhət görülür. Məktuba Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş sənədlərin surətləri əlavə olunur. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi hərəkətlərinə işdə olan sübutlar və tərəflərin dəlilləri məcmusunda qiymət verərək aşağıdakı xüsusatları qeyd edir: - İddiaçı əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 2021-ci ildə başa çatdığını nəzərə alaraq, işdə olan, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur; - mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə ona münasibətdə «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi deyil, 1.5.3-cü bəndinin tələbləri tətbiq edilməlidir. Qaydanın 1.5.3-cü bəndi isə, şəxsin orqanizminin pozulmuş funksiyalarının bərpa olunmamasını və müvafiq sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması” ilə şərtləndirmir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya əlillik təyin edilməsindən “əlavə müalicəyə ehtiyacın olması, müalicənin yetərincə olmaması, ixtisaslaşdırılmış müayinə və müalicənin davam etdirilməsi” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar