Məhkəmə qərarları › İş №2-1(112)-17814/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17814/2025

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17814/2025 04.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinə qarşı X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2025-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı (bundan sonra iddiaçı), X3, X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu üçün qeyd olunan şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir. CMS-AZEMİS məlumat-axtarış sistemindən üçüncü şəxsə dair əldə edilmiş şəxsi məlumatlardan görünür ki, üçüncü şəxs hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vüqar Əliyevin ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququna əsasən iddiaçıya məxsusdur. Həmin ünvanda o və həyat yoldaşı X4 xx.xx.2000-ci ildən daimi qeydiyyatda olmaqla yaşayırlar. Övladlarının hər biri isə ayrıayrılıqda müvafiq ünvanlarda yerləşən şəxsi yaşayış evi və mənzillərdə yaşayırlar. Onlardan heç biri yuxarıda qeyd olunan ünvanda daimi olaraq yaşamamışdır. Övladlarının, o cümlədən də, böyük oğlu Vüqar Əliyevin həmin ünvanda yaşamadığı faktını yaxın qonşuları: PY UA 38/10, ev 86 ünvanında yaşayan X5 və PY UA 38/10, ev 80-a ünvanında yaşayan X1 təsdiq edə bilərlər. Bir müddət əvvəl həmin fərdi yaşayış evi ilə bağlı sənəd toplayarkən ona məlum olmuşdur ki, böyük oğlu Vüqar Əliyev xx.xx.2007-ci ildə onun xəbəri olmadan həmin ünvana qeydiyyata alınmışdır. Aydın məsələdir ki, üç övladdan ancaq birinin ata evində qeydiyyatda olması istər-istəməz müəyyən anlaşılmazlıqlara səbəb olur, valideyn kimi o və həyat yoldaşı haqqında xoşagəlməz təəssürat yaradır. Bundan başqa belə vəziyyətin mövcudluğu onun mülkiyyət hüquqlarını da müəyyən qədər məhdudlaşdırır. Belə vəziyyətin aradan qaldırılması üçün xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həyat yoldaşı A.Ə.Əliyevanın mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən 46,2 kv.metr sahəsi olan mənzili oğlu Vüqar Əliyevə hədiyyə etmiş və bundan sonra ondan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdan çıxaraq onun mülkiyyətinə verdiyi ünvan 3 ünvanında qeydiyyata düşməsini xahiş etmişdir. O razılıq vermiş, lakin verdiyi sözə bundan sonra əməl etmədiyi üçün ona məxsus fərdi yaşayış evində qeydiyyatdan çıxarılması xahişi ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin Nərimanov RPİ-nin xx.xx.2025-ci il tarixli 50/2-Ə-25143/11 nömrəli cavab məktubu ilə "məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunduğu”nu əsas göstərməklə ona rədd cavabı verildi və məhkəməyə müraciət etməyinin məqsədəuyğun olduğu bildirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı münasibət təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu onun müraciətini təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxs X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarına əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olmasını bildirsə də, buna dair hər hansı sübutu, o cümlədən hər hansı ilkin hüquqmüəyyənedici sənədi (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında göstərilən ilkin hüquqmüəyyənedici sənədlərdən hər hansı birini) məhkəməyə təqdim etməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin hüquqi qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, üçüncü şəxsin həmin ünvanda qeydiyyatda qalmasının iddiaçının həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirməsi baxımından hər hansı maneə törətməsi öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçı həmin evin mülkiyyətçisi olmadığına görə (o cümlədən iddiaçının hazırkı iddia tələbinə qanuni gözlənti hüququnun olması iş materialları ilə təsdiqini tapmadığından) üçüncü şəxsin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün qanunla tələb olunan şərtlər ödənilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar