Məhkəmə qərarları › İş №2-1(112)-17873/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-17873/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-17873/2025 27.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən “20b” saylı ümumi 0.06 ha torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın (xüsusi mülkiyyət kimi) plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən “20b” saylı yerləşən 600 kv.m torpaq sahəsi iddiaçıya məxsusdur. Sözügedən torpaq sahəsinin bütün kommunal xidxətlərin ödənişi və torpaq vergisini ödəyir. Azəriqaz abonent kodu: **********00006; Azərsu abonent kodu: **********050; Azərişıq abonent kodu: hesab nömrəsi **********50027 (kartladı); sayğacın nömrəsi: **********80; BTRİB telefon nömrəsi: (012) 552-83-58; Qeyd: bütün kamunallar İddiaçı adınadır. Hazırda ona məxsus torpaq sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışının (xüsusi mülkiyyət kimi) plan və ölçünün verilməsi zərurəti yaranmışdır. Bu səbəbdən mövcud vəziyyətlə bağlı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət çıxarışının (xüsusi mülkiyyət kimi), plan və ölçünün verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli 3-21-3- 30/2-38468/2025 **********68-li cavab məktubu ilə müraciətinə əsassız olaraq imtina verilmişdir. Halbuki, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmasına maneə yaradacaq heç bir səbəb yoxdur. Hesab edir ki, qeyd olunanlar iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyat alınaraq dövlət reyestrindən çıxarışın, plan və ölçünün verilməsi üçün əsasdır.

3. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, “idarənin arxiv məlumatlarına əsasən, müvafiq bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin təqdim edilmiş bağçılıq-yoldaşlığın bölgü sxemində torpaq sahəsinin nömrəsi qeyd edilsə də, İdarənin arxiv qovluğunda olan nüsxəsində isə sahənin nömrəsi göstərilməmişdir. İdarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 20b nömrəli bağ digər şəxsin adına qeyd olunmuşdur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Qeyd olunanlarla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.”

4. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən müvafiq bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin təqdim edilmiş bağçılıq-yoldaşlığın bölgü sxemində torpaq sahəsinin nömrəsi qeyd edilsə də, İdarənin arxiv qovluğunda olan nüsxəsində isə sahənin nömrəsi göstərilməmişdir. İdarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 20b nömrəli bağ digər fiziki şəxsin (X3) adına qeyd olunmuşdur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Qeyd olunanlarla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

5. Azərbaycan Hidrotexika və Meliorasiya X1 İttifaqı Komitəsi və “Hidrotexnik” bağçılıq yoldaşlığı tərəfindən tərtib olunan bağçılıq yoldaşlığın üzvlərinə ayrılan sahələrin yerləşmə planına əsasən 20b saylı sahə planda öz əksini tapmışdır.

6. “Hidrotexnik” bağçılıq yoldaşlığın bağçılıq kitabçasına əsasən 1964-cü il təvəllüdlü İddiaçı 29 aprel 1996-cı il tarixli, 11 nömrəli protokol ilə yoldaşlığın üzvlüyünə qəbul edilərək ona 600 kv.m sahədən ibarət 20b saylı bağ sahəsi ayrılmışdır.

7. Məhkəmə sorğusuna əsasən cavabdehin 3-21-3-30/2-53220/2025 saylı 06 noyabr 2025-ci il tarixli məktubu ilə ayrıc aktının və bölgü sxeminin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

8. Məhkəmə sorğusuna əsasən cavabdehin 3-21-3-30/2-56908/2025 saylı 27 noyabr 2025-ci il tarixli əktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Həmçinin sözügedən sahənin yaxınlığından 40 mm-lik orta açıq qaz xətti keçir.

9. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, göstərilən sahə ümumi hasar daxilindədir, həmin sahədən 20 b saylı bağ sahəsi kimi 657.0 kv.m metal torla ayrılıb. Sahədə də tikili yoxdur. Nümayəndənin bildirdiyinə görə sahədə əvvəl mövcud olan ev yol çəkilişi zamanı sökülüb. 20 b saylı sahə kimi ayrılmış sahənin koordinatları əlavə olundu. Bağın nömrəsi Vətəndaş tərəfindən təqdim edilmiş B/Y nm bölgü sxemində əllə yazılsada, idarənin arxivindən əlavə edilmiş nüsxədə həmin hissədə bağ nömrəsi yoxdur, boşluq kimi göstərilib. Sahənin yerləşməsinə elektron baza məlumatlarına əsaən baxılması məqəsədəuyğundur. Torpağın ümumi sahəsi 600.0 kv.m, faktiki sahə 657.0 kv.m təşkil edir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İddia mümkündür.

İİ. Məhkəmənin mövqeyi

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

16. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

17. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

18. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

21. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

25. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxiv məlumatlarına əsasən müvafiq bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin təqdim edilmiş bağçılıq-yoldaşlığın bölgü sxemində torpaq sahəsinin nömrəsi qeyd edilsə də, İdarənin arxiv qovluğunda olan nüsxəsində isə sahənin nömrəsi göstərilməmişdir. İdarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 20b nömrəli bağ digər fiziki şəxsin (X3) adına qeyd olunmuşdur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Qeyd olunanlarla yanaşı, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir.

26. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun qyediyyata alınaq çıxarışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

27. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Hidrotexnik” bağçılıq yoldaşlığın 29 aprel 1996-cı il tarixli, 11 nömrəli protokoluna əsasən İddiaçı yoldaşlığın üzvlüyünə qəbul edilmiş, həmin bağçılıq təsərrüfatından “20b” saylı 600 kv.m bağ sahəsi ayrılmışdır. Həmin yoldaşlığın bağçılıq kitabçası mövcuddur və “20b” saylı bağ sahəsinin sahibi 1964-cü il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur.

28. Məhkəmə bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması dəlili ilə bağlı qeyd edir ki, bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin arxivə təqdim olunmuş siyahısında iddiaçının adının aşkar olunmaması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur və bu hal bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir.

29. Cavabdehin digər dəlili - bağçılıq-yoldaşlığın bölgü sxeminin arxiv qovluğunda olan nüsxəsində sözügedən sahənin nömrəsinin göstərilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, “20b” saylı sahənin əks olunduğu Azərbaycan Hidrotexika və Meliorasiya X1 İttifaqı Komitəsi və “Hidrotexnik” bağçılıq yoldaşlığı tərəfindən tərtib olunan bağçılıq yoldaşlığın üzvlərinə ayrılan sahələrin yerləşmə planı və “Hidrotexnik” bağçılıq yoldaşlığın bağçılıq kitabçası həmin sahənin bağçılıq yoldaşlığın nəzdində mövcud olduğunu təsdiq edən yetərli sübut hesab olunur (sənədlərə məhkəmə iclasında baxış keçirildi).

30. “Hidrotexnik” bağçılıq yoldaşlığın nəzdində “20b” saylı bağın digər şəxsə (X4) verilməsinə dair üzvlərin siyahısında qeydin mövcud olması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şəxsin “Hidrotexnik” bağçılıq yoldaşlığın üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Həmçinin cavabdeh qurum tərəfindən həmin şəxsin müəyyən edilməsinə dair hər hansı məlumat təqdim edilməmişdir.

31. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “20b” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.

32. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

34. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqan tərəfindən daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina əsassız olmuşdur.

35. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

39. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən sahəsi 0.06 ha (600 kv.m) olan “20b” saylı bağ sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar