Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1791/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh inzibati orqanın 24.08.2020-ci il tarixli imtinasının əsassız hesab edilməklə, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X4 15 fevral 1996-cı il tarixli 12 saylı əmri ilə fərdi yaşayış evi tikmək üçün ona 0,10 ha torpaq sahəsi ayrılmışdır. Həmin sahə aktla ona təhvil verilmiş və sahənin sxematik planı göstərilmişdir. Qeyd olunan sənədlərin arxiv qeydiyyatının mövcudluğu Abşeron rayon Dövlət arxivinin 24.12.2019-cu il tarixli F-1532 saylı arxiv çıxarışı ilə də təsdiq edilmişdir. Həmin torpaq sahəsi 24 ildən artıqdır ki, istifadə və sahibliyindədir. Cavabdeh inzibati orqana qeyd olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması barədə müraciət etmiş, cavabdeh 24.08.2020-ci il tarixli məktubla müraciətinə mənfi cavab vermiş (yerləşmə sxemində istinad məsafələrinin mövcud olmaması), istifadə və sahibliyində olan torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İnzibati orqanın bu hərəkətini əsassız hesab etdiyindən pozulmuş hüququnun bərpa edilməsindən ötrü məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 24.09.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatına əsasən X2 tərəfindən İdarəyə təqdim edilmiş yerləşmə sxemində istinad və məsafələr mövcud olmadığından sənədlə olan sahəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin təqdim edilmiş sənədlə faktiki sahə arasında perimetrik ölçü və sahə fərqi mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Odur ki, iddia təmin edilməməlidir. İddiaçı verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq və tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1965-ci ildə Qax rayonu, Qarabaldır kəndində doğlumuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Abşeron rayon İcra hakimiyyəti başçısının 07.02.1996-cı il tarixli 44 saylı sərəncamından “çıxarış”ın notarial qaydada təsdiq olumuş surətindən görünür ki, İddiaçı 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi verilməsi haqqında X4 03.01.1996-cı il tarixli 1 saylı protokolu və 15.02.1996-cı il tarixli 12 saylı əmri nəzərə alınmaqla ona fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən 24.12.2019cu il tarixli F-1532 saylı məktubla təqdim edilmiş Maştağa Subtropik sovxozu üzrə 15.02.1996-cı il tarixli əmrin surətindən görünür ki, sovxoz tərəfindən X10 və fəhlə həmkarlar komitəsinin 03/1-96-cı il tarixli 1 saylı protokolu, Abşeron rayon İcra hakimiyyətinin 07.02.1996-cı il tarixli 44 saylı sərəncamı rəhbər tutularaq İddiaçı Maştağa Subtropik sovxozunda həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən 0,10 ha hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. X4 imza və möhürü ilə təsdiq edilmiş, həmkarlar komitəsinin sədri H.J.Seyidov, sovxozun baş aqronomu A.K.Şükürov və komendant T.M.Əliyev tərəfindən imzalanmış aktın surətindən görünür ki, X10 və fəhlə həmkarlar komitəsinin 03/1-96-cı il tarixli 1 saylı protokolu və Abşeron rayon İcra hakimiyyətinin 07.02.1996-cı il tarixli 44 saylı sərəncamına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin ölçülüb sərhədlərinə taxta nişan qoyduqdan sonra vətəndaşa təhvil verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 06.03.2020-ci il tarixli 1/506 saylı məktubundan müəyyən edilir ki, Abşeron rayon Dövlət Arxivinin 24.12.2019-cu il tarixli F- 1532 saylı arxiv çıxarışı tərəflərindən yoxlanılmış və hər hansı uyğunsuzluq halı aşkar edilməmişdir. İddiaçının müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş **********96 №li 24 avqust 2020-ci il tarixli məktubda göstərilmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə sxemində istinad məsafələri mövcud olmadığından sənədlə olan sahəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin təqdim edilmiş sənədlə faktiki sahə arasında perimetrik ölçü və sahə fərqi mövcuddur. Məhkəmənin müvafiq sorğusuna əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 31.03.2021-ci il tarixli **********51 saylı məktubla məhkəməyə təqdim olunmuş mütəxəsis rəyində qeyd olunmuşdur ki, Abşeron rayon İcra hakimiyyəti başçısının 07.02.1996-cı il tarixli 44 saylı sərəncamı və X4 X10 və X5 03.01.1996-cı il tarixli 01 saylı protokoluna əlavə edilmiş aktda ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtələri ilə məsafələri göstərilmədiyi üçün Abşeron rayon İcra hakimiyyəti başçısının 07.02.1996-cı il tarixli 44 saylı sərəncamı və X4 X10 və X5 03.01.1996-cı il tarixli 01 saylı protokolu əsasında fərdi yaşayış evi tikmək üçün X1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində ayrılmış 0,10 ha torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək tərəflərindən mümkün olmamışdır. Lakin İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi X4 ərazi hüdudları daxilində yerləşir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 31.03.2021-ci il tarixli **********51 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinə əlavə olunmuş yaşayış məntəqələrinin hüdudları daxilində, dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsinin faktiki yerləşmə sxemində 1 126 kv. metr torpaq sahəsinin döngə nöqtələrinin kordinatları 1) X- 414981,9800; Y- 4483835,9500; döngə nöqtələri 1-2; məsafə 36,1 m; 2) X-415017, 1698; Y 4483843,8745; döngə nöqtələri-2-3; məsafə 30,7 m; 3) X-415024,7400; Y-4483814,1500; döngə nöqtələri- 3-4; məsafə 37,2 m; 4) X- 414988,4700; Y-4483805, 8600; döngə nöqtələri 4-1; məsafə 30,9 m göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 23.08.2021-ci il tarixli 10/3501 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 07.02.1996-cı il tarixli 44 saylı sərəncamı və X4 X10 və X5 03.01.1996-cı il tarixli 01 saylı protokoluna əlavə edilmiş aktda ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxeminin miqyassız, koordinatsız və hər hansı istinad nöqtələri ilə məsafələri göstərilmədiyi üçün Abşeron rayon İcra hakimiyyəti başçısının 07.02.1996-cı il tarixli 44 saylı sərəncamı və X4 X10 və X5 03.01.1996-cı il tarixli 01 saylı protokolu əsasında fərdi yaşayış evi tikmək üçün X1 Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində ayrılmış 0.10 ha torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi X4 ərazi hüdudları daxilində yerləşdiyi qeyd olunmuşdur. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin perimetrik ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 07.02.1996-cı il tarixli 44 saylı sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin sxemlərində sxematik planda koordinat, hər hansı istinad nöqtəsindən məsafə və sair olmadığından həmin torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin təqdim edilmiş sənədlə faktiki sahə arasında perimetrik ölçü və sahə fərqi mövcudluğu müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE******************** köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1791/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1791/2021
04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver