Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1785/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, “E.sosial.az”a, Dövlət Məşğulluq Xidməti-Bakı şəhər Məşğulluq İdarəsinə və Cavabdeh4nə qarşı işlə təmin olunma və s. tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, “E.sosial.az”-a, Dövlət Məşğulluq Xidməti-Bakı şəhər Məşğulluq İdarəsinə və Cavabdeh4nə qarşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və va ona tabe qurumunda islə təmin olunması; Azərbaycan Respubilkasında yerləşən Dövlət qurumlarında diplomu üzrə, ixtisası üzrə və ya iş təcrübələri üzrə islə təmin olunması; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə Azərbaycan Respublikasının Dövlət Qurumları olan “Lider” TV və “Xəzər” TV-də işlədiyi is stajlarının sistemə-Elektron Hökümət portalına vurulması; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə Azərbaycan Respubilkasının Dövlət Qurumları olan “Lider” TV-də dörd telelayihənin icracı direktoru işlədiyi müddətdə “Yeganə Production”a məxsus “Euro” AZTV-dən is təklifi aldığı, 2015-ci ilin may ayından 2016-cı ilin aprel ayına kimi İctimaiyyətlə Əlaqələr üzrə. Proqram və Reklam Direktoru işlədiyi vəzifələrinin hər biri üzrə əmək müqaviləsi olduğundan iş stajlarının Elektron Hökümət portalına vurulması, 12 illik is stajlarının Əmək fondunun sisteminə vurulması; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə Azərbaycan Respubilkasının Dövlət Qurumları olan BP və SOCAR-ın birgə layihəsində bir il təcrübə keçməyi və işləməsi haqqında is stajının sistemə-Elektron Hökümət portalına vurulması; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Məşğulluq Xidmətinin və Bakı şəhər Məşğulluq İdarəsinin “Cavabdeh2”-da olunan vakansiyalara nəzarət etməsi, vakansiyaları şirkətlərin yalandan reklam üçün elan verməməsinə nəzarət etməsi; 3 (üç) il işsiz qaldığı üçün (21.500) kompensasiya ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1985-ci ildə yanvar ayının 2-də Quba rayonunda doğulmuş, doğularkən ona Aytəkin adı, ata adı Bədəl, soyadı Eldarova verilmişdir. 2005-ci ildən Universitetin son kursunda adını Aytəkindən - Aytənə və atasının adı ilə Bədəlbəyli soyadına keçmək qərarına gəlmiş və 2016-ci ildə atasının adı ilə bəyli soyadına, Aytən adına keçə bilmişdir və İddiaçı olmuşdur. Bu səbəbdən onun təhsil haqqında sənədləri,sertifikatları, xasiyyətnamələri və s. hər iki adıyla qeyd olunmuşdur. Məmmədova isə ər soyadıdır. 35 yaşı olmasına baxmayaraq 12 illik iş stajı var, üç ildən çoxdur ki işsizdir. Dəfələrlə qeydiyyatda olduğu rayon üzrə Qaradağ rayon məşğuluq Mərkəzində qeydiyyata düşmüş, Qaradağ məşğulluğunun səhifəsində sistemdə dəfələrlə müəssisələrdə olan işləri göstərmiş, amma zəng etdikdə isə o yerlərin artıq mövcud olmadığı bildirimişdir. Növbəti ay o, yenə məşğulluğa görə işə müraciət edərkən, yenə də həmin işlər sistemdə olurdu, sanki müəssisələr özlərini sadəcə reklam edirlər. Hal-hazırda işlər elana sisteme vurulur dərhal,göründüyü andan deaktiv olur və ya işlər görünsə də aktiv olmur, yəni müraciət etmək olmur. Sadece o işlər reklam üçündür. O, 2006-cı ildə Bakı Dövlət Universitetinin Ümumi İqtisadiyyat, İqtisadi Kibernetika ixtisasını bittirmişdir. İlk iş təcrübəsi elə tələbə olduğu zaman sonuncu kursda dərsdən sonra Ədliyyə Nazirliyi və BMT-nin Nəzdində Azərbaycan Respubilikası əhalisinin siyahıya alınmasında, informasiya operatoru- stajçısı olmuşdur. Universiteti bitirdikdən sonra “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin, Bakı 3 saylı “Aqrartikinti” filialının, İqtisadiyyat və İctimaiyyətlə Əlaqələr şöbəsində 3 il “İqtisadçı Analitik və İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis” daha sonra rəhbərliyin təklifi ilə elə həmin müəssisədə Kadrlar şöbəsində Kadrlar üzrə baş Mütəxəssis” kimi 3 il 5 ay işləmişdir. “Qaragözova” tibb mərkəzində kompüter proqramçısı, “Xəzər” TV-də 10 ildən artıq efirə gedən İncilər verilişilərində 1 il 5 ay “Jurnalist” və “Lider” TV- də efirə gedən “Səhər Çağı”, “Nahardan Əvvəl”, “Sizin Səhhət” və “Shopping Time” tele layihələrinin İcraçı Direktoru və İctimaiyyətlə Əlaqələr üzrə Direktor vəzifələrində çalışmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilərək, onlardan iddia tələbinə dair yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, tərəflər iş üzrə araşdırma aparılması, həmçinin iddianın mümkünlük məsələsinə baxılması ilə bağlı məhkəmə iclasına dəvət olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən məhkəmə tərəfindən İddiaçı hüquqi yardım göstərilərək, sonuncuya iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması, hazırki iddiaya cavab verməli olan cavabdehin (cavabdehlərin) və iddia tələblərinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli yazılı təklifini rəsmi qaydada qəbul etsə də, iddia tələbini dəqiqləşdirməsindən imtina etmiş və iddianın dəqiqləşdirməsinə dair ərizəsini məhkəməyə təqdim etməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yanında və tabeliyindəki qurumlarda işə qəbul və əmək münasibətləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əmək Məcəlləsi” və diigər nomativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında yerləşən dövlət qurumlarında işə qəbul və əmək münasibətləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əmək Məcəlləsi” və digər normativ hüquqi aktlarla tənzimlənir. İddiaçının iş stajının və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid deyil. Bu vəzifə Əmək Məcəlləsinin 12-ci maddəsinə müvafiq olaraq işəgötürənin üzərinə qoyulur. İddiaçının Dövlət Qurumlarında, digər müəssisə və təşkilatlarda işlə təmin olunmasına Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin hansısa formada təsir göstərməsi yolverilməzdir və bu Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsini 4-cü bəndinə ziddir. İddiaçının işsiz olduğu 3 il müddətində 21.500 (iyirmi bir min beş yüz) manat kompensasiya tələbi əsassızdır və bu məsələ Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” Qanununun müvafiq müddəaları ilə tənzimlənir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Dövlət Məşğulluq Xidməti-Bakı şəhər Məşğuluq İdrəsi və Cavabdeh4 nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı qız iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslnadırır. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci ildə doğulmuşdur. İddiaçının hazırki tələblə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğuulluq Xidməti Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən verilmiş **********5 №li xx xxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı müraciətinə Cavabdeh4 tərəfindən qanunamüvafiq qaydada baxılmış, Mərkəz tərəfindən ərizədə göstərilmiş telefon nömrəsi (055 206 65 60) ilə əlaqə saxlandığı zaman “xxxx” MMC ilə birlikdə təşkil olunan müvəqqəti xarakterli ictimai işlər (əmək haqqı 250 manat) təklif olunsa da, bu işlərdən imtina edilmiş, həmçinin boş (vakant) iş yerləri ilə tanış olmaq üçün “Cavabdeh2” və ya “e-gov.az” portalı vasitəsilə “məşğulluq” altsistemində (MAS) mövcud olan vakansiyaları izləmək və ya Mərkəzlə əlaqə saxlayaraq, əlavə məlumat alması tövsiyyə olunmuşdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə iddiaçı bir neçə cavabdehə qarşı iddia qaldıraraq, onun islə təmin olunmasını, əvvəllər işlədiyi is stajlarının elektron informasiya sisteminə daxil edilməsi, işə götürənlər tərəfindən boş iş yerlərinə dair verilən elanlara nəzarət olunması və işsiz qaldığı müddətə görə ona kompensasiyanın ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən olunmamışdır. İddiaçının kompensasiya ilə bağlı tələbinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən hazırki iddia ərizəsində qeyd olunan tələblə (kompensasiya) bağlı adları çəkilən inzibati orqanlara (nə bilavasitə, nə də ki, digər orqanlar vasitəsilə) heç bir müraciət olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qaışı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, “E.sosial.az”a, Dövlət Məşğulluq Xidməti-Bakı şəhər Məşğulluq İdarəsinə və Cavabdeh4nə qarşı işlə təmin olunma və s. tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1785/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1785/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver