Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1785/2022 07.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlaka dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, qeyd edilən əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd olunan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman məlum olmuşdur ki, C, B tikililəri və A tikilisinin 1-ci mərtəbəsindəki 24 saylı sahə sökülüb, giriş sahəsi "xxxx" ASC ilə birgə istifadədədir, əlavə tikililər və əlavə torpaq sahəsi mövcuddur. Bundan başqa, İdarənin elektron baza məlumatlarına əsasən əlavə torpaq sahəsi qonşu ərazi ilə ümumi istifadədə olan yaşıllıq və yol sahəsidir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan torpağa və mövcud daşınmaz əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanında yerləşən, xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunan müəsissə və obyektin texniki pasportda göstərilən A tikilisinə (inzibati bina) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin inzibati binası ünvan 1 ünvanında yerləşir. Sözügedən əmlak əvvəllər dövlət müəssisəsi olmuş İddiaçı trestinin balansında olmuşdur. Daha sonra Dövlət Əmlakı Nazirliyinin 243 nömrəli xx.xx.2001-ci il tarixli sərəncamı ilə “Azərenerji” Səhmdar Cəmiyyətinin İddiaçı trestinin müəssisələrinin bazasında İddiaçı ASC yaradılmışdır. Belə ki, bu müəssisənin səhmləri özəlləşdirilmiş və nəticə etibarilə təşkilati-hüquqi forması və mülkiyyətçisi dəyişmişdir. İddiaçı ASC-nin tərtib etdiyi özəlləşdirmə planı (emissiya prospekti) Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 243 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Həmin əmlakın Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən təqdim olunan texniki pasportu vardır. Sənədlərdən aydın görünür ki, ünvan 1 ünvanında yerləşən inzibati bina İddiaçı ASC-yə məxsusdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddia həm də əsaslıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 243 nömrəli, 30 aprel 2001-ci il tarixli sərəncamından görünür ki, «Azərenerji» Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanda yerləşən İddiaçı trestinin həmin sərəncama 1 nömrəli əlavədə göstərilən müəssisələrinin bazasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin adi səhmlərinin sayı 86300 təşkil etmişdir. Həmin sərəncama 1 nömrəli əlavədən görünür ki, İddiaçı ASC-nin tərkibinə daxil olan müəssisələrin siyahısına ünvan 3 ünvanında yerləşən İddiaçı trestinin aparatı da daxil edilmişdir. İddiaçı trestinin özəlləşdirmə planından (emissiya prospekti) görünür ki, xx.xx.2001-ci il tarixə əsas vəsaitlərin inventarlaşdırılma və qiymətləndirilmə aktına 3 mərtəbəli bina daxil edilmişdir. İşdə olan xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunan müəsissə və obyektin texniki pasportundan görünür ki, 1978-ci ildə tikilmiş tikinti altı sahəsi 506,1 kv.metr, ümumi sahəsi 1185,2 kv.metr, əsas sahəsi 725,1 kv.metr, köməkçi sahəsi 460,1 kv.metr olan ünvan 2 ünvanında yerləşən obyektin balans saxlayıcısı «Azərenerji» Səhmdar Cəmiyyətinin İddiaçı tresti olmuşdur. Texniki pasporta əsasən “A” tikilisi 3 mərtəbəli inzibati bina, “B” və “C” tikililəri qarajdır. İşdə olan Milli Gəlilər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, müəssisənin təsisçiləri X1, Cəmilov Kamil Cəmiyyət oğlu və Milli Depozit Mərkəzinin 15 yanvar 2014-cü il tarixli reyestrində göstərilən digər şəxslərdir. Qiymətli kağız sahiblərinin reyestrindən görünür ki, hər bir səhmin nominal dəyəri 2 olmaqla iddiaçının reyestrdə yerləşdirilmiş 86300 sənədsiz adi adlı səhmi mövcuddur. İddiaçı hazırda texniki pasportda göstərilən tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208- 1Q saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə əsasən: - 1. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir. - 4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı səhmdar cəmiyyətlərinə çevrilməsi həmin müəssisələrdə yaradılmış özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir. - 7. Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərinə çevrilməsi aşağıdakı qaydada həyata keçirilir: 7.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi mövcud texnoloji və idarəçilik əlaqələrini nəzərə almaqla həyata keçirilir. Sərbəst təsərrüfat subyektlərinin səhmdar cəmiyyətlərinə çevrilməsi zamanı heç bir əlavə şərt və məhdudiyyətlər qoyulmur. 7.2. Müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və təsis sənədləri qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Dövlət müəssisəsinin çevrilməsi nəticəsində təsis edilən səhmdar cəmiyyətinin dövlət qeydiyyatı qanunvericilikdə müəyyən edilmiş müddətdə həyata keçirilir. 7.3. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin və digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə). Dövlət müəssisələrinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətlərə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş, onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. Səhmdar cəmiyyətinin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir. 7.4. Səhmdar cəmiyyətiin nizamnamə kapitalının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş uyğun normativ-hüquqi aktına əsasən müəyyən edilir. 7.5. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. - 8. Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmlərinin (nizamnamə kapitalının hissələrinin) satışının başladığı anı, satışı qaydaları və üsulları, özəlləşdirmədə verilən güzəştlər və s. qanunvericiliklə ilə müəyyən edilir. - 9. Səhmlərin satıcısı kimi dövlətin adından mülkiyyətçi səlahiyyətlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə əsasən: - 2. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisələrin start (satış) qiymətini və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını hesablamaq məqsədi ilə onların əmlakının qiymətləndirilməsi qaydalarını müəyyən edir. - 3. Özəlləşdirilən müəssisənin start (satış) qiyməti və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı, onun qiymətləndirilən balans aktivinin dəyərindən balansın uyğun passiv maddələrinin dəyəri çıxılaraq alınmış ilkin qiymətə bu Əsasnamə ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır. - 6. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir. - 11. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir. - 15. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbərliyinin iştirakı ilə özəlləşdirmə komissiyası tərəfindən müəssisənin əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir. - 29. Bina və tikililərin bir hissəsində yerləşən dövlət müəssisə və obyektlərinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən onlara aid olan sahələrin (qeyri-yaşayış, istehsal və digər təyinatlı sahələrin), bu Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablanmış qalıq dəyəri qiymətləndirilən əsas vəsaitlərin ümumi dəyərinə daxil edilir. İşdən görünür ki, İddiaçı tresti özəlləşdirilərkən onun xx.xx.2001-ci il tarixə əsas vəsaitləri qiymələndirilmiş, əsas vəsaitlərin tərkibində iddiaçının hazırda adına qeydə alınması ilə bağlı müraciət etdiyi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi də olmuşdur. Həmin qeyri-yaşayış sahəsi ilə birlikdə xx.xx.2001-ci il tarixli müəssisənin əmlakının qiymətləndirilməsinə dair yekun akta əsasən müəssisənin bazasında yaradılan səhmdar cəmiyyətin nizamnamə kapitalının həcmi 86300 min manat müəyyən edilmiş, həmin kapitala əsasən buraxılmış 86300 adi səhm müvafiq fiziki şəxslərin adına reyestrdə qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş və “Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları”nın xx.xx.2010-cu il tarixədək qüvvədə olan 6.1-ci bəndinə əsasən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə almaq üçün dövlət orqanına aşağıdakı sənədlər təqdim edilməlidir: - 6.1.2. Dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlaka dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; əmlakın dövlət müəssisəsinin balansında olduğunu təsdiq edən sənədlər; əmlakın verilməsini əsaslandıran sənədlər (müvafiq razılıq, əmr, alqı-satqı müqaviləsi, qiymətləndirmə və təhvil-təslim aktları); verilən əmlakın dəyərinin ödəniş sənədləri; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu. - 6.1.3. Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakına dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; əmlakın səhmdar cəmiyyətinə (müəssisəyə) məxsus olduğunu təsdiq edən sənədlər (emissiya prospektindən və əsas vəsaitlərin siyahısından çıxarış, mülkiyyət şəhadətnaməsi və s.); əmlakın özgəninkiləşdirilməsinə icazə sənədi (ali idarəetmə orqanlarının qərarları); səhmlərin və əmlakın yüklülüyünə dair arayış (reyestrdən çıxarış); alqı-satqı müqaviləsi və ödəniş sənədləri; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu. - 6.1.4. Özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakına dair: ərizə; fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti; hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti; dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu. ləğvetmə sənədləri (ləğvetmə qərarı, əmlakın təsisçilər (iştirakçılar) arasında bölüşdürülməsinə dair sənədlər, hüquqi şəxsin dövlət qeydiyyatının ləğv edilməsini təsdiq edən sənəd). 6.2. Təqdim olunan sənədlər nəzarət orqanı tərəfindən araşdırılaraq, 10 gün müddətində ərizəçilərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilir və ya rəsmi cavabla şəhadətnamənin verilməsindən imtina edilir. 6.3. Dövlət orqanı tərəfindən verilən şəhadətnamələr qanunvericilikdə müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində hüquqi və fiziki şəxslərin mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün əsasdır. Qaydaların istinad olunan 6-cı hissəsi “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikasının daşınmaz əmlakın dövlət reyestri xidmətinin bəzi məsələləri haqqında" 2005-ci il 26 oktyabr tarixli, 1065 nömrəli sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 291 nömrəli Fərmanı ilə Qaydalardan çıxarılmış, artıq şəhadətnamə deyil, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi nəzərdə tutulmuşdur. İddiaçı müəssisə özəlləşdirilərkən şəhadətnamə almasa da, hazırda həmin şəhadətnamənin alınması üçün tələb olunan bütün sənədləri cavabdehə təqdim etmiş, lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə yuxarıda istinad olunan normalara əsasən hesab edir ki, bu imtina əsaslı olmamaqla iddiaçının hüquqularının pozulmasına səbəb olmuşdur. Cavabdeh imtina məktubunda və həmçinin iddiaya yazılı etirazında İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman C, B tikililəri və A tikilisinin 1ci mərtəbəsindəki 24 saylı sahənin söküldüyünü, giriş sahəsinin "xxxx" ASC ilə birgə istifadədə olduğunu, əlavə tikililər və əlavə torpaq sahəsinin mövcud olduğunu, elektron baza məlumatlarına əsasən əlavə torpaq sahəsinin qonşu ərazi ilə ümumi istifadədə olan yaşıllıq və yol sahəsi olduğunu bildirmişdir. Məhkəmə bu dəlillərlə bağlı qeyd edir ki, birincisi, iddiaçı hazırda torpaq sahəsinə dair çıxarış verilməsini tələb etmir. Buna görə də cavabdehin torpaq sahəsi ilə bağlı dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxır. C, B tikililəri və A tikilisinin 1-ci mərtəbəsindəki 24 saylı sahənin sökülməsi və ərazidə əlavə tikilinin tikilməsi barədə dəlilə gəldikdə, məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, B və C tikililəri dəmir qaraj olmuş, həmin dəmir qarajlar götürülmüşdür. Texniki pasporta əsasən 24 saylı sahə isə A tikilisinin xaricində yerləşməklə giriş olmuş, həmin girişin sökülməsinin binanın ümumi bütövlüyünə hər hansı bir təsiri olmamışdır. Həmçinin məhkəmə tərəfindən yerində müayinə ilə müəyyən edilmişdir ki, inşa edilmiş əlavə tikililər sonradan quraşdırılmaqla “A” tikilisindən kənarda yerləşir. İddiaçı hazırda R.Cəfərov küçəsi, 17 ünvanında yerləşən inzibati binanın, yəni “A” tikilisinin mövcud vəziyyətdə qeydiyyatda alınmasını xahiş etdiyindən, məhkəmə hesab edir ki, sonradan götürülmüş dəmir qarajların, A tikilisindən kənarda inşa edilmiş əlavə sahələrin A tikilisinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasında imtinaya əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. İddiaçı qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etdiyindən belə formal əsaslar onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən, xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib olunan müəsissə və obyektin texniki pasportunda göstərilən A tikilisinə (inzibati bina) mülkiyyət hüququnun mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1785/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1785/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver