Məhkəmə qərarları › İş №2-1(112)-17819/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17819/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17819/2025 19.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Çinar” bağçılığın inkişafı ictimai birliyinin xx.xx.1997-ci il tarixli protokolundan çıxarışın əslindən görünür ki, Ə.Hüseynov uzun müddət birliyin ictimai tədbirlərində iştirak etmədiyinə, yığıncaqlara və iclaslara laqeyidlik göstərərək gəlmədiyinə, eləcə də birliyin fəaliyyəti ilə heç vaxt maraqlanmadığına görə həmin sahə ondan alınmış və "xxxx" ASCnin işçisi İddiaçı verilmişdir. Onun bağ sahəsi 137 nömrə ilə qeydə alınaraq ümumi sahəsi 562.5 kvadrat metr hesab edilmişdir. “Çinar” bağçılığın inkişafı ictimai birliyinin üzvlük biletinin surətindən görünür ki, İddiaçı “Çinar” bağçılığın inkişafı ictimai birliyinin üzvüdür və ona Xəzər rayonu, Türkan qəsəbəsində 562.5 kv.m yer ayrılmışdır. İddiaçı qeyd edilən ünvanda yerləşən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının ərizəsinə xx.xx.2025ci il tarixli imtina cavabı verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən İddiaçı adı bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında aşkar olunmamışdır. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Çinar “bağçılığın inkişafı ictimai birliyin üzvü kimi Bakı şəhər X2 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsindən 0.6 ha hissəsinin plan-ölçüsünü tərtib edib onun adına qeydiyyata alaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Çinar” X1 Birliyinin üzvü kimi İddiaçı ayrılmış 0,0562 ha sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Çinar” b/y-nın 137 saylı bağ sahəsinin onun adına qeydiyyata alınmaqla çıxarış və plan-ölçü verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989cu il tarixli qərarı ilə Türkan qəsəbəsində “Bakıelektropribor” İB-nə hazırkı hüquqi varisi "xxxx" ASC-yə 12,45 hektar bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sxemi tərtib edilərək İddiaçı tərəfindən təsdiq edilmişdir. Qərarla ayrılan torpaq sahəsi Birliyin 200 (iki yüz) nəfər işçisi arasında bölünmüş, həmin siyahıda olan şəxslərin həmin vaxt əksəriyyəti qeyri millətindən olan şəxslər olmuşdur. Məlum 1990cı il hadisələri ilə əlaqədar qeyri millətdən olan şəxslər və diğərləri Ölkəni tərk edəndən sonra siyahıda olan köçən gedən şəxslərin əvəzinə Birliyin diğər üzvlərini siyahiya (təlimata uyğun olaraq) əlavə edilməsi qərara alınmışdır. Lakin, Əmlak Komitəsinin o vaxtki rəhbərliyi göstərilən torpaq sahəsinin Birlik əməkdaşlarına verməkdən imtina etmişdir. Onların özbaşınalığı barəsində Ölkə Başçısına məlumat verilmiş və bundan sonra "xxxx" ASC-nin əməkdaşları göstərilən bağ sahəsi ilə əlaqədar yeni Bağçılıq Təsərrüfatı yaradılması tövsiyyə edilmişdir. Bundan sonra “Çinar” bağçılığın inkişafı ictimai birliyi yaradılaraq AR Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə Birliyin 07 oktyabr 1997cı il tarixli yığıcağının qərarı ilə əvvəlki siyahıda olan şəxslərin Respublikanı tərk etdiyi üçün onların əvəzinə ASC əməkdaşları üzvülüyə qəbul edimişdir. Siyahıda olan Birliyin üzvülərinin hər birinə 0.6 ha olmaqla bağ sahəsi 200 nəfər arasında bölünmüşdür. Bütün üzvülərə bağçının üzvülük kitabçası verilmişdir. Daha sonra işə AR ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lazımi dövlət rüsümları ödətdirilərək hər bir şəxsin istifadəsinə ayrılmış 0.6 ha ölçüdə torpaq sahəsi 2018-2024-cü illərdə adları arxiv siyahısında olmayanlardan 40 nəfərdən çoxu adi qaydada, 11 nəfər isə Məhkəmə qətnaməsi əsasında çıxarış əldə etmişdir. Lakin lazımi sənədləri təqdim etsə də istifadəsində olan torpaq sahəsi AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyester publik hüquqi şəxsi 1 sayılı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məktubla qeydiyyata almaqdan intina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Çinar "bağçılığın inkişafı ictimai birliyin üzvü kimi Bakı şəhər X2 İcrayyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsindən 0.6 ha hissəsinin plan-ölçüsünü tərtib edib onun adına qeydiyyata alaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı qeyd edilən məsələ ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********68 məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən İddiaçı adı bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi “Çinar” X1 Birliyinin üzvü kimi İddiaçı ayrılmış 0,0562 ha sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Çinar” b/y-nın 137 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İmtinanın və iddiaya dair etirazın dəlilləri ondan ibarətdir ki, idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bununla bağlı aşağıdakılar qeyd edilir: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 0.0562 ha təşkil edir. Bağ sahəsinin sərhədləri br tərəfdən qonşu hasarla ayrılıb, digər üç tərəfdən isə döngə nöqtələrinə mişar daşları qoyulub, döngə nöqtələrinin araları isə şərtidir. Tikili yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bildirilir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Yuxarıda istinad edilən normaya görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Çinar” bağçılığın inkişafı ictimai birliyinin xx.xx.1997-ci il tarixli protokolundan çıxarışın əslindən görünür ki, Ə.Hüseynov uzun müddət birliyin ictimai tədbirlərində iştirak etmədiyinə, yığıncaqlara və iclaslara laqeyidlik göstərərək gəlmədiyinə, eləcə də birliyin fəaliyyəri ilə heç vaxt maraqlanmadığına görə həmin sahə ondan alınmış və "xxxx" ASCnin işçisi İddiaçı verilmişdir. Onun bağ sahəsi 137 nömrə ilə qeydə alınaraq ümumi sahəsi 562.5 kvadrat metr hesab edilmişdir. Bundan əlavə, sözügedən torpaq sahəsi ilə bağlı iddiaçının adına Bağçılıq Yoldaşlığının üzvlük kitabçası verilmişdir. “Çinar” bağçılıq yoldaşlıq cəmiyyətinin heyətinin xx.xx.1997-ci il tarixli protokolundan çıxarış, iddiaçının adına verilmiş Bağçılıq Yoldaşlığının üzvlük kitabçası nəzərə alındıqda, iddiaçının adının siyahıda olmaması ona bağ sahəsinin ayrıldığını istisna edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-557/2023 nömrəli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. “Çinar” X1 Birliyinin üzvü kimi İddiaçı ayrılmış 0,0562 ha sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Çinar” b/y-nın 137 saylı bağ sahəsinin onun adına qeydiyyata alınmaqla çıxarış və plan-ölçü verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar