Məhkəmə qərarları › İş №2-1(112)-1787/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1787/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1787/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “çıxarış və texniki pasport verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı binanın 125 saylı mənzilinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 57/2 saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 5 saylı evin 125 saylı mənzil ilə bağlı İddiaçı ilə mənzil-kirayə müqaviləsi bağlanılması nəzərdə tutulmuşdur. Belə ki, xx.xx.2019-cu ildə 3 saylı XTMKTB 157 saylı MKİS ilə iddiaçı arasında kirayə müqaviləsi imzalanmışdır. Hal-hazırda da iddiaçı ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşayır və mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınaraq çıxarışın verilməsi barədə xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab vermişdir. İmtina əsası olaraq isə qeyd edilmişdir ki, qanunvericiliyin tələb etdiyi sənədlər orqana təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsasızdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını nəzərə alınmasını xahiş etmişdir.

4. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı binanın, 125 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********74 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Departamentinin 57/2 saylı sərəncamı xx.xx.2019-cu il tarixlidir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin 1 (bir) otaqlı olmaqla faktiki ümumi sahəsinin 19 kv.m təşkil etdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26-cı maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. İddiaçının əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən X28 Təmiri İstehsalat Birliyinin “Paris Kommunası” adına BİV-də işləməyə başlamışdır.

7. X28 Təmiri İstehsalat Birliyi tərəfindən təqdim olunmuş xx.xx.1995-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Paris Kommunası zavodunun işçisi İddiaçı ailəvi yataqxanada ayrılmış otaqda həyat yoldaşı X16 yaşaması üçün icazə verilmişdir.

8. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********773 nömrəli Ərizəyə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 560-cı məhəllə, ev 5, 125 nömrəli mənzilin kirayə müqaviləsinin onun adına bağlanması barədə sərəncam verilməsini xahiş etmişdir.

9. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, **********775 nömrəli Ərizəyə əsasən X7 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 560-cı məhəllə, ev 5, 125 nömrəli mənzilin kirayə müqaviləsinin atası İddiaçı adına bağlanmasından ötrü sərəncam verilməsinə etiraz etməmişdir.

10. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XT Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 326 nömrəli Arayışa əsasən X1 pr., 560-cı məhəllə, 5 nömrəli 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki 19,04 kv.m sahəsi olan 1 otaqlı 125 nömrəli mənzildə qeydiyyatdadır. İddiaçı (özü) – xx.xx.2005 (qeydiyyat tarixi) X7 (qızı) – xx.xx.2014 (qeydiyyat tarixi) X5 (oğlu) – xx.xx.2014 (qeydiyyat tarixi)

11. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin 125 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” xx.xx.2019-cu il tarixli, 57/2 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 19,04 kv.metr olan 1 otaqlı 125 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, qızı və oğlu) İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur.

12. xx.xx.2019-cu il tarixli, 7 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən kirayəyə verən İnşaatçılar prospekti, 5 nömrəli evdə, 125 nömrəli mənzildə yerləşən dövlət mənzil fonduna aid ümumi sahəsi 19,04 kv.metrdən ibarət 1 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə müddətsiz kirayəçi İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri – X7 (qızı) və X5 (oğlu)

13. Bakı şəhəri MKTD 3 saylı XT MKTB Mənzil Fondunda xx.xx.2019-cu il tarixli, 79 nömrəli “Binanın sahibi” ilə Sahibkar İstifadəçi arasında ikitərəfli müqavilə iş materiallarına əlavə olunmuşdur.

14. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********053 nömrəli Ərizəyə əsasən X7 ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir.

15. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********055 nömrəli Ərizəyə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir.

16. “Azərbaycan X28çiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli sərəncamına əsasən ASCO-nun balansında olan mənzil fondu (müvafiq arxiv sənədləri ilə birlikdə) Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilmişdir.

17. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 4 ünvanı “Azərbaycan X28çiliyi” QSC-nin 16/03-V-1665/1489 nömrəli xx.xx.2017-ci il tarixli məktubuna, “Azərbaycan X28çiliyi” QSC tərəfindən verilmiş 16/17-233 nömrəli xx.xx.2017-ci il tarixli arayışına, 28 nömrəli xx.xx.1999-cu il tarixli orderə, Bakı şəhər icra Hakimiyyətinin başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 88/5 nömrəli xx.xx.2017-ci il tarixli sərəncamına, 64 nömrəli xx.xx.2018-ci il tarixli Forma 2 arayışına və Razılıq ərizəsinə əsasən xx.xx.2018-ci il tarixdə X17 adına qeydiyyata alınmışdır. ünvan 6 ünvanı 9 nömrəli xx.xx.2008-ci il tarixli orderə, Bakı şəhər İcra Hakimiyyətinin başçısının Aparatı Mənzil-Kommunal X6 adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 5, mənzil 9 ünvanı Bakı şəhər İcra Hakimiyyətinin başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 68/4 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamına və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7237/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə X11 adına qeydiyyata alınmışdır. ünvan 8 ünvanı Bakı şəhər İcra Hakimiyyətinin başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13/4 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamına və Bakı inzibati Məhkəməsinin 2-1(112)- 7938/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə X9 adına ilkin qeydiyyata alınmışdır.

18. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departeminti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qeyd edilən binanın texniki vəziyyətinin qəzalı olması barədə rəy verilmədiyindən bina qəzalı deyil.

19. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

21. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. X22 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

24. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

25. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

26. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

27. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X10 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

28. X25 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

29. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

30. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

32. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

33. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin 125 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” 57/2 saylı Sərəncamı xx.xx.2019-cu il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmış, iddiaçı ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamışdır. Belə ki, İddiaçı xx.xx.1991-ci il tarixdən X28 Təmiri İstehsalat Birliyinin “Paris Kommunası” adına BİV-də əmək fəaliyyəti ilə məşğul olmuş və X28 Təmiri İB-nin “Paris Kommunası” adına BİV-nin müdiriyyəti və X18 tərəfindən İddiaçı İnşaatçılar prospeti, 5 saylı binanın 125 saylı məznili (ailəvi yataqxanada otaq) verilmişdir. X28 Təmiri İstehsalat Birliyi tərəfindən təqdim olunmuş xx.xx.1995-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Paris Kommunası zavodunun işçisi İddiaçı ailəvi yataqxanada ayrılmış otaqda həyat yoldaşı X16 yaşaması üçün icazə verilmişdir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı XT Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 326 nömrəli Arayışa əsasən İddiaçı xx.xx.2005-ci il tarixdən, iddiaçının qızı X3 xx.xx.2014-cü il tarixdən və iddiaçının oğlu X2 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 560-cı məhəllə, 5 nömrəli 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki 19,04 kv.m sahəsi olan 1 otaqlı 125 nömrəli mənzildə qeydiyyatda olduğu və yaşadığı müəyyən edilmişdir.

34. Məhkəmə sərəncamda qeyd olunan ailə üzvlərinin (qızının və oğlunun) razılığının olubolmamasını araşdırarkən müəyyən edir ki, ailə üzvləri (X3 və X2) razılıq ərizələrinə əsasən mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına və mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ifadə olunmuşdur, etirazları yoxdur.

35. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin 125 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” xx.xx.2019-cu il tarixli Sərəncamı faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının və onun ailəsinin qanuni əsaslarla istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq həmin mənzilin kirayəçisinə verilmişdir.

36. Məhkəmə həm də nəzərə alır ki: - Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 5, mənzil 9 ünvanı Bakı şəhər İcra Hakimiyyətinin başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 68/4 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamına və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7237/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə X11 adına qeydiyyata alınmışdır (Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7237/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı iş materiallarına əlavə olunmuşdur). - ünvan 8 ünvanı Bakı şəhər İcra Hakimiyyətinin başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13/4 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamına və Bakı inzibati Məhkəməsinin 2-1(112)- 7938/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixdə X9 adına ilkin qeydiyyata alınmışdır (Bakı inzibati Məhkəməsinin 2- 1(112)- 7938/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı iş materiallarına əlavə olunmuşdur). - Beləliklə qeyd edilən binadakı mənzillərin analoji sənədlər əsasında ilkin hüquqi qeydiyyata alınmasına dair məhkəmə aktları mövcuddur və həmin qərarlar əsasında da hüquqların dövlət qeydiyyatı aparılmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması hesab edilə bilər.

37. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departeminti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən qeyd edilən binanın texniki vəziyyətinin qəzalı olması barədə rəy verilmədiyindən bina qəzalı deyil.

38. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.

39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı binanın 125 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar