Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1780/2025 06.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-cizginin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, X4 Əmir oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-cizginin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Maştağa «Bolqarıstan» Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1966-cı il tarixli, 114 nömrəli əmrinə əsasən Abşeron sovxoz istehsalat idarəsinin 01 mart 1966-cı il tarixli 14 nömrəli əmrinə əsasən sovxozun yerli fəhlə komitəsinin qərarı nəzərə alınaraq İddiaçı (bundan sonra iddiaçı) yaşayış evi tikdirmək üçün 1250 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Abşeron Rayon Dövlət Arxivi fondun sənəd materialları əsasında verilmiş arxiv çıxarışında göstərilir ki, Maştağa «Bolqarıstan» Tərəvəzçilik-Südçülük sovxozunun xx.xx.1966-cı il tarixli, 114 nömrəli əmrindən çıxarışa əsasən “Abşeron sovxoz istehsalat idarəsinin 01 mart 1966-cı il tarixli 14 nömrəli əmrinə əsasən və sovxozun yerli fəhlə komitəsinin qərarını nəzərə alaraq əmr edirəm: Aşağıda adları göstərilən vətəndaşlara yaşayış evi tikdirmək üçün həyətyanı torpaq sahəsi verilsin.
1. X2 - 1.250 kv.m” Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin Məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli məktubundan və məktuba əlavə edilmiş sənəddən görünür ki, Maştağa «Bolqarıstan» Tərəvəzçilik-Südçülük sovxozunun 114 saylı 28 dekabr 1966-cı il tarixli əmrinə əsasən X2 verilmiş 1250.0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur.. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cüil tarixli məktubunda bildirilmişdir ki, “...idarənin mütəxəssisləri tərəfindən üıivana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi ümumi hasar daxilində olmaqla iki tərəfi qonşu hasarı, iki tərəfi isə şərtidir. Faktiki sahəsi 0.125 ha təşkil edir. Üzərində yarımçıq tikili mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahənin qeydiyyatı və ya hər hansı üst-üstə düşmə halı ilə bağlı bazada məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı, sərhəd məlumatlarına əsasən sahə Bilgəh qəsəbəsi ərazisidir. Bundan əlavə torpaq sahəsinə dair koordinatlar və ortofoto görüntüsünü Sizə göndəririk.” İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa «Bolqarıstan» Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022ci il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsinin ayrılmasına dair İddiaçı tərəfindən təqdim edilən Maştağa “Bolqarıstan” tərəvəzçilik-südçülük sovxozunun əmrinin xx.xx.1966-cı il tarixli, 116 nömrəli olduğu qeyd edilsə də, həmin əmrin arxiv arayışında 114 nömrəli, xx.xx.1966-cı il tarixli olduğu göstərilmişdir.
İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Maştağa "Bolqarıstan" tərəvəzçilik-südçülük sovxozunun 28 dekabr 1996-cı il tarixli 114 nömrəli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən İddiaçı Talib oğluna ayrılmış 1250 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-kadastr cizgisinin verilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Maştağa “Bolqarıstan” tərəvəzçilik-südçülük sovxozunun 28 dekabr 1996-cı il tarixli 114 nömrəli əmrinə əsasən Abşeron sovxoz istehsalat idarəsinin 01 mart 1966-cı il tarixli 14 nömrəli əmrinə əsasında İddiaçı Talib oğluna yaşayış evi tikmək üçün 1250 kv.metr həyətyanı torpaq sahəsi ayrılmış və Lenin rayon ZDS İK-in vətəndaşlara yaşayış evi tikdirmək üçün icazə verilməsi xahiş edilmişdir. Sabunçu RİHB-nin müavini tərəfindən 01 sentyabr 2022-ci il tarixli, A-253-091 nömrəli məktubla Maştağa "Bolqarıstan" tərəvəzçilik-südçülük sovxozunun 28 dekabr 1996-cı il tarixli 114 nömrəli əmri ilə ayrılmış 1250 kv.metr torpaq sahəsinin yerləşmə sxemi təsdiq edilərək (dəqiq koordinatları) İddiaçı təqdim edilmişdir. Torpaq sahəsi iddiaçıya ayrılmış və 50 ildən artıq müddətdir ki, həmin torpaq sahəsi onların ailəsinə məxsus olmaqla bağ sahəsi kimi istifadə edilir. Torpaq sahəsi çəpərlənmiş və daimi qulluq edilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hüquqmüəyyənedici sənədlərlə birlikdə dəfələrlə cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh imtinanın əsası olaraq bildirmişdir ki, qeyd edilən torpaq sahəsinin ayrılmasına dair təqdim edilən Maştağa "Bolqarıstan" tərəvəzçilik-südçülük sovxozunun əmrinin xx.xx.1966-cı il tarixli, 116 nömrəli olduğu qeyd edilsə də, həmin arxiv arayışında 114 nömrəli, xx.xx.1966cı il tarixli olduğu göstərilmişdir. Halbuki, iddiaçıya həmin zaman təqdim edilmiş əmrdə əmrin nömrəsi 116, tarixi 31 dekabr 1966-cı il olaraq göstərilmiş, lakin sonradan bu yanlışlıq elə əmr verən təşkilat tərəfindən aradan qaldırılaraq əmrin nömrəsinin 114, tarixinin 28 dekabr 1996-cı il kimi oxunulması təmin edilmişdir. Bu hal isə cavabdeh inzibati orqana məlum olmuş, arxiv arayışları və əmrin əsli təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan formal əsaslarla müraciətdən imtina etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur, əlavə olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi sərhəd məlumatları ilə Bilgəh qəsəbəsinin ərazisinə uyğun gəlir.
Tərəflərin iştirakı və izahatları:
İddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək, iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü:
Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: ...
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya torpaq sahəsinin ayrılması barədə Maştağa «Bolqarıstan» Tərəvəzçilik- Südçülük sovxozunun xx.xx.1966-cı il tarixli, 144 nömrəli əmri Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində nəzərdə tutulmuş sənədlərə uyğundur. Cavabdehin imtina üçün dəlili “xx.xx.1966-cı il tarixli, 116 nömrəli olduğu qeyd edilsə də, həmin əmrin arxiv arayışında 114 nömrəli, xx.xx.1966-cı il tarixli” olması ilə bağlıdır. Məhkəmə cavabdehin həmin dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş əmrin əslindən görünür ki, əmrin nömrəsi 116, tarixi isə 31 dekabr 1966-cı il göstərilsə də, həmin əmrin arxa səhifəsində “№ 114, xx.xx.1966-cı il tarixli düzəlişə inanılmalı” qeydi mövcuddur və həmin qeyd imza və möhürlə təsdiq edilmişdir. Həmçinin, Abşeron Rayon Dövlət Arxivindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Bolqarıstan Südçülük Tərəvəzçilik sovxozunun xx.xx.1966-cı il tarixli 116 nömrəli əmrində İddiaçı Talib oğlunun adı aşkar edilməmişdir. Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Bolqarıstan Südçülük Tərəvəzçilik sovxozunun xx.xx.1966-cı il tarixli 114 nömrəli əmrinin İddiaçı Talib oğlunun adına olan arxiv çıxrışın surəti məhkəməyə göndərilmişdir. Beləliklə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Maştağa «Bolqarıstan» Tərəvəzçilik-Südçülük sovxozunun əmrinin tarixi “xx.xx.1966-cı il tarix”, nömrəsinin isə “№ 144” olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, qeyd edilən xx.xx.1966-cı il tarixli, 144 nömrəli əmr iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır və həmin əmr hazırda qüvvədədir. Belə ki, həmin əmr geri çağırılmamış, ləğv olunmamış, dəyişdirilməmiş və ya qüvvədən düşmüş hesab olunmamışdır, cavabdeh də bu əmrin qüvvədə olmasını mübahisələndirilmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilməsi barədə mövqeyini əsassız hesab edir. Məhkəmə cavabdehin “elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsi sərhəd məlumatları ilə Bilgəh qəsəbəsinin ərazisinə uyğun gəlir” dəlili ilə bağlı qeyd edir ki, bu hal iddiaçının hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz. “X.Mustafayevanın şikayəti şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Maştağa “Bolqarıstan” tərəvəzçilik-südçülük sovxozunun 28 dekabr 1996-cı il tarixli 114 nömrəli əmrinə əsasən verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1250 kv.metr torpaq sahəsi üzərində İddiaçı Talib oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X5