Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1789/2021 07.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş **********5405 nömrəli 04 sentyabr 2020-ci il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, şirkət 2017-ci ildən baytarlıq preparatlarının ölkə ərazisində satışını həyata keçirir. Fəaliyyətini korporativ standartlar üzərində quran şirkət müştərilərə keyfiyyətli xidmət göstərməyi hər zaman ən prioritet hədəf hesab etmişdir. Fəaliyyət müddətləri 3 ili əhatə etsə də, qısa müddət ərzində bir çox uğurlar əldə etmişlər. Şirkətləri qısa dövr ərzində kapitalını və işçi sayını bir neçə dəfə artırmış, həmçinin bu dövr ərzində bir sıra yerli və xarici şirkətlər ilə uzunmüddətli və dayanıqlı əlaqələr qurulmuşdur. Bir neçə xarici şirkətlərin rəsmi tərəfdaşıdırlar. Fəaliyyətə başladıqları ilk gündən vergi orqanları ilə şəffaf münasibət qurulmuşdur. Tərəflərindən hər ay təxminən 90000-100000 manat miqdarında ƏDV, hər rüb isə 94000 manat mənfəət vergisi olaraq dövlətə yergi ödənilir. İndiyədək vergi orqanları ilə heç bir problemləri yaşanmamışdır, lakin 20 iyul 2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi operativ vergi nəzarətinin heyata keçirilməsi haqqında qərar qəbul edərək şirkətlərində yoxlama aparılmışdır. Qanunverciliyin tələblərinə əməl edərək vergi əməkdaşlarına bütün zəruri sənədlər təqdim edilmiş və yoxlamanın həyata keçirilməsinə lazımi şərait yaradılmışdır. Daha sonra yoxlamanı həyata keçirən vergi əməkdaşları tərəfindən 21 iyul 2020-ci il tarixli DVX 000369 seriyalı akt tərtib edilərək, şirkətlərinin ofisində olan nəzarət kassa aparatına 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək 1.744.402,31 manat nəğd pulun olmasını və bununla da Vergilər Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulmasını qeyd etmişlər. Bununla bağlı şirkətlərinin nümayəndəsi vergi əməkdaşlarının diqqətinə çatdırmışdılar ki, bu vəsaitin yaranma səbəbi rayonda fəaliyyət göstərən apteklərdir. Belə ki, dərman preparatları satılan zaman tərəflərindən elektron qaimə tərtib edilərək həmin apteklərə təqdim edilmişdir. Lakin həmin dövr ərzində ölkədə pandemiya ilə bağlı həyata keçirilən xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı ölkə ərazisində vətəndaşların ölkə ərazisində hərəkəti və bankların fəaliyyətində müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı yaranan çətinliklərə görə sahibkarlar məhsulların dəyərini köçürmə yolu ilə deyil, nağd şəkildə şirkətlərə təqdim etmişlər. Məcburiyyət qarşısında qalaraq onlar da həmin vəsaiti nəğd şəklində kassaya daxil etmişlər. Bu zaman heç bir vergidən yayınma və sair qanun pozuntusuna yol verilməmişdir. Buna baxmayaraq, vergi əməkdaşları qərəzli şəkildə barələrində **********5405 nömrəli 04 sentyabr 2020-ci il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərar qəbul edilərək, 174440,23 manat vergi məsuliyyətinə cəlb edilmişlər.Hesab edirlər ki, cavabdeh təşkilatın qeyd edilən qərarı qanunvericiliyin tələblərinə ziddir və şirkətlərinin hüquqularını kobud şəkildə pozur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.07.2020-ci il tarixli **********2266 saylı qərarına əsasən İddiaçı MMC üzrə malların bu Məcəllənin 58.8ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.07.2020-ci il tarixli **********2296 saylı Tələbnaməsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi vergi ödəyicisindən tələb edilmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.07.2020-ci il tarixli **********2266 saylı qərarına əsasən, vergi ödəyicisinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 3 ünvanında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı, müəssisəyə məxsus ofisdə 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək NKA-ya 1744402,31 manat vəsaitin nağd qaydada kassaya daxil edilmiş, lakin Vergi Məcəlləsinin 58.13-ci maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edildiyi müəyyən olunmuşdur. Belə olan halda isə vergi orqanı tərəfindən 21.07.2020-ci il tarixli AKT tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.3, 71 və 130-cu maddələrinin tələblərini pozduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 174440,23 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş 21.07.2020-ci il tarixli AKT əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 04.09.2020-ci il tarixli **********5405 saylı qərar qəbul edilmişdir.İddiaçı operativ vergi nəzarəti zamanı ona təqdim olunmuş akt və digər sənədlərlə tanış olmaqdan və onları imza etməkdən imtina etmişdir. İddiaçı qeyd olunan maddənin tələbləri qaydasında aktı imzalamamasının səbəbləri kimi müəssisənin baş mühasibi X5 21.07.2020-ci il tarixli izahatında bildirmişdir ki, qeyd edilən vəsaiti nağd qaydada alındığı üçün onun tərəfindən NKA-na daxil edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri işin faktiki hallarının əks etdirmədiyindən və formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş üzrə şifahi məhkəmə baxış iclası 07.09.2021-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə araşdırması zamanı iş üzrə hazırlıq icraatının iclaslarında və şifahi məhkəmə baxış iclasında iştirak edərək iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı "xxxx" MMC-yə maliyyə sanksiyası tətbiq edilməsinə əsas olan hallar üzrə inzibati icraat düzgün aparılmamış, araşdırma hərtərəfli həyata keçirilməmiş, şirkətin əvvəlki mühasibi tərəfindən düzgün məlumatlar verilməmiş, şirkətə məxsus baytarlıq aptekindən pərakəndə satışlar zamanı əldə edilmiş vəsaitlərlə yanaşı ayrı-ayrı fərdi sahibkarlara satılmış və elektron qaimə təqdim edilmiş mallar üzrə alınan vəsaitlər də eyni kassaya daxil edilmiş, 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək NKA-ya daxil olmuş 1744402,31 manatdan da artıq vəsait şirkətə məxsus aptekdən pərakəndə satışla bağlı olmuş və bunlara dair kassa çekləri, qəbzləri verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi X2 iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin səlahiyyətli nümayəndələrinin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 04.09.2020-ci il tarixli **********5405 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə 18.09.2020-ci il tarixdə daxil olmuşdur. Beləliklə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı 03.09.2014-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. -Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 20.07.2020-ci il tarixli **********2266 nömrəli qərardan görünür ki, İddiaçı (VÖEN **********) məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektinin (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi (ləri) üzrə 20.07.2020-ci il tarixdən 18.08.2020-ci il tarixədək (18.08.2020 tarixili daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında 21.07.2020-ci il tarixli Seriya DVX 000369 nömrəli aktın təsdiq olunmuş surətindən görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.07.2020-ci il tarixli **********2266 №-li qərarına əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektində) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət məsələsi üzrə İddiaçı MMC-yə (VÖEN **********) operativ vergi nəzarətinin keçirilməsi zamanı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 3 ünvanda "xxxx" MMC-yə məxsus ofisdə 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək NKA-ya 1744402,31 manat nağd vurulub. Vergi Məcəlləsinin 58.13 maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 174440,23 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Təqdim edilmiş mal-materialların elektron qaimə-faktura və ya topdan satılması əsasında həyata keçirilməsi (satılması) tövsiyə olunur. - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.09.2020-ci il tarixli **********5405 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin pozulması əsası ilə "xxxx" MMC 174440.23 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2021-ci il tarixli 9/2348 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, hazırki ekspertiza ilə mübahisələndirilən dövrə İddiaçı MMC-nin kassasında olan nağd vəsaitin (yəni 1744402,31 manatın) şirkətin nəzdində olan baytarlıq aptekinə aid olması müəyyən edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı 03.09.2014-cü il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.07.2020-ci il tarixli **********2266 saylı qərarına əsasən İddiaçı MMC üzrə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi ödəyicisinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi 3 ünvanında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı, müəssisəyə məxsus ofisdə 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək NKA-ya 1744402,31 manat vəsaitin nağd qaydada kassaya daxil edilməsi, lakin Vergi Məcəlləsinin 58.13-ci maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda, malların elektron qaimə-faktura verilmədən təqdim edildiyi müəyyən olunmuşdur. Bu barədə vergi orqanı tərəfindən 21.07.2020-ci il tarixli akt tərtib edilmiş və həmin Akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 04.09.2020-ci il tarixli **********5405 saylı qərar qəbul edilmişdir. İddiaçı "xxxx" MMC isə barəsində tərtib edilmiş qərarın müəssisənin bir vergi ödəyicisi kimi hüquqlarını pozduğunu, fəaliyyətini iflic etdiyini qeyd etmiş, həmçinin qeyd edilən 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək olan dövrdə NKA-ya daxil edilmiş vəsaitin əksəriyyətinin baytarlıq aptekindən vergi ödəyicisi olmayan alıcılara nağd alış-veriş nəticəsində əldə edildiyini iddia etmişdir. Mübahisənin hərtərəfli, tam araşdırılması üçün iş üzrə xüsusi bilik tələb edən məqamların izah edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, müəssisəsinin yoxlamanın əhatə etdiyi dövrə dair fəaliyyəti üzrə elektron qaimə fakturalar, baytar dərmanları satışına dair kassaya aid qəbzlər, çeklər və baş anbardan daxili malın aptekə çatdırılması ilə bağlı daxili qaimələr (transfer) adlanan sənədlər ekspertiza keçirilməsi üçün təqdim edilmiş və iş üzrə ekspert rəyi tərtib edilərək, məhkəməyə təqdim edilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə müvafiq olaraq operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 58.8-ci maddəsinə uyğun olaraq səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. VM-də nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 71.4-cü maddəsinə görə, mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. İşin araşdırılmış hallarından aydın olur ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən malların elektron qaimə-faktura verilmədən təqdim edildiyini əsas gətirərək malları təqdim edən iddiaçıya təqdim edilmiş malların satış qiymətinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi isə məhkəmə araşdırması zamanı cavabdeh orqan tərəfindən inzibati icraatın tam aparılmadığını, "xxxx" MMC-nin NKA-da olan ********* manat nağd vəsaitin şirkətə məxsus aptekdən pərakəndə qaydada nağd satılan baytarlıq məhsullarının satışından əldə edilmiş vəsait olduğunu iddia etmişdir. Məhkəmə ilk öncə elektron qaimə-fakturaların tətbiqi, istifadəsi ilə bağlı müddəaları nəzərdən keçirir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir. Vergi Məcəlləsinin elektron qaimə-fakturaları əhatə edən 71-1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur. Elektron qaimə-faktura “Onlayn rejimdə” Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə elektron qaydada tərtib edilərək və ya “Lazımi proqramlar”dan istifadə edilməklə “Oflayn rejimdə” tərtib edildikdən və elektron imza (o cümlədən “Asan imza”) vasitəsi ilə imzalandıqdan sonra malların, işlərin və xidmətlərin alıcısına göndərilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 1.2-ci maddəsinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Yuxarıda qeyd edilənlərdən anlaşıldığı kimi VÖEN-i olmayan malların satışı (təqdim edilməsi) isə alıcıya pərakəndə satış qaydasında son istehlak məqsədi ilə satışı anlamını verir və məhz bu baxımdan belə alıcılara elektron qaimə-fakturanın verilməsi barədə Vergi Məcəlləsində tələb nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayət edər. İş üzrə araşdırma zamanı da vergi ödəyicisində yoxlama aparılan dövrə dair 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək şirkətə məxsus olan kassa aparatında olan nağd vəsaitin hansı hissəsinin şirkətin baytarlıq aptekindən pərakəndə şəkildə satılmış mallara görə daxil olmuş vəsaitə aid olub-olmamasını araşdırılması xüsusi bilik tələb etdiyindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2021-ci il tarixli 9/2348 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında müəssisənin yoxlamanın əhatə etdiyi dövrə dair kassaya aid qəbzlər (çeklər) və baş anbardan Daxili malın aptekə çatdırılması ilə bağlı Daxili qaimələr (transfer) adlanan sənədlər əz əksini tapmışdır ki, həmin sənədlərin göstəriciləri aşağıdakı kimi olmuşdur. - Daxili qaimələr (transfer) üzrə malın dəyəri----------------------2146051,86 manat; - kassa qəbzləri üzrə dövriyyə------------------------------------------2238487,40 manat; - elektron qaimə faktura üzrə dövriyyə-------------------------------102694,58 manat. Göründüyü kimi, şirkətin kassasına daxil olan 1744402,31 manat məbləğində nağd vəsaitin tədqiqata təqdim edilmiş elektron qaimələrə əsasən daxil olması müəyyən olunmur. Belə ki, elektron qaimələrə əsasən müəyyən olunan satış dövriyyəsi 1022694,58 manat məbləğində olmuşdur. Həmçinin, həmin elektron qaimə faktura əsasında daxil olan pul vəsaitini özündə əks etdirən sənədlər və eyni zamanda həmin qaimələrdə göstərilən dövriyyənin şirkətin kassasına köçürülməsi ilə bağlı da sənədlər tədqiqata təqdim edilməmişdir. Lakin yuxarıda da göstərildiyi kimi yoxlamanın əhatə etdiyi dövrdə kassa qəbzlərindəki (çeklərindəki) satış dövriyyəsi və anbardan malın aptekə verilməsi ilə bağlı daxili qaimələrdə göstərilən malın dəyəri, şirkətin kassasına daxil olan 1744402,31 manat məbləğində nağd vəsaitdən daha artıq olmuşdur. Beləliklə, göstərilənlərə əsasən kassa qəbzlərindəki (çeklərindəki) satış dövriyyəsinin şirkətin nəzdindəki baytarlıq aptekinə aid olması və anbardan malın aptekə verilməsi ilə bağlı daxili qaimələrdə göstərilən malın həmin baytarlıq aptekinə verilməsi əsasında ekspert qarşısında qoyulan sual üzrə aşağıdakılar müəyyən olunur. Yəni hazırkı ekspertiza ilə mübahisələndirilən dövrə "xxxx" MMC-nin kassasında olan nağd vəsaitin (yəni 1744402,31 manatın) şirkətin nəzdində olan baytarlıq aptekinə aid olması müəyyən edilir. Beləliklə, iş üzrə obyektiv araşdırma zamanı müəyyən edildi ki, 29.02.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək "xxxx" MMC –yə məxsus olan kassa aparatında olan 1744402,31 manat məbləğindəndə artıq olan nağd vəsait şirkətin nəzdində olan baytarlıq aptekinə aid olmuş, pərakəndə satış qaydasında son istehlak məqsədi ilə malların alıcılara satışı zamanı əldə edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından, Vergi Məcəlləsinin tələblərindən də aydın olur ki, pərakəndə satış zamanı vergi ödəyicisi olmayan alıcılara elektron qaimə-fakturanın verilməsi nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayətdir. Məhkəmə araşdırması zamanı iddiaçının vergidən yayınması halları müəyyən olunmamış və cavabdeh tərəfindən də iddiaçının vergidən yayınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.09.2020-ci il tarixli **********5405 nömrəli qərar qanunvericilik normalarının pozuntusu ilə qəbul edildiyindən, həmin qərar iddiaçı üçün əlavə vergi məsuliyyəti yaratmamalıdır. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin normaları ilə birgə qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.09.2020-ci il tarixli **********5405 nömrəli qərar ləğv edilməlidir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizə təqdim edərək ekspertiza keçirilməsi ilə bağlı çəkilən xərcin "xxxx" MMC-yə aid edilməsini xahiş etmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat "xxxx" MMC- dən tutulmalıdır. Azərbaycan Respublikası İPM-nin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin iddiası təmin edilsin. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 04.09.2020-ci il tarixli **********5405 nömrəli ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində prosessual xərcin X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi ərizəsi əsasında iddiaçı "xxxx" MMC-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1789/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1789/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver