Məhkəmə qərarları › İş №2-1(112)-1789/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1789/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1789/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdehna qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 12 iyun 2023-cü il tarixli Qərarında (17 may 2023-cü il tarixli 5472 №li Şəhadətnaməsində): «epilepsiya, teztez epileptik tutmalarla, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu» «xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır», «Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə Barotravma nəticəsində ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə» «ümumi xəstəlikdir» ifadəsi qanunsuz və əsassız olduğundan «Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə» diaqnozlu xəstəliklərin (xəsarətlərin) «hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır», “Keçirilmiş spontan sağalmış, hər iki ağciyərin yuxarı payının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağciyərin zirvəsində fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində, zəif qidalanma BÇİ- 16.2” diaqnozlu xəstəliklərin «ümumi xəstəlikdir» ifadəsi ilə əvəz edilməsi (dəyişdirilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 17 may 2023-cü il tarixli 5472 nömrəli Şəhadətnaməsi ilə müəyyən edilmiş səbəb əlaqənin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 17 dekabr 2021-ci il tarixli 24470 №-li Şəhadətnaməsi ilə müəyyən edilmiş səbəb əlaqəsi ilə əvəz edilməsi (dəyişdirilməsi) edilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırmışdır ki, iddiaçı N oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Bir müddət N №-li hərbi hissədə, sonra isə N Nə-li hərbi hissədə xidmət etmişdir. N aprel 2011-ci il tarixdə AR Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “gizir”lərin hazırlıq kursuna qəbul edilmişdir, 27 avqust 2011-ci ildə həmin kursu müvəffəqiyyətlə bitirib, “gizir” hərbi rütbəsində N №-li hərbi hissədə, N avqust 2014-cü ildən N №-li hərbi hissədə, N fevral 2015-ci ildən 07 mart 2018-ci ilədək N №-li hərbi hissədə xidmət etmişdir. O, N №-li hərbi hissədə xidmət edərkən reaktiv batareyanın döyüş maşın komandiri vəzifəsində 2016-cı ildə aprel ayında aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, o, N №-li hərbi hissə komandirinin N №-li “əç” əmrinə müvafiq olaraq MN-nin “-ci X5 rəisinin 28 mart 2016-cı il tarixli 012 №-li əmri ilə 2-ci Ordu Korpusunun müdafiə zolağının gücləndirilməsi, döyüş tapşırıqlarının yerinə yetirilməsi və döyüş mövqelərinin tutulması məqsədi ilə 30 mart 2016-cı il tarixdə hərbi hissədən Füzuli rayonunun Lələtəpə istiqamətinə getmiş hesab edilmişdir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərkən 03 aprel 2016-cı ildə baş vermiş partlayış (mərmi partlaması) nəticəsində “barotravma” xəsarəti almışdır. Travma almağı xidmət etdiyi N №-li hərbi hissə komandiri tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 1594 №-li “Travma haqqında Arayış”la təsdiq edilir. Aldığı travmaya görə davamlı müalicə almışdır. Hərbi xidmətdə olduğu müddətdə 2013-cü ildən başlayaraq onda güclü baş ağrıları yaranmışdır, bir müddət sonra isə bayılma halları da olmuşdur. Buna görə 21 noyabr 2014-cü ildən 11 dekabr 2014-cü il tarixədək, 29 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018-ci il tarixədək olan müddətdə “epilepsiya, nadir tutmalarla” diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. Bu fakt 16 yanvar 2018-ci il tarixli 80 №-li xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir. Müalicə olunduğuna baxmayaraq səhhətində yaranmış problemlərə görə 16 yanvar 2018-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Epilepsiya, tez-tez epileptik tutmalarla” diaqnozlu xəstəliklə “Xəstəliklər Cədvəli”nin “21 b” maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” Qərarı verilmişdir. 07 mart 2018-ci ildə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tərxis olunduqdan sonra xx.xx.2016-cı il tarixdə döyüş əməliyyatlarında iştirak edərkən aldığı travma ilə əlaqədar psixi vəziyyətində, ümumiyyətlə sağlamlıq vəziyyətində mənfi dəyişikliklər baş vermişdir. Belə ki, onun yaddaşı kəskin şəkildə pozulmuş, eşitmə qabiliyyəti kəskin şəkildə azalmışdır. Sağlamlığında olan ciddi problemlərə görə hətta onda intihar etmək fikirləri də olmuşdur. Buna görə tərxis olundudan sonra onun 16 may 2019cu il tarixdən 22 may 2019-cu il tarixədək Respublika Klinik Xəstəxanasında “epilepsiya xəstəliyi, tez-tez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə stasionar müalicədə olmuşdur. 16 iyul 2021-ci il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəliklər Cədvəli”nin “21 a” maddəsinin İİİ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” Qərarı verilmişdir. 25 avqust 2021-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəliklər Cədvəli”nin “40c” maddəsinin İİİ qrafasına əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” Qərarı verilmişdir (əsas 18827 №-li xəstəlik şəhadətnaməsi). 24 may 2021-ci ildən 02 iyun 2021-ci il tarixədək “idiopatik epilepsiya xəstəliyi (G40.3), MSS orqanik xəstəliyi mənşəli, nevrozabənzər sindronu” diaqnozu ilə, 11 oktyabr 2021-ci ildən 01 noyabr 2021-ci il tarixədək və 21 iyul 2022-ci il tarixdən 04 avqust 2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Partlayış nəticəsində kəllə-beyin travması, barotravma, fəlakət (müharibə) keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirməsi və qıcolma tutmaları il anamnezində” diaqnozu ilə stasionar müalicədə olmuşdur. O, 14 dekabr 2021-ci il tarixdə Psixi sağlamlıq Mərkəzinin Direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı, tibb elmlər doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur, ona “üzvi (hərbi əməliyyat zamanı 03 aprel 2016-cı il tarixdə alınmış kəllə-beyin barotravması nəticəsində) dissosiativ pozuntu, “0,65” diaqnozu təyin edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai raon İdarəsi rəisinin göndərişinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına şəhadətləndirilməyə təqdim edilmişdir, təqdim edilən tibbi sənədlərə əsasən şəhadətləndirilmişdir, Hərbi Həkim Komissiyasına təqdim olunarkən N №-li hərbi hissə komandiri tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 1594 №-li “Travma haqqında Arayış”ı da komissiyaya təqdim etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 17 dekabr 2021-ci il tarixli 24470 №-li Şəhadətnaməsində (Qərarda) göstərilmişdir ki, “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliklərin (xəsarətlərin) “hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamani alınmışdır”, “Keçirilmiş spontan sağalmış, hər iki ağciyərin yuxarı payının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağciyərin zirvəsində fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində, zəif qidalanma BÇİ-16.2” diaqnozlu xəstəliklərin “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə təsdiq edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həmin Qərarında göstərilmişdir ki, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli 18827 №-li xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. 03 aprel 2016-cı ildə döyüş əməliyyatlarında iştirak edərkən aldığı travma ilə əlaqədar ona 13 dekabr 2019-cu ildə 2-ci dərəcəli əlillik təyin edilmişdir. O, 44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazisindən gələn yaralı hərbiçilərə könüllü olaraq Füzuli rayon Xəstəxanasında nümünəvi xidmət göstərmişdir. Bu fakt da müvafiq rəsmi sənədlərlə təsdiq edilir (Füzuli rayon Xəstəxanasının 28 mart 2022-ci il tarixli 76/10 №-li Məktubu və adına olan Hərbi Biletinin surəti iddia ərizəsinə əlavə edilir). Lakin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin 08 may 2023-cü il tarixli 26 №-li Göndərişinə əsasən o təkrar olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına şəhadətləndirilməyə təqdim edilmişdir, təqdim edilən tibbi sənədlərə əsasən şəhadətləndirilmişdir. Hərbi Həkim Komissiyasına təqdim olunarkən yuxarıda qeyd etdiyi N №-li hərbi hissə komandiri tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 1594 №-li “Travma haqqında Arayış”ı da komissiyaya təqdim etmişdir. 13 iyun 2023-cü il tarixdə ona mobil telefonuna zəng olunaraq bildirildi ki, adına tərtib edilmiş “Xəstəlik haqqında Şəhadətnamə” hazırdır, buna görə ona təhvil verilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliknikaya göndəriləcək, oradan onu qəbul edə bilər. Məlumatı aldıqdan sonra 13 iyun 2023-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasına müraciət etmişdir, həmin gün ona 17 may 2023-cü il tarixli 5472 №-li “Xəstəlik haqqında Şəhadətnamə” və yuxarıda göstərdiyi komissiyaya təqdim etdiyi “Travma haqqında arayış” verildi. (“Xəstəlik haqqında Şəhadətnamə” 1 vərəqdə idi, əvvəl komissiyaya verdiyi və ona qaytarılan “Travma haqqında Arayış” da 1 vərəqdə, cəmi 2 vərəqdə sənəd ona təqdim edildi). Ona həmin 2 vərəqdə olan sənədi təhvil almağı kitabda imza ilə təsdiq etdi. Ona təqdim olunan 17 may 2023-cü il tarixli 5472 №-li “Xəstəlik haqqında Şəhadətnamə”sində (Qərarda) olan məlumatlar bundan əvvəl verilən 17 dekabr 2021-ci il tarixli 24470 №-li Şəhadətnamənin 1, 2, 3, 6, 7, 8 (anamnez), 9, 10 (obyektiv müayinələrin məlumatları), 12 (diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi) bəndlərində olan məlumatla eyni məzmununda məlumat əks olunsa da, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası Qərarının məzmununda dəyişikliklər olmuşdur. Belə ki, 17 may 2023cü il tarixli 5472 №-li “Xəstəlik haqqında Şəhadətnamə”sində (Qərarda) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 12 iyun 2023-cü il tarixli Qərarda göstərilmişdir ki, “epilepsiya, tez-tez epileptik tutmalarla, orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu” “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”, “Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə Barotravma nəticəsində ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” “ümumi xəstəlikdir”. Həmin Qərarda həmçinin göstərilmişdir ki, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli 24470 №-li xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. Ona təqdim olunan 17 may 2023-cü il tarixli 5472 №-li “Xəstəlik haqqında Şəhadətnaməsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 12 iyun 2023-cü il tarixli Qərarında edilən dəyişikliyin hansı əsaslarla, hansı səbəblərlə olunması barədə hər hansı bir məlumat Şəhadətnamədə göstərilməmiş, bu haqda ona heç bir məlumat verilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 12 iyun 2023-cü il tarixli Qərarında olunan bu dəyişikliklər qanunsuz və əsassızdır. Belə ki, Qərarda Şəhadətnamədə göstərilən travmaların səbəb əlaqəsinin hansı qanuni əsaslara və səbəblərə görə “hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamani alınmışdır” ifadəsi, “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə dəyişdirilməsi göstərilməmişdir. Yəni MN-nin Mərkəzi Hərbi-Həkim Komissiyasının Qərarında edilən dəyişiklik qanuna müvafiq qayada əsaslandırılmamışdır. Bu da ona dəlalət edir ki, qərar qəbul edilərkən komissiya qanuni əsaslara istinad etməmiş və əsassız olaraq əvvəl qəbul etdiyi qərardan fərqli məzmunda qərar qəbul etmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazında göstərilmişdir ki, ehtiyatda olan gizir İddiaçı xx.xx.2018-ci ildə N0 nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 75 nömrəli göndərişi ilə MN MHHK-sı tərəfindən şəhadətləndirilmiş və “Epilepsiya. tez-tez epileptik tutmalarla” diaqnozu ilə “Xəstəlik Cədvəli”nin 21b maddəsi ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab olunmuşdur. Xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi dəyərləndirilmişdir. xx.xx.2021-ci ildə SHXÇDX-nın Beyləqan rayon idarəsinin xx.xx.2021-ci il tarixli 21 nömrəli göndərişi ilə MN MHP-nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən başağrısından, başgicəllənmədən, əsəbilikdən, gecə yuxusunun pozulmasından, qıcolmalardan, hər iki qulaqda eşitmə zəifliyindən şikayət etmişdir. 16508 nömrəli xəstəlik haqqında şəhadətnamədən məlum olur ki, İddiaçı MN MHP-nın hərbi-həkim komissiyasına xx.xx.2016-cı ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “Barotravma. Soltərəfli neyrosensor ağır eşitmə” xəsarətini alması barədə N0 nömrəli hərbi-hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1594 nömrəli travma haqqında arayış və həmin travma ilə bağlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş tibbi sənəd (xx.xx.2021-ci il tarixli, 32353 nömrəli məsləhət vərəqi) təqdim etmişdir. Şəhadətləndirmə zamanı ona aşağıdakı diaqnozlar qoyularaq həmin xəstəliklərin səbəb əlaqəsi təyin edilmişdir. Diaqnoz: “Epilepsiya. tez-tez epileptik tutmalarla. Astenik təzahürlər”. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Diaqnoz: “Barotravma (xx.xx.2016) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 2 (iki) metr, sağ qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə”. “hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamani alınmışdır”. Diaqnoz: “Keçirilmiş spontan sağalmış hər iki ağciyərin yuxarı paylarının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağciyərin zirvəsindən fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində) “Ümumi xəstəlikdir”. xx.xx.2021-ci il tarixli 16508 nömrəli “Xəstəlik haqqında şəhadətnaməmlə rəsmiləşdirilmişdir. xx.xx.2021-ci ildə İddiaçı MN MHP-nın sərəncamına əsasən MN MHP-nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ona aşağıdakı diaqnozlar qoyularaq xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi təyin edlimişdir. Diaqnoz: “Epilepsiya. tez-tez epileptik tutmalarla. Astenik təzahürlər”. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Diaqnoz: “Barotravma (xx.xx.2016) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə. pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə”. “hərbi travmadir, Azərbaycan Respublikası müdafiəsi zamani alınmışdır". Diaqnoz: “Keçirilmiş spontan sağalmış hər iki ağciyərin yuxarı paylarının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağciyərin zirvəsindən fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində) "Ümumi xəstəlikdir”. Qeyd olunan diaqnozlar xx.xx.2021-ci il tarixli 18827 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə səhhətində olan ağırlaşmaları təsdiq edən tibbi sənədlərlə SHXÇDX-nin Bakı şəhəri Xətai rayon idarəsinin xx.xx.2021-ci il tarixli 26 nömrəli göndərişi əsasında MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən yenidən şəhadətləndirilərək xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsi aşağıdakı kimi təyin edilmişdir. Diaqnoz: “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə. Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə”, “hərbi travmadır, Azərbaycan Respublikasi müdafiəsi zamani alınmışdır”. Diaqnoz: "Epilepsiya, tez-tez epileptik tutmalarla”. "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Diaqnoz: “Keçirilmiş spontan sağalmış hər iki ağciyərin yuxarı paylarının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağciyərin zirvəsindən fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində) “Ümumi xəstəlikdir”. Qeyd olunan xəstəliklər və onların hərbi xidmətlə səbəb əlaqəsi xx.xx.2021-ci il tarixli 24470 nömrəli "Xəstəlik haqqında şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. İddiaçı əlillik təyinatı almaq üçün qeyd olunan tibbi sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmişdir. Lakin İddiaçı dair tibbi sənədlərin əsaslığına şübhə yarandığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılma aparılması məqsədi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirinə müraciət ünvanlanmışdır. xx.xx.2021-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 32.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması üçün Yasamal PPİnin İstintaq şöbəsinə, oradan isə Binəqədi PPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyi və İstintaq orqanları tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı naməlum yolla əldə etdiyi, guya MN Mərkəzi Hərbi Poliklinikasının rəisi polkovnik Abbas Quliyev tərəfindən imzalanmış və mühürlənmiş tarixi və nömrəsi olmayan saxta arayışı (20 nömrəli qoşma, sığorta üçün) Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim nevroloquna təqdim etmişdir. Həmin saxta arayışda İddiaçı 01 04.2016-cı il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Barotravma. Sol əlin İV barmağının kor qəlpə yaralanması” diaqnozu ilə xəsarət alması göstərilmişdir. İddiaçı qeyd olunan arayış əsasında həmin xəstəxanadan xx.xx.2021-ci il tarixli 32353 nömrəli məsləhət vərəqi əldə etmişdir. Həmin məsləhət vərəqində ona "Barotravma” (Azərbaycan Respublikasının ərazi butövlülü uğrunda döyüşlərdə xəsarət almışdır), Sol tərəfli neyrosensor ağıreşitmə” diaqnozu qoyulmuş və “Barotravmanın Azərbaycan Respublikasının ərazi butövlülü uğrunda döyüşlərdə aldığı mötərizədə qeyd edilmişdir. Bundan sonra İddiaçı 29 iyul 2021ci il tarixdə N0 nömrəli hərbi hissənin komandiri mayor X2 2016-cı ilin aprel döyüşlərində xəsarət aldığını və bu səbəbdən səhhətinə görə 2018-ci ildə ehtiyata buraxıldığını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilmiş əlilliyinin ləğv edildiyini və bununla bağlı ondan travma haqqında arayış tələb edildiyini demişdir. Mayor B.Mustafayev onun 2016-cı ilin aprel döyüşləri zamanı travma alması barədə hərbi hissənin “Zədələnmələrin və yaralanmaların qeydiyyatı kitabı”nda olmadığına görə həmin arayışın verilməsinin mümkün olmadığını bildirmişdir. Lakin İddiaçı mayor B.Mustafayevi aldadaraq xx.xx.2021-ci il tarixdə Respublika Klinik Xəstəxanasından aldığı tibbi sənədləri (xx.xx.2021-ci il tarixli 32353 nömrəli məsləhət vərəqi) təqdim etmiş, yalnız bundan sonra mayor B.Mustafayev Respublika Klinik Xəstəxanası tərəfindən qoyulmuş diaqnoza əsaslanaraq hərbi hissənin “Zədələnmələrin və yaralanmaların qeydiyyatı kitabında müvafiq qeydlər olmadığı halda ona əsassız və qanunsuz olaraq xx.xx.2021-ci il tarixli 1594 nömrəli "Travma haqqında arayış” (11 nömrəli qoşma) vermiş, sonuncu isə şəhadətləndirmə zamanı həmin travma haqqında arayışı hərbi həkim komissiyasına təqdim etmişdir. Beləliklə MN MHHK-sı yuxarıda göstərilənləri və MN Hüquq İdarəsinin xx.xx.2023-cü il tarixli məktubla birlikdə təqdim etdiyi araşdırma materiallarına istinad edərək SHXÇDX-nin Bakı şəhəri Xətai rayonu idarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında O.İsmayılovun yenidən şəhadətləndirilməsinə göstəriş vermiş və İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsi aşağıdakı kimi təyin edilmişdir. Diaqnoz: "Epilepsiya, tez-tez epileptik tutmalarla. Orta (mülayim dərəcədə) ifadə olunmuş üzvi dissosiativ pozuntu”. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. Diaqnoz: “Orta (mülayim dərəcədə) ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə. Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə”. “Ümumi xəstəlikdir”. İddiaçı 12.2017-xx.xx.2018-ci il tarixdə SQ Baş Klinik Hospitalında stasionar müalicədə olarkən və ilk dəfə xx.xx.2018-ci ildə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən eşitmə zəifliyindən şikayətlənməmiş və lor həkim tərəfindən onun qulaqlarında hər hansı xəstəlik aşkar edilməmişdir. O, yalnız 3 il 6 aydan sonra yəni xx.xx.2021-ci il tarixdə təkrar şəhadətləndirilərkən zəif eşitmədən şikayətlənmiş və müayinə nəticəsində onda “İkitərəfli koxlear nevrit, ikitərəfli neyrosensor ağır eşimə, pıçıltı nitqinin sol qulaqda 2(iki) metr, sağ qulaqda 4(dörd) metr məsafədən eşitməsi ilə” diaqnozu müəyyən edilmişdir və bu səbəbdən də İddiaçı qanunsuz yolla əldə edib təqdim etdiyi travma haqqında arayış əsasında xəstəliyinin səbəb əlaqəsi “hərbi travmadir, Azərbaycan Respublikası müdafiəsi zamani alınmışdır” kimi qiymətləndirilmişdir. İlkin şəhadətləndirilmə zamanı İddiaçı eşitmə zəifliyinin olmaması və 3 il 6 ay sonra onda eşitmə zəifliyinin yaranması bu xəstəliyin hərbi xidmət dövrü ilə əlaqəsinin olmadığını göstərir. İddiaçı eşitmə zəifliyinə səbəb olan barotravmanın o, hərbi xidmətdən təxris olunduqdan keçən 3 il 6 ay ərzində də ala bilərdi. Vətəndaşın travma alma faktı onun müalicə olunduğu tibb müəssisinin travma və xəsarətlə bağlı verdiyi çıxarış epikrizi və travmanın alınma şəraitini müəyyən edən hərbi hissə komandirinin verdiyi travma haqqında arayışla təsdiq olunur. Lakin vətəndaş İddiaçı təqdim etdiyi travma haqqında arayış əsassız və qanunsuz yolla əldə edildiyi üçün əsas kimi qəbul edilməmişdir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadir, Azərbaycan Respublikasi müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2. bəndinin "a” yarımbəndinin tələblərinə ziddir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “hərbi travmadir, Azərbaycan Respublikası müdafiəsi zamani alınmışdır” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

8. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

11. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

12. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13. Müdafiə Nazirliyinin N0 nömrəli Hərbi Hissə tərəfindən verilmiş 11 nömrəli formaya uyğun olan 29 iyul 2021-ci il tarixli 1594 nömrəli “Travma haqqında Arayış”da qeyd edilmişdir ki, gizir İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda “Barotravma (xx.xx.2016) Sol tərəfli neyrosensor ağıreşitmə” xəsarətini almışdır.

14. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 17 dekabr 2021-ci il tarixli 24470 №-li Şəhadətnaməsində (Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında) qeyd edilmişdir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən İddiaçı “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Epilepsiya, tez-tez epilektik tutmalarla. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Keçirilmiş spontan sağalmış, hər iki ağ ciyərin yuxarı payının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağ ciyərin zirvəsində fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində. Zəif qidalanma BÇİ-16.2” diaqnozlu xəstəliklərin “ümumi xəstəlikdir” səbəb əlaqəsi ilə təsdiq edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli 18827 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir.

15. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 17 may 2023-cü il tarixli 5472 nömrəli Şəhadətnaməsində (Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında) qeyd edilmişdir ki, İddiaçı qoyulan diaqnoz – “epilepsiya, tez-tez epileptik tutulmalar. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ” Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə. “Ümumi xəstəlikdir” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş 17 dekabr 2021-ci il tarixli 24470 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir.

16. 03 aprel 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən cinayət işinin materiallarında istinad olunan “20 nömrəli tarixsiz və nömrəsiz olan qoşma arayışın" məzmunundan göründüyü kimi müəyyən rekvizitlərə malik olmamış, eləcə də “Akademik -M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X7 Poliklinika Şöbəsi tərəfindən verilən “məsləhət vərəqəsi”nin tərtib edilməsi zamanı yalnız “20 nömrəli qoşma arayışa” istinad edilməmiş, İddiaçı barəsində tərtib olunan xəstəlik tarixi sənədlərinə və eləcə də keçirilmiş çoxsaylı tibbi müayinələrin nəticələrinə istinad edilməklə tərtib olunmuşdur. Daha sonra “məsləhət vərəqəsi” tərtib olunan zaman “20 nömrəli qoşma arayışın” yalnız «Barotravma» diaqnozundan sonrakı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş xəsarəti almışdır» sözlərinə istinad edilmişdir. İstinad olunan sözlərin doğru olması sonrakı mərhələdə keçirilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının tərtib etdiyi üç ədəd şəhadətnamələrdə və məhkəmə-tibbi ekspertizasının çoxsaylı rəyləri ilə tam təsdiq olunmuş və ********* nömrəli cinayət işinin icraatına əməldə Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetmədiyindən xitam verilməsi qərara alınmışdır.

IV. Məhkəmənin mövqeyi

17. Məhkəmə qeyd edir ki, İddiaçı 17 dekabr 2021-ci il tarixdə şəhadətləndirilmiş, “Mülayim dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu. Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə Barotravma (xx.xx.2016) nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Epilepsiya, tez-tez epilektik tutmalarla. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Keçirilmiş spontan sağalmış, hər iki ağ ciyərin yuxarı payının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (hər iki ağ ciyərin zirvəsində fibroz və 2-3 mm ölçüdə 2-3 ədəd ocaqlar şəklində. Zəif qidalanma BÇİ-16.2” diaqnozlu xəstəliklər “ümumi xəstəlikdir” kimi qeyd edilmişdir.

18. İddiaçı 17 may 2023-cü il tarixdə yenidən şəhadətləndirilmiş, “epilepsiya, tez-tez epileptik tutulmalar. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi dissosiativ. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, özünə xəsarət yetirmə, qıcolma tutmaları ilə Barotravma nəticəsində ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda 1 (bir) metr, sağ qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə” diaqnozlu xəstəliklər “Ümumi xəstəlikdir” kimi qeyd edilmişdir.

19. İddiaçı barəsində əlverişsiz inzibati akt qəbul edilmiş və həmin əlverişsiz inzibati akt əsaslandırılmamışdır.

20. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati icraatla bağlı qanunvericiliyin tələbindən göründüyü kimi yazılı inzibati aktın əsaslandırılması mütləqdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Mübahisələndirilən inzibati aktın əsaslandırılması zamanı 17 may 2023-cü il tarixli 5472 №-li “Xəstəlik haqqında Şəhadətnamə”sində (Qərarda) olan məlumatlar bundan öncə verilən 17 dekabr 2021-ci il tarixli 24470 №-li Şəhadətnamənin 1, 2, 3, 6, 7, 8 (anamnez), 9, 10 (obyektiv müayinələrin məlumatları), 12 (diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi) bəndlərində olan məlumatla eyni məzmununda məlumat əks olunsa da, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası Qərarının məzmununda dəyişikliklər olmuşdur. Qeyd olunmalıdır ki, reallıqda həmin halları təsdiq edə biləcək qərarın qəbuluna əsas olmuş bütün sənədlərin, o cümlədən mövcuddursa, həmin hallarla bağlı sübutlar və s. barədə sənədlərin tələb edilməklə tədqiq edilməsi, iddiaçıya münasibətdə cavabdeh qurumun qəbul etdiyi qərarın həmin sənədlər əsasında qanuniliyi yoxlanılacaqdır.

22. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, İddiaçı dair tibbi sənədlərin əsaslığına şübhə yarandığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılma aparılması məqsədi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirinə müraciət ünvanlanmışdır. xx.xx.2021-ci il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 32.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması üçün Yasamal PPİ-nin İstintaq şöbəsinə, oradan isə Binəqədi PPİ-nin İstintaq şöbəsinə göndərilmişdir.

23. Göründüyü kimi, cavabdehin şübhə yaradan hallar barədə ən geci xx.xx.2021-ci il tarixdə məlumatlı olmasına baxmayaraq, “İnzibati icraat haqqında” Qanununa müvafiq olaraq inzibati icraat aparmamış və ya inzibati icraatı başlayaraq müvəqqəti onun icrasını cinayət işi başa çatanadək dayandırmamışdır. Bundan başqa sözügedən hallar barədə cavabdehin məlumatı olmasına baxmayaraq, özü 17 dekabr 2021-ci il tarixdə iddiaçını şəhadətləndirmişdir. Sonradan, yəni 1 il 6 ay keçəndən sonra yenidən şəhadətləndirmiş və barəsində əlverişsiz inzibati akt qəbul etmişdir.

24. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Göründüyü kimi, cavabdeh inzibati aktın qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür.

25. Məhkəmə işin mahiyyətinə qiymət verməyi zəruri hesab etmir, belə ki, məhkəmə araşdırması “İnzibati icraat haqqında” Qanunun normalarını təhlil edərək inzibati akta qiymət verir.

26. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməlidir.

27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 17 may 2023-cü il tarixli 5472 nömrəli Şəhadətnaməsi ilə müəyyən edilmiş xəstəliyin səbəb əlaqəsinin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 17 dekabr 2021-ci il tarixli 24470 №-li Şəhadətnaməsi ilə müəyyən edilmiş xəstəliyin səbəb əlaqəsi ilə əvəz edilməsi (dəyişdirilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar