Məhkəmə qərarları › İş №2-1(112)-1790/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1790/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1790/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X4 iştirtakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “cizginin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi (keçmiş: Kirov küçəsi ) 91 saylı mənzilin qarşısında yerləşən və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il 1835 №-li sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş 94 №-li qaraja dair plan-sxem, cizgi (texniki pasportun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 21 oktyabr 1998-ci il tarixli, 1835 №li sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 94 №li qarajın altında olan torpaq sahəsinin plan-sxem, cizginin (texniki pasportu) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 1998-ci il tarixli, 1835 №li sərəncamı ilə İddiaçı istifadəsinə verilmiş 94 nömrəli qarajın altında olan torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) tərtib olunaraq verilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə fərdi avtomobillərin saxlanılması üçün kollektiv müraciət edilərək qeyd edilən ərazidə qarajların tikinitisinə icazə verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edilmişdir. Bakı şəhəri Suraxanı rayon icra hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 267 №-li sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 445 №-li sərəncamına əsasən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə fərdi avtomobillərin saxlanılması üçün kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahələrindən biri də X2 olmuşdur. Qarajın tikintisi üçün ayrımış torpaq sahəsinin naturada ölçüləri 5,6 m x 3,8 m təyin edilmişdir. Bir müddət sonra X1 adından həmin qarajın iddiaçının adına keçirilməsini cavabdehdən xahiş etmiş və nəticədə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1835 №-li sərəncamı ilə qeyd edilən qaraj iddiaçının adına rəsmiləşmişdir. Qaraj hal-hazırda iddiaçı tərəfindən istifadə olunur. Lakin qarajın hüquqmüəyyənedici sənədi olmadığından müəyyən hüquqi hərəkətləri edə bilmir, bu səbəbdən cavabdehə, tərəfindən ayrılmış torpaq sahəsi üzrərində inşa edilmiş qarajın plan sxeminin, cizginin (texniki pasportunun) verilməsi üçün rəsmi müraciət etsə də cavabdeh bir mənalı formada müraciətinə xx.xx.2023-cü il tarixli məktub əsasında imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, xx.xx.1995-ci ildə Bakı şəhəri Suraxanı rayon icra hakimiyyəti Başçısının 267 №-li sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 445 №-li sərəncamına əsasən Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə fərdi avtomobillərin saxlanılması üçün kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinin plan sxemi cavabdeh tərəfindən tərtib edilmiş və vətəndaşların istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsinin naturada ölçüləri 5,6 m x 3,8 m təyin edilməsi ilə bağlı xx.xx.1995-ci ildə Bakı şəhəri Suraxanı rayon icra hakimiyyəti Başçısının 267 №-li sərəncamının 3-cü bəndində qeyd edilməsi, ölçülərin cavabdeh tərəfindən öncədən müəyyən edilməsi, plan-sxem cizgi əsasında vətəndaşların istifadəsinə verilməsini göstərilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən qeyd edilən qaraj ilə bağlı sərəncam verib, torpaq sahəsi ayırıb və əgər torpaq sahəsi ayrılmışdırsa deməli plan-sxemdə hazırlanmış olmalı idi. Lakin cavabdeh imtinada səlahiyyətinin olmadığını qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Eyni zamanda cavabdeh bildirir ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanlara və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “cizgi sxemin verilməsi" tələbinə dair iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hazırkı tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə etdi və iddianın məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin 21 iyun 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının onun adına ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi barədə ərizəsinə baxılmış və etirazdakı dəlillərə uyğun cavab verilmişdir. -Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 267 nömrəli sərəncamının arxiv surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 445 saylı sərəncamına əsasən Qaraçuxur qəsəbəsi, 4042-60-cı məhəllədə kollektiv qaraj tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin sahədə tikilən əlavə qaraj tikintisi üçün texniki imkan olduğunu nəzərə alaraq fərdi avomaşınının saxlanması üçün X2 da qaraj tikintisi üçün icazə verilmiş, naturada qarajın ölçüləri 5,6m x 3,8m təyin edilmişdir. Arxiv idarəsinin qeydinə əsasən, sərəncama akt və cizgi əlavə edilməmişdir. -Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1835 nömrəli sərəncamının arxiv surətindən görünür ki, İddiaçı müraciəti əsasında Qaraçuxur qəsəbəsi, Kirov küçəsi 91 saylı evin qarşısında yerləşən Şahin Hümbətəliyeva məxsus qaraj İddiaçı adına keçirilmişdir. Müvafiq sorğu əsasında Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 267 nömrəli və xx.xx.1998-ci il tarixli 1835 nömrəli sərəncamları və onlara əlavə edilmiş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdə torpaq sahəsinin cizgisi və akt aşkar edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüş Torpaq Məcəlləsinin: -9-cu maddəsinə görə, dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. -10-cu maddəsinə əsasən, torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; -14-cü maddəsinə əsasən, müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -22-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; .... 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; ..... 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq. -23-cü maddəsinə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. -29-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci hissəsinə əsasən, ...dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyətinin və bələdiyyənin qərarı ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir ("Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli, 176 №-li Fərmanın (6.6.2000-ci il tarixdə qüvvədə olan redaksiyada) 2-ci bəndinin 5-ci abzasına əsasən, Torpaq Məcəlləsinin 56-cı maddənin 5-ci bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər). Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (06 iyun 2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə görə müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə görə torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən istər torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə və ya ondan sonrakı dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsi olaraq, torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Odur ki, cavabdehin etiraz ərizəsində qeyd etdikləri onun, qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Suraxanı RİHB-nin 21 oktyabr 1998-ci il tarixli sərəncamı ilə mübahisəli qaraj sahəsinin iddiaçının adına keçirilməsinə və naturada təhvil verilmiş olmasına baxmayaraq cavabdeh həmin torpaq sahəsinin yerləşmə vəziyyətini (hüdudlarını) əks etdirən sənədi (yerləşmə cizgisini, planı, ayrıc aktını) sərəncama əlavə etməmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Hazırda iddiaçı isə öz tələbinin - öhdəliyin cavabdeh tərəfindən icrasının əsası kimi cavabdehin sərəncamı ilə ona verilmiş hüquqdan və sərəncamın icrası qaydasında torpaq sahəsinin ona təhvil verilməsi faktından çıxış edir. Belə olan halda, iddiaçının faktiki sahibliyində olan qarajın yerləşdiyi torpaq sahəsinin yerləşmə vəziyyətinin sənəd üzrə verilmiş sahəyə uyğun olmadığını, buradan, cavabdehin iddiaçı qarşısında hazırkı məzmunda öhdəlik daşımadığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Qeyd edilməlidir ki, torpaq sahəsinin cizgisi sərəncam qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı olduğundan, cavabdeh qurum torpaq sahəsinin cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Eyni zamanda cavabdeh iddiaçının dəlillərini təkzib və ya iddiaya etirazının əsasını isə təsdiq edən hər hansı rəsmi sənədi təqdim etmədiyindən torpaq sahəsinə cizginin verilməsindən imtina əsaslı sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 1998-ci il tarixli, 1835 №li sərəncamı ilə İddiaçı ayrılmış 94 №li qarajın altında olan torpaq sahəsinə dair planölçü sxeminin (yerləşmə cizgisinin) tərtib olunaraq verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi : İddia təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 1998-ci il tarixli, 1835 №li sərəncamı ilə İddiaçı ayrılmış 94 №li qarajın altında olan torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) tərtib olunaraq verilməsi vəzifəsi cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar