Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-179/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Əmlak Məsələləri Dövlət Xidməti və “X5” şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs “X5” şirkətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Əmlak Məsələləri Dövlət Xidməti və “X5” şirkəti üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 23 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən torpaq sahəsinə və üzərində tikilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, “X5” şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsinə və üzərində tikilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 10 sentyabr 1998-ci il tarixli, 823 saylı sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adına zavodun cənub hissəsində İddiaçı Firmasına yem satışı mağazasının layihələşdirilməsi və tikintisi üçün 01 hektar torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin 10584 saylı İnşaat Paportıına əsasən həmin ərazidə qeyri-yaşayış binası inşa edilmişdir. Həm torpağa, həm də qeyri-yaşayış binasına çıxarışın alınması məqsədi ilə cavabdehə müvafiq ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən torpaq sahəsinə və üzərində tikilmiş qeyri- yaşayış binasına dair mülkiyyət hüquqlarının İddiaçı Firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış verilsin. Lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli və ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinə və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən qeyd olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyi müəyyən edilmişdir. Bundan əlavə, təqdim olunmuş sənədlərdə hüquqi şəxsin təşkilati-hüquqi formasında uyğunsuzluq mövcuddur. Belə ki, hüquqi şəxsin təşkilati hüquqi forması ilə əlaqəli sənəddə “Okean MMC” kimi, digər sənədlərdə isə “Okean firması” kimi qeyd olunmuşdur. Odur ki, hüquqi şəxsin keçidlə bağlı əlaqələndirici sənəd təqdim edilməlidir. Əlavə olaraq, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla sahəyə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Həmçinin təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş texniki pasport ilə göstərilən torpaq sahəsi arasında ciddi konfiqurasiya fərqi mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1475.6 kv.m təşkil etməklə 475.6 kv.m artıqdır. A tikilisinin bir hissəsi, B, D və C tikililəri artıq torpaq sahəsində yerləşir. Üçüncü şəxslərin etirazı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "X5" şirkətinin istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahəsidir. Həmçinin, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşofr neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən "X5" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin daxilində yerləşir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X5” şirkətinin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 19 may 1999-cu il məktubunda qeyd olunmuşdur ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10.09.98-ci il tarixli, 823 saylı sərəncamına və 10584 saylı inşaat pasportu əsasında hazırlanmış Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adma zavodun cənub hissəsində nəzərdə tutulmuş yem satışı mağazasının təqdim etdidiyiniz memarlıq-planlaşdırma həllinin eskizi ilə tanış olaraq onu razılaşdırır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Normalaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsi tərəfindən verilmiş NTNŞ-2744 saylı, 20 oktyabr 1998-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Sərdarov adına zavodun cənub hissəsində yerləşən yem zavodu mağazasının layihələndirilməsi və tikintisi üçün 0,01 ha torpaq sahəsi mövcud bina və qurğularla yanğına qarşı ara məsafəyə riayət edilməsi şərti ilə yararlıdır. Rəyin qüvvədə qalma müddəti iki ildir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış binasının texniki pasportunda qeyd edilmişdir ki, zavod 1998-2000-ci illərdə tikilmiş, tikinti planı, torpaq sahəsinin planı, həyət tikililərinin planı təsvir olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin 10584 saylı inşaat pasportunda qeyd edilmişdir ki, Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adına zavodun cənub hissəsi İddiaçı Firmasına yem satışı mağazasının tikintisi üçün 0,009 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Baş Memarlıq və Şəhərsalma İdarəsi geoqrup rəhbərinin tapşırığına və rədiyyə qrupunun göstərişlərinə əsasən 25 noyabr 1998-ci il tarixli 98/335 saylı aktda qeyd olunmuşdur ki, İddiaçı Firmasına Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adma zavodun cənub hissəsi yem satışı mağazasının tikintisi üçün 0,009 ha torpaq sahəsinin instrumental təriqilə ölçmüş, arılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişanlar qoymuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektlinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışdan görünür ki, Bakı şəhəri Vergi Departamenti 2 saylı filial tərəfindən verilmiş bu arayış İddiaçı Firması (VÖEN **********) AZ 1029, ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 823 nömrəli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Sərəncama əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsi İddiaçı firmasına ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9778 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən və baxış zamanı təqdim olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 432 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Göstərilən torpaq sahəsinin baxış zamanı əldə olunan məlumatları ilə, (yerləşmə vəziyyətinə, ölçüsünə və konfiqurasiyası) iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət və Hüquqların Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 29.11,2004-cü il tarixdə verilmiş texniki pasportun göstəriciləri ilə müqayisə edilərkən, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin göstəricilərə uyğun olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin koordinatları Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarında (kadastrportali.az) yoxlanılarkən, qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şixkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmənin təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardadı əsasında aparılmış tədqiqat nəticəsində təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5875 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən iddia olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin tikintialtı sahə faktiki ölçüsünün 1224 kv.m (tikintialtı sahə+həyət sahəsi) olduğu müəyyən edildi. Həmin göstərilən torpaq sahəsinin və üzərində yerləşən tikililərin yerləşmə vəziyyətinin, ölçüsünün və konfiqurasiyasının iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. “kadastrportali.az” elektron kadastr portalında araşdırma zamanı sözügedən torpaq sahəsinin Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin və "X5” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşirməsinə dair məlumat aşkar olunmadı. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin daxilində və ətrafında neft quyusunun olması aşkar olunmamışdır. “kadastrportali.az” elektron kadastr portalında araşdırma zamanı sözügedən torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin hallarından müəyyən olunur ki, İddiaçı Firması istifadəsində olan torpaq sahəsinə və üzərində olan tikililərə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi tələbini irəli sürür. Cavabdehin imtinasının (etirazının) əsasını hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, elektron kadastr məlumatlarına əsasən qeyd olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi, təqdim olunmuş sənədlərdə hüquqi şəxsin təşkilati-hüquqi formasında uyğunsuzluğun olması, torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla sahəyə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciətinin olması, texniki pasport ilə göstərilən torpaq sahəsi arasında ciddi konfiqurasiya fərqinin olması, torpaq sahəsinin faktiki ölçüsünün 1475,6 kv.m təşkil etməklə 475,6 kv.m artıq olması, A tikilisinin bir hissəsi, B, D və C tikililərinin artıq torpaq sahəsində yerləşməsi təşkil edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 823 saylı sərəncamına istinad edərək, həmin sərəncamla ona ayrılmış, Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adına zavodun cənub hissəsində yem satışı mağazasının layihələndirilməsi və tikintisi üçün 0,01 ha torpaq sahəsi onun üzərində olan tikililərə xüsusi mülkiyyət hüququnun adına qeydə alınması tələbini irəli sürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi torpaq sahəsinə münasibətdə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən sərəncam, həmin sərəncamla ayrılmış torpaq sahəsinin cizgisi, inşaat pasportu olduğu təqdirdə, həmçinin sərəncamın nüsxəsi torpaq ayıran qurumda olduğu təqdirdə cavabdeh tərəfindən hüquqmüəyyənedici sənəd qismində qəbul edilməməsi əsaslandırılmamışdır. İddiaçının torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədləri nə qədər ki, mövcuddur və ləğv edilməmiş, etibarsız hesab olunmamış, geri çağırılmadığı üçün iddiaçının həmin sənəd əsasında etimad hüququ mövcuddur ki, həmin etimad hüququna əsasən də cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırmanı aparıb, onun tələblərinin təmin olunması istiqamətində müəyyən hərəkətlər etməliydi. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçıya ayrılan torpaq sahəsinin cizgisindəki perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında fərqlərin olması halında belə, həmin səhvin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Digər tərəfdən cavabdehin “torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində yerləşirsə, bu torpaq sahəsi ayrılmış şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Eyni zamanda, məhkəməyə təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, “kadastrportali.az” elektron kadastr portalında araşdırma zamanı sözügedən torpaq sahəsinin Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin və "X5” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşirməsinə dair məlumat aşkar olunmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin daxilində və ətrafında neft quyusunun olması aşkar olunmamışdır. “kadastrportali.az” elektron kadastr portalında araşdırma zamanı sözügedən torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh və üçüncü şəxslər tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Cavabdeh təqdim olunmuş sənədlərdə hüquqi şəxsin təşkilati-hüquqi formasında uyğunsuzluğun olmasını imtina əsası kimi göstərərək qeyd etmişdir ki, hüquqi şəxsin təşkilati hüquqi forması ilə əlaqəli sənəddə “Okean MMC” kimi, digər sənədlərdə isə “Okean firması” kimi qeyd olunmuşdur, odur ki, hüquqi şəxsin keçidlə bağlı əlaqələndirici sənəd təqdim edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının torpaq sahəsinə hüququnu iddia etdiyi hüquqmüəyynedici sənədi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 823 nömrəli sərəncamıdır. Həmin sərəncamda hüquq sahibinin adı kimi İddiaçı firması qeyd edilmişdir. Beləliklə, cavabdehin qeyd etdiyi uyğunsuzluğun konkret hansı sənəddə olmasını göstərməməsi ilə eyni zamanda iddiaçının istinad etdiyi sənəddə qeyd edilən uyğunsuzluq olmadığından bu da, imtinanın əsası kimi çıxış edə bilməz. Lakin iddia ərizəsi tikililərə münasibətdə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən tikililərə dair hüquqmüəyyənedici sənədlər nə İdarəyə, nə də məhkəməyə təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi qeyri-yaşayış binasının texniki pasportuna münasibətdə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 25 mart 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş "Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında" Təlimata əsasən: - bənd 1. Bu Təlimat "Azərbaycan Respublikasında mülkiyyət haqqında", "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 229 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi haqqında Əsasnamə”yə habelə digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və Dövlət Əmlakı Nazirliyi tərəfindən (bundan sonra Nazirlik) qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin həyata keçirilməsinin qaydalarını müəyyən edir. - bənd 2. Mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciət müəssisə və obyektin qanunvericiliyinə uyğun inşa edilməsini təsdiq edən, bu Qaydaların 3-cü bəndində göstərilən, habelə müraciətçilərin həmin müəssisə və obyekt üzərində mülkiyyətçi olmalarını təsdiq edən sənədlər əlavə edirlər. - bənd 3. Müəssisə və obyektin qanunvericiliyi olaraq inşa edilməsini təsdiq edən sənədlər aşağıdakılar aiddir: - Müəssisə obyektin tikintisi üçün torpağın qanunvericiliyə uyğun olaraq istifadəyə və ya icarəyə götürülməsi, habelə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - müəssisə və obyektin inşaat pasportu; - müəssisə və obyektin texniki pasportu; - müəssisə və obyektin istismara qəbulu barədə müvafiq dövlət orqanlarının təsdiq etdiyi akt. - bənd 7. Müəssisə və obyektlərin qanunvericiliyə uyğun şəkildə inşa edildiyini və müraciətçilik həmin müəssisə və obyekt üzərində mülkiyyət hüququ olduğunu müəyyən etdikdə onlara nümunəsi “Qeyri-dövlət hüquqi və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1997-ci il tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülkiyyət hüququ haqqında" şəhadətnamə verilir. İşin yuxarıda sadalanan hallarından görünür ki, mübahisə predmeti tikililərə dair texniki pasport tərtib edilsə də, obyektə dair iddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə almamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 823 nömrəli sərəncamına əsasən ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsinə İddiaçı firmasının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi:
109. Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. 111.1. İnzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. 115.1. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Məhkəmə iddianın qismən təmin edilməsi nəticəsinə gəldiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq, 200 manat məbləğində pul məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 823 nömrəli sərəncamına əsasən ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsinə İddiaçı firmasının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pulun 100 (bir yüz) manatı İddiaçı firmasından, 100 (bir yüz) manatı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov