Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1790/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: X14) qarşı “torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə yerləşməsi və faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq aradan qaldırılmaqla, bölgü sxeminin tərtib edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0901 kv. metr olan torpaq sahəsi üzərində torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə yerləşməsi və faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq aradan qaldırılmaqla, bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X14 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 114.90 kv. metr olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0901 kv. metr olan torpaq sahəsinin 9/7 hissəsini İddiaçı, 9/1 hissəsini X14, 9/1 hissəsini isə X15 qəbul etmişdir. ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi barədə məktublara cavab olaraq sözügedən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə yerləşməsi və faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq olduğundan bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Hər üç mülkiyyətçi torpaq sahəsinə dair bölgü sxeminin tərtib edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən əraziyə yerli baxış keçirilmişdir. Bildirilmişdir ki, torpaq sahəsinin faktiki ölçüləri ilə texniki pasportda göstərilən ölçülər arasında uyğunsuzluq olduğundan bölgü sxeminin bölgü sxeminin tərtib edilməsi mümkün deyil. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********015 nömrəli xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, texniki pasportun baş planı ilə faktiki vəziyyət arasında perimetrik ölçü, konfiqurasiya və sahə fərqi mövcuddur. Belə ki, torpaq sahəsinin sənəd üzrə ümumi sahəsi 901.0 kv.m qeyd edilsə də, faktiki olaraq 1500 kv.m təşkil edir. Həmçinin tikilinin mövqeyi arxiv texniki pasportu ilə müqayisədə fərqlidir. Bu səbəbdən bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi ev paylı mülkiyyətdə olsa da iddiaçının istifadəsindədir. Üçüncü şəxsin payının dəyəri isə ona ödənilib. Hazırda iddiaçı həmin sahəni satmaq istəyir. Yəni faktiki olaraq satıb, lakin üçüncü şəxs buna razılıq verilmədiyindən alqı-satqını rəsmiləşdirmək mümkün olmur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia ərizəsinə etiraz etdi və bildirdi ki, üçüncü şəxsə hər hansı ödəniş edilməyib. İddiaçı üçüncü şəxslə razılığa gəlmək istəmir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sahənin naturada bölgüsünün mümkün olmadığı müəyəyn edilib. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslara istinad edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən 114.9 kv.metr olan fərdi yaşayış evi və 0,0901 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən X4 adına tərtib edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportundan görünür ki, torpaq sahəsinin ölçüsü faktiki və sənəd üzrə 0,0901 ha, tikinti altı sahə 0,01997 ha, digər sahələr 0,07013 ha təşkil etmişdir. xx.xx.2017-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1987-ci il tarixdə ölmüş X4 vərəsəsi qızı İddiaçı miras əmlakdan 1/3 hissədə; X5 miras əmlakdan 1/9 hissədə, nəvəsi X9 miras əmlakdan 1/9 hissədə, nəvəsi X16 miras əmlakdan 1/9 hissədə, X17 miras əmlakdan 1/9 hissədə pay almalıdırlar. Miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 114.9 kv.metr olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,0901 ha torpaq sahəsindən ibarətdir. Qeyd: həmin ünvana aid 2/9 hissə pay açıq qalmışdır. xx.xx.2017-ci il tarixli Vərəsəlikdə miras payının bağışlanması müqaviləsinə əsasən X5, X9 (nəvə), X16, X17 xx.xx.2017-ci ildə verilmiş 2V/-115 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum X3 miras ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 114,9 kv.metr olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,0901 ha torpaq sahəsindən onlara düşən vərəsəlik paylarını İddiaçı bağışlamışlar. xx.xx.2017-ci il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X4 vərəsəsi X10 idi, lakin onun xx.xx.1990-cı il tarixdə vəfat etməsi ilə əlaqədar nəvəsi X15 miras əmlakdan 1/9 hissədə pay almalıdır. Miras əmlak ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 114.9 kv.metr olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,0901 ha torpaq sahəsindən ibarətdir. Qeyd: həmin ünvana aid 1/9 hissə pay açıq qalmışdır və 7/9 hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 114.9 kv.metr olan fərdi yaşayış evi və 0,0901 ha torpaq sahəsi paylı mülkiyyət olaraq xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 7/9 hissədə İddiaçı adına, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1/9 hissədə X7 adına, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1/9 hissədə X8 adına qeydiyyatdan keçmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi reyestrdən çıxarışa əsasən 0.0901 ha olsa da, faktiki olaraq 0.15 ha təşkil edir. Qeyd olunan 0.0901 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 114.9 kv.m olan literli fərdi yaşayış evləri **********99-10301 reyestr nömrəsi ilə İddiaçı (7/9 hissə), X7 (1/9 hissə) və X8 (1/9 hissə) xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin texniki pasportuna əsasən “A”,“B" literli fərdi yaşayış evlərinə bitişik əlavə sahə inşa olunmuşdur. Həmçinin torpaq sahəsində əlavə tikililər mövcuddur. Faktiki vəziyyətlə bağlı torpaq sahəsinin koordinatları və baş plan əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən fərdi yaşayış evinə dair texniki pasportun baş planı ilə mövcud vəziyyət arasında ciddi konfiqurasiya fərqi və ölçü dəyişikliyi var. Göstərilən torpaq sahəsi reyestrdən çıxarışa əsasən 0.0901 ha olsa da, faktiki olaraq 0.15 ha təşkil edir. Üst-üstə düşmə halı yoxdur. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-37/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdehlər X11 və X2 qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə yerləşməsi və faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq aradan qaldırılmaqla, bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.4.). Hazırkı iddiada iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0901 kv. metr olan torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Yəni, həmin əmlakın bölünməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (213.1.). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (213.2.). Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (213.3.). Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir (215.1.). Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (215.2.). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5.). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçilərin razılığı ilə bölünməsi onun məhkəmə qaydasında bölünməsindən daha əvvəl gələn məsələdir. Belə ki, mülkiyyətçilər arasında razılıq olarsa əmlak onlar arasında bölünə bilər. Əgər mülkiyyətçilər arasında əmlakın bölünməsi ilə bağlı razılıq yoxdursa, bu halda mübahisə əmlakın naturada bölünməsi tələbi ilə bağlı iddia qaldırılmaqla, ümumi məhkəmədə həll edilir. Paylı mülkiyyətçilərin hər biri əmlakın bölünməsinə razıdırsa, lakin müvafiq dövlət qeydiyyatını həyata keçirən orqan həmin bölgünü qeydə almaqdan imtina edirsə, bu halda mülkiyyətçilər həmin bölgünün aparılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması tələbi barədə idddia ilə inzibati məhkəməyə müraciət edə bilərlər. Hazırkı işdən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0901 kv. metr olan torpaq sahəsinin bölünməsi ilə bağlı iddiaçı ilə üçüncü şəxs arasında razılıq yoxdur. Hətta Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-37/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdehlər X11 və X2 qarşı “paylı mülkiyyətin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü paylı mülkiyyətçilər arasında əmlakın bölünməsi ilə bağlı razılıq olmadığı üçün onların qarşısında duran yeganə yol həmin əmlakın satılaraq, satış pulunun tərəflər arasında paylara uyğun bölünməsidir. Hazırkı iddia isə əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə yerləşməsi və faktiki yerləşməsi arasında ciddi uyğunsuzluq aradan qaldırılmaqla, bölgü sxeminin tərtib edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1790/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1790/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver