Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1780/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi" barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2022-ci il Mənfəət dövrü üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 10 iyul 2023-cü il tarixli **********910300 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2022-ci il Mənfəət dövrü üzrə 10 iyul 2023-cü il tarixli **********910300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 6487.12 manat əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzlq məktublarına tərəfindən aşağıdakı kimi cavablar təqdim edilmişdir: “Müəssisə tərəfindən təqdim edilən sonuncu 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə tələb edilən izahatlara cavab olaraq bildiririk ki, müvafiq izahat tələb edilən məqamlar və cavabları aşağıdaki kimidir: 1. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır.) - Bildiririk ki, Müəssisə tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 217 Yuxarıdaki bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrinin göstəricisi 278 287.6 manat məbləğ müəssisə ilə qeyri rezident müəssisələr arasında bağlanılan üç tərəfli müqavilələr üzrə müəssisənin komissiya gəliri və 219.3 Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq sətrinin göstərici 32 435.59 manat məbləğ müəssisə ilə qeyri rezident müəssisələr arasında bağlanılan üç tərəfli müqavilələr üzrə müəssisə tərəfindən qeyri rezidentə xarici valyutada edilmiş ödənişlər üzrə yaranan məzənnə üzrə bank xərclərinə əsasən formalaşmışdır. Bildiririk ki, qeyri rezindentlərdən 3 tərəfli müqavilə üzrə yuxarıda qeyd edilən qaydada əldə edilən komissiya gəliri qanunvericiliyə əsasən yalnız mənfəət vergisinin vergi tutma obyektidir. Bununla bağlı təsdiqedici məlumatları, hesabdan çıxarışları, müqavilələri araşdırma üçün Sizə təqdim edirik. 2. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində dövrün əvvəlinə göstərilmiş debitor qalıq (ƏDV-siz) məbləği ilə 2021-ci il ərzində tərəfinizdən təqdim edilmiş sonuncu ƏDV bəyannaməsində göstərilmiş debitor borc (307) məbləği arasında 40672,1 manat kənarlaşma yaranmışdır.) Bildiririk ki, müəssisə tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsi Əlavə 1 bölməsi 1.4.2. Sair debitor borcları sətri dövrün əvvəlinə qalıq, dövr ərzində daxil olmuş, təqdim edilmiş, ləğv edilmiş və dövrün sonuna qalıq göstəriciləri müvafiq olaraq ƏDV-daxil göstəricilər olaraq vergi orqanına bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələri üzrə debitor borc məbləğləri isə ƏDV-siz göstəricilər olaraq təqdim edilmiş müvafiq bəyannamənin 307-ci sətri Debitor borclar üzrə bölməsinin müvafiq sətri üzrə göstəricilərdə vergi orqanına bəyan edilmişdir. Debitor borcun hərəkəti cədvəli əlavədə təqdim edilir. 3. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş gəlir məbləği ilə həmin dövr üzrə bank hesabınıza mədaxil olunmuş məbləği arasında 13036327,2 manat kənarlaşma yaranmışdır.) -Bildiririk ki, Tərəfimizdən təqdim edilən 2022-ci il mənfəət vergisi bəyannaməsi qanunverciliyə uyğun olaraq hesablama metoduna əsasən tərtib olunaraq vergi orqanına təqdim edilmişdir. Vergi qanunverciliyinə əsasən hesablama metodu ilə təqdim edilən mənfəət vergisi bəyannaməsində müəssisə tərəfindən 2022-ci il üzrə topdan və pərakəndə ticarət üzrə olmaqla mal iş xidmətin təqdim edilməsindən formalaşan ümumi dövriyyə məbləği əks etdirilmişdir. Müəssisə tərəfindən təqdim edilən mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsidə 200 ci “Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir” və 219 cu “Ümumi gəlirdən çıxılmalar” sətirinin göstəricisi müvafiq olaraq müəssisə tərəfindən vergi orqanına təqdim edilən 2022 ci ilin ayları üzrə ƏDV bəyannamələrinin 305 ci sətir göstəricilərində əks etdirilərək vergi orqanına bəyan edilmiş və vergi orqanı tərəfindən müvafiq dövrün bəyannamələrinə kameral münasibət bildirilmişdir. Bildiririk ki, müəssisənin dövriyyəsi nəqliyyat vasitələri üçün şinlərin, ehtiyat hissələrin topdan satışı üzrə formalaşmışdır. Müəssisənin dövriyyəsinin formalaşdıracaq və vergi orqanına bəyan edilməyən hər hansı dövriyyəsi, gəliri mövcud olmamışdır. Kənarlaşma olaraq göstərdiyiniz və müəssisənin bank hesabına daxil olan məbləğlərlə ümumi dövriyyə məbləği arasındakı fərqin əsasını müəssisənin cari hesabların arasındakı pul köçürmələri, konvertasiya əməliyyatları, bank tərəfindən alınan kredit məbləğləri təşkil edir. Nəzərinizə çatdırır ki, müəssisənin bir bank hesabından digər bank hesabına pul köçürməsi üzrə əməliyyatları, konvertasiya əməliyyatları, müəssisənin kommersiya fəaliyyəti üzrə bankdan aldığı kredit məbləğləri, topdan ticarət üzrə formalaşan ədv məbləğinin müəssisənin debitorları tərəfindən ədv depozit hesabına ödənilməsi üzrə əməliyyatlar mənfəət vergisi üzrə vergi tutma obyekti deyildir. Əlavə olaraq bildiririk ki, qeyri rezidentlərlə bağlanılmış üç tərəfli müqavilə üzrə agent fəaliyyəti ilə məşğuldur. Müəssisə agent fəaliyyəti üzrə Türkiyə respublikası rezidenti olan müəssisə ilə Rusiya Federasiyası rezidenti olan müəssisə arasında agent fəaliyyəti göstərir, agent fəaliyyəti üzrə əldə edilən gəlir və xərclərin uçotu ayrı ayrılıqda aparılmaqla yanaşı vergi orqanına təqdim edilmiş sonuncu 2022-ci il üzrə Mənfəət vergisi bəyannaməsinin müvafiq gəlir və xərc sətirlərində bəyan edilməklə vergi orqanına müvafiq məlumatlar təqdim edilmiş və büdcəyə vergi məbləğləri hesablanmışdır. Təsdiqedici sənədləri (bank çıxarışları, ,e-qaimələr) Sizə təqdim edirik. 4. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən 2022-ci il hesabat dövrləri üzrə təqdim edilmiş ÖMV bəyannamələrində göstərilmiş icarə, faiz, royalti, divident məbləğlərin cəmi ilə tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin müvafiq sətirlərində göstərilmiş xərc məbləğləri cəmi arasında 21264,9 manat kənarlaşma yaranmışdır.) Bildiririk ki, tərəfimizdən 2022-ci il hesabat dövrləri üzrə təqdim edilmiş ÖMV bəyannamələrində göstərilmiş icarə haqqı üzrə məbləğlərin cəmi 24 000.00 manat olmuşdur və müvafiq olaraq da tərəfimizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 221.5.1 Rezident şəxslər üzrə icarə haqqı üzrə müvafiq sətrində göstərilmiş xərc məbləğləri 24 000.00 manat qeyd olunmuşdur. Əlavə olaraq bildirirk ki, təqdim edilən bəyannamənin Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər bölməsində 222-ci Borca görə faizlər və onunla bağlı olan xərclər sətrində göstərilmiş 21 264,92 manat məbləğ müəssisənin "xxxx" ASC-dən kredit müqavilələri üzrə götürülmüş bank kreditlərinə görə banka ödənilən kredit faizlərinə görə formalaşmışdır. Qanunvericiliyə əsasən rezident kredit təşkilatlarından, banklardan kredit müqavilələri üzrə alınmış kreditlərə görə ödənilən faiz məbləğləri ödəmə mənbəyində tutulan verginin vergitutma obyekti deyildir. Təsdiqedici sənədləri (bank çıxarışı) Sizə təqdim edirik 5. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat ümumi gəlirdən çıxılma məbləğinin təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır.) Müəssisə tərəfindən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 217 Yuxarıdaki bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrinin göstəricisi 278 287.6 manat məbləğ müəssisə ilə qeyri rezident müəssisələr arasında bağlanılan üç tərəfli müqavilələr üzrə müəssisənin komissiya gəliri və 219.3 Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq sətrinin göstərici 32 435.59 manat məbləğ müəssisə ilə qeyri rezident müəssisələr arasında bağlanılan üç tərəfli müqavilələr üzrə müəssisə tərəfindən qeyri rezidentə xarici valyutada edilmiş ödənişlər üzrə yaranan məzənnə üzrə bank xərclərinə əsasən formalaşmışdır. Bildiririk ki, qeyri rezindentlərdən 3 tərəfli müqavilə üzrə yuxarıda qeyd edilən qaydada əldə edilən komissiya gəliri qanunvericiliyə əsasən yalnız mənfəət vergisinin vergi tutma obyektidir. Bununla bağlı təstiqedici məlumatları, hesabdan çıxarışları, müqavilələri araşdırma üçün Sizə təqdim edirik. 6. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, ( Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində daxil olmuş və azaldılmış (təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir) məbləğlərin cəmi 298865,5 manat gələcək dövrün xərcləri barədə təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır.) Bildiririk ki, təqdim edilən bəyannamənin 1 nömrəli əlavəsi 1.9 Gələcək dövrün xərcləri sətri Dövr ərzində daxil olmuşdur, dövrün sonuna qalıq göstəricisi 298 865.5 manat müəssisə ilə Türkiyə respublikası rezidenti olan müəssisə ilə Rusiya Federasiyası rezidenti olan müəssisə arasında agent fəaliyyəti ilə əlaqədar müəssisənin bank hesabına qarşı tərəfə ediləcək ödəniş üzrə dövrün sonuna qalıq alman borc məbləği və müəssisə tərəfindən qeyri rezident və rezident müəssisələrə gələcəkdə idxal əsasında əldə ediləcək mallar üzrə ödənilmiş avans məbləğ üzrə qalıqlara əsasən formalaşmışdır. Müəssisənin mühasibat uçotu düzgünlüyü baxımından ödənilən və qarşı tərəfə köçürmək məqsədi ilə əldə edilən avans məbləğlər gələcək dövrün xərcləri kimi qeydiyyat alınmış, avansın müqabiləndə qeyri rezidentdən mal idxal edildiyi tarixdə, ödəniş müəssisənin öhdəliyindən çıxıb qarşı tərəfin hesabına köçürüldüyü və ya avans ödənişin geri qaytarıldığı dövrdə müvafiq mühasibatlıq yazılışı ilə avans ödənilən məbləğ qarşılıqlı surətdə əvəzləşdiriləcək və ya avans ödəmələrdən azaldılacaqdır. (Bank çıxarışı qoşmada təqdim edilmişdir) 7. Tərəfinizdən izahat tələb edilən məqam üzrə bildirilmişdir ki, (Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş Bank xidməti üzrə xərclər 18520,8 manat, Borca görə faizlər və onunla bağlı olan xərclər 21264,9 manat, ÖMV bəyannaməsində göstərilən ödənişlərlə əlaqədar xərclər 24000 manat xərclər barədə təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır.) Bildiririk ki, tərəfimizdən 2022-ci il hesabat dövrləri üzrə təqdim edilmiş ÖMV bəyannamələrində göstərilmiş icarə haqqı üzrə məbləğlərin cəmi 24 000.00 manat olmuşdur və müvafiq olaraq da tərəfimizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 221.5.1 Rezident şəxslər üzrə icarə haqqı üzrə müvafiq sətrində göstərilmiş xərc məbləğləri 24 000.00 manat qeyd olunmuşdur. Əlavə olaraq bildiririk ki, təqdim edilən bəyannaməninin Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər bölməsində 222-ci Borca görə faizlər və onunla bağlı olan xərclər sətrində göstərilmiş 21 264,92 manat məbləğ müəssisənin "xxxx" ASC dən kredit müqavilələri üzrə götürülmüş bank kreditlərinə görə banka ödənilən kredit faizlərinə görə, 221.13-cü Bank xidməti üzrə xərclər 18 520.84 manat məbləğ isə müəssisənin "xxxx" ASC və "xxxx" ASC üzrə göstərilən bank xidmətlərinə görə ödənilən xərclərə əsasən formalaşmışdır. Qanunvericiliyə əsasən rezident kredit təşkilatlarından, banklardan kredit müqavilələri üzrə alınmış kreditlərə görə ödənilən faiz məbləğləri ödəmə mənbəyində tutulan verginin vergitutma obyekti deyildir.” Lakin vergi orqanı iddiaçının şikayətlərinə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişik. Lakin müraciətlərimiz cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır, lakin vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********044600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə 6487,12 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********910300 nömrəli Qərar qəbul olunmuşdur. Eyni zamanda qeyd edirik ki, iddia ərizəsində qeyd edilmişdir ki, mənfi məzənnə fərqi müəssisə ilə qeyri-rezident şəxslər arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən müəssisə tərəfindən qeyri-rezidentə xarici valyutada edilmiş ödənişlər üzrə yaranan məzənnə üzrə bank xərclərinə əsasən formalaşmışdır və müvafiq təsdiqedici sənədlər uyğunsuzluq məktubuna cavab olaraq vergi orqanına təqdim edilmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilir ki, bu müqavilə üzrə cəmiyyətin gəlirləri komissiya haqlarından ibarətdir. Qeyd edilənlərlə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Buna əsasən cəmiyyət əldə etdiyi komissiya gəlirlərinin əldə edilməsi ilə bağlı olan xərcləri gəlirdən çıxmaq hüququna malikdir. Digər tərəfdən ödəyici tərəfindən təqdim edilmiş müqavilələr qeyri-rezident şəxslərlə bağlanmış alqı-satqı müqavilələridir və bu müqavilə üzrə cəmiyyətin gəlirlərinin komisyon haqqlardan ibarət olmasını müəyyən etmək mümkün deyil (müqavilələr Azərbaycan dilində tam təqdim edilməmişdir). Eyni zamanda excel formasında təqdim edilmiş sənədlər əsasında da komissiya gəlirlərinin əldə edilməsi ilə bağlı xərclərin mənfi məzənnə fərqindən yaranmasını müəyyən etmək mümkün deyil.
4. Vergi orqanının "xxxx" MMC-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli "2022-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə sorğu məktubuna əsasən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır. Təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində dövrün əvvəlinə göstərilmiş debitor qalıq (ƏDVsiz) məbləği ilə 2021-ci il ərzində tərəfinizdən təqdim edilmiş sonuncu ƏDV bəyannaməsində göstərilmiş debitor borc (307) məbləği arasında 40672,1 manat kənarlaşma yaranmışdır. Təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş gəlir məbləği ilə həmin dövr üzrə bank hesabınıza mədaxil olunmuş məbləği arasında 13036327,2 manat kənarlaşma yaranmışdır. 2022-ci il hesabat dövrləri üzrə təqdim edilmiş ÖMV bəyannamələrində göstərilmiş icarə, faiz, royalti, divident məbləğlərin cəmi ilə tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin müvafiq sətirlərində göstərilmiş, xərc məbləğləri cəmi arasında 21264,9 manat kənarlaşma yaranmışdır. Təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat ümumi gəlirdən çıxılma məbləğinin təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. Təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində daxil olmuş və azaldılmış (təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir) məbləğlərin cəmi 298865,5 manat gələcək dövrün xərcləri barədə təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. Təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində göstərilmiş Bank xidməti üzrə xərclər 18520,8 manat, Borca görə faizlər və onunla bağlı olan xərclər 21264,9 manat, ÖMV bəyannaməsində göstərilən ödənişlərlə əlaqədar xərclər 24000 manat xərclər barədə təsdiqedici sənədləri ilə birgə ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır.
5. Vergi orqanının xx.xx.2023-cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********910300 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində "xxxx" MMC-yə 6.487,12 manat məbləğində əlavə hesablanmış vergi və ya sığorta haqqı hesablanmışdır. Qərar onunla əsaslanmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət(gəlir) vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat mənfi məzənnə fərgi barədə açıqlama (izah) və təsdiqedici sənədlər təqdim edilməmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
8. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.
10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
12. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
13. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli **********910300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar mübahisələndirilir.
14. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət(gəlir) vergisi bəyannaməsində göstərilmiş 32435,6 manat mənfi məzənnə fərgi barədə açıqlama (izah) və təsdiqedici sənədlər təqdim edilməmişdir.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.
16. İş materiallarında olan iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin uyğunsuzluq məktubuna cavabına, bank hesabından çıxarışlara və müqavilələrə əsasən İddiaçı MMC komisyonçu olaraq Türkiyə Respublikası və Rusiya Federasiyasının hüquqi şəxsləri ilə bağlanmış müqavilələrə əsasən alqı-satqı əməliyyatlarından agent fəaliyyəti üzrə əldə etdiyi komissiyadan gəlir əldə edir.
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə "NYA OTOMATİV İÇ DİŞ TİCARET A.S" arasında xx.xx.2021-ci il tarixli 10/2021-A 208 nömrəli müqaviləyə bağlanmışdır. Həmin müqaviləyə əsasən "NYA OTOMATİV İÇ DİŞ TİCARET A.S" İddiaçı MMC-yə şinləri təqdim etməyi və müqavilənin 4-cü bəndində göstərilən çatdırılma şərtlərinə əməl edilməklə "NYA OTOMATİV İÇ DİŞ TİCARET A.S" tərəfindən alınacaq malların məbləğini partiya üzrə müqavilənin 3-cü bəndində göstərilən "Avro" valyutası üzrə ödəməyi öhdəsinə götürmüşdür.
18. İddiaçı MMC ilə "BRİDGESTONE C.İ.S LLC" arasında xx.xx.2021-ci il tarixli DLR/AZ03- 2021 nömrəli müqaviləyə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən "BRİDGESTONE C.İ.S LLC" ilə İddiaçı MMC-yə şinləri 4-cü bəndində göstərilən çatdırlma şərtlərinə əməl edilməklə "xxxx" MMC tərəfindən alınacaq malların məbləğini partiya üzrə müqavilənin 3-cü bəndində göstərilən "Rusiya rublu" valyutası üzrə ödəməyi öhdəsinə götürmüşdür.
19. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixində "xxxx" MMC-nin müəssisənin "xxxx" ASC-də olan avro hesabına "NYA OTOMATİV İÇ DİŞ TİCARET A.S" tərəfindən daxil olan avans məbləğ üzrə 418.893,54 Avro məbləğ "BRİDGESTONE C.İ.S LLC"-yə ödəniş üçün İddiaçı MMC-nin həmin bankda olan rubl hesabına köçürülmüş və rubl üzrə hesaba daxil olmuş 35.382.269,88 rubl vəsait "BRİDGESTONE C.İ.S LLC"-yə alınacaq malların müqabilində avans olaraq ödənilmişdir. xx.xx.2022-ci il tarixinə Mərkəzi Bankın manat-AVRO üzrə məzənnəsi 1.9252 manat rublu üzrə məzənnəsi 0.0221 ekvivalentində təyin edilmişdir. Qeyd edilən əməliyyat üzrə xx.xx.2022-cü il tarixdə "xxxx" MMC-nin AVRO hesabındakı 421.723,44 AVRO köçürülən məbləğin manat ekvivalenti 811.901.97 manat, rubl hesabına daxil olan 35.424.768,49 rubl vəsaitin isə manat ekvivalenti 782.887,38 manat olaraq formalaşmışdır. "xxxx" MMC-nin AVRO hesabından rublu üzrə hesabına köçürülməsi üzrə multivalyuta əməliyyatı üzrə sonuncunun 29.014,58 manat mənfi məzənnə fərqi yaranmışdır.
20. xx.xx.2022-cü il tarixdə “BRİDGESTONE C.İ.S LLC"yə köçürmə edilməsi məqsədi ilə İddiaçı MMC-nin manat hesabından 256.575.76 manat məbləğ rubla konvertasiya edilmiş və eyni gündə "BRİDGESTONE C.İ.S LLC"-yə 11.403.367,28 rubl ödəniş edilmişdir. xx.xx.2022-cü il tarixdə rublun Mərkəzi Bank məzənnəsi 0.0222 olaraq təyin edilmişdir. Qeyd edilən əməliyyat üzrə "xxxx" MMC-nin 3.421,01 manat xarici valyuta məzənnəsi fərqi yaranmışdır.
21. Göründüyü kimi, İddiaçı MMC-nin "BRİDGESTONE C.İ.S LLC"-dən aldığı mallara komissiya haqqı tətbiq etməklə "NYA OTOMATİV İÇ DİŞ TİCARET A.S"-yə təqdim etmişdir. "xxxx" MMC-nin gəliri mallara tətbiq etdiyi ticarət əlavəsindən ibarət olmuşdur. "xxxx" MMC-nin komisiyya müqaviləsi üzrə əldə edilən 278.287.6 manat ümumi gəlirindən, bu əməliyyatlar üzrə müvafiq mənfi məzənnə fərqləri ümumilikdə 32.435,59 manat çıxılmış, qalan hissə yekun gəlir məbləğini təşkil etmişdir. Həmin fəaliyyət üzrə ödəmələr həyata keçirilən zaman və mənfi məzənnə üzrə yaranan fərq ümumi gəlirdən çıxılmışdır. Mənfi məzənnə üzrə yaranan fərqlər bank çıxarışlarında öz əksini tapmışdır. "xxxx" MMCnin komisyonçu fəaliyyəti üzrə əsas xərcləri isə bank əməliyyatları üzrə bank komissiyası olmuşdur.
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
23. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
24. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********910300 nömrəli qərarı ləğv ediməlidir.
25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********910300 nömrəli Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva