Məhkəmə qərarları › İş №2-1(112)-1781/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1781/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1781/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Qaradağ Rayon XDS İK-nın 18 oktyabr 1973-cü il tarixli qərarına əsasən 14 noyabr 1973-cü il tarixli 128553 saylı orderlə Lökbatan qəsəbəsi, 28 May (keçmiş 28 Aprel) küçəsi, 7 saylı binanın 4 saylı 1 otaqdan ibarət mənzili iddiaçının məhrum anası X3 adına verilmişdir. Orderdə ailə üzvü kimi iddiaçı və qardaşı X10 yazılmışdır. Ana iddiaçının məhrum anası X3 adına sı X8 3 mart 2020-ci il tarixdə vəfat etmişdir. Hazırda mənzildə iddiaçı və qardaşı X10 qeydiyyatdadır. İddiaçı həmin mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuşdur. İmtina məktubunda Qaradağ rayon XDS İK-nin arxiv fondu üzrə 1973-cü il tarixli 11 saylı protokolunun 18 oktyabr 1973cü il tarixli deyil, 19 oktyabr 1973-cü il tarixli olmaqla Dövlət Arxivinin Bakı Filialında mövcud olduğu, lakin həmin protokolda iddiaçının anası X8 barəsində heç bir məlumat olmadığı bildirilmişdir. X3 adına verilmiş orderin Dövlət Arxivinin Bakı Filialında mövcud olmaması iddiaçının və ya mərhum anasının iradəsindən asılı olmamışdır. Həmin orderin təsdiqlənmiş surəti Bakı şəhəri Qaradağ RİH tərəfindən iddiaçıya verilmişdir. RİH-dən Qaradağ rayon XDS İK-nın 18 oktyabr 1973-cü il tarixli protokolu barədə heç bir məlumat olmadığı bildirilmişdir. Mənzil order əsasında verilmişdir, ayrılan vaxtdan iddiaçı ailəsi ilə birlikdə orada yaşayır və qeydiyyatdadırlar. Onların həmin mənzildə 1974-cü ildən qeydiyyatda olması barədə arayış alınmışdır. Göstərilənlərə və İPM-in 2, 33-cü maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri Qaradağ Rayon XDS İK-nın 18 oktyabr 1973-cü il tarixli qərarına əsasən məhrum X3 adına 14 noyabr 1973-cü il tarixli 128553 saylı orderlə verilmiş Lökbatan qəsəbəsi, 28 May (keçmiş 28 Aprel) küçəsi, 7 saylı binanın 4 saylı mənzilnin reyestrdə qeydiyyata alınması və reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qpyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 7 saylı evin, 4 saylı mənzilinə (1 otaqlı) dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 4 mart 2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 7 saylı evin, 4 saylı mənzilinə dair verilmiş orderlə bağlı Dövlət Arxivinin Bakı Filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, həmin qurumun 3-48-2F/2-02865/2023 saylı 1 may 2023-cü il tarixli məktubu ilə Qaradağ rayon XDS İK-nın arxiv fondu üzrə 1973-cü il tarixli 11 saylı protokolunun 18 oktyabr 1973-cü il tarixli deyil, 19 oktyabr 1973-cü il tarixli olmaqla Dövlət Arxivinin Bakı Filialında mövcud olduğu, lakin həmin protokolda vətəndaş X8 barəsində heç bir məlumatın olmadığı bildirilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya 14 iyul 2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, mənzilin yaşayış sahəsinin faktiki ölçüsü 27,36 kv.m, ümumi sahəsinin faktik ölçüsü isə 48,26 kv.m-dır. Mənzil sıxlaşdırılmış mənzildir, faktiki olaraq 2 otaqdan ibarətdir, 128553 saylı orderdə isə yalnız 1 otaq - 15,67 kv.m, yəni 2 saylı otaq nəzərdə tutulmuşdur, digər 3 saylı otaq və köməkçi otaqlar barədə hüquqmüəyyənedici sənədlər digər şəxsə məxsusdur. Köməkçi otaqlar ümumi istifadədir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11, 11.1-ci maddələrinə, «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 8-ci maddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazı müdafiə etdiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ XDS İk-nın 128553 nömrəli 14 noyabr 1973-cü il tarixli orderi ilə Bakı şəhəri, Lpkbatan qəsəbəsi, 28 Aprel küçəsi, 7 saylı evin 4 saylı mənzili X5 ayrılmışdır. Orderdə ailə üzvü kimi İddiaçı adı göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon MKTB 150 saylı MKİS tərəfindən Bakı şəhəri, Lökbatan qəsəbəsi, 7 saylı evin 4 saylı mənzili barədə “Forma-2” arayışı tərtib olunmuşdur və arayışda mənzildə iki nəfər şəxsin İddiaçı və X7 qeudiyyatda olmaqla yaşadığı bildirilmişdir. İş materiallarından görünür ki, X8 3 mart 2020-ci il tarixdə vəfat etmiş və bu barədə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 31 mart 2020-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 175 nömrəli qeyd edilmiş, AZ-İİ seriyalı 073125 nömrəli “Ölüm haqqında şəhadətnamə” verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RİH-in İddiaçı ünvanlanmış 31 mart 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: X1 Qaradağ rayon XDS İK tərəfindən verilmiş 14 noyabr 1973-cü il tarixli 128553 nömrəli orderin və onun verilməinə əsas olan sənədlərin (protokolun) surətinin təqdim edilməsi ilə bağlı Qaradağ RİH-ə ünvanlanmış müraciətə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı X1 Qaradağ rayon XDS İK tərəfindən verilmiş 14 noyabr 1973-cü il tarixli 128553 nömrəli orderin surəti təsdiqlənərək təqdim olunmuşdur. «Milli arxiv fondu haqqında» Qanunun 10-cu maddəsinə əsasən arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti 5 ildir. Müvəqqəti mühafizə müddəti bitdikdən sonra Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədilə dövlət arxivinə verilir. Keçmiş Qaradağ rayon XDS İKnın 11 saylı 18 oktyabr 1973-cü il tarixli protokolu barədə RİH-də heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı ünvanlanmış 22 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, keçmiş Qaradağ Rayon XDS İK-nın (indiki Qaradağ RİH) arxiv fondu üzrə 11 saylı protokolu 18 oktyabr 1973-cü il tarixli deyil, 19 oktyabr 1973-cü il tarixli olmaqla Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin protokolda vətəndaş X8 barəsində heç bir məlumat yoxdur. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Qaradağ rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı inzibati mübahisə Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, ona həmin əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması İPM-in tələblərini pozmur. Həmçinin qeyd olunmalıdır ki, “öhdəliyin icrası haqqında” iddialara münasibətdə İPM iddia müddətinin tətbiqini nəzərdə tutulmamışdır. Bundan başqa, iddiaçının qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti və öz növbəsində cavabdehin də ona müvafiq imtina məktubu olduğundan, inzibati mübahisə mövcud olmuş qiymətləndirilir. Bunları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını nəzərə alaraq, məhkəmə iddianı mümkün sayır. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmişdir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderlər bu əsaslar sırasında nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Qaradağ Rayon XDS İK-nın 14 noyabr 1973-cü il tarixli 128553 nömrəli orderinin verilməsinə əsas olmuş 11 saylı protokolunda iddiaçının mərhum anası X3 adı əks olunmasa da, bu hal iddiaçının irarəsindən asılı olmamış, ötən müddət ərzində mənzilə digər şəxslər iddialı olmamış, habelə iddiaçı və orderdə adları qeyd olunan 3 nəfər şəxs həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar və hazırda onlardan biri istisna olmaqla (vəfat etmişdir), qalan iki nəfər, o cümlədən iddiaçı yaşayır. Orderdə protokolun tarixinin səhv (1 gün fərqlə) göstərilməsinə gəldikdə isə, bu formal xarakterli hal kimi qiymətləndirilir. Məhkəmə icraatında iddiaçı tərəfin təqdim etdiyi 14 noyabr 1973-cü il tarixli 128553 nömrəli order həmin orderə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı (orderdə adı göstərilmişdir) etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin hallarına görə Qaradağ XDS İK-nın 19 oktyabr 1973-cü il tarixli 11 nömrəli protokolunda iddiaçının mərhum anası X3 adının olmaması 14 noyabr 1973-cü il tarixli 128553 nömrəli orderin mötəbərliyinə təsir edən xüsusat kimi çıxış edə bilməz. Bundan başqa, sözügedən 14 noyabr 1973-cü il tarixli 128553 nömrəli order geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 67-ci maddəsinin tələbləri baxımından Bakı şəhəri Qaradağ rayon XDS İK-nın 14 noyabr 1973-cü il tarixli 128553 nömrəli orderi müvafiq mənzilə hüquqların qeydiyyatına əsas qismində mötəbər sübut kimi qiymətləndirilməlidir. Mənzilin sahəsinə gəldikdə isə, nəzərə alınmalıdır ki, iddiaçı tərəf mənzilin hüquq müəyyənedici sənəddə – oderdə göstərilən (1 otaq, 15,67 kv.m) ölçüsü üzrə qeydiyyatın aparılmasını tələb edir və iddia tələbində sahənin ölçüsü üzrə hallar mübahisələndirilmir. Belə olan halda məhkəmənin qənaətinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 7 saylı binanın 1 otaqdan ibarət, sahəsi 15,67 kv.m olan 4 saylı mənzilinə İddiaçı mülkiyyət hüquqları yarandığından, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11 və 10-cu maddələrinə əsasən onun həmin daşınmaz əmlaka hüquqları qeydiyyata alınmalı və bu barədə reyestrdən çıxarış verilməlidir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 7 saylı binanın 4 saylı mənzilinə (1 otaq, 15,67 kv.m) iddiaçı X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 7 saylı binanın 4 saylı mənzilinə (1 otaq, 15,67 kv.m) iddiaçı X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar